DİNLƏRİN SAYI NƏYƏ GÖRƏ ÇOXDUR?
İnsan – zaman keçdikcə yenilənməyə ehtiyacı olan bir varlıqdır. Həyatın müxtəlif etaplarında fərqli formada olması da, məhz bu səbəblədir. Misal üçün, uşaq ikən ehtiyac duyduğu şeylərə, gənc olarkən ehtiyac duymaz, istəməz. Eləcə də, gənc ikən ehtiyac duyduğu şeylərə, orta yaşlarında ehtiyac hiss etməz. Bir sözlə, yaş artdıqca müdrikləşər və ehtiyac duyduğu şeylərin dəyişməsinə görə, inkişaf etmə məcburiyyəti hiss edər.
Zaman keçdikcə ehtiyac və yaşam standartlarının dəyişməsi səbəbilə, insanı yoxdan var edən Uca Allahın göndərmiş olduğu qayda-qanunların/şəriətin dəyişməsi də, son dərəcə hikmətli və müdrikdir. İlk insan olan Adəmin zamanında müharibə və müharibə qaydaları haqqında hökmlərin gəldiyini düşünək.. Heç bir müharibənin ortaya belə çıxmadığı bir dövrdə, bu qaydaların gəlməsi, məntiqsiz olardı, elə deyilmi?
Qeyd etdiklərimizi günümüzdə özümüz də tətbiq edirik.. Təhsil sisteminə görə, uşaqların ibtidai sinifdə öyrənməli olduğu şeylərlə, sonraki etapda öyrənməli olduğu şeylərin fərqli olduğunu hər birimiz bilirik. Çünki uşaq, zamanla inkişaf edir, anlama səviyyəsi və ətraf mühitlə təması daha da artır. Bu dəyişikliklərə görə də, onlara verdiyimiz informasiyaları/dərsləri də, dəyişirik. İbtidai sinifdə təhsil alan bir uşağa, universitet səviyyəsində olan elmi məlumat verə bilmərik, elə deyilmi?
İnsanlıq da standart bir formada başlamadı. Düzdür, insan – ateizm qoxulu dərsliklərdən öyrəndiyimiz kimi tamamilə sıfır bilgili (və ya meymuna bənzər bir beyin formatlı) bir varlıq olaraq yaradılmamış, müəyyən məlumat və davranışları bildiyi halda yaradılmışdır. Lakin, zaman keçdikcə say artmış, ehtiyac və tələblər artmış, beləcə də, normal olaraq – doğru yoldan azmalar daha da artmışdır. Uca Allah da, hər dövrdə, müəyyən xalq və tayfalar üçün – onlara doğru yolu başa salacaq elçilər (peyğəmbərlər) göndərmişdir.
“Biz Nuhu öz xalqına (elçi) göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Mən sizə üz verəcək Böyük günün əzabından qorxuram” (Quran, 7/59)
“Ad qövmünə də qardaşları Hudu (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Yoxsa qorxmursunuz?” (Quran, 7/65)
“Səmud qövmünə də qardaşları Salehi (göndərdik)..” (Quran, 7/73)
“Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Sizdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz?” (Quran, 7/80)
“Mədyən qövmünə də qardaşları Şueybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir.” (Quran, 7/85)
“Onlardan sonra Musanı möcüzələrimizlə Firon və onun əyanlarına elçi göndərdik. Onlar isə bunu inkar etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu.” (Quran, 7/103)
Bu və digər misalları verən Uca Allah, mövzunu bir yerə cəm edərək belə buyurur:
“Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu!” (Quran, 16/36)
İnsanlıq bəlli bir həddə gəlib çatdıqdan sonra, Uca Allah, natamam şəriətlərin (dini və dünyavi qanunların) hökmlərini nəsx etmiş (qüvvədən düşürmüş) və son olaraq İslam dinini tam və mükəmməl din olaraq göndərmişdir. Bununla da dini olaraq yenilənmə sonlanmış, göndərilmiş kitab və elçilər tamamlanmışdır. Uca Rəbbimiz, son elçisi (peyğəmbəri) olan Hz. Muhəmmədə ﷺ, axırıncı dini əmri bildirdikdən sonra, bu ayəni nazil etmişdir:
“..Bu gün dininizi sizin üçün kamil (mükəmməl, natamamlıqdan uzaq) etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim..” (Quran, 5/3)
Səmavi kitablar olan Tövrat və İncili yaxşıca araşdırmış obyektiv şəxslər gözəl bilirlər ki, bu dinlərin hökmləri natamam, tamamlanmağa möhtacdır. Çünki, bütün dünya əhalisinə deyil, müəyyən xalq və tayfalar üçün nəzərdə tutulmuşdu. İslam dinini yaxşıca araşdıran obyektiv şəxslər isə gözəl bilirlər ki, bu dində boşluq olan heç bir sahə yoxdur və dinin update (yenilənmə) olunması da qəti qadağandır. Çünki, mükəmməl olanın, yenilənməyə heç bir ehtiyacı yoxdur. Uca Allah, “Şübhəsiz ki, Zikri (Quranı) Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Quran, 15/9) – buyurmaqla, digər natamam dinlərdə olan “yenilənmələrin”, son və kamil din olan İslamda əsla olmayacağını 14 əsr bundan öncə bildirmişdir.
Hazırladı: Ayxan Yaquboğlu