BİRİSİ ÜÇÜN GİZLİCƏ DUA ETMƏKLƏ ƏLDƏ OLUNAN MÜKAFAT
Dua edərkən mühüm məsələlərdən biri də, başqa müsəlmanlar üçün dua etməkdir. Şübhəsiz ki, hər kəs başqasının onun üçün dua etməsini istəyir və buna sevinir. Həmçinin, müsəlman özü üçün istədiyi xeyri başqaları üçün də istəməlidir. Kim belə edərsə, Allah-Təala onun üçün müsəlman qardaşlarının dua etməsinə kömək olar.
Əbu Dərdadan rəvayət olunan hədisdə Peyğəmbər (ona salam olsun) buyurmuşdur: “Müsəlman birisinin öz (müsəlman) qardaşı üçün onun xəbəri olmadan gizlicə etdiyi duası qəbuldur. Onun (dua edənin) başı üzərində bir mələk vardır ki, hər dəfə qardaşı üçün xeyir dua etdiyi zaman ona vəkil olunmuş mələk deyər: “Amin və sənə də onun mislində (olsun)” (Muslim, 2732).
Dahi alim Nəvəvi bu hədisin şərhində belə demişdir: “…Keçmiş salehlərdən bəziləri özü üçün dua etmək istədiyi zaman həmin duanı müsəlman qardaşı üçün edərdi. Çünki insanın müsəlman qardaşı üçün gizlicə etdiyi duası hədisdə göstərildiyi kimi həm öz duasının, həm də başqası üçün etdiyi duanın qəbul olmasına səbəb olur.” (Səhih Muslimin şərhi, 17/51).
Əgər insan müsəlmanların halına baxarsa, onların müxtəlif çətinliklərdə olduqlarını görər. Şübhəsiz ki, hər bir çətinlikdə olanın müsəlman qardaşlarının onun üçün xeyir-dua etməsinə ehtiyacı vardır.
Müsəlmanlardan elələri də vardır ki, fitnə-fəsad və döyüş içərisində yaşayırlar. Artıq düşmənləri onları məğlub etmiş, haqsız yerə qanlarını axıtmışlar. Qadınlarını ərsiz, uşaqlarını yetim qoymuş və mallarını əllərindən almışlar. Müsəlman ümmətinin haqsız yerə zülm olunmaları hər bir müsəlmanı kədərləndirməli və narahat etməlidir.
Necə ki, Peyğəmbər (ona salam olsun) buyurmuşdur: “Möminlərin bir-birinə olan sevgisinin, rəhmətinin və şəfqətinin misalı bir cəsədə bənzəyir. Əgər cəsəddən bir üzv ağrılardan şikayət edərsə digər üzvləri yuxusuzluq və qızdırma ilə narahat olar.” (Buxari, 5665).
Bu səbəblə də hər bir iman sahibi müsəlman qardaş və bacılarının çəkdikləri ağrılara şərik olmalı və Allahdan səmimi qəlblə onların qəm-kədərlərinin yox olmasını, düşmənlərinin məğlub edilməsini və aralarında əmin-amanlığın bərqərar olmasını istəməlidir.
Peyğəmbərimiz (ona salam olsun) müsəlmanlara bir müsibət baş verdiyi zaman namazda qunut tutar, onlar üçün Allahdan kömək, düşmənləri üçün isə həlak və məğlubiyyət diləyərdi.
Tərtib: Ayxan Yaquboğlu