media-img_0222

Aralarında hindli, bərbəri, yunan, qıbti, hətta ispan mənşəli şəxslər olsa da Əməvilər dövründə meydana çıxan Şüubiyyənin önəmli simaları əsasən İranlılar idilər. Şüubiyyə İslamın İran coğrafiyasında özünə təməlli yer etdiyinin, milli dinləri olan zərdüştlüyün (atəşpərəstliyin) bir daha əsla geri gətirilə bilməyəcəyinin fərqində idi. Buna görə də vurğunu milli məsələyə etdilər. Bu səbəbdən şüarları anti-ərəb idi. İstər Əməvilər, istərsə də Abbasilər ənənəvi İslamı təmsil etdikləri üçün şüubiyyənin yeni, “özününkü” olan bir “İslama” ehtiyacı var idi. Formaca eyni, məzmunca tamamilə fərqli olacaq bu “İslamın” formalaşdırılması üçün şüubiyyə siyasi məsələlərdən çox məharətlə istifadə etdi.

Haşim ailəsi ilə Sasani soyu arasındakı izdivacdan (imam Hüseynin xanımı son şah III Yəzdigərdin ərəblərə əsir düşmüş qızı Şəhrbanu idi, sonrakı imamlar bu nikahdan davam etmişdir) “haqqı tapdanmış Peyğəmbər ailəsi” mifi ətrafında formalaşdırılmış bu yeni şüubiyyə “İslamı” İranın dağlıq Deyləm-Mazəndaran-Ruyan bölgəsində özünə yer edə bilmişdi. Xürrəmi, Zənc və Qərməti qiyamları nəticəsində mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edərək X əsrdə Deyləmli Büveyhilərin (Ali-Buyə) İran və İraqı ələ keçirməsi şüubiyyənin ənənəvi İslam üzərindəki qələbəsi idi deyə bilərik. Lakin bu zəfər uzun çəkməmiş, Böyük Səlcuqlu dövlətinin meydana gəlməsi ilə sona yetmişdi. Səlcuqluların sünni (şafei) fars olan baş vəziri Xacə Həsən Nişapuri (Nizamülmülk) dövlətin bütün iri şəhərlərində Nizamiyyə mədrəsələri açdırmışdı. Mədrəsələrin əsas məqsədi geniş ərazini əhatə edən dövlətin kadr ehtiyacını təmin etmək olmaqla birlikdə İran coğrafiyasındakı şüubiyyə təbliğatçılarının qarşısını almaq idi.

1056-cı ildə Muhəmməd Toğrul bəyin Bağdadı Büveyhi işğalından azad etməsi ilə şüubiyyə dağılsa da bir müddət sonra toparlanmışdı. Həsən Səbbahın xaşxaşiləri gizli terror təşkilatı olaraq mövcud olduğu illərdə Səlcuqlu dövlətinin iri məmurları, tanınmış din xadimləri, sərkərdələrinə sui-qəsdlər tərtib etmişdilər. Belə sui-qəsdlərdən birində həyatını itirənlərdən biri Nizamülmülk, bir dəgəri isə Qüds ətrafında səlibçilərə qarşı mübarizə aparan Səlcuqlu ordusu komandanı əmir Məvdud idi.

Xaşxaşi-şüubiyyə Moğol yürüşləri ilə yenidən canlanma fürsəti əldə etmişdi. Bağdad daxil olmaqla bir sıra şəhərlərin Moğollar tərəfindən alınması və dağıdılmasında Moğol ordusuna xaşxaşilər öncülük etmişdilər. Elxanilər dövlətinin qurulmasından sonra “xidmətinə” ehtiyac qalmayan xaşxaşi-şüubiyyənin yuvası, Ələmut qalası Hülagü xanın əmri ilə dağıdılmış, xaşxaşilər kütləvi şəkildə qılıncdan keçirilmişdilər.
Şüubiyyənin bölgədə son xortlaması Səfəvilərin iqtidarı qanlı bir şəkildə ələ keçirməsi ilə nəticələnmişdi.

Xəritələr:
1. Sasani imperiyası.
2. Müasir dövrdə şiə məzhəbinin yayılmış olduğu areal.
3. Büveyhilər dövləti.

media-img_0222 media-img_0223 media-img_0224


Tarix üzrə fəlsəfə doktoru E. Nəsirov

Bənzər Məqalələr