featured-image-1953

Onun adı: Abdullah İbn Osman İbn Amir İbn Amr İbn Kəəb İbn Səəd İbn Teym İbn Murra İbn Kəəb İbn Luey İbn Ğalib İbn Fihr[1]. Fihr isə Qureyşdir.
Əli İbn Əbu Talib demişdir: “Allah Əbu Bəkrin adını səmadan Siddiq (doğru danışan, təsdiqləyən) olaraq nazil etmişdir!”[2].

İslamı qəbul etməsi: Əbu Dərda (Allah ondan razı olsun!) deyir: Mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanında oturmuşdum. Birdən Əbu Bəkrin paltarının bir tərəfini çırmalayıb tələsik gəldiyini gördüm. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu ki, sizin dostunuza nəsə olub! Əbu Bəkr salam verdi və dedi: Ey Allahın elçisi! Mənimlə Ömər İbn əl-Xəttabın arasında bir hadisə baş verdi və mən tələsik ona qarşılıq verdim sonra isə peşman oldum. Mən ondan buna görə üzr istədim və o bunu qəbul etmədikdə sənin yanın gəldim. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üç dəfə: “Allah səni bağışlasın., Ey Əbu Bəkr!” – buyurdu.

Ömər də öz əməlindən peşman olub Əbu Bəkrin yanında olanlardan Əbu Bəkrin günahkar olmasını soruşdu. Onlar Əbu Bəkrin günahsız olduğunu dedilər. Sonra Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəldi və bu zaman Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) üzündə qəzəb görsəndi. Bunu görən Əbu Bəkrin yazığı gəldi və dizi üstə oturub ik idəfə dedi: “Ey Allahın elçisi! Allaha and olsun ki, mən ona qarşı daha çox haqsız olmuşam”. Bu vaxt Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) iki dəfə buyurdu: “Allah məni sizə göndərdi və hamınız məni yalanladınız amma Əbu Bəkr düz dediyimi buyurdu. O mənə öz canı və malı ilə kömək etdi. Siz mənim dostumu mənə görə rahat buraxacaqsınızmı?” Bu sözlərdən sonra heç kəs ona əziyyət vermədi[3].
Ammar İbn Yasir deyir: “Mən daima Peyğəmbərlə beş nəfəri görürdüm: iki köləni, iki qadını və Əbu Bəkri”[4].
Hicrət etməsi: Əbu Bəkr (Allah ondan razı olsun!) deyir: (Məkkədən Mədinəyə hicrət edərkən) Peyğəmbərlə birlikdə mağarada ikən başımı qaldırdım və bu zaman bizi axtaran qureyşlilərin ayaqlarını gördüm və dedim: Ey Allahın elçisi! Əgər bəziləri gözlərini aylandırsaydılar bizi görərdilər. O buyurdu: Ey Əbu Bəkr sakit dur. Biz iki nəfərik üçüncümüz isə Allahdır”[5].
Onun fəzilətləri: Əbu Hureyrə (Allah ondan razı olsun!) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə eşitdiyini rəvayət edir: “Kim bu saleh əməllərdən ikisini Allah yolunda edərsə cənnətin qapılarından: “Ey Allahın qulu bu qapı xeyirlidir!” – deyərək çağırılar. Kim namaz qılanlardan olarsa Namaz qapısından çağırılar. Kim cihad edənlərdəndirsə Cihad qapısından çağırılar. Kim sədəqə verənlərdəndirsə Sədəqə qapısından çağırılar. Kim oruc tutanlardandırsa Rəyyan qapısından çağırılar”.
Əbu Bəkr dedi: Ey Allahın elçisi! Kimsə bu qapıların hamısından çağırılacaqdırmı?
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun): “Bəli, arzu edirəm ki, sən onlardan olasan, Ey Əbu Bəkr!” – deyərək cavab verdi[6].
Ənəs İbn Malik (Allah ondan razı olsun!) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), Əbu Bəkr, Ömər və Osman Uhud dağının üzərinə çıxdıqları zaman dağ titrədi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Ey Uhud! Sakitləş! Sənin üzərində bir Peyğəmbər, bir siddiq, iki şəhid vardır”[7].
“Amr İbn əl-As deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məni Zətus Səlasil qoşununun yanına göndərirdi və mən onun yanına gəlib dedim: İnsanlardan kim sənə daha sevimlidir? Dedi: Aişə. Dedim ki, bəs kişilərdən kim? Dedi: Atası. Dedim ki, bəs sonra? Dedi, Ömər İbn əl-Xəttab”[8].
Onun elmi: Əbu Səid əl-Xudru (Allah ondan razı olsun!) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanlara xütbə verərkən dedi: “Allah bir bəndəyə ya dünyanı ya da Onun nəzdində olanı seçməkdə ixtiyar etmişdir. O bəndə Allahın nəzdində olanları ixtiyar etdi”. Bu zaman Əbu Bəkr ağlamağa başladı. Biz isə onun ağlamasından təəcübləndik. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir bəndənin ixtiyar etməsindən danışır. Və Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ixtiyar edən idi, Əbu Bəkr isə bizim elmlimiz idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Mənim dostluğunda və malında ən arxayın olduğum adam Əbu Bəkrdir. Əgər mən özümə Allahdan başqasını xəlil seçəsi olsaydım Əbu Bəkri seçərdim. Lakin bu sadəcə İslam qardaşlığı və nəvazişidir. Məsciddə olan bütün qapılar bağlansın yalnız Əbu Bəkrin qapısı açıq qalsın”[9].
Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yoldaşlığı: Abdullah İbn Amrdan (Allah ondan razı olsun!) Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) edilən ən şiddətli işkəncə haqda soruşduqda dedi: “Uqba İbn Əbu Mueyti Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılarkən onun yanına gəldiyini və əlindəki paltar ilə Peyğəmbəri şiddətli boğduğunu gördüm. Bu zaman Əbu Bəkr gəlib onu Peyğəmbərdən uzaqlaşdırdı və buyurdu: “Siz, Rəbbim Allahdır deyən və Rəbbinizdən sizə açıq-aydın sübutlar gətirmiş adamımı öldürürsünüz!”[10].

Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əbu Bəkrin xilafətinə dair etdiyi işarələr.

1. Aişə (Allah ondan razı olsun!) deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəstələndikdə dedi ki, “Əbu Bəkrə deyin camaata namaz qıldırsın”[11].
2. Cubeyr İbn Mutim (Allah ondan razı olsun!) deyir: Bir qadın Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib geri qayıdarkən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun yanına bir daha gəlməsini tapşırdı. Həmin qadın dedi: Əgər sən olmasan kimə müraciət edərəm? Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Əgər mən olmasam Əbu Bəkrə müraciət edərsən”[12].
3. Aişə (Allah ondan razı olsun!) deyir: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəstələndiyi zaman mənə dedi: “Əbu Bəkri və qardaşını mənim yanıma çağır ki, bir yazı yazım. Mən qorxuram ki, kimsə iştahalı biri desin ki, mən daha layiqəm, lakin Allah və möminlər Əbu Bəkri istəyəcəklər”[13].
Əbu Bəkrin (Allah ondan razı olsun!) xilafətində baş verən mühüm hadisələr!
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölümündən öncə Şam vilayətində Rumlulara qarşı döyüşmək üçün Usamə İbn Zeydin başçılığı altında qoşun hazırlamışdı. Qoşun yola düşməmiş Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etdi. Ətraf bölgələrdə çox ərəblərin mürtəd olması xəbəri gəldikdə səhabələr Mədinə şəhərinə görə ehtiyatlanıb bu qoşunun çıxmasında tərəddüd edirdilər. Lakin Əbu Bəkr (Allah ondan razı olsun!) bu qoşunun təyin edilən yerə getməsində israr edərək deyirdi: Allaha and olsun Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bağladığı düyünü mən heç vaxt aça bilmərəm! Əgər quş bizim başımızın üstünü kəssə, vəhşi heyvanlar ətrafımızı bürüsə, itlər belə Möminlərin analrının ayaqlarına dolaşsalar da Usamənin qoşununu mütləq hazırlayar və Mədinənin kənarına gözətçilər təyin edərəm. O zaman Usamənin qoşununun Şama tərəf getməsinin çox böyük xeyri var idi. Bu qoşun keçdiyi hər ərəb qəbiləsinin ürəyinə xof salardı. Və onlar: bu insanlar mütləq güclü bir dövlətdən çıxmışlar! — deyərdilər. Bəzi rəvayətlərə görə qoşun qırx, digər rəvayətlərə görə isə yetmiş gündən sonra qalibiyyətlə qayıtdı.

Mürtədlərə və zəkatdan imtina edənlərə qarşı savaş!

Əbu Bəkr (Allah ondan razı olsun!) mürtədlərə və zəkatdan imtina edənlərə qarşı döyüşə hazırlandı. Bəzi səhabələr Mədinə şəhərinə və camaatına təcavüzdən ehtiyatlanaraq bu xüsusda Əbu Bəkrlə söhbət edərək Mürtədlərə qarşı savaşmamağı, zəkatdan imtina edənlərə qarşı isə mülayim davranıb iman qəlblərinə daxil olana qədər onlara möhlət verməsini məsləhət gördülər. İman qəlblərinə daxil olandan sonra yenə də zəkat verərlər. Lakin Əbu Bəkr əs-Siddiq bu fikirdən də imtina etdi.
Buxari, Müslim, Əbu Davud, Tirmizi və Nəsai Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət edirlər ki, Ömər ibn əl-Xəttab Əbu Bəkrə deyir: “İnsanlarla hansı əsasa görə döyüşürsən?” Axı Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurub: “İnsanlar: Lə iləhə illəllah Məhəmmədən rəsuləllah kəlməsini – deyənə qədər onlarla vuruşmaq mənə əmr edilmişdir! Əgər bu kəlməni desələr, haqlı anlar istisna olmaqla, öz qanlarını və mallarını qorumuş olarlar”.
Cavabında, Əbu Bəkr deyir: Allaha and olsun əgər onlar Peyğəmbərə r ödədikləri dəvə çidarını mənə ödəməkdən imtina etsələr mən buna görə onlarla döyüşərəm. Zəkat malın haqqıdır. Kim namaz ilə zəkatı bir-birindən ayırarsa (namaz qılıram amma zəkat vermirəm deyərsə!) onlara qarşı döyüşərəm. Ömər t dedi: Bundan sonra mən gördüm ki, Allah, Əbu Bəkrin t köksünü cihad üçün genişlətmişdir. Mən də onun haqq olduğu dərk etdim![14].
Allah təalə buyurur: “Haram aylar (onlara möhlət verilmiş zülhiccə, məhərrəm, səfər və rəbiüləvvəl ayları) çıxınca müşrikləri harada görsəniz, öldürün, yaxalayıb əsir alın, həbs (mühasirə) edin və bütün yollarını — keçidlərini tutun. Lakin əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın (işiniz olmasın). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!”[15].
Peyğəmbərin r vəfatından sonra Məkkə, Mədinə və Quba məscidlərinin camaatından başqa bütün ərəblər mürtəd olmuşdular (İslamdan üz çevirmişdilər).

Mürtəd olan qəbilələrdən aşağıdakıları qeyd etmək olar:

¯ Tuleyhə əl-Əsədinin başçılığı altında Əsəd və Ğətəfan qəbiləsi
¯ əl-Əşəs İbn Qeys əl-Kindinin başçılığı altında Kində və əhatəsində olan qəbilələr
¯ əl-Əsvəd əl-Ənəsinin başçılığı altında Mizhəc və əhatəsində olan qəbilələr
¯ Museyləmətul Kəzzabın başçılığı altında Bənu Hənifə qəbiləsi
¯ Fucaənin başçılığı altında Suleym qəbiləsi
¯ Səcah ət-Təğlubiyyə ilə Bənu Təmim qəbiləsi

Bəzi ərəblər isə mürtəd olmamış sadəcə olaraq zəkatdan imtina etmişdilər. Hətta belə insanlardan bəziləri deyərdilər: Peyğəmbər r Allahın qulları arasında örtamövqeli olduğu halda ona itaət etmişdik. Əbu Bəkr nə etmək istəyir! Öz hakimiyyətini oğlu Bəkrə miras edəcək! Allaha and olsun! Bu ki, fəlakətdir.
Əbu Bəkr t Xalid ibn əl-Validə t bayrağı verərək Tuleyhə ibn Xuveylid əl-Əsədiyə hücum etməsini və onunla işini bitirdikdən sonra əl-Bətah adlı yerdə məskunlaşmış Malik ibn Nuveyraya hücum etməsini əmr etdi.
İkrimə ibn Əbi Cəhlə də bayraq verib onu Museyləmətul Kəzzəbə qarşı döyüşə, ardınca da Şurahbil ibn Həsənəni yolladı. Xalid ibn Səid ibn əl-Ası Şam sərhədlərinə, Amr ibn əl-Ası, Qudaə, Vadiə və əl-Haris qəbilələrinə, Alə ibn əl-Hədramini isə Bəhreynə göndərdi[16].
Huzeyfə ibn Muhsan əl-Ğətəfanini Duba, Arfəcə və Hərsəməyə göndərdi. Həmçinin Tarfə ibn Hacibi Suleym və Hovzan qəbilələrinə, Suveyd ibn Muqrini Yəmən tərəfə göndərdi. Artıq Əbu Bəkr t Mədinəyə qayıdanda göndərdiyi hər sərkərdəyə belə məzmunlu bir məktub yazdı:

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
Peyğəmbərin r xəlifəsi Əbu Bəkrdən yazdığım məktub yetişən bütün müsəlmanlara, dinində qalanlara və ya qalmayanlara! Allahın doğru yoluna itaət edib, sonra zəlalətə qayıtmayanlara salam olsun!
Özündən başqa haqq məbud olmayan Allaha həmd-səna edirəm. Şəhadət verirəm ki, həqiqətən Allahdan başqa haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Biz onun buyurduqlarını təsdiqləyir, onu inkar edənlərə kafir deyir, onlara qarşı cihad edirik.
Allah, Öz xəlqinə haqq ilə (möminlərə) müjdə verməyə, (kafirləri) qorxutmağa, insanları Allahın izni ilə Ona tərəf çağırmağa, diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutmağa, deyilən söz (əzəldən buyurduğumuz əzab hökmü) kafirlər barəsində gerçək olsun deyə nurlu bir çıraq olaraq Peyğəmbər göndərmişdir. Haqqa səs verənləri Allah bu yola yönəltmiş, Elçisi ondan üz çevirənlərə qarşı döyüşmüşdür. Kimsə İslama istəyərək və ya məcburən gəlmişdi. Sonra Allah Peyğəmbərinin r canını aldı. O artıq böynuna düşən Allah əmanətini çatdırmış, ümmətə tövsiyə vermiş və işini bitirmişdir. Allah, əvvəlcədən ona və ümmətinə ölümün haqq olması haqda Quranda xəbərdarlıq edərək buyurmuşdur: “Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!”[17] “(Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyat (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!”[18].
Möminlərə xitabən isə belə buyurmuşdur: “Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər”[19].
Kim Məhəmmədə ibadət edirdisə Məhəmməd artıq ölmüşdür! Kim Allaha ibadət edirdisə Allah diridir ölən deyil! O, nə mürgüləyər, nə də yuxulayar! Öz əmrini qoruyar, düşmənindən qisas alar. Mən sizə Allahdan qorxmağı tövsiyə edirəm. Sizin qismətiniz, payınız Peyğəmbərin gətirdiyi şəriətdir. Onun yolu ilə hidayətlənin, Allahın dinindən bərk tutunun! Allahın hidayət etmədiyi hər kəs zəlalətdədir! Allahın kömək etmədiyi hər kəs rəzildir! Kimə Allahdan başqası hidayət verərsə o zəlalətdə olar. Allah təalə buyurur: “(Ya Rəsulum! Əgər o zaman onlara baxsaydın) günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə meyl etdiyini, batdığı zaman isə onları tərk edib sol tərəfə yönəldiyini (mağaranın içinə düşüb onları yandırmadığını), onların da mağaranın ortasında geniş bir yerdə olduqlarını (küləyin onları oxşadığını və rahat nəfəs aldıqlarını) görərdin. Bu, Allahın möcüzələrindəndir. Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı (zəlalətə saldığı) kimsəyə isə əsla doğru yolu göstərən bir dost (rəhbər) tapa bilməzsən!”[20]. Şəriətdən üz çevirən insan dininə qayıtmayınca dünyada ondan əməl qəbul olunmaz, axirətdə isə ona faydası olmaz. Bəzilərinizin İslamı qəbul edib ona riayət etdikdən sonra, Allaha ümidlənib Onun əmrlərindən bixəbər olduğu, şeytanın harayına səs verdiyi üçün dinindən üz çevirməsi haqda mənə xəbər çatmışdır! Allah təalə buyurur: “Xatırla ki, bir zaman mələklərə “Adəmə (təzim məqsədilə) səcdə edin!” — demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!”[21] “Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır”[22].
Mən sizə mühacir, ənsar və tabiinlərdən düzəldilmiş qoşun göndərmişəm. Sizdən, yalnız Allaha iman gətirməyi tələb etmələrini tapşırmışam. Allaha imana dəvət edənə qədər döyüşməməyi əmr etmişəm. Kim dəvəti qəbul edib, ona əməl edərsə, onun İslamı məqbul sayılar və bu işdə ona yardım göstərilər. Bu işdən imtina edənlərin hər birinə qarşı, Allahın əmrinə qayıtmayınca son damlaya qədər döyüşməyi, atəşlə yandırmağı, hamısını öldürməyi, qadınları və uşaqlarını əsir almağı əmr etmişəm. Yalnız İslamı qəbul etməyi onlar üçün üzür saymağı tapşırmışam. Kim bu qoşuna itaət edərsə onun üçün xeyirli olar. Kim bundan imtina edərsə bilsin ki, Allahı aciz edə bilməyəcəkdir. Mən öz elçimə məktubunu hər toplantınızda oxumağı əmr etmişəm.

əl-Əsvəd əl-Ənəsi (Əbhələ İbn Kəəb):

O, Peyğəmbərin r vaxtında peyğəmbərlik iddia etmiş və yeddi yüz döyüşçü ilə Səna şəhərinə hücum etmiş və oranı almışdı. Bütün Yəmən də onun bu zorlu hakimiyyətinə itaət etmişdi. Onun fitnəsi çox geniş yayılır, iş çətinləşirdi. Bu ərəfədə Yəmən əhalisinin bir hissəsi İslamdan imtina etmişdilər. Peyğəmbər r vəfat etdikdə bu vəziyyət olduğu kimi qalırdı. Əbu Bəkrin t xilafəti vaxtında Feyruz əd-Deyləmi adlı bir nəfər onu qətlə yetirmişdir. Demək, Əsvəd əl-Ənəsi sərxoş vəziyyətdə yatırdı. Belə olduğu halda Feyruz əd-Deyləmi ona yaxınlaşıb var güclə qılıncla ona zərbə endirdikdə o təsəvvür edilməyən tərzdə, öküz kimi bağırdı. Bunu eşidən gözətçilər tələsik oraya yaxınlaşaraq: bu nədir? bu nədir? — deyə səsləndilər. Bu zaman onun əməlisalehlərdən olan həyat yoldaşı: “peyğəmbərə” vəhy gəlir – dedikdə, gözətçilər geri qayıtdılar.
Əsvəd əl-Ənəsiyə beyət etməyən müsəlman və kafirlər onun olduğu qalanı mühasirəyə aldılar və müsəlmanlardan bir nəfər: Mən şəhadət verirəm ki, Məhəmməd Allahın Peyğəmbəri, Əbhələ isə yalançıdır — deyərək, haray çəkdi və onun kəsilmiş başını Əsvədin tərəfdarlarına tərəf atdı. Bunu görən tərəfdarları darmadağın oldular. Və müsəlmanlar onların arxasına düşüb hər tərfdə onları öldürdülər[23].

Tuleyhə əl-Əsədi:

Tuleyhə əl-Əsədi, Peyğəmbərin r həyatında Islamdan imtina etmişdi. Peyğəmbər r vəfat edib, Uyeynə ibn Hisn İslamdan imtina etdikdə onun tərəfini tataraq öz tayfasına dedi: Allaha and olsun! Bənu Əsəd qəbiləsindən olan bir peyğəmbər, Bənu Haşim qəbiləsindən olan Peyğəmbərdən mənə daha sevimlidir. Artıq Məhəmməd ölmüşdür. İndi isə Tuleyhə əl-Əsədiyə itaət edin. Qəbiləsi Bənu Fuzarə də onun dediklərinə tabe oldular.
Xalid ibn əl-Valid onların müqavimətini qırdıqda Tuleyhə əl-Əsədi öz arvadı ilə Şam vilayətinə qaçdı və daha sonra İslamı qəbul edib Əbu Bəkrin t vaxtında Məkkəyə ümrə etmək üçün yola düşdü. O, bütün həyatı boyu Əbu Bəkrlə t üzləşməyə utanırdı. Ümrədən qayıtdıqdan sonra Xalid ibn əl-Validin sərkərdəliyi altında Yərmuk və digər döyüşlərdə iştirak etdi. Əbu Bəkr t Xalidə t məktub yazaraq, Tuleyhə ilə döyüş haqda məşvərə et, lakin onu rəhbərliyə təyin etmə[24].

Əsəd və Ğətəfanlı elçilər:

Əsəd və Ğətəfan qəbiləsindən elçilər Əbu Bəkrin t yanına gəlib sülh istədikdə Əbu Bəkr t onları iki seçim qarşısında qoydu: Ya ölkələrindən sürgün olmalı, ya da alçaldıcı vergi verməlidirlər!
Onlar dedilər: Ey Peyğəmbərin xəlifəsi! Sürgün olmağı anladıq, bəs alçaldıcı vergi nədir?
O buyurdu: Allah, Öz Peyğəmbərinin xəlifəsinə və möminlərə sizin bağışlanmanız üçün bir üzür ilham edənə qədər, sizdən silah-sursat vergisi alınacaq və bir dəstə adama dəvələri otarmaq tapşırılacaq, bizə vurduğunuz ziyanı ödəyəcək, biz isə vurduğumuz ziyanı ödəməyəcəyik. Bizim ölülərmizin cənnətlik, sizin ölülərinizin isə cəhənnəmlik olduqlarına şahidlik edəcəksiniz[25].
Ömər t gələn elçilərə buyurdu: Siz deyirsiniz biz də sizin ölülərinizin qanbahasını ödəyək! Xeyr, bizim ölülərimiz (müsəlmanlar) Allah yolunda ölüblər, onlara heç bir qanbahası düşmür.
Səcah və Bənu Təmim qəbiləsi:
Mürtədlik fitnəsi zamanı Bənu Təmim qəbiləsi bir neçə hissəyə ayrılmışdı. Bəziləri mürtəd olmuş (İslamdan imtina etmiş), bəziləri zəkatdan imtina etmiş, bəziləri isə İslamda qalmışdılar. Digər bir qrup isə tərəddüd içində idilər. Vəziyyət belə olduğu halda, əslən ərəb xaçpərəstlərdən olan Səcəh bintul Haris ət-Təğlubiyyə adlı qadın onların yanına gəlir və Peyğəmbərlik iddia edir. Onunla bərabər öz qövmindən bir dəstə qoşun da var idi və o, Mədinəyə hücum etmək istəyirdi. Bənu Təmim qəbiləsinə yetişdikdə onları öz yoluna çağırır və onların əksəriyyəti bu dəvəti qəbul edir və aralarında müharibənin olmayacağına ittifaq edirlər. Bundan sonra Malik ibn Nuveyra onu Mədinəyə hücum etməkdən yayındırdı və bunun əvəzində əvvəl Bənul Yərbu qəbiləsinə sonra isə digər insanlara, sonda isə Mədinəyə qarşı döyüşməyi ona tövsiyə etdi. Səcah öz qoşunu ilə Yəməmə qəbiləsinə hücum edərək oranı Museyləmə əl-Kəzzabın əlindən almaq istəyirdi. Bunu eşidən Museyləmə ondan çox qorxdu. Çünki onun başı Yəməmə döyüşündən əvvəl müsəlmanlarla baş verən toqquşmalara qarışmışdı. Belə halda Museyləmə Səcaha elçilər göndərərək onunla sülh bağlamağı təklif etdi. Səcah bunun əvəzində ondan malik olduğu ərazilərin tam yarısını tələb etməklə razılaşdı. Sonra Museyləmə elçilər göndərib onunla evlənmək istədiyini bu sözlərlə bildirdi: “İstəyirsənmi səninlə evlənərək ikimizin tayfasıyla bütün ərəblərə qalib gəlim!” Səcah: Bəli — deyərək, ona cavab göndərdi. Xalid ibn əl-Validin gəlişini eşidəndə Səcah öz torpaqlarına qayıtdı və Bənu Təğlub qəbiləsində məskən saldı. Digər rəvayətə görə isə yenidən İslamı qəbul etdi[26].

Yəmamə döyüşü:

Əbu Bəkr, Xalid ibn əl-Validi Bənu Hənifə qəbiləsinə qarşı döyüşmək üçün Yəməməyə göndərdi. Bundan əvvəl də İkrimə ibn Əbu Cəhli və Şurahbil ibn Həsənəni oraya göndərmişdi. Bənu Hənifə qoşununun sayı qırx min idi. Xalid oraya çatanda qoşunun önündə Şurahbil ibn Həsənəni, sağ tərəfində Zeyd ibn əl-Xəttabı, sol tərəfində isə Əbu Huzeyfəni təyin etdi.
Müsəlmanlar irəli gedib Yəməmə yaxınlığında bir təpəyə çatdıqda Xalid qoşun düşərgəsini orada salmağı qərarlaşdırdı. Mühacirlərin bayrağı Səlim Mövlə əbu-Huzeyfədə, Ənsarların bayrağı isə Sabit ibn Qeysdə idi. Döyüş həddindən artıq qızışmışdı hətta Sabit ibn Qeys kəfənlənib ətirlənərək yeri qazıyıb ayaqlarını dizə qədər basdırmışdı. O, bu vəziyyətdə ölənə qədər döyüşdü.
Bəzi mühacirlər, Səlim Mövla əbu Huzeyfəyə dedilər: Qorxursan ki, bizim aramızda ilk səni öldürərlər?! Səlim dedi: Belə olarsa onda mən Quranın pis daşıyıcılarından olaram!
Xalid ibn əl-Valid t döyüş meydanını yararaq iki cərgə arasına gəlib hündür yerdə dayanaraq qarşı tərəfi mübarizəyə çağırdı. Beləliklə ona yaxınlaşan düşmənləri bir-bir öldürürdü. Döyüş tam qızışdıqdan sonra Xalid Mühacirləri, Ənsarları və ərabiləri bir-birindən ayırdı və hər dəstəyə ayrı bayraq verdi ki, insanlar kiminlə döyüşdüklərinin fərqində olsunlar. Bu döyüşdə müsəlmanlar, misli görünməyən dərəcədə səbir nümayiş etdirdilər. Onlar bu minvalla düşmənin sıralarına yeriyirdilər. Nəhayət Allah onlara qalibiyyət verdi və düşmən arxasına baxmadan qaçmağa başladı. Onlar, Ölüm Bağçası adlanan yerə toplandılar və Bənu Hənifə bağçanın qapılarını müsəlmanların üzərinə bağladılar. Səhabələr onları mühasirəyə aldılar və Bəra ibn Malik t dedi: Ey Müsəlmanlar məni bağçaya onların yanına atın! Sonra müsəlmanlar onu nizələrin ucunda qaldıraraq divarın üstündən içəri atdılar. O, bağçanın qapılarını açana qədər onlarla döyüşdü və nəhayət qapını açdı və müsəlmanlar bağçaya qapıdan və divarların üstündən aşaraq daxil olmağa başladılar. Müsəlmanlar, Yəməmə camaatından olan mürtədləri bir-bir öldürürdülər. Museyləməyə çatdıqda Vəhşi ibn Hərb önə çıxıb nizəsi ilə onu vurub öldürdü[27]. Onlardan təxminən on minə yaxın adam həlak oldu. Müsəlmanlardan isə altı yüzə yaxın adam ölmüşdü.
Qalanları isə bir qalaya sığınmışdılar. Xalid onlarla sülh bağlayıb Islama dəvət etdi. Və onlar da nəhayət İslamı qəbul etdilər. Müsəlmanlar qalaya daxil ola bilməyən mürtədləri əsir götürmüşdülər. Onların arasında sonradan Əlinin t köləliyə götürüb evləndiyi qadını da var idi. O qadından Əlinin t Məhəmməd ibn əl-Hənəfiyyə adlı övladı olmuşdu.

Bəhreyndən mürtəd olanlar:

Bəhreynlilər İslamdan imtina edərək özlərinə Munzir ibn ən-Nomanı rəhbər seçdilər. Onlardan biri belə deyirdi: “Əgər Məhəmməd həqiqi peyğəmbər olsaydı ölməzdi!”. Cəvasə adlı bir kənddən başqa Bəhreyndə bir nəfər də olsun müsəlman qalmamışdı.
Mürtədlər bu kəndi mühasirəyə alaraq sıxışdırırdılar. Belə halda kəndin əhalisi şiddətli aclıq içindəydilər. Onlardan biri belə bir şer dedi:

Elçiylə Əbu Bəkrə, bütün
Mədinə gənclərinə xəbər verimmi

Siz alicənab bir tayfa
Mühasirəyə alınmış, Cəvasədə oturmuş

Hər tərəfdə onların qanı axıdılır
Günəş şüaları ona baxanları aparır

Biz Rəhmana təvəkkül etmişik
Təvəkkül edənlərimizə səbr tapmışıq

Onların arasında əl-Carud ibn əl-Muallə onlara xatiblik edərək dedi: Ey Əbdül Qeys oğulları mən sizdən bir iş haqda soruşacam əgər cavabını bilirsinizsə deyin bilmirsinizsə susun!
Camaat dedi: Soruş.
Dedi: Məhəmməddən öncə Allahın başqa peyğəmbərləri olduğunu bilirsinizmi?
Dedilər: Bəli.
Dedi: Siz bunu bilirsiniz yoxsa görürsünüz?
Dedilər: Bilirik.
Dedi: Bəs o peyğəmbərlər nə oldular?
Dedilər: Öldülər.
Dedi: Həmçinin Məhəmməd də onlar kimi ölmüşdür. Mən şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur və Məhəmməd Allahın elçisidir.
Dedilər: Biz də şəhadət veririk ki, Allahdan başqa haqq məbud yoxdur və Məhəmməd Allahın elçisidir. Və sən bizim ən yaxşımız və ağamızsan. Bundan sonra onlar dinlərində daha da möhkəm dayandılar.
Əbu Bəkr Əla ibn əl-Hədramini Bəhreynə göndərdi. Sumamə ibn Əsal da öz dəstəsi ilə ona qöşuldu. Onlar mürtədlərin qoşununa yaxınlaşdıqda hər iki tərəf düşərgə saldı. Gecə vaxtı müsəlmanlar dincəlirdilər. Birdən qoşun başçısı Əla ibn əl-Hədrami mürtədlər tərəfdən yüksək səs eşitdi və dedi: Kim onlardan bir xəbər gətirə bilər? Bir nəfər qalxıb onların arasına getdi və onların ağıllarını itirən dərəcədə sərxoş olduqlarını gördü. Qayıdıb Əla ibn əl-Hədramiyə bu xəbəri çatdırdı və o dərhal qoşunu ayağa qaldırıb onların üzərinə hücum çəkdi. Düşmənlərdən çox az adam qaçıb canını qurtara bildi.

Xalidin t İraqa (Zətus Səlasil[28] döyüşünə) göndərilməsi:

Əbu Bəkr t Xalid ibn əl-Validə t məktub yazıb İraqa getməsini əmr edir. Xalid də İraqa üz tutur. Farsların sərkərdəsi Hurmuz müsəlmanlara qarşı döyüşmək üçün böyük qoşun hazırlamışdı. Xalid t öz adamları ilə Farslar tərəfdə Kazimə[29] deyilən yerdə düşərgə saldı. Xalid (Allah ondan razı olsun!) piyada, Hurmuz tərəfə irəlilədi və bir-iki zərbədən sonra Xalid (Allah ondan razı olsun!) onu yerə yıxdı. Bu zaman Hurmuzun mühafizəçiləri onu Xalidin əlindən xilas etmək üçün irəli atıldılar. Bunu görən əl-Qaıqa ibn Amr onların qarşısını kəsərək hücumu yatırdı. Beləliklə farslar məğlub oldular və müsəlmanlar axşama qədər mübarizəni davam etdirərək onların silah-sursatını ələ keçirdilər.
Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) Ərəbistan yarımadası ilə bağlı işlərin icrasını bitirdikdən sonra qüvvələrini İraqa tərəf yönəldərək Xalid ibn əl-Validi (Allah ondan razı olsun!) oraya göndərdi və Amr ibn əl-Asa belə bir məktub yazdı. Məktubda deyilirdi: Ey Abu Abdullah! Mən sənin dünya və axirət həyatın üçün daha xeyirli olan bir işi seçmək qərarına gəldim. Əgər indiki vəziyyətinin sənə daha sevimli olduğunu düşünürsənsə mənim fikrimdən imtina edə bilərsən!”.
Amr ibn əl-As məktubun cavabında belə dedi: “Mən Islam oxlarından biriyəm. Sən isə bu oxları cəm edən və yayından atan Allah bəndəsisən. İndi isə bax ən çətin və ən təhlükəli hədəfi seç və məni oraya at!”
Bu razılığı eşidən Əbu Bəkr (Allah ondan razı olsun!) vilayətlərə sərkərdələr və əmirlər təyin etməyə başladı. Bu bölgülər belə idi:
1. Yezid ibn Əbi Sufyanı ən böyük dəstə ilə Dəməşq vilayətinə təyin etdi.
2. Əbu Ubeydə ibn əl-Cərrahı Hums vilayətinə təyin edti.
3. Amr ibn əl-Ası Fələstinə təyin etdi.
Sonra Yezid ibn Əbi Sufyana dəstək olaraq Şurahbil ibn Həsənəni və İkrimə ibn Əbi Cəhli onun yanına göndərdi.

Yərmuk döyüşündə iştirak edən böyük səhabələrin və tabiinlərin adları:

Əbu Ubeydə ibn əl-Cərrah, Əz-Zubeyr ibn əl-Əvvam, Abdullah ibn Məsud, Əbu əd-Dərda, Əbu Hureyrə, Şerəhbil ibn Həsənə. Amr ibn əl-As, Əbu Sufyan ibn Hərb, Yəzid ibn Əbi Sufyan.
Yərmuk döyüşü:
Bu döyüşdə müsəlman ordusunun sayı iyirmi yeddi min, xaçpərəstlərin ordusunun sayı isə yüz iyirmi min idi.
Valilər baş verən böyük hadisə haqda Əbu Bəkrə xəbər çatdıraraq ondan əlavə kömək tələb edirdilər. Əbu Bəkr isə onlara belə yazdı: “Hamınız birləşin və bir ordu olun. Siz Allahın köməkçilərisiniz və Allah Ona kömək edənlərə kömək olar. Ona qarşı küfr edənləri isə zəlil edər. Siz sayınızın azlığından deyil, edəcəyiniz günahlar ucbatından məğlub ola bilərsiniz. Özünüzü günahlardan qoruyun!”. Sonra Əbu Bəkr dedi: Allaha and olsun! Xaçpərəstləri şeytanın vəsvəsəsindən Xalid ibn əl-Valid ilə yayındıracam. Sonra Xalidə xəbər göndərib İraqdan Şama tərəf getməsini və oraya çatdıqda bütün qoşuna əmirlik etməsini ona əmr etdi. Xalid öz yerinə Musənnə ibn Harisəni təyin edib tələsərək doqquz min beş yüz adamlıq bir qoşunla Şama tərəf yollandı. Şama tez çatmaqdan ötrü özü ilə Nafi ibn Umeyrə ət-Taiy adlı bələdçini götürərək yolu qısaltmaq üçün ondan əvvəl keçilməyən yollardan keçərək vadilər aşdı, uzun yol qət etdi.
Bu yol çox çətin və susuz vadilərdən ibarət idi. Su tükəndikdə dəvələri kəsir və onun bətnindəki su ilə atları sulayırdılar. Beləliklə Xalid Şama beş gün ərzində çatdı. Yola çıxmadan öncə bir nəfər bədəvi ərəb Xalidə demişdi: Əgər filan ağaca çatsan sən və səninlə olanlar qurtulmuş olarsınız. Əgər deyilən ağaca yetişə bilməsən sən və səninlə olanlar həlak olarsınız. Onlar səhər vaxtı həmin ağaca çatdıqda Xalid dedi: Səhər açılanda camaat bu qoşuna. Bundan sonra Xalidin bu yolu keçməsi bir xatirə kimi yaşandı.
Bir nəfər xaçpərəst ərəb kişi səhabələrin vəziyyətini öyrənmək üçün gecə, pusquya çıxmışdı. O səhabələrin vəziyyətini gördükdən sonra belə deyirdi: Mən gecələri rahiblik, gündüzləri süvarilik edən bir tayfa gördüm. Allaha and olsun, onların şahzadələri oğurluq etsəydi onun da əlini kəsər, zina etsəydi onu daşqalaq edərdilər. Rumluların sərkərdəsi ona dedi: Allaha and olsun, əgər sənin dediklərin doğrudursa onda yerin altı üstündən daha xeyirlidir.
Xalid İraqdan gəldikdə bir nəfər xaçpərəst ərəb kişi onun qarşısına çıxıb dedi: Rumlular çox müsəlmanlar isə azdırlar.
Xalid dedi: Vay sənin halına! Sən məni rumlularla qorxudursan?! Qoşun qələbə ilə çoxalar, məğlubiyyətlə azalar. İnsanların sayı ilə yox. Allaha and olsun, rumluların saylarının artması məni maraqlandırmır, mən Əşqərin[30] sağalmasını istəyirəm.
Rumluların sərkərdəsi Mahan, Xalidi görüşə çağırdı. Xalid ibn əl-Valid görüşə getdikdə Mahan dedi: Biz bilirik ki, sizi öz diyarınızdan çıxarmağa məcbur edən aclıq və qıtlıqdır. Gəlin mən sizin hər birinizə on dinar, paş-paltar, yemək-içmək verim və siz öz ölkənizə qayıdın. Gələn il də biz sizə eynisini göndərərik.
Xalid dedi: Bizi ölkəmizdən sənin dediklərin çıxarmamışdır. Biz qaniçənlərik və eşitmişik ki, rumluların qanından ləzzətli qan yoxdur və biz də bunun üçün gəlmişik.
Sərkərdələr ayrıldıqdan sonra qəhrəman döyüşçülər meydana atıldılıb döyüşü qızışdırdılar.
Rumlular xaçları göyə qaldırıb ildırım vahiməli səslə irəli atıldılar. Keşişlər və komandirlər onları döyüşə həvəsləndirirdilər. Onların sayı həddindən artıq çox, silahları misilsiz idi. Müsəlmanlar bir nəfər kimi rumluların üzərinə hücum çəkdilər. Bunu görən rumlular çox davam gətirməyib meydandan qaçdılar və döyüş, müsəlmanların tam qələbəsi ilə bitdi.
Qəhrəmanlıq nümunələri:
İkrimə ibn Əbu Cəhl yərmuk döyüşü olan gündə ayağa qalxaraq dedi: Mən (İslamı qəbul etmədən öncə) Peyğəmbərə (Səllallahu aleyhi və səlləm) qarşı bir çox yerlərdə döyüşmüşəm indi sizin (rumluların) qarşınızdan qaçağammı?! Sonra uca səslə: ölümə imza atmaq istəyən kimdir — deyərək haray çəkdi. Əmisi əl-Haris ibn Hişam, Dirar ibn əl-Əzvər və onlarla bərabər müsəlmanların dörd yüz süvarisi ona qoşuldu və şiddətli döyüş apardılar. Onların çoxu bu döyüşdə şəhid oldular.
Tarixçilər deyirlər ki, onlar döyüşü bitirdikdə su istədilər. Suyu götürən hər bir döyüşçü öv qardaşını özündən önəmli sayaraq suyu içmədən qardaşına ötürürdü. Belə olduğu halda onların heç biri də su içmədi və hamısı həlak oldular.
Müsəlmanlar Yuhənna kilsəsini iki yerə böldülər. Yarısını məscid yarısını isə kilsə etdilər. Məscid bu gün də Dəməşq məscidi adlanır.

