Allaha gedən yol kimlərdən keçir?
İslam dinini qəbul etmiş, lakin Allaha şəriklər qoşaraq iman gətirən, duada Allaha ortaqlar yaradan toplumun əsas arqumenti budur ki, “Allah qatında əziz və dəyərli olan fəzilətli insanlara (ruhlarına) dua edib istəyəndə onlar Allahla aralarında vasitəçi olur və duaları Allaha çatırırlar. Yəni, o vasitəçi şəxs (onun ruhu) öz duaçısına həm şəfaət etmiş olur, həm də onun sözlərini Allaha çatdırır və beləcə Allah da o vasitəçi şəxsin (ruhun) xatirinə, hörmətinə görə ondan o duaları qəbul edir”.
Belə bir marşrut xəttini düşünmək üçün mütləq şəkildə Allahı layiqincə tanımamaq, Qurandan, Allahın əmrindən, Peyğəmbərin həyatından və tövsiyələrindən xəbərsiz olmaq lazımdır. Allaha gedən yolu bu şəkildə təsəvvür etmək böyük bir xəta olmaqla bərabər, həm də Quranı inkar etmək deməkdir. Çünki Quranı mənimsəyən, ayələrdən xəbərdar olan hər bir kəs bilməlidir ki, Allah yalnız və yalnız Ona dua edilməsini istəyir, O, bizə hər şeydən, hər kəsdən, hətta şah damarımızdan da yaxın olduğunu bəyan edir. (“Qaf” surəsi, 16-cı ayə). Qurani-Kərimin “əz-Zumər” surəsi, 3-cü ayəsində isə Rəbbimiz Özü “Ona vasitəçiliklə yaxınlaşmaq” iddiasını ifşa edir və bu əqidədə olan kəsləri “yalançı və kafir” adlandırır.
Fərz edək ki, insanlara Quran çatmayıb, bu ayələrdən də xəbərsizdirlər, Allaha gedən yolun heç kimdən keçmədiyini, Rəbbin öz qulları ilə arasında heç bir maneə olmadığını və Allahın hər bir kəs üçün “əlçatan” olduğunu çox sadə bir məntiqlə də başa düşmək olar. Necə?
İlk olaraq insan bunu bilməlidir – ALLAH EHTİYACSIZDIR! Allahın kiminsə vasitəçiliyinə, köməyinə ehtiyacı yoxdur. Hər şeyə qadir olan Allah – Yaradanın Özü yaratdığı qullarının vasitəçiliyinə əsla möhtac deyil. Bizi eşitməsi, görməsi, bağışlaması, dualarımızı qəbul etməsi üçün heç nəyə və heç kimin vasitəçiliyinə əsla və əsla ehtiyacı yoxdur. Əgər kimsə iddia etsə ki, Allahın deyil, amma bizim özümüzün buna (vasitəçiliyə) ehtiyacımız var, yenə də yalan və absurddur! Çünki “Allah insanla onun qəlbi arasındadır!” – Qurani-Kərimin “əl-Ənfal” surəsi, 24-cü ayə.
İkincisi, insan bunu xatırlamalıdır: O, namazını necə qılır, tək, yoxsa kiminsə vasitəsilə qılır? Namazda səcdədə dua edərkən insan özü Allaha dua edir, yoxsa əvəzinə başqaları icra edir? Oruc tutanda insan bunu özü tək halda edir, yoxsa mədəsi vasitəçilərlə birlikdə oruc saxlayır? İnsan sədəqə, zəkat verərkən bunu özü edir, yoxsa onun əvəzinə qeybdən vasitəçiləri (şəfaətçiləri) bunu edir və ya yardım göstərir? Təbii ki, insan bütün ibadətlərini özü icra edir. Həm də heç kimin köməyi olmadan, vasitəçisiz. Bəs necə olur ki, Allah heç bir vasitəçi olmadan səcdədə dualarımızı eşidir, heç bir vasitəçi olmadan bizdən namazımızı, orucumuzu qəbul edir? Necə olur ki, heç bir vasitəçi olmadan fitrə zəkatları, sədəqələri, Həcc ziyarətini və başqa vacib və saleh əməlləri qəbul edir? Necə olur ki, Allah namazda pıçıltı ilə dediyimizi, hətta danışmadan da qəlbimizdən keçənləri bilir? Hər şeydən agah olan Allahın, öz mülkü olan insanların qəlbini Onun Özündən başqa kim bilə bilər? İnsana şah damarından da yaxın olan, insanla onun qəlbi arasında olan Allahın, o böyük güc və qüdrət Sahibinin, öz yaratdığı aciz qullarının vasitəçilik etməsinə ehtiyacımı var?
Mərhəməti sonsuz olan Allahın Öz qulunu bağışlaması və ya onun duasını qəbul etməsi üçün insanın başqa bir insanın ruhundan Rəbbimizə “ağız açmasını”, “minnətçi düşməsini”, “vasitəçi olmasını” istəmək nə qədər absurd və cəfəngiyyat bir təfəkkürdür!
Sevda Sultanova