featured-image-3523

Qardaşlarımızın yol verdiyi böyük xətalardan biri də hər hansısa fərz namazı məsciddə camaatla birlikdə qılmamaq və ümumən camaat namazına getməməkdir. Bilmək lazımdır ki, Uca Allah fərz namazları camaatla qılmağı bizə əmr etmişdir.
Uca Allah buyurur:
– Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Bəqərə surəsi, 43)
-… Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get! (Ali İmran, 43)

– Sən səhabələrinin arasında olub onlara namaz qıldırdığın zaman onların bir dəstəsi səninlə birlikdə namaza dursun, silahlarını da özləri ilə götürsünlər. Bunlar səcdə etdikləri zaman (birinci rükəti tamamlayanadək o biri dəstə) arxanızda olsun. Sonra namazını qılmamış digər dəstə gəlib səninlə birlikdə namaz qılsın, ehtiyatlarını tutsunlar və silahlarını da özləri ilə götürsünlər. (Nisa, 102)
Və şəriətə görə üzrsüz olaraq camaat namazını tərk edən kəs nəinki bu böyük savabdan özünü məhrum edir, həmçinin böyük günah qazanmış olur! Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Meracdan sonra camaat namazı qılmış, Mədinəyə qayıtdıqda isə camaat namazını qılmağı ümmətinə fərz etmişdir.
Əbu Hureyra (radıyAllahu anhu) rəvayət edir ki, Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu:
– Nəfsim əlində olana and olsun ki, istəyirəm bir nəfərə oldun toplamağı, sonra da azan verib camaatı namaza çağırmağı əmr edim. Sonra öz yerimə bir nəfəri imam təyin edib, gedib bəzi kişilərin evlərini yandırım. Nəfsim əlində olana and olsun ki, əgər onlardan biri namaza gəlməklə ətli sümük və ya yaxşı heyvan dırnağı əldə edəcəyini bilsəydi İşa namazını camaatla qılardı. [1]
İbn Abbas (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
– Kim azanı eşidib, üzrlü olmadan camaat namazına gəlməzsə onun namazı naqis olar! [2]
Ubeyy ibnul Kəab (radıyAllahu anhu) rəvayət edir ki, bir gün Rasulullah (sallAllahu aleyhi və səlləm) bizə Sübh namazını qıldırdı və soruşdu:
– Filankəs burdadır?
(Səhabələr): Xeyr!- dedilər.
Rasulullah (sallAllahu aleyhi və səlləm) yenə soruşdu:
– Bəs filankəs burdadır?
Səhabələr yenə: Xeyr!- dedilər.
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
– Bu iki namaz (İşa və Sübh namazı) münafiqlərə ən ağır gələn namazlardır. Əgər onlar bu namazlarda olan savabı bilsəydilər, dizləri üstündə iməkləyərək olsa belə, (məscidə) gələrdilər. Həqiqətən, birinci səff mələklərin səffi kimidir. Siz birinci səfdəki fəziləti bilsəydiniz, onun üçün yarışardınız. Həqiqətən, bir adamın başqa bir adamla namaz qılması, onun fərdi şəkildə namaz qılmasından, iki nəfərlə birlikdə qılınan namaz isə, bir nəfərlə qılınan namazdan daha fəzilətlidir. (Namazda iştirak edənlərin sayı) nə qədər çox olarsa, Uca Allaha o qədər sevimli olar. [3]
Həmçinin, qardaşlar bu camaat namazının fəzilətini düşünməli və bu savaba nail olmaq üçün can atmalıdırlar.
Abdullah İbn Ömər (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
– Camaat namazı tək qılınan namazdan iyirmi yeddi dərəcə üstündür! [4]
Osman (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
– Kim namaz üçün mükəmməl şəkildə dəstəmaz alar, sonra da fərz namazını qılmaq üçün (məscidə) gedib, onu camaatla birgə qılarsa Allah onun günahlarını bağışlayar! [5]
Əbu Hureyra (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
– Kişinin camaat ilə qıldığı namaz, evində və ya bazarda qıldığı namazdan iyirmi beş dəfə üstündür. Belə ki, kimsə gözəl şəkildə dəstəmaz alar, sonra yalnız namaza getmək məqsədi ilə evindən çıxıb məscidə gedərsə, atdığı hər addımla bir dərəcə yüksələr, bir günahı bağışlanar. O namaz qıldığı müddətdə mələklər də onun üçün dua edər və deyərlər: “Allahım, ona xeyir-bərəkət ver və onu bağışla. Siz namazı gözlədiyiniz müddətdə namazda olmuş kimi sayılırsınız.”[6]
Əbu Hureyra (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
– Kim məscidə gedib qayıdırsa Allah onun üçün Cənnətdə ziyafət qurar. Hər dəfə gedib-gəldikdə bu təkrarlanar! [7]
Əbu Hureyra (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
– Kim evində dəstəmaz alıb, vacib buyurulan namazı qılmaq üçün məscidlərin birinə gedərsə atdığı addımlardan hər biri onun bir günahını silər, digəri isə savabını artırar.[8]
Əbu Hureyra (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
– İmam “Amin” deyərkən siz də “Amin” deyin. Bilin ki, kimin “Amin” deməsi mələklərin “Amin” deməsi ilə üst-üstə düşərsə, onun keçmiş günahları bağışlanar! [9]
Abdullah İbn Ömər (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
– Allah dərgahında ən fəzilətli namaz Cümə günü camaatla qılınan Sübh namazıdır.[10]
Abdullah ibn Ömər (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
– Həqiqətən, Allah camaatla qılınan namaza təəccüblənir.[11]
Əbu Hureyra (radıyAllahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurdu:
– Camaat namazı birinizin fərdi şəkildə qıldı namazdan iyirmi beş dəfə üstündür. Gecə- mələkləri ilə gündüz mələkləri Sübh namazında bir yerə toplaşarlar.
Əbu Hureyra (radıyAllahu anhu) sonra buyurdu:
– İstəsəniz bu ayəni oxuyun: “Sübh çağı oxunan Quranın şahidləri olur!” (İsra surəsi, 78) [12]
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur:
– Zülmət gecədə məscidlərə gedən kəslərə- Qiyamət günü büs-bütün nura qovuşacaqları ilə müjdələyin! [13]
Həmçinin, camaat namazına səhlənkar yanaşan qardaşlar sələfilərimiz bu namaza getməyənlər haqqında olan sözlərini oxumalı və onların camaat namazına olan münasibətlərinə baxmalıdırlar.
Abdullah ibn Məsud (radıyAllahu anhu) buyurur:
– Kim sabah Allahın hüzuruna müsəlman kimi çıxmaq istəyirsə, çağırılan bu beş vaxt namaza davamiyyətli olsun. Allah, Peyğəmbəriniz (sallAllahu aleyhi və səlləm) üçün hidayət yolu qoymuşdur. Camaat namazları da hidayət yolundandır. Əgər siz də namazları, müxalif çıxan bir adam kimi evinizdə qılsanız Peyğəmbərinizin (sallAllahu aleyhi və səlləm) yolunu tərk etmiş olarsınız. Peyğəmbərinizin (sallAllahu aleyhi və səlləm) yolunu tərk etdikdə isə yolunuzu azarsınız. Əgər kimsə öz evində gözəl şəkildə dəstəmaz alıb sonra bu məscidlərdən birinə üz tutarsa Allah, onun atdığı hər addıma savab yazar, dərəcəsini qaldırar və günahını bağışlayar. Bizim vaxtımızda yalnız ikiüzlülüyü ilə tanınan münafiqlər camaat namazından yayınardılar. Hətta ayaq üstə dayana bilməyən kimsə namaza gələr və iki nəfərin arasına daxil olub onlara söykənərək səfdə dayanardı.[14]
Rəvayət edilir ki, Abdullah İbn Ömər (radıyAllahu anhu) bir camaat namazını qaçırsaydı, bir gün oruc tutar, gecəni ibadətlə keçirər və bir qul azad edərdi. [15]
Həmçinin rəvayət edilir ki, Abdullah ibn Ömərdən (radıyAllahu anhu) hansı fərz namazını camaatla qılmağa çatmazdısa, sonrakı fərz namazına kimi məsciddə əyləşib gözləyərdi və bu müddətcə zikr edərdi. Və bir gün o, İşa namazını camaatla qılmağa çatmadı, gecikdi. Bu səbəbdən sübh namazına kimi məsciddə oturub, namaz qıldı.
Tabiinlərin imamı sayılan Səid ibn Museyyib (rahiməhullah) “Baldırın açılacağı və onlar səcdəyə dəvət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar. (Qaləm surəsi, 42)” ayəsini təfsir edərək buyurur:
– Bu o kəslərdir ki, azanı eşidirlər, lakin namaz qılmaq üçün məscidlərə gəlmirlər!
Kəb ibn Əhbər (radıyAllahu anhu) Qaləm surəsi 42-ci ayənin təfsirində buyurur:
– Bu ayə- qadir olduqları halda camaat namazına gəlməyənlər üçün nazil olmuşdur!
Əbu Hureyra (radıyAllahu anhu) buyurur:
– Bir kişinin qulağına qurğuşunun tökülməsi, onun üçün azanı eşidib məscidə camaat namazı qılmaq üçün gəlməməkdən daha xeyirlidir!

Muhəmməd ibn Munkədir (rahiməhullah) buyurur:
– Mənə dünya ləzzətindən üç şey qalmışdır. Gecə namazını qılmaq, müsəlman qardaşımla birgə olmaq və camaatla namaz qılmaq.
Suleymən ibn Həmzə əl-Məqdisi (rahiməhullah) buyurur:
– Fərz namazlarını iki dəfədən başqa həyatım boyu tək qılmamışam.
Suleymən ibn Həmzə əl-Məqdisi (rahiməhullah) 90 yaşına qədər yaşamışdır.
Vakii ibnul Cərrah (rahiməhullah) buyurur:
– Ə’məş 70 yaşına çatmışdı, amma bu vaxta kimi camaat namazını tərk etməmişdir. 60 ildən çox onun yanında oldum, bir rükəti belə qəza etdiyini görmədim.[16]
Təqiyyiddin Suleymən (rahiməhullah) buyurur:
– Mən fərz namazını iki dəfə tək qılmışam. Onları da sanki heç qılmamışam.[17]
Muhəmməd ibn Suməə buyurur:
– 40 il bir dəfədən başqa camaat namazını tərk etməmişəm. Bircə dəfə, anam öldüyü üçün bir namazı camaatla qıla bilmədim.[18]
Şeyx Səad əs-Salih İbnul Qeyyimin (rahiməhullah) belə dediyini yazır:
– Mömin odur ki, namazın vaxtı gəldikdə dəstəmaz alar, təmizlənər və məsciddə birinci sıraya can atar.[19]
İbrahim ən-Nəxai (rahiməhullah) buyurur:
– Mən 40 il namazda namaz qılanların kürəyini görmədim. (yəni, 40 il ilk səffdə dayandım)
Sələflərdən rəvayət edilir ki, onların bəzisi azandan qabaq məscidə gələ bilmədikdə, sədəqə verər və “Nə üçün azandan sonra gəldim?”- deyərək, özlərini qınayardılar.
Həmçinin rəvayət edilir ki, sələflərdən biri camaat namazına gecikdiyi üçün iyirmi beş dəfə o namazı qılmışdır ki, camaat namazının fəzilətinə nail olsun!
Hilal ibn İsaf və Munzir əs-Səuri (rahiməhumullah) ağır xəstəliyə tutulmuş və iflic olmuş ər-Rabini (rahiməhullah) evində ziyarət edirlər. Hilal ibn İsaf xatırlayır:
– Elə bu zaman zöhr namazının azanı verildi. Rabi oğluna yönəlib dedi:
– Gəlin ona cavab verək.
Oğlu bizə dedi:
– Məscidə aparmaqda mənə kömək edin. Allah sizə qarşılığını versin.
Onu qaldırdıq, o sağ qolunu oğlunun, sol qolunu isə mənim çiynimə qoydu.
Munzir ona dedi:
– Ya şeyx, sənə izn verilib, namazı evində qılardın.
Rabi buyurdu:
– Doğrudur. Amma mən müəzzinin bu sözlərini eşitdim: “Həyyə aləs-saləh, həyyə aləl fələh” (Namaza tələsin, nicat tapmağa tələsin)
Sizdən kim müəzzinin “fələh”ə dəvət etdiyini eşitsə sürünərək də olsa ona tabe olsun…[20]

Həmçinin İmam Buxari (rahiməhullah) güclü dəlillərə söykənərək qətiyyətlə camaat namazının fərz olduğunu söyləmiş və kitabında elə bu adda da bab açmışdır.[21]
Abdul Azim əl-Bədəvi buyurur:
– Üzrlü hallar istisna olmaqla, camaat namazı fərdi şəkildə hər bir namaz qılana (kişiyə) vacibdir.[22]
Həmçinin bu görüş- yəni, üzrlü hal (üzr hal- ağır xəstə olmaq, əlil olmaq, evin məsciddən həddindən çox- piyada olaraq gələ bilməmək qədər uzaqda olması və s.) olmadan camaat namazının məsciddə qılınmasının hər bir kişiyə fərz olması görüşü- səhabələrdən- Abdullah ibn Məsud, Əbu Musa əl-Əşari, Tabiinlərdən- A’ta, Əuzai, Məzhəb alimlərindən imam Əhməd başda olmaqla əksər Hənbəli alimləri, İbn Həzm, Şeyxul İsləm İbn Teymiyyə və Səudiyyə alimlərinin görüşü olmuşdur. [23]
Şeyx Muhəmməd ibn Salih əl-Useymin (rahiməhullah) buyurur:
– Alimlər ittifaq ediblər ki, camaat namazı itaətdir. Onun ən fəzilətlisidir, Allah onu Kitabında zikr etmişdir və onu hətta qorxu namazlarında da əmr etmişdir. Uca Allah belə buyurur:
– (Ya Rəsulum!) Sən (əsgərlərin) içərisində olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə sailahlarını (özlərilə) götürsünlər. (Namazlarını qılıb) səcdə edən kimi sizin arxanıza (düşmənin önünə) keçsinlər. (Və ya onlar namaz qılanda digər dəstə arxalarında olsun). Sonra (namaz qılmamış) o biri dəstə öz ehtiyat vasitələrini və silahlarını götürərək gəlib səninlə birlikdə namaz qılsın! Kafirlər istərdilər ki, sizin silahlarınızdan və mallarınızdan heç bir xəbəriniz olmayaydı və onlar da sizin üzərinizə birdəfəlik (qəfil bir hücumla) basqın edəydilər. Yağışdan əziyyət çəkdiyiniz, yaxud xəstə olduğunuz zaman silahlarınızı (namaz vaxtı) yerə qoymaq sizə günah deyildir, lakin ehtiyatınızı gözləyin! Şübhəsiz ki, Allah kafirlər üçün alçaldıcı əzab hazırlamışdır! (Nisa surəsi, 102)
Peyğəmbərin (sallAllahu aleyhi və səlləm) sünnəsində, namazın camaatla qılınmasına aid çox saylı hədislər vardır. Onlara misal olaraq aşağıdakıları göstərə bilərik.
Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur :
– İstədim ki, insanlara namaz qılınması üçün iqamə vermələdini əmr edim, sonra bir insana insanlara namaz qıldırmasını əmr edim, sonra əllərində odunlar olan insanlarla camaat namazına gəlməyənlərin evinə gedib və evlərini yandırım.[24]
Başqa bir hədisə Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurur :
– Azanı eşidib namaza gəlməyin üzrü olmasa namazı qəbul deyil! [25]
Necə ki, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) onun yanına camaat namazına gəlməmək üçün izn almağa gələn kor kişidən “Azanı eşidirsənmi?” – deyə soruşur. O da “Bəli” – deyə cavab verir. Onda Peyğəmbər (sallAllahu aleyhi və səlləm) ona: “Onda cavab ver” deyir. [26]
İbn Məsud (radıyAllahu anhu) buyurur: “Camaat namazından ancaq nifaqı açıq aydın olan münafiqlər, xəstələr gəlmirdi”[27]
Səhih baxışla baxıldıqda onun vacibliyi aşkardır. Ümmət vahid bir ümmətdir. Onun kamilliyi ancaq ibadətlərində camaat olmaqla olur. İbadətlərin ən kamili isə namazdır. Alimlər camaatla namazı, namazın səhihliyinə dəlalət edən şərtlərə aid olmasında ixtilaf ediblər. Camaatsız qılınan namaz səhihdirmi?
Səhih budur ki, bu namazın vaciblərindəndir. Ancaq səhih olma şərtlərindən deyil. Ancaq onu şəri üzrsüz tərk edən günahkar olur. Namazın camaatsız qılınmasının səhihliyi şərtindən olmamasına dəlil budur ki, onu Peyğəmbər (sallAllahu aleyhi və səlləm) tək qılınan namazdan fəzilətli edib.
Camaat namazının tək namazdan fəzilətli olması onu göstərir ki, tək qılınan namazda fəzilət var. Bu da ancaq səhih olduqda olur.
Hər halda, ağlı başında olan, həddi-büluğa çatmış kişi müsəlmana vacibdir ki, səfərdə və ya qeyri-səfər halında camaat namazında iştirak etsin.
Hətta şeyx İbn Bəzz (rahiməhullah) qadının camaat namazı qılmamaq ilə məşhur olan bir kişi ilə ailə qurmasını caiz saymamışdır. Şeyx İbn Bəzz (rahiməhullah) buyurur:
– Əgər bir insan camaat namazı qılmayan kimi tanınırsa, onunla evlənmək caiz deyildir. Çünki camaat namazı qılmamaq Allaha qarşı açıq itaətsizlikdir. Bu, insanların münafiqliyinin xüsusiyyətlərindən biridir və namazı tamamilə tərk etmənin ilk addımlarındandır. Namazı tərk etmək isə böyük küfrdür.[28]

Risaləmi səhabələrin (radıyAllahu anhum) bir-birlərinə söylədikləri məşhur sözləri ilə yekunlaşdırıram:
– Qardaşlarım, əgər məni camaat namazında görməsəniz, onda cənazə namazıma gələrsiniz!

İstifadə edilən mənbələr:
[1]- Buxari, 2/125/644; Muslim, 1/451/651; Əbu Davud, 2/251/544; İbn Məcə, 1/259/791; Nəsai, 2/107
[2]- İbn Məcə, 1/206/793; Həkim, 1/245; Beyhəqi, 3/174; Sahih Sunən ibn Məcə, 645
[3]- Əbu Davud, 554
[4]- Buxari, 2/131/647; Muslim, 1/450/650; Tirmizi, 1/138/215; Nəsai, 2/103; İbn Məcə, 1/259/789
[5]- Muslim, 548
[6]- Buxari, 2/131/647; Muslim, 1/459/649; Əbu Davud, 2/265/555
[7]- Buxari, 2/148/662; Muslim, 1/463/669
[8]- Muslim, 666
[9]- Buxari, 780; Muslim, 912
[10]- Suyuti, Cəmius-Sağir, 1273, 2132; Albani, Silsilətu Əhədisis-Sahihə, 1566, Sahihul-Cəmius-Sağir, 1119
[11]- Əhməd, 5112; Albani, Sahihut-Təğrib vat-Tərhib, 406; Silsilətul-Əhədisis-Sahihə, 1652
[12]- Buxari, 648; Muslim, 649, 1035
[13]- Sahihu Sunəni Əbi Davud, 525
[14]- Muslim, 1/453/654; Nəsai, 2/108; Əbu Davud, 2/254/546; İbn Məcə, 1/255/777; Sahih Sunən İbn Məcə, 631
[15]- Şeyx AbdulBəri əs-Subeyti, Mədinədəki Həramda cümə xütbəsindən
[16]- Şeyx AbdulBəri əs-Subeyti, Mədinədəki Həramda cümə xütbəsindən
[17]- Zeyl Təbəqatul-Hənəbilə, 2/365
[18]- Təhzibut-Təhzib, 9/204
[19]- ‘Ləzzətul-İbədəti’ kitabı
[20]- İbn Səad, ət-Təbəqatul-Kubra, 6/10; Əhməd ibn Hənbəl, Kitabuz-Zuhd, səh. 336; İbnul Cəuzi, Sıfətus-Səufə, 111/59-68; Əbu Nuaym, Hılyətul-Əuliyyə, 11/105-118
[21]- İbn Həcər, ‘Fəthul-Bəri’ əsərinə bax.
[22]- ‘əl-Vaciz fi Fiqhus-Sunnəti val Kitəbil Aziz’ kitabı, Salətul-Cəmə’a- babı
[23]- Əbu Məlik Kəməl ibn Seyyid əs-Səlim, ‘Sahih Fiqhus-Sunnəh’ kitabı
[24]- Sahih Buxari, 644
[25]- Sahih Buxari, 1/111
[26]- Sahih Muslim, 653
[27]- Sahih Muslim, 654
[28]- ‘Qadınlar haqqında fətva’ kitabı

____________________
Hazırladı: əz-Zubeyr

Bənzər Məqalələr