________________________________________________________________________________________

[1] Əbu Nueymin Mərifətus Səhabə əsəri: 1, 150.
[2] Təbərani: 1, 55. İbn Həcər Fəthul Bari kitabı 7, 11-də bu rəvayəti qeyd etmiş və sənədindəki rəvayətçilərin etibarlı olduqlarını demişdir.
[3] Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3661.
[4] Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3660.
[5] Buxari: Kitab Mənqaib əl-Ənsar, Bab Hicrətun Nəbiyy və Əshabihi İləl Mədinə, ? 3922. Müslim: Kitab Fədailus Səhabə, ? 2381.
[6] Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3666.
[7] Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3675.
[8] Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3662. Müslim: Fədailus Səhabə ? 2348.
[9] Buxari: Kitab Fədailus Səhabə, Bab Qovlun Nəbiyy Səddu əl-Əbvab, ? 3654.
[10] Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3678.
[11] Buxari: Kitabul Əzan, Bab Əhlul İlm vəl Fadl Əhəqqu Bil İmamə, ? 678.
[12] Buxari: Kitab Fədailus Səhabə, Bab Lov Kuntu Muttəxizən Xəlilən, ? 3659. Müslim: Kitab Fədailus Səhabə, ? 2386.
[13] Müslim: Kitab Fədailus Səhabə, ? 2387. Rəvayətin bu tərtibatı Müslimə məxsusdur. Buxari: Kitabul Marad, Bab Mə Ruxxisə Lil Məridi Ən Yəqulə İnni Vacəun, ? 5666.
[14] Buxari: Kitabul İtisam, Bab əl-İqtida Bisünəni Rəsulilləhi, ? 7284.
[15] Tövbə: 5
[16] Əl-Bidayə vən Nihayə 6/ 320-321.
[17] əz-Zümər: 30
[18] əl-Ənbiya: 34
[19] Ali İmran: 144
[20] Kəhf: 17
[21] Kəhf: 50
[22] Fatir: 6
[23] əl-Bidayə vən Nihayə: 6/315.
[24] Bu rəydə çox müdriklik və hikmət vardır. Əbu Bəkr, Tuleyhənin döyüş hazırlığı və komandanlığı haqqında yüksək bacarığıa malik olduğunu yaxşı başa düşürdü. Lakin mürtəd olduğu üçün ona müsəlman qoşununa rəhbərliyi tapşırmadı. Ondan yalnız məşvərət zamanı faydalanmağa icazə verdi.
[25] əl-Bidayə vən Nihayə: 6, 323.
[26] əl-Bidayə vən Nihayə: 6, 324.
[27]Vəhşi ibn Hərb İslamı qəbul etmədən əvvəl həmin nizə ilə Allahın və rəsulunun şiri adlanan, Peyğəmbərin r əmisi Həmzə ibn Əbdül Müttalibi öldürmüşdü. İndi isə onunla Allahın ən pis düşməni yalançı Museyləməni öldürdü.
[28] Bu yerin Zətus Səlasil adlandırılmasına səbəb, fars süvarilərinin oradan çox keçməsi ilə əlaqədardır. əl-Bidayə vən Nihayə 6, 349. Bu zətus səlasil adlı döyüş Peyğəmbərin r vaxtında baş verən eyni adlı döyüşdən fərqlidir.
[29] Hal-hazırda bu yer Kuveyt dövlətində yerləşir.
[30]Əşqər: Peyğəmbərin (Səllallahu aleyhi və səlləm) atının adı idi. Xalid İraqdan gələrkən bu at xəstələnmişdi.

Bənzər Məqalələr