media-fdffe5b8-3f31-455a-b407-f3d97d1349e5
Bəzən elə hadisələr yaşayırıq ki, bizi çaş-baş salır, qəlbimizi daraldır, sanki dünya üstümüzə çökür. Həyatın təzyiqi, insanların anlaşılmazlığı, içimizdəki boşluq bizi yavaş-yavaş yorur, əzir, tükəndirir.
Amma bu tükənmələr bəzən ən dəyərli qapının açarı olur.
Çünki nə axtardığını, nəyin sənin üçün daha faydalı olduğunu anlamaq üçün bəzən dayanmalı, susmalı və dərinlərə enməlisən. Əsl ehtiyacını dərk etməyin yolu bəzən sıxıntılardan, durğunluqlardan, iç dünyanda baş verən fırtınalardan keçir.

 

İnsana həqiqi rahatlıq verən şey – dünya zövqləri və müvəqqəti təsəllilər deyil. Qəlbin dincəldiyi, ruhun sakitləşdiyi yer – Allahla bağın gücləndiyi nöqtədir.

 

Səbrlə yaşadığın hər an, Allah üçün dözdüyün hər çətinlik – əslində qurtuluşa açılan bir qapıdır. Bəzən Allah səni azğınlıq yollarında sərbəst buraxmaq əvəzinə Öz qapısında gözlədir. Və bu, sevinməyə dəyər. Çünki çətinliklər daimi deyil – onlar yalnız qonaqdır.

 

Həqiqi İslam, sadəcə doğru ilə yanlışı göstərmək üçün gəlməyib. O, insanın üzərindəki ağırlıqları, nəfsin yüklədiyi daşları, cəmiyyətin bağladığı görünməz zəncirləri aradan qaldırmaq üçün Allahın göndərdiyi bir hədiyyədir.
Dünya zövq verir, amma bu zövq ötəridir. Dünya sıxır, yorur, içindən içini çəkir. Bu yorğunluğu görməmək, hiss etməmək mümkündürmü?
Bəzən insanlar səni xoşbəxt sanar. Gülümsəyirsən, amma içində bir fırtına qopur. Və o fırtınanı heç kim görmür. Bəzən susursan, amma ruhun kömək istəyir… Və həmin anda daxildən sənə əsl azadlığı verəcək bir çağırış gəlir: Qurana qayıt, Allahın Elçisinə sarıl.
Uca Allah belə buyurur:
“O Elçi (yəni, Onun öyrətdiyi həqiqi İslam) – onları (iman edənləri) təmiz şeylərə halal edir, murdar olanları qadağan edir, və onların üzərindəki ağır yükləri və zəncirləri götürür. Onunla göndərilən nura tabe olanlar – qurtuluşa çatanlar məhz onlardır.” (Əraf surəsi, 157-ci ayə)
Bu ayə bizə xatırladır ki, Allahın göndərdiyi din – insanı çərçivəyə salmaq üçün deyil, əksinə onun azadlığını, daxili rahatlığını, qurtuluşunu təmin etmək üçün gəlmişdir. Həqiqi xoşbəxtlik də, azadlıq da, qəlbin sakitliyi də – yalnız Onun yolundadır.

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr