media-img_9783

Həccac ibn Yusif əs-Səqəfi (661-714)
Tarixdə “zalım” ləqəbi ilə anılan nadir şəxslərdən biri olan Həccac Məkkənin 86 km cənub-şərqində yerləşən, əhalisinin tamamına yaxını Səqif qəbiləsindən ibarət Taif qəsəbəsində dünyaya gəlmişdi. Atası Yusif Quran müəllimi idi.

Həccac digər qardaşları ilə birlikdə atasından təcvidi öyrənmiş, Quranın 3/1-ni əzbərləmişdi. Yeniyetməlik illərindən Taif məscidində uşaqlara oxu, ərəb dili, ərəb şeeri və Qur’an təcvidi dərsləri vermişdi. Yezidin ölümündən sonra (683) Məkkədə özünü xəlifə elan edən Abdullah ibn Zübeyrin (r.ə) yarımadanı hakimiyyəti altına almasından sonra Həccac da bir çox Səqifli kimi Dəməşqə köçməli olmuşdu. Çünki Səqif qəbiləsi Əməvi hakimiyyəti tərəfadarı kimi tanınırdı. Bundan sonra gənc Həccac belə qərara gəlir ki, o, müəllimlik peşəsi üçün deyil, hərb və siyasət üçün bu dünyaya gəlmişdir. Bundan sonrakı tarixlərdə o, Abdullah ibn Zübeyrin Məkkədə mühasirəyə alınması, müqavimətinin qırılması və öldürülməsi ilə nəticələnən hərbi əməliyyata komandanlıq edir.

Bu işdə qazandığı uğur onun Əməvi hökmdarı Əbdulməlik ibn Mərvan (685-705) tərəfindən Hicaz canişinliyinə təyininə səbəb olur. Hicazdakı işləri yoluna qoyduqdan sonra Əbdulməlik onu xilafətin qanayan yarası olan İraq valiliyinə təyin edir. Heç bir məmurun hətta əhəmiyyətsiz bir vəzifəyə belə göndərilməyi arzu etmədiyi İraqa Həccac demək olar ki, könüllü olaraq təyinatını istəmişdi. İraq ümum valiliyi mühüm vəzifə idi. Belə ki, xilafətin İraqdan şərqdə qalan bütün vilayətləri (Fars, Xorasan, Türküstan, Sind) İraq ümum valisinin tabeliyinə verilirdi.

Həccac qısa müddət ərzində İraqda nizam-intizamı bərpa edə bilir. İraq və Xorasanda xaricilərin kökünü kəsir. Bunun bəzən kütləvi xarakter daşıyan edamlar, ömürlük həbslər və sürgünlər bahasına əldə olunması onu əsla narahat etməmişdi. Mənbələrdə nəql olunan rəqəmlər mübaliğəli deyilsə Həccacın 15 illik İraq ümum valiliyi dövründə edam, həbs və sürgün etdirdiyi insanların sayı 300.000-ə qədər idi. O, böyük və uzun müddətli fitnə, hərc-mərclik silsiləsinin başlanğıcı olan “yəum əd-dar” (III raşid xəlifə Osmana qarşı hərbi çevriliş və xəlifənin qətli) hadisəsinə qarışmış və həyatda olan hər kəsi bir-bir təsbit etdirib edam etdirmişdi. Həmin insanların bir çoxunun artıq yaşlı olmaları da Həccaca mane olmamışdı.

Ən böyük uğurlarından biri də Sicistan valisi Abdullah ibn Uməyyə qiyamının yatırılması olmuşdu. Tarixdə mənə hərbi-siyasi uğurları ilə tanınan iki Qur’an hafizi məlumdur. Biri Həccac, digəri əmir Teymurdur.
Lakin Həccac tarixdə sadəcə hərbi-siyasi fəaliyyəti ilə qalmamışdı.

Yaşadığı dövrdə xitabət, natiqlik sənətinin zirvəsi sayılan Həccacın xütbələri, nitqləri bu gün belə ərəb ədəbiyyatının ən gözəl nümunələrindən biri sayılır. Qur’an hafizi olduğu üçün ərəb dilinin incəliklərinə dərindən vaqif olan Həccac bu bacarığından məharətlə istifadə edirdi. Bundan başqa o, ərəb əlifbasını təkmilləşdirən şəxsdir. Qeyri-ərəb müsəlmanların Qur’an təcvidini öyrənməkdə çətinlik çəkmələri əlifbanın təkmilləşdirilməsi zərurətini meydana gətirmişdi. Müasir ərəb əlifbasındakı hərəkə və nöqtələrin icadı Həccac ibn Yusif əs-Səqəfiyə aiddir.

Həyatı və fəaliyyəti bir serialda əks olunan Həccac (يا أهل العراق يا أهل الشقاق والنفاق) – ““ey İraq əhli! Ey bölünmə və nifaq əhli, ey düşük əxlaqlılar” deyə başlayan nitqinə belə davam edir “Bilin ki, fitnə pıçıltılarla yetişir, bəhrəsi ağrı-acıdır, biçimi isə, qılıncla olur. Mən burada yetişmiş və dərilmə vaxtı gəlmiş kəllələr görürəm” deyə davam etmişdir. Edam olunan şəxs isə Umeyr ibn Dabi-dir. O, III raşid xəlifə Osman ibn Əffanın evinə soxulub onun qətlində iştirak edən şəxslərdən biridir. İbn Cərir ət-Təbəri (Tarix ər-Rusul), Sibt ibn əl-Cəuzi (Mirat əz-Zaman) kimi müəlliflərin bildirdiyinə görə Umeyr ibn Dabi – “mən Osmanı ağır yaralı halda yerdə uzanmışkən gördüm, yaxınlaşıb sinəsini tapdaladım və qabırğalarını təpiklədim” deyə öyünən bir şəxs idi. Bunu öyrənən Həccac ahıl yaşına baxmadan onu edam etdirmişdi.

Həccac, xəvariclərin ən böyük liderlərini də aradan götürdü. İbn Fucəə, əl-Əzrak, Nəcdə, Zubeyr ibn Məhuz, İbn Musərrih kimi. Fəthlərinə kufəlilər və Bəsrəlilərin belini qıraraq başladı. Onlar cihaddan yayınır və həmişəki kimi fitnə-fəsad törədirdilər. Edamlardan sonra hamısı cəbhələrə axışdı. Pakistan, Hindistanın şimalı, Əfqanıstan, Tacikistan, Qırğızıstan, indiki uyğurların kompakt yaşadığı Çinin şərqi – onun uğurlu siyasəti nəticəsində fəth edildi.  O, İraqda olduğu halda, alına bilməyən Səmərqəndin “xəritəsini çəkib mənə göndərin” – deyə yazır. O dövrün şərtlərinə görə çəkilən xəritə əsasında mühasirə və hücum planını hazırlayıb göndərir və beləliklə, Səmərqənd fəth olunur.

Uzun müddət yüksək vəzifələr icra etmiş Həccac dünyasını dəyşəndən sonra geriyə qalan mirası bunlardan ibarət idi; 9 gümüş dirhəm nağd pul, yemək yediyi taxta qab-qaşıqlar, atı, yəhər, silahları, zirehi və heç vaxt yanından ayırmadığı mushaf, Qur’ani-Kərim.

Bənzər Məqