media-img_0101

ORUC TUTMAQ – İMAM HÜSEYNİN ŞƏHİD OLMASINA SEVİNMƏK – DEMƏKDİR?

Aşura günü orucunun əmr edilməsi və müstəhəb olması barədəki rəvayətlər olduqca çoxdur. Ən güclü rəyə və sağlam rəvayətlərdən çıxan nəticəyə görə, Aşura orucu müstəhəbdir (vacib deyil, lakin savabı böyükdür).

Bu qədər rəvayətlərdən sonra heç kim deyə bilməz ki, Aşura orucunu tutanlar, İmam Hüseynin qətlinə görə sevinərək oruc tuturlar. Öncəki yazılarımızda qeyd edilənlərdən bir daha anlamış oluruq ki, bu orucun Yezidlə və ya digər zalımlarla bir əlaqəsi də yoxdur. Bu oruc, İslamdan öncə belə mövcud idi və Peyğəmbərimizin əmriylə, Ramazan orucuna qədər vacib bir oruc hesab olunurdu. Əhli-Beyt və səhabələr həmin günü oruc tutardılar.

Kərbəla müsibəti isə, illər sonra baş verən bir faciədir və heç bir hadisə, daha öncə olan faydalı bir əməlin varlığına son qoya bilməz. Çünki, İslam dininin təbliği və yenilənmələr, Hz. Muhəmmədin vəfatı ilə birlikdə artıq sonlanmış, tamamlanmışdır. Dediklərimizin daha da yaxşı anlaşılması üçün bir misal da verək.. Qədr gecəsi və ya Ərəfa günü deyə fəzilətli günlər vardır. Əgər İmam Hüseyn, Aşura günü deyil, qeyd etdiyimiz bu iki gündən birində vəfat etsəydi, biz həmin günlərdəki fəzilətli əməlləri tərk etməli və ya həmin günü daimi olaraq matəmə çevirməli olacaqdıq? Təkcə bu sualı səmimi olaraq düşünüb, məntiqlə analiz etmək, bütün qaranlıq kimi görünən məqamlara aydınlıq gətirəcəkdir.

Çox maraqlıdır, həyatınızda heç sevindiyinə görə ac qalmağı seçən birisini görmüsünüzmü? Dünyadakı hər bir insan, sevinc əlaməti olaraq yeyib-içməyi seçməzmi? Eyni zamanda, bu “məntiq” doğru olsaydı, o zaman Əziz Peyğəmbərimiz ﷺ, Bədr döyüşündə çox sevdiyi əshabələrinin şəhid olmasıyla, bu orucu dayandırardı.

Şiə məzhəbinin ən məşhur alimlərindən olan Məclisi, demişdir:

“Allahın elçisi, Bədr döyüşü olan ili Aşura orucunu tutmuş və insanlara da tutmağı əmr etmişdir..” (Bihərul-Ənvar, 19/129)

 

Bununla yanaşı, bu “iddia” əsaslı olsaydı, O, əziz əmisi Hz. Həmzənin Şəvval ayında -iç orqanları çıxarılaraq vəhşicəsinə- şəhid edilməsindən sonra Şəvval və aşura orucunu tutmağı qadağan edərdi. Çünki o da əhli-beytdən idi və ən çox sevdiyi, dayaq kimi hiss etdiyi səhabə idi.. Lakin biz, əminliklə şahid olduq ki, Allahın elçisi ﷺ, bu orucları dayandırmamış, əksinə, tutmağı müstəhəb olaraq daima tövsiyə etmişdir. “Əgər gələcəkdə bir faciə baş verərsə, fəzilətli günlərin orucunu dərhal dayandırın” – deyə bir əmri də yoxdur.

Mühüm bir nüansı da qeyd edək.. Hz. Əli də zülmə məruz qalaraq şəhid edilmişdi. Oğlu İmam Hüseyn, bu hadisədən sonra düz 21 il yaşadı.. Lakin, atası üçün nə yas saxladı, nə məscidlərdə matəm və əzadarlıq mərasimləri təşkil etdi, nə də oruc və digər fəzilətli əməlləri dayandırdı. Əgər matəm edilməli idisə, Hz. Əli fəzilətcə İmam Hüseyndən də üstün idi və oğlu, mütləq bunu edərdi. Lakin, nə Peyğəmbər öz şəhid əmisi Hz. Həmzə üçün yas etdi, nə də Onun nəvəsi olan Hz. Hüseyn, öz şəhid atası Hz. Əli üçün bunu etdi. Çünki, bu kimi əməllərin Qurana dayanan heç bir arqumenti yoxdur.

Bununla yanaşı, İslam hüquq sisteminə (şəriətə) görə, oruc tutmaq – bayram əlaməti demək deyil. Peyğəmbərimiz də ﷺ, bayram günü oruc tutmağı, məhz buna görə qadağan etmişdir. Uqbə b. Amir’dən rəvayət olunmuş hədisdə Rəsulullah, bayram günlərində oruc tutmağı qadağan etmiş və yuxarıda qeyd etdiyimiz məntiqi bu cür izah etmişdir: Bu günlər yemə-içmə və Allahı xatırlama günləridir.” Deməli, oruc tutmaq deyil, tutmamaq – yəni, yeyib-içmək – bayram əlaməti ola bilər. Aşura günü isə, nə oruc tutmaq, nə də tutmamağın heç biri qadağan deyil.

 

İmam Hüseynin Aşura günündə şəhid olması, Onun Allah dərgahında nə qədər fəzilət sahibi olduğunun əyani sübutudur. Uca Allah məhz ona Aşurada şəhid olmağı nəsib edərək, ucaltmışdır. Cənnət əhli olan şəhid üçün qiyamətədək yas tutulmaz. Yad edilər, rəhmət oxunar və bu hadisədən ibrətlər alınar. Digər ritual və qadağaların isə, heç bir arqument və məntiqi dayağı yoxdur. Bununla yanaşı, Aşura’nın əsas səbəbinin – Musa peyğəmbərin Firon üzərində qələbə çaldığı gün olduğu da unudulmamalıdır.

 

Ayxan Yaquboğlu (2022)

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı