Farsların (Sasanilər) İslam xilafətinə məğlubiyyətinin yaratdığı psixoloji travma və İslam daxili qisas planları
Qadisiyyə müharibəsi (636) Sasani ordusunun məğlubiyyəti ilə bitmişdi. Qələbə xilafət ordusuna ağır itgi bahasına başa gəldiyi üçün Sasanilərin son hökmdarı III Yəzdigərd (633-651) yaxın zamanda ciddi təhlükə gözləmirdi. Buna görə də Sə’d ibn Əbu Vəqqasın ordusunun önçü dəstələrini Sasani paytaxtının yaxınlığında görünməsi Mədain əhalisi üzərində şok təsiri yaratmışdı. Dəclə çayı sahilində yerləşən şəhər iki hissədən ibarət idi. 12 minlik ordu iki aylıq mühasirədən sonra Dəclənin sol sahilindəki möhkəm divarlar, istehkamlarla əhatə olunmuş Bəhrəsr qalasını ələ keçirə bilmişdi. Daha sonra Mədainin əsas hissəsi, içərisində Sasani şahlarının Bəyaz Sarayının da yerləşdiyi qism fəth olunmuşdu. III Yəzdigərd şəhəri tərk edərək ölkənin şərqinə qaçmışdı. Sarayda ələ keçirilən qənimətlərin həddi-hesabı, misli bərabəri yox idi. Bu qənimətlərin içində qiymət biçilməz biri vardı-III Yəzdigərdin qızı Şahbanu. Şah sarayının qənimətləri dəvələrə yüklənərək karvanlarla xilafət paytaxtına, Mədinəyə daşınmışdı. Şah qızının adı mənbələrdə müxtəlif cür qeyd olunur. Daha çox Hirar (qızmar) və Sülafə adları ilə, həmçinin Şəhrbanu, Şahbanu, Şahzənan kimi ləqəblərlə tanınmışdı ki, bu titulları İran hökmdar sülaləsinə mənsub qadınlar daşıyırdılar. Hökmdar ailəsinə mənsub, əsilzadə bir qız olduğu üçün xəlifə Ömər onu digər əsir qadınlardan ayırmışdı. III Yəzdigərdin qızı Şəhrbanu öz istəyi ilə İmam Əli b. Əbu Talibin kiçik oğlu Hz. Hüseynlə nikaha girmiş, evlənmişdi. Hüseyn onu Qəzalə (غزالة), yəni Ceyran deyə çağırardı. Həmin dövrdə İranlılar imam Hüseynə “damadi-şəhriyar”, yəni şahənşahın yeznəsi deyərdilər. Bu nikah perslər (farslar) üçün fövqəladə əhəmiyyət daşıyırdı. Çünki məcusi-zərdüşti inancına görə Sasani ailəsində “fərri-Yəzdani” (Tanrısal qut, nur) vardı. Bu nur irsi olaraq ötürülürdü. Hicri 38-ci il, şaban ayında (yanvar 659) Mədinədə vəfat edən Şəhrbanu Hirar bint Yəzdigərd Bəqi qəbristanında dəfn edilmişdi. İmam Hüseynlə Şəhrbanunun bu nikahından Əli adlı oğulları dünyaya gəlmişdi. “Əli əl-Əsğər” (kiçik Əli), “Zeynəlabidin” (abidlərin bəzəyi) və “Səccad” (çox səcdə edən) ləqəbləri ilə tanınan Əli isnəəşəriyyənin (12 imamçılıq) 4-cü imamıdır və sonrakı 7 imam onun soyundandır. Anası vəfat edərkən 1 yaşlı körpə olan Əli Zeynəlabidin Kərbəla hadisəsində 23 yaşlı gənc idi. İmam Hüseynin Kərbəlada iki oğlu sağ qalmışdı. Bunlardan biri Əli, digəri isə Ömər idi. Əli yataq xəstəsi olduğu üçün, Ömər isə 4-5 yaşlarında olduğu üçün öldürülməmişdilər. Ömərin anası başqa bir qadın idi.
İmamət sadəcə bir yerdə qardaşdan qardaşa ötürülmüşdü; Əlinin böyük oğlu Həsəndən qardaşı Hüseynə. İmam Həsənin 80-ə yaxın evlilikdən onlarla oğlu olduğu halda imamət nəinki onun, heç Hüseynin digər oğlu Ömərə də ötürülməmişdi. Bu səbəbdən də sonuncu Sasani şahı III Yəzdigərd imamların ana tərəfdən babaları sayılır.
Bu tarixi faktlar tərəfimizdən paylaşılandan sonra kimlərsə narahat oldular və inkar etməyə çalışdılar. Cümlələri də “mənə elə gəlir ki”, “fikrimə görə” ilə başlayır. Sizin fikirləriniz sözsüz ki, sizin özünüz üçün çox dəyərlidir. Lakin Heredot tarix elmini sizin qiymətli fikirləriniz üçün icad etməyib. Əlahəzrət fakt həmişə fakt olaraq qalır və dəlil hesab olunur.
Yuxarıda qeyd etdiklərimlə bağlı şiə məzhəbinin təməl qaynaqları hesab olunan aşağıdakı əsərlərə baxa bilərsiniz;
1. Əhməd əl-Yaqubi, “Tarixi-Yaqubi”, cild II, səh. 160.
2. Məhəmməd əl-Kuleyni, “əl-Üsul min əl-Kafi”, cild I, səh. 446.
3. Məhəmməd Baqir Məclisi, “Cəla’ əl-Ə’yun”, səh. 224.
Həmçinin Şeyx Müfid, Şeyx Səduq ibn Babaveyhin də mövzu ilə bağlı qeydləri var.
____________
Ehtişamı ilə dillərə dastan olmuş Sasani paytaxtı Mədainin Ömərin hakimiyyəti dövründə müsəlmanlat tərəfindən fəth edilməsinin perslər (farslar) üzərindəki təsiri uzun əsrlər davam etmiş psixoloji travmaya səbəb olmuşdu. Bu hadisə şüubiyyənin meydana gəlməsində az rol oynamamışdı. Sonralar Firdovsi (Şahnamə), Xaqani (Mədain xərabələri) kimi farsca yazan şairlər dövrün bu ehtişamlı şəhərinin acı aqibətini əsərlərində tərənnüm etmişdilər.
____________
Əli əl-Əsğər (kiçik Əli) azərbaycanlıların dilində Ələsgərə, Əli əl-Əusət (ortancıl Əli) Əlövsətə, Əli əl-Əkbər (böyük Əli) isə Ələkbərə dönmüşdür. Hər üçü imam Hüseynin III Yəzdigərdin qızından dünyaya gəlmiş oğulları idi. İkisi Kərbəlada qətlə yetirilərək şəhid olmuşdu.
Tarix Elmləri üzrə fəlsəfə doktoru Elnur Nəsirov.