” Dinimiz terroru, fitnə-fəsad törətməyi lənətləyir”
Yaşar Qurbanov: “Radikal qruplaşmalar terroru cihad kimi təqdim etməyə çalışırlar”
Bu gün islamla bağlı ən çox müzakirə olunan mövzulardan biri də islamın terrora münasibətidir. Aktuallığını nəzərə alaraq bu dəfə islamın terrora münasibətini öyrənməyə çalışdıq. Həmsöhbətimiz ilahiyyatçı Yaşar Qurbanovdur.
– Nə üçün islamın adı terrorla hallanır?
– Dünyada özlərini müsəlman adlandıran bəzi təşkilatlar və ya şəxslər islam adına terror hadisəsi törədirlər. Onlar terroru islamın əmri, Allahın buyruğu, müqəddəs cihad kimi təqdim etməyə çalışırlar. Təəssüf ki, onların terroru islam adına etmələri tək Qərbdə deyil, dünyanın bir çox ölkələrində də islamın adının terrorla hallanmasına səbəb oldu. Halbuki terrorun islamla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Əksinə, dinimiz terroru, Yer üzündə fitnə-fəsad törətməyi lənətləyir.
– İslam mənbələrində terrora zidd olan hansı məqamlar var?
– Bununla bağlı “Qurani-Kərim”də bir çox ayələr var. “Maidə” surəsinin 32-ci ayəsində Allah belə buyurur: “Hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur”. Bura terror və şəxsə təcavüz də daxildir. Bu kimi ayələr islamın terrorun əleyhinə olduğuna dəlildir. Onu da qeyd edim ki, 1993-94-cü illərdə islam və terror məsələləri çox işlənmirdi. Daha sonralar baş verən terror hadisələri bu mövzunu gündəmə gətirdi.
– “Qurani-Kərim”də müxtəlif cür yorumlanan ayələr var.
Hətta radikal qruplaşmalar bəzi ayələri terrorun lehinə dəlil olaraq gətirirlər. Buna münasibətiniz necədir?
– Mən bir şey qeyd etmək istəyərdim ki, Həzrəti Məhəmmədin (s.ə.s) hədislərində bəzi radikal qrupların olacağına işarələr var. İslam dinində termin olaraq onlara “xəvariclər” deyirlər. Sevgili peyğəmbərimiz onları xəvaric, yəni dindən çıxanlar adlandırıb. Xəvariclər özlərini dindar kimi təqdim edən, hətta ibadət edən kəslərdir, amma islamı olduğu kimi qəbul etməyən insanlardır. Peyğəmbərimizin dövründə bu cür əqidəli insanlar yox idi. Xəvariclər yalnız xəlifələrin dövründə meydana çıxmağa başladılar. Onlarla bağlı sevgili peyğəmbərimiz buyurur ki, “vaxt gələcək gənclər içərisindən elələri çıxacaq ki, onlar “Qurani-Kərim”i oxuyacaqlar, amma oxuduqları boğazlarından içəri getməyəcək”. Yəni “Qurani-Kərim”i oxuyacaqlar, amma onun şərhinə, peyğəmbərin necə başa düşdüyünə baxmadan öz anladıqları kimi yanlış qəbul edəcəklər və bu səbəbdən də səhv hökm çıxacaracaqlar.
– Bu gün islamın adı Qərb ölkələrində daha çox terrorla hallanır. Siz xarici səfərlərdə də olursunuz. Qeyri-islam ölkələrində müsəlman kimliyiniz adətən necə qarşılanır?
– Əvvəla harada olmağımdan asılı olmayaraq, müsəlman kimliyimi heç vaxt gizlətmirəm. Səfərdə olduğum ölkələrdə dini mənsubiyyətimə görə də mənfi münasibət görməmişəm. Kimlərinsə islamla bağlı yanlış fikirləri ola bilər. Amma biz söhbət əsnasında dinimizin gözəlliklərini, humanist dəyərlərini izah edərək insanlara dinimizi doğru şəkildə tanıtmağa çalışırıq. İslamın düzgün təbliğatı dinimiz haqqında müsbət fikirlərin yaranmasına səbəb olur.
– Şərq ölkələrində keçirilən konfranslarda tez-tez iştirak edirsiniz. İslamın dünyada düzgün tanıdılması ilə bağlı müzakirələr də olurmu?
– Qatıldığım konfranslarda daha çox “islamda orta yol” mövzusu müzakirə olunur. Müsəlmanlar orta yolda necə birləşməlidirlər ki, bütün problemləri həll etmək mümkün olsun. Bu məsələ tək Şərqdə deyil, İngiltərədə və başqa Qərb ölkələrində fəaliyyət göstərən müsəlman dini icmaları tərəfindən də gündəmə gətirilir. Küveytdə, Bəhreyndə də keçirilən konfransda bu mövzu müzakirə edildi. İslamda orta yol son illər gündəmə gətirilir. Halbuki bu məsələ islam dünyasında çoxdan həll olunmalı idi.
– İslamın adının terrorla daha çox hallanmasına səbəb olan hadisələrdən biri də 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror hadisəsi oldu. Lakin sonrakı illərdə bu hadisə də müxtəlif cür izah edildi. Bir çoxları 11 sentyabr hadisəsinin islamın terror dini kimi tanınmasına səbəb olduğunu düşünsə də, fərqli qənaətdə olanlar da var. Məsələn, belə fikirlər də səslənir ki, 11 sentyabr hadisəsi islamın Amerikada və Qərbdə daha çox yayılmasına səbəb oldu. Belə ki, insanlar terror dini kimi təqdim olunan islamı öyrənməyə çalışdılar və dinimizlə yaxından tanış olandan sonra onu qəbul etməyə başladılar.
Sizə görə 11 sentyabr hadisəsi islamla bağlı necə iz buraxdı?
– Mən deməzdim ki, 11 sentyabr hadisəsi islama faydası oldu. Bu mənim şəxsi qənaətimdir. Çünki islamın adı terrorla daha çox hallandı və bir çox ölkələrdə terror dini kimi təqdim edilməyə başlandı. Bu cür yanlış fikirlərin qarşısını almaq, islamı olduğu kimi tanıtmaq üçün müsəlmanlar konfranslar keçirməyə, kitablar yazmağa başladılar.
– İttihamların qarşısını almaq üçün müsəlmanlar adətən özlərini müdafiə edən tərəf olurlar. Davamlı ittihamlar və özünümüdafiə necə nəticələr verir?
– Müsəlmanlar yanlış islami fikirlərin qarşısın almaq üçün davamlı fəaliyyət göstərirlər. İslam mənbələrindən dəlillər gətirərək əksini isbat etməyə çalışırlar. Hətta o qədər “radikal islam” ifadəsi istifadə olundu ki, müsəlmanlar cana doydular bu kəlmədən. Nə qədər olar islamın radikalizmlə əlaqəsi olmadığını isbat etmək? Daha bəsdir! O qədər “islam və terror” mövzusu müzakirə olundu ki, axırda müsəlmanlar əks reaksiya verdilər, onlar bu qədər ittihamlar artıq dedilər. Daha çox ərəb ölkələrində bununla bağlı etirazlar oldu.
– Bəs öz cəmiyyətimizə qayıtsaq, Azərbaycanda dini radikalizm var? Bu problem ölkəmiz üçün nə dərəcədə aktualdır?
– Fikrimcə, Azərbaycanda dini radikalizm əvvəllər daha çox idi. Məsələn, mən “İslam terrorun əleyhinədir” adlı bir kitab yazmışdım. Həmin kitabda islamın terrora qarşı olduğunu, terrorun cihadla əlaqəsi olmadığını “Qurani-Kərim”dən və sevgili peyğəmbərimizin hədislərindən dəlillər gətirərək göstərmişdim. Buna görə də radikal düşüncəli insanlardan məni hədələyənlər, elektron məktubla təhdid edənlər də oldu. Hətta mənə yazırdılar ki, sən cihadı inkar edirsən, kafirsən, buna görə də başın kəsilməlidir. O cür təhdidlər indi də olur. Yəni hələ də cəmiyyətimizdə radikal təfəkkürlü insanlar var. Xüsusən də internetdə daha çox radikal fikirlərə rast gəlmək olur. Bəzi ərəb saytları var ki, orada yazılan terror lehinə fikirləri, cihad adına radikal çağırışları oxuyanda insan dəhşətə gəlir.
– Hətta Üsamə bin Ladeni özünə rəhbər, adını özünə təxəllüs seçənlər də var.
– Bəli var. İslamla yeni tanış olan insan həmin saytda yazılanları oxusa, əlbəttə yanlış yola düşəcək. Onların təbliğatına görə, özlərindən olmayan hər kəs kafirdir. Buna islamda təkfirçilik deyirlər. Onu da qeyd edim ki, bu təkfirçilik ideyası təxminən 1994-cü ildən başladı. Təkfirçilərə görə, sənin kimi düşünməyənlər kafirdir. Hətta əgər sənin yaşadığın ölkədə islam şəriəti tətbiq olunmursa, yəni dini dövlət deyilsə, həmin ölkədən köçüb getməlisən. Hətta bu radikal fikirlər o qədər geniş yayıldı ki, islam alimləri Üsamə bin Laden haqqında fətvalar verməyə başladılar. Bir sözlə, bu cür radikal fikirlər əvvəllər də varıydı, indi də var. Məncə belə düşüncəli insanlar az da olsa həmişə olacaq. Çünki onların bəhrələndiyi, təsir altına düşdüyü internet resursları indi də var.
– Bəs insanları terrorizmə, radikal qruplaşmalara necə cəlb edirlər?
– Adını qeyd etmək istəmirəm, 90-cı illlərdə ərəb ölkələrindən olan bəzi təşkilatlar fəaliyyət göstərirdi. Onlardan bir neçəsi bağlandı. Təkfirçilik fikirlərini Azərbaycana onlar gətirdi. Məsələn, radikal fikirləri təbliğ edən broşürlər yayırdılar, gənclər arasında təbliğat aparırdılar. Bu işi görənlər dini təhsil almayan, islami bilikləri olmayan insanlar idi. Bir broşürdə yazmışdılar ki, siqaret çəkmək şirkdir. Yəni kim siqaret çəksə, Allaha şərik qoşur, Allaha şərik qoşan isə dindən çıxmış hesab olunur. Halbuki Allaha şərik qoşmaq islamda mühüm və geniş mövzudur, siqaretlə heç bir əlaqəsi yoxdur. Yəni bu cür yanlış və savadsız fikirlərlə insanlar arasında səhv təsəvvürlər yaratmağa çalışırdılar. Təkfirçilər daha çox gəncləri hədəf seçirlər. Xüsusən də savadsız gəncləri. Radikal təfəkkürlü gənclər bu gün də cəmiyyətimizdə var. Onlarla söhbət edəndə cihad kimi böyük mövzudan danışırlar, amma dəstəmazın şərtlərini bilmirlər. Çünki onlara ancaq yanlış anlayışda cihad mövzusunu öyrədiblər. Təkfirçilərə görə, onlar kimi düşünməyən hər kəs kafirdir, qanı halaldır və s. Halbuki islamın əsaslarından, tövhiddən xəbərləri yoxdur. Bu cür insanlar özlərini “mücahid” adlandırsalar da, onlar əqidəcə xəvariclərdir. Onların əqidəsinə görə, əgər kimsə terror məqsədiylə özünü partladırsa, şəhid hesab olunur. Əslində isə islamdakı şəhid anlayışı çox fərqlidir və terrorla, intiharla əlaqəsi yoxdur.
————–
Xalq Cəbhəsi qazeti