Uca Allah öz bəndələrin gözəl və xoşbəxt həyat sürməsi üçün, İslam dinini onlara hədiyyə olaraq göndərmişdir. Bu din, insana dünyada qəlb xoşbəxtliyini bəxş etməklə bərabər, əbədi həyat xoşbəxtliyini də təmin edir. Bu səbəblə də, insan oğlunun dünyada nizam-intizamı, ədaləti və sülhü təmin etməsi, yalnız Uca Allahın göndərmiş olduğu mübarək kitab olan – Quran’ı oxuyub, ona əməl etməklə mümkündür.

 

Qurani-Kərimdə cəmi bir ayə, dünyada nizamın necə təmin edilməsi qaydasını izah edir. Rəbbimiz belə buyurmuşdur:

“Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrəbaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” (Quran, Nəhl: 90)

 

Uca Allah bu ayədə, dünya nizamını təmin edəcək 3 əsası Öz bəndələrinə əmr etmiş və qarşılıq olaraq 3 çirkin davranışı da qadağan etmişdir. Əmr etdiyi əsaslar: ədalət, insanlara yaxşılıq etmək və qohumlara əl tutmaqdır.

 

Ədalət – hər şeyi tam olaraq yerinə yetirmək, hər kəsin haqqına riayət etmək və ölçülü davranmaq deməkdir. Ayədə qeyd olunmuş “ihsan” – yəni yaxşılıq isə, insanlara bacardıqca əl tutmaq, insanın yalnız özünə rəva gördüyün davranışı başqalarından da əsirgəməmək deməkdir. Qohumlara haqqını vermək isə – uzaq və ya yaxın qohumlarla mehriban olmağa, əlaqələri kəsməməyə, onlara bacardıqca kömək etməyə çalışmaq deməkdir.

 

Yuxarıdakı ayədə qeyd olunmuş 3 çirkin davranış isə – əxlaqsız işlər, pis əməllər və zülmdür.

 

Ayədə “zina” deyə tərcümə olunmuş (fahşa) kəlməni, əslində daha geniş mənada da ələ ala bilərik. Yalan və iftira da, zina kimi iyrənc əməllər kateqoriyasına aiddir. Ayədə qadağan olunmuş ikinci şey isə, “münkər”dir. Münkər – İslam dini və sağlam ağlın bəyənib qəbul etmədiyi hər bir şeydir. Qadağan olunmuş üçüncü əməl isə, ayədə “bəğy” deyə adlandırılan və insanlara üstünlük iddia edərək, onlara zülm və təzyiq olaraq edilən hər cür pisliyə deyilir.

 

Həqiqətən də bütün dünyanın əmin-amanlıq və nizamı – Qurandakı sadəcə bu bir ayədə əmr olunmuş və qadağan olunmuş 6 şeyə bağlıdır.

 

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr