İSLAM (İslam sözünün mənası)
İslam — sözdə əl-İslam, əl-İstislam itaət etmək, bağlanmaq deməkdir.
Şəriətdə isə Tövhid ilə Allaha təslim olmaq, boyun əymək, şirkdən və müşriklərdən uzaq olmaq ilə Allaha təslimiyyət deməkdir. «Yaxşı əməl sahibi olub özünü Allaha təslim (İslam) edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər». (ən-Nisa 125). «Yalnız ona təslim olub itaət edin». (əl-Həcc 34). «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm bağdan yapışmış olur». (Loğman 22).
Şirkdən uzaq olmaq ondan uzaq olmaq deməkdir. Bu isə şirk əhli olan müşriklərdən uzaq olmaqla olur. «İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir». O zaman onlar öz qövmünə belə demişdilər: «Şübhəsiz bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dininizi inkar edirik. Siz bir olan Allaha iman ( təslim) gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır». ( əl-Muttəhinə 4).
Allahın bütün insanlardan iman etməsini əmr etdiyi İslam, bütün Peyğəmbərlərin də iman etdiyi tək dindir. İtaət və təslimiyyət göstərən isə müsəlman adlanır. Xatırla ki, o zaman həvvarilərə: (İsanın on iki əshabəsinə) « Mənə və Peyğəmbərimə iman gətirin!» deyə əmr etmişdim. Onlar isə: «Bizim müsəlman olmağımıza şahid ol!» deyə cavab vermişdilər. (əl-Maidə 111). Rəbbi İbrahimə: «Təslim ol!» dedikdə, İbrahim də: «Aləmlərin Rəbbinə təslim oldum» – deyə cavab vermişdi. (əl-Bəqərə 131). «(İbrahim və İsmail) Ey Rəbbimiz! Bizim hər ikimizi sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri sənə təslim (İslam) olan ümmət et». (əl-Bəqərə 128). (Bir zamanlar Nuh belə demişdir) «Mənə müsəlmanlardan olmaq əmr edilmişdir». (Yunis 72). İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: «Ey oğlanlarım, həqiqətən Allah sizin üçün (belə bir) din (İslam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz». (əl-Bəqərə 132). Musa dedi: «Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və müsəlman olmusunuzsa, ona təvəkkül edin». (Yunis 84).
Ayələrə nəzər saldıqdan sonra görürük ki, Allahın göndərdiyi ilk Rəsuldan düz son Rəsula qədər bütün Peyğəmbərlər Allaha təslim (İslam) olmuş və onların dinləri də İslam adlandırılmışdı. Peyğəmbərlərinə tabe olanlar isə onların dövründə müsəlman idilər.Məs: Xristianlar İsa — əleyhissəlam — ın dövründə, Yəhudilər Musa — əleyhissəlam — ın dövründə müsəlman idilər. Lakin İslam, son Peyğəmbər Məhəmməd — səllAllahu aleyhi və səlləm- gəldikdən sonra Allah bütün bu dinləri nəsx etmiş və onlar Məhəmməd — səllAllahu aleyhi və səlləm — i inkar etdiklərinə görə artıq müsəlman deyildilər. Çünki hər bir göndərilən Peyğəmbər öz qövmünu, tayfasını və ya öz dövlətini qorxutmaq (Allahın əzabı ilə ) və müjdələmək ( Allahın Cənnəti ilə) üçün göndərilmişdir. «Biz Peyğəmbərləri müjdə verən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 165).
Məhəmməd — səllAllahu aleyhi və səlləm — isə bütün bəşəriyyətə göndərilmişdi. «Biz səni aləmlərə rəhmət olaraq göndərdik». (əl-Ənbiya 107). Hədislərə gəlincə Rəsulullah — səllAllahu aleyhi və səlləm- buyurmuşdu: «İstər Yəhudi, istər Xristian olsun mənim Peyğəmbərliyim haqqında eşidib və mənə iman etməzsə mütləq Cəhənnəm atəşini dadar». Buna görə də Yəhudi və Xristianlardan qurtuluş istəyənlər İslama girərək, İslam Peyğəmbəri Məhəmməd — səllAllahu aleyhi və səlləm — ə tabe olmaq məcburiyyətindədirlər. Ancaq bu şəkildə, Allahın salat və salamı onların üzərinə olsun Musa, İsa və Məhəmməd — əleyhissəlam — a həqiqi şəkildə itaət etmiş olarlar.
Maraqlı burasıdır ki, bu dinin adı nə bir tayfa, nə bir insan, nə də bir dövlət adı ilə bağlıdır. Necə ki, digər dinlərin adlarına nəzər salsaq, Xristianlıq İsa — əleyhissəlam — ın adından, İudaizm İuda adlı tayfadan, Buddizm Quatama Budda adlı şəxsin adından, həmçinin Konfusianizm Konfusianın adından, Marksizm-Karl Marksın adından götürülmüşdü. Yeganə İslam dinidir ki, bu sadaladıqlarımızdan heç birinə məxsus deyildir. Çünki bu adı ona Allah — sübhənəhu və təala- vermişdi. «Allah dərgahında din, əlbəttə ki, İslamdır». (Ali-İmran 19).
İslam dinidir ki, Allahın dərgahında qəbul edilən və qəbul edənə fayda verəndir. «Kim İslamdan başqa bir din ardınca gedərsə heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar». (Ali-İmran 85). «Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz ona (Allaha) təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar». (Ali-İmran 83).
İslam dinidir ki, Allah onu Məhəmmədə və ümmətinə lütf etmişdir. «Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim». (əl-Maidə 3).
İslam dininin mərtəbələri, rukunları haqqında bizə ( müsəlmanlara) məlumatı Rəsulullah — səllAllahu aleyhi və səlləm — in sünnsində varid olunmuş Cəbrayıl — əleyhissəlam — ın hədisi xəbər verir. Ömər — radıyAllahu anhu- rəvayət edir ki, bir gün Rəsulullah — səllAllahu aleyhi və səlləm — in hüzurunda oturmuşduq. Bu vaxt paltarı dümağ, saçları olduqca qara, üzərində saleh əlaməti görünməyən və aramızda heç kimin tanımadığı bir nəfər içəri girib, Peyğəmbər — səllAllahu aleyhi və sələm- in yanında oturdu. İki dizini onun dizlərinə söykəyib, əllərini dizlərinin üstünə qoyaraq dedi: «Ey Məhəmməd, mənə İslam haqqında xəbər ver». Rəsulullah — səllAllahu aleyhi və səlləm — buyurdu: «İslam, Allahdan başqa ilah olmadığına, Məhəmmədin Allahın rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Ramazanda oruc tutmaq, Beyti imkan olduqca həcc etmək». (Adam): Doğru söylədin, dedi. (Ömər) dedi: «Adama heyrət etdik. Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi». (Yenə) soruşdu: «Mənə iman haqqında xəbər ver». (Peyğəmbər) buyurdu: «(İman) Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə və xeyir və şərin Allahdan olmasına inanmaqdır». (Adam): « Doğru söylədin» dedi. Bu dəfə «Mənə Ehsan haqqında xəbər ver». (Peyğəmbər) buyurdu: «(Ehsan) Allahı onu görmüş kimi ibadət etməkdir. Lakin sən onu görməsən də, o, səni görür». (Adam): «O halda mənə Qiyamət saatı haqqnda xəbər ver». Rəsulullah- səllAllahu aleyhi və səlləm- buyurdu: «Soruşulan soruşandan çox bilmir». (Adam): «Onda mənə onun əlamətləri haqqında xəbər ver». (Peyğəmbər) buyurdu: «Qul qadın öz ağasını doğması, ayaq yalın, çılpaq, çobanların hüdür bina tikməkdə bir-birləri ilə yarışmaları». (Ömər) dedi: Sonra o adam durub getdi». Bir müddətdən sonra (Peyğəmbər) mənə buyurdu: «Ey Ömər, o sual verənin kim olduğunu bilirsən?» Allah və Rəsulu daha gözəl bilir. (Peyğəmbər) buyurdu: «O, Cəbrayıl — əleyhissəlam — idi. Sizə dininizi öyrətməyə gəlmişdi». Həmçinin Əbu Abdurrəhman b. Ömər b. əl-Xəttab — radıyAllahu anhu — rəvayət edir ki, mən Rəsulullah — səllAllahu aleyhi və səlləm — in belə buyurduğunu eşitdim. «İslam beş təməl üzərində bina edilmişdi. Allahdan başqa ilahi olmadığına və Məhəmmədin Allahın rəsulu olduğuna şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Beyti həcc etmək və Ramazan ayının orucunu tutmaq». Bu hədislərdən göründüyü kimi İslam zahiri əməlləri əhatə edir. Şəhadət kəlməsini dil ilə söyləmək dilin əməli, namaz, oruc, həcc bədənin, zəkat isə malın əməlidir. Buna görə də İslam dini üç mərtəbədən ibarətdir.
1. İslam. 2. İman. 3. Ehsan.
Hər bir mərtəbənin də öz rukunları vardır.
İslam haqqında çox geniş danışmaq olar, lakin mən, hörmətli bacı və qardaşlarım, ilk
öncə özümə, sonra da sizə İslam dinini gözəl bir şəkildə öyrənməyinizi və bu dindən möhkəm yapışmağınızı tövsiyə edirəm. Çünki Rəsulullah — səllAllahu aleyhi və səlləm — bu dində olanların dünya və axirətlərinin xoşbəxt olması ilə bizi müjdələmişdi. Əbu Hüreyrə, İbn Ömər — radıyAllahu anhumə — dən gələn rəvayətdə Rəsulullah — səllAllahu aleyhi və səlləm — buyurur: «İslam qərib olaraq başladı, başladığı kimi yenə də qəribliyə dönəcəkdir. Xoşbəxtdir o qəriblər». Allah bizi də onlardan etsin.
Hazırlayan: Kamal Hüseyn