HZ. MUHƏMMƏD NƏYƏ GÖRƏ TARİXİN ƏN TƏSİR EDİCİ İNSANIDIR? (qərb alimlərinin sözləri)
Amerikalı məşhur tarixçi Michael Hart’ın yazdığı “Tarixin 100 ən təsirli, təsiredici şəxsiyyətlərinin sıralaması” adlı kitabda, birinci yerə İslam peyğəmbəri Muhəmməd’i qoyması, hər kəsə məlumdur. İkinci xəlifə Ömər b. Xəttab’ın eyni siyahıda 52-ci yerdə olması ilə bərabər, Hart’ın nəyə görə Allah Rəsulunu (ona salam olsun) seçməsinin səbəbini bir çox insan bilmir. O zaman gəlin bunu Hart’ın öz dilindən eşidək:
“Dünyada Xristianların sayı Müsəlmanların sayından iki dəfə çox olduğu təqdirdə Muhəmməd’i İsa’dan daha üstün pillədə yerləşdirmək qəribə görünə bilər.. Lakin bu qərar üçün iki əsas səbəb var. Bir: Muhəmməd’in İslamın formalaşmasındakı rolu, İsa’nın Xristianlığın formalaşmasında oynadığı roldan qat-qat böyükdür.. İkincisi isə, Muhəmməd, İsa’dan fərqli olaraq, həm də dünyəvi bir lider idi. O, bütün bəşəriyyət tarixində ən təsirli siyasi lider kimi təqdim oluna bilər. Bəzi tarixi hadisələr vardır ki, onları yönəldən siyasi liderlər mövcud olmasa belə, bu hadisələrin baş verəcəyini təxmin etmək olar. Misal üçün; demək mümkündür ki, Simon Bolivar heç mövcud olmasaydı belə, Cənubi Amerika koloniyaları, öz azadlıqlarını İspaniyadan əldə edəcəkdilər. Ərəb fəthləri haqda isə bunu demək mümkünsüzdür.. Muhəmməd’dən öncə belə bir şey heç vaxt baş verməmişdir və O var olmasaydı, Ondan sonra baş verəcəyini ehtimal etməyə də heç bir əsas yoxdur.. Biz görürük ki, ərəb fəthləri bu günə qədər bəşəriyyət tarixində çox mühüm rol oynamışdır. Düşünürəm ki, həm dini, həm də dünyavi təsirin misli olmayan bu qarışığı, Muhəmməd’i insanlıq tarixinin ən təsir edici şəxsiyyəti edir…” (Michael H. Hart, 1993, The 100. A Ranking of the Most Influential Persons in History, Carol Publishing Group, New York, pp. 8-10).
Muhəmməd Peyğəmbərin dünyavi nəailiyyətlərini, dünya tarixinin ən məşhur sərkərdələrindən biri olan Napoleon Bonapart da özünə örnək olaraq götürmüş və belə demişdir:
“Muhəmməd – hökmdar idi. O, yurddaşlarını öz ətrafına yığmışdır. Sadəcə bir neçə il ərzində müsəlmanlar, dünyanın yarısını fəth edə bildilər. Muhəmməd – böyük şəxsiyyət olmuşdur.” (Napoleon, 1998, Campagnes d’Egypte et de Syrie Paris, Imprimerie nationale, p. 275)
Napoleon‘un bu fikirlərinin formalaşmasında rolu olan fransız orientalisti Claude-Etienne Savary’ nin də sözləri maraq doğurur:
“Onun – dünyandan köçərkən geridə buraxdığı nöqtəni və çatdığı əzəmət zirvəsini düşündükdə, insan dahiliyinin uyğun bir halda nələrə nail ola biləcəyinin heyrətini yaşayırıq..” (Claude Savary, 1783, Le Coran, traduit de l’arabe, accompagné de notes, et précédé d’un abrégé de la vie de Mahomet, tiré des écrivains orientaux les plus estimés – Paris, Knapen et Onfroy, p. 239)
Bəli, Allah Rəsulunun dini nəailiyyəti ilə bərabər, dünyavi uğurları da mütləq qeyd olunmalıdır. Bəs dünyavi uğurları bol olan kəsdən nələr gözlənilməlidir? Napoleon’un imperator olduğu vaxtda yaşadığı həyatı yaşamaq, elə deyilmi? 13-cü əsrdə yaşamış məşhur ingilis tarixçi Roger Wendover, Peyğəmbərimizin (ona salam olsun) həyatı haqqında yazdıqda, Onun ölümünü vəsf edir.. Roger’in uydurduğuna görə Allahın elçisi (ona salam olsun), sarayında verdiyi banket zamanı zəhərli şərab içir və bu, Onun ölümünün səbəbi olur. (Michelina Di Cesare, 2012, The Pseudo-Historical Image of the Prophet Muhّammad)
Bəlkə də Roger üçün dünyavi nəailiyyəti olan birisini bu cür fərqli həyat keçirmədən təsəvvür etmək mümkünsüzdür. Məhz buna görə də, heç bir tarixi əsası olmayan bu sözləri uydurmaqla, bunun inandırıcı olacağını düşünür.
Bunları oxuduqdan sonra, Allahın elçisinin həqiqi vəfat hadisəsinə nəzər yetirək.. O son peyğəmbər (ona salam olsun), sarayda deyil, bir neçə kvadrat metrdən ibarət olan otaqda vəfat etmişdir. Onun sarayı yox idi.. Topladıqları qənimətlərdən istəyənə, -iki təpənin arasını dolduracaq qədər- qoyun bağışlayan (Muslim, 4/1805), lakin öz ailəsini dolandırmaq üçün bir yahudidən nisyə arpa alan, girov olaraq isə, qalxanını qoyan və bu halda da vəfat edən (Buxari 2916, Muslim 1603) bir Peyğəmbər idi..
Aldığı arpanı öz səhabələrindən deyil, bir yahudidən alır.. Çünki, heç kimə yük olmaq istəmir, səhabələrinin arpanın pulunu qəbul etməyəcəklərindən narahatdır..