Hz. Aişə evliliyi – İqtisadi və Sosioloji baxış (IV hissə)
Kitabımızı bu keçidlər vasitəsilə tam şəkildə endirə bilərsiniz:
Bütün bunları dedikdən sonra ümid edirik ki, oxucumuza istər Allah Rəsulunun, istərsə də dünyanın digər yerlərində bağlanılan evliliklərin öz dövrü və öz məkanı üçün qayət adi bir şey olduğu aydın oldu. Hətta Allah Rəsulunu qaralamaqdan başqa məqsədi olmayan islamofob Robert Spencer belə bunu etiraf edir.[1] Lakin Spencer Allah Rəsulunun bir model olaraq qəbul olunmasına etiraz edir, çünki o, müsəlmanların bugün də Allah Rəsulunun həyatını ideal həyat hesab edib onun kimi doqquz yaşlı qızlarla evlənəcəklərini iddia edir. Təbii ki, bütün bunlar onun cahilliyindən irəli gəlir. İslam alimləri heç bir zaman Aişənin evliliyini dəlil gətirərək qızların doqquz yaşda ərə verilməsinin nəinki vacib, hətta bəyənilən əməllərdən olduğunu deməyiblər. Üstəlik, alimlərin burada hökm vermək üçün istifadə etdikləri əsil dəlil Allah Rəsulunun “lə darara və lə dırara”[2] hədisidir, beləliklə bu hədisdən anladığımız budur ki, bir qadının evlənəcəyi və əri ilə cinsi əlaqədən zərər görəcəyi – istər bədənində fiziki, istər mental zərər olsun – zaman onunla evlənərək cinsi əlaqədə olmaq haram olacaqdır. Əslində vaqiəyə də baxmağımız kifayətdir. Allah Rəsulunun yaşadığı Hicaz cəmiyyətində (müasir Səudiyyə Ərəbistanı) bu gün heç kim qızını doqquz yaşda ərə vermir və heç kimsə bunu Allah Rəsulunun sünnətinə müxaliflik olaraq başa düşmür.
Bizim zəmanəmizdə orta əsrlərdə baş verən bu evliliklər bizə qəribə gələ bilər. Lakin, biz qətiyyən kor proqressə[3] inanan liberal düşüncə ilə yaşayıb özümüzü və öz mənəvi dəyərlərimizi əcdadlarımızın dəyərlərindən daha mükəmməl olmasına inanmamalıyıq, onları isə uşaqlarını sevməyən, onların qayğısına qalmayan vəhşilər kimi görməməliyik. Əksinə, onların erkən evlilikləri öz cəmiyyətlərinə uyğun idi.
Müasir zamanda biz, uşağın müəyyən yaşa çatdıqda məktəbə gedəcəyini, məktəbdən sonra müəyyən yaşda universitetə başlayacağını, müəyyən yaşda onu bitirib bir-iki il pulsuz könüllü işləyəndən sonra iş tapacağına və sadəcə bundan sonra kifayət qədər maddi imkana sahib olduqdan sonra evlənəcəyini gözləyirik. Evlilik yaşını bunlar və digər faktorlar müəyyənləşdirir. Yeddinci əsr ərəb çöllüyündə yaşayan bir gənc 6, 7 yaşdan başlayaraq valideynləri ilə bərabər işləməyə başlayır, həyatında məktəb, universitet, səyahətlər, konsertlər, kinolar, karyera kimi perspektivləri olmayan bu gənc bir neçə il sonra həddi büluğa çatdıqdan sonra nəyə görə də evlənməməlidir? Min il sonra yaşayacaq nəsillərin onu qınamaması üçün? Anlamağımız lazımdır ki, keçmişdə baş verən erkən evliliklər onların yaşadıqları cəmiyyətin tələb etdiyi idi.
Hətta müasir dövrümüzdə belə erkən evliliklərin baş verdikləri cəmiyyətlərə baxın: kasıb və kənd yerlərində məskunlaşmış cəmiyyətlər! Mütəxəssislərin də dediyi kimi, bu gün bəzi cəmiyyətlərdə mövcud olan erkən evliliklərin əsas səbəbi iqtisadi və sosioloji səbəblərdir: yoxsulluq, digər iqtisadi faktorlar, müharibələr, xəstəliklər, aclıq, qeyri-təhlükəsizlik.[4] İnkişaf etmiş kapitalist ölkələr Afrikanın sərvətlərini oğurlayaraq ordakı cəmiyyətləri inkişafdan salır, onları orta əsr standartlarına görə yaşamağa məcbur edir, sonra da onlara erkən evliliklər haqda mənəvi dərs verməyə çalışır.
Yoxsulluq əsas səbəblər arasında qeyd olunur. Eyni səbəbə görə uşaqlar erkən yaşdan ailələrinə yardım etmək üçün işləməyə başlayırdılar (bu gün də başlayırlar). Biz bu gün uşağın işləməsini doğru görməyə bilərik, lakin keçmişdə uşaqların işləmədiyinə görə ailələri aclıqdan əziyyət çəkə və nəhayətində ölə bilərdi. Bu gün inkişaf etməmiş aqrar ölkələrə baxsaq eyni mənzərənin şahidi oluruq. Yeni dövrdən öncə Avropada uşaqlar 7-8 yaşlarından işləməyə məcbur qalırdı.[5] Düşünün ki, zamanında dünyanın ən inkişaf etmiş ölkəsi olan Britaniya imperiyasında uşaq əməyini qadağan edən ilk qanun 1833-cü ildə qəbul edilmiş Factories Act idi və bu qanun sadəcə doqquz yaşından kiçik olanları işlətməyi qadağan edirdi.[6]
Gwen Broude bunu belə izah edir: “Nəyə görə bir çox mədəniyyətlərdə erkən evliliklər baş verir? Ənənəvi cəmiyyətlərdə uşaqlar həddi büluğa çatmadan öncə fiziki əməyə başlayırlar… Qızlar 7-8 yaşlarında yemək bişirir, toxuyur, bağçılıq ilə məşğul olur, uşaqlara baxır. Bəzi cəmiyyətlərdə hətta 3-4 yaşlı qızlar belə bu işlərlə məşğul olur. Oğlanlar isə, əkinçilik, heyvandarlıq, ovçuluq ilə məşğul olur. Həddi büluğa çatdıqda onlar evli şəxslərə lazım olan bütün bacarıqlara sahib olurlar, beləliklə evlilik onlar üçün olduqca real seçim olur… Evliliyi gecikdirən cəmiyyətlərdə də (gecikdirmənin) əsas səbəbi iqtisadi faktorlardır…”[7]
Həmçinin, evlilik yaşına gəlmiş və evdə qalan qız ailəsinin resurslarını tükədir və onlara fayda vermirdi, buna görə də ərə getməsi onun üçün daha məqsədəuyğun idi.[8] Bəzən kasıb ailələr qızlarına layiq olduğu yaşayışı təmin edə bilmədikləri üçün onları ərə verirdilər ki, təzə ailələrində daha yaxşı həyat yaşasınlar.[9] Digər önəmli faktor isə ortalama ölüm yaşı idi. Müasir zamanımızda bu göstərici dünya üçün 70 yaşdır, pre-modern dövrdə isə bu göstərici 30 yaş civarında olub, bu gün dünyada elə bir ölkə yoxdur ki, onun ortalama ölüm yaşı 1800-ci ildə ən yüksək ölüm yaşı olan ölkənin bu göstəricisindən daha aşağı olsun.[10] Hətta ABŞ-da belə 1900-cü ildə ortalama ölüm yaşı 47 idi, bu gün isə bu göstərici kişilər üçün 72.5, qadınlar üçün isə 79.3 yaşa bərabərdir.[11] Deməli bizim nəslin evliliyi gecikdirmək üçün kifayət qədər vaxtı vardır, pre-modern dünya üçün isə belə bir imtiyaz yox idi. 7-ci əsr ərəb cəmiyyətləri haqqında kifayət qədər məlumatımız yoxdur, lakin antik dövrün Romasına baxa bilərik. Orada işçi sinfi üçün orta ölüm yaşı 35-40 yaş idi.[12] Roma o zaman dünyanın ən inkişaf etmiş bölgəsi idi, deməli Ərəbistan çöllüyündə yaşayışın daha aşağı səviyyədə olduğunu gözləməliyik.[13]
Həmçinin, keçmişdə evlilik – sevgi, romantika və mücərrəd cinsi əlaqədən həzz almaq üçün bağlanmayıb. Ölüm yaşının bu qədər az olduğunu nəzərə alaraq insanlar həddi büluğa çatdıqları zamandan artıq gələcək nəsilləri dünyaya gətirmək haqda düşünməli idilər. Evlilikdən doğan uşaqların bir çoxu uşaqlıqda öləcək, uşaqlıqda ölməyənlərin bir çoxu xəstəliklər, müharibələr və pis yaşayış şərtlərinə görə öləcəkdi. Ona görə də sağ qalan və insan növünü davam etdirən nəsli yetişdirmək üçün ailənin tez zamanda qurulması və mümkün qədər sağ qalacaq uşaq dünyaya gətirilməsi lazım idi. Orta əsrlərdə də eyni şeyi müşahidə edirik. Sadəcə xəstəliklərin əhalini necə məhv etdiyini anlamaq üçün Florensiyanı misal olaraq götürün, orada 1338 -1426-cı illər arası əhalinin 70 faizi vəba epidemiyası səbəbi ilə ölür. Bu itirilmiş əhalinin yerini doldurmaq lazımdır. Tarixçi Edith Ennenin də dediyi kimi, orta əsrlərdə ölüm göstəricisinin yüksək olduğuna görə doğuş göstəricisinin azacıq aşağı düşməsi əhali artımına ciddi zərər verə bilərdi. Doğuş göstəricisini yüksək tutmaq üçün isə “nəsilartırma” işinə tez başlamaq, yəni, tez evlənmək lazım idi.[14]
Avropanın yeni tarixinin əvvəllərinə də nəzər salsaq eyni şeyi görürük. Yeni doğulmuş uşaqların ən azı dörddə biri ölürdü, bizim zamanımızda isə bu göstərici bir faizdən belə azdır. Hətta tarix baxımından dünən hesab edə biləcəyimiz Viktorian erasında ər-arvadın birinin ölümünə görə ortalama evlilik 12 il davam edirdi. Bu o deməkdir ki, evləndikdən sonra dərhal uşaqları olan bir çox ailədə iki valideyndən biri uşaq 11-12 yaşlarında ikən öləcəkdir.[15] Biz bu cütlüklərə evlənməkdən öncə beş il bir-birini tanımaq üçün vaxt verə bilmərik.
21-ci əsr standartlarımızı keçmiş zamana tətbiq edib uşaqların işləməsini qadağan etsək orta əsr insanlarını acından ölməyə məhkum edərdik. Həddi büluğa çatan qızların evlənməsini qadağan etsəydik bəşəriyyətin məhv olmasına zəmin yaradardıq. Bütün bunları gözardı edib əcdadlarımızı mənəviyyatsızlıqda ittiham etmək isə cahillikdən başqa bir şey deyildir. O zamanın uşaqları tez böyüməyə sadəcə məcbur idilər. Bioarxeoloq Mary Lewis bu səbəbləri nəzərə alaraq “Aydın olan budur ki, biz, anlayışımızda olan uşaqlıq konseptini keçmişə tətbiq edə bilmərik.” – deyir.[16]
[1] Robert Spencer, 2006, The Truth About Muhammad, Washington, Regnery Publishing, p.170
[2] Bu hədisin mənası başqasına edilən istənilən növ zərərin haram olmasıdır.
[3] Burada proqresdən qəsd etdiyimiz tətbiqi elmlərin və texnologiyanın inkişafı deyildir, heç bir şübhə yoxdur ki, hər yeni nəsil əvvəlki nəsillərin topladıqları elmi inkişaf etdirərək irəli gedir və bu yöndən proqresə uğrayır. Liberal düşəncədə proqres sadəcə bu deyil, əksinə onlar bəşəriyyətin texnoloji baxımdan inkişaf etdiyinə görə yeni nəsillərin mənəvi baxımdan da inkişaf etdiyinə inanırlar. Ona görə də biz bu inancı “kor” sözü ilə vəsfləndirmişik, çünki elmin inkişafı ilə mənəviyatın inkişafı arasında heç bir məntiqi bağlılıq yoxdur.
[4] UNFPA, 2012 Marrying Too Young
[5] Anthony Giddens, 2009, Sociology, Polity Press, Cambridge, p. 345
[6] Matthew Waites, The Age of Consent, p. 61
[7] Gwen J. Broude, 1994, Marriage, family, and relationships: a cross-cultural encyclopedia, ABC-Clio, Santa Barbara, California, pp. 199-200
[8] U.S. Department of State, Targeting Girls in the Name of Tradition
[9] Nour, 2009, Child Marriage: a silent health and human rights issue, 51-56
[10] Max Roser, Life Expectancy, https://ourworldindata.org/life-expectancy
[11] Judith G. Goneya, 2003, Adulthood in International Encyclopedia of Marriage and Family, Macmillian Reference USA, pp. 36-37
[12] Andrea Piccioli et. al., Bones: Orthopaedic Pathologies in Roman Imperial Age, New York: Springer, 2015
[13] Tarixdə bəzi şəxsiyyətlərin uzun yaşaması bizi məntiqi xətaya sövq etməməlidir. Biz burada ümumi əhaliyə aid olan statistikanı təqdim edirik, müəyyən şəxslərin uzun ömür yaşamaları bu həqiqəti dəyişmir. Üstəlik, uzun yaşayan insanlar adətən cəmiyyətlərində yüksək təbəqəyə aid olan ailələrdən çıxırdılar, buna görə də onların yaşayış şəraitləri daima ümumi əhalidən daha üstün olurdu.
[14] Edith Ennen, 1989, The Medieval Woman, Basil Blackwell, Oxford, p. 16
[15] Anthony Giddens, Sociology, p. 345
[16] Mary Lewis, 2009, The Bioarchaeology of Children: Perspectives from Biological and Forensic Anthropology, New York: Cambridge University Press, p. 4
Bu yazı www.islamevi.az saytının elmi heyəti tərəfindən hazırlanmışdır.
Materiallardan istifadə zamanı istinad mütləqdir!