Əndəlüs/Andalusia faciəsi (||| hissə)
Yaxın tarixdə, dünyanın müxtəlif bölgələrində zülmə, işgəncəyə və soyqırıma məruz qalan müsəlmanların fəryad səslərinə heç bir dindaşının və heç bir müsəlman dövlətinin səs vermədiyini gördükdə, ağıllara yenə də Əndəlüs faciəsi gəlir. Səkkiz əsrlik müsəlman torpaqlarından qovulduqda və qanları töküldükdə, dövrün ən güclü müsəlman dövlətlərinə məktublar, fəryadnamələr göndərərək, yardım istəyən Qranada’lıların da yardımına çatan olmamışdı. Əbul-Bəka Salih b. Şərif, belə fəryad edirdi:
“Hər yüksəlişin vardır bir sonu.
Nə üçündür bu qədər mal, mülk, şan qüruru
Sanki heç olmamışdı, əvvəldən yox idi (Əndəlüsün müsəlmanların əlindən çıxmasını nəzərdə tutur)
Şatıbə’nin (indiki Valensiya), Mursiyə’nin (Mursia) başına gələnlər..
Cəyyan (indiki Jaen) nə oldu?
Torpağından elm qoxusu gələn Qurtuba (Kordoba)..
Alimlərinin adı taa uzaqlardan gələn Qurtubaya nə oldu?
Məscid kilsədir artıq, hilal yerinə xaç asılı..
Nur üzlü azan yerinə, qurtarmayan bir kilsə zəngi, bayquş uğultusu..
Ey döyüşün qaranlığı və toz-dumanı içərisində parlaq qılınclarını vuran qəhrəmanlar ordusu!
Qardaşı üçün can verəcək kimsə qalmadımı yer üzündə?!
Özünü haqq’a həsr etmiş bir nəfər yoxdurmu?!
Əndəlüsdən, Əndəlüsün biçarə xalqından xəbəriniz varmı?
Hər yer onların fəlakətini eşitdi,
sizin qulağınız kar, gözünüz kor, qəlbiniz iflicdirmi?” (“Fəryadnamə”)
Üç müsəlman diyarına göndərilən bu fəryadnamələri oxuyan insan üçün, kiçik qalalarda aylarla düşmən mühasirəsində qalmış və təcili dəstəyə möhtac olan məzlumların halını təsəvvür etmək heç də çətin olmamalıdır. Fəryadnamə’nin müəllifi olan Əbul-Bəka, Əndəlüs’ün (bu günkü İspaniya və Portuqaliya) Rundə şəhərinin (indiki Malaqa şəhərinə bağlı Ronda əyalətinin) müdrik şəxslərindən biri idi. Bu şəhərin taleyi də təəssüf ki, digərləri kimi (ətraflı: bu mövzudakı öncəki iki yazımızda -red.) çox acınacaqlı olmuşdu.. Müdafiə üçün əliverişli olan bu yüksək qala şəhəri əhalisi, uzun müddət düşmənə təslim olmayaraq qəhrəmancasına vuruşmasına baxmayaraq..
Ronda (Malaga, İspaniya)
Ümid etdikləri dəstəyi ala bilməmələri, həmçinin qida və silah-sürsat ehtiyatının tükənməsi səbəbi ilə bu şəhər də təslim olmağa məcbur qalmış, daha sonra isə, ənənəvi düşmən qəddarlığı bir daha təcəlli etmişdi. Bir gündə 3000-dən çox müsəlman kişi qılıncdan keçirilir, qadın-uşaq isə əsir edilirdi..
Bəli, “Fəryadnamə” cavabsız qaldı. Dövrün güclü müsəlman dövlətləri müxtəlif ciddi səbəblərdən dolayı öz qardaşlarına lazımi yardımı edə bilmədilər. Tarixi məlumatları tədqiq etdikdə üzürlü səbəblərinin olduğunu görmüş oluruq. ..Hərbi dəniz qüvvəsinin yetərsizliyi və digər siyasi əngəllərin uzun siyahısını burada qeyd etmənin nə faydası var ki? Nəticə olaraq, nəhəng bir İslam mədəniyyəti olan Əndəlüs – barbar katolik ispanlar tərəfindən məhv edildi. Təəssüf ki, xatirələrdə – yardıma olan əngəllər deyil, məhz faciələr qalacaq..
Nə baş verirdi? Bu gün dünyaya demokratiya və azadlıq dərsi keçən avropalılar, müsəlmanları zorla xristianlaşmağa məcbur edirdilər. Çünki, kilsənin verdiyi fətvaya görə, 8 əsrlik İslam torpaqları, “müqəddəs xaçlı yürüşü” ilə “fəth” edildiyinə görə, “təmizlənməli” idi. Nə idi bu “təmizlənmə”? Yəni, orada bir müsəlman belə yaşamamalıydı..
Kastilya (İspaniya) Kraliçası İsabella
|| Ferdinand və müsəlmanların inşa etdikləri əl-Həmra sarayında aşiq olduqları – o zamanın modası sayılan ərəb paltarlarında gəzən Kraliça İzabella, böyük həvəslə bu “fətvanın” həyata keçirilməsini təmin edəcəkdilər..
Elm və mədəniyyət banilərinin bütün izləri, beləcə silinirdi.. Məscidlər ya kilsəyə çevrilir, ya da tamamilə dağıdılırdı. Bircə məscidin belə qorunub saxlanmaması amansız vəhşiliyin sadəcə bir göstəricisidir.
Xristian ispanlar Sevilya (Sevilla) şəhərində dağıtmış olduqları məscidlərin xoşlarına gələn hər hansı bir minarəsini kilsə zəngli qüllə kimi saxlayırdılar. Çünki, müsəlmanlara nifrət etsələr də, memarlıqlarına heyran idilər.
Əndəlüs məscidlərindən xatirə olaraq qalmış qüllələrdən biri də, Sevilya şəhərinin bəzəyi olan Giralda’dır. Müsəlmanların möhtəşəm sənət əsərləri o dövrdə elm və mədəniyyətdə çox geridə qalmış avropalılar tərəfindən bu formada məhv edilməsəydi, günümüzdə dünya, bəlkə daha da böyük məsafələr qət edə bilərdi..
-
Əməvi məscidindən qalmış bir minarə – Giralda (Sevilla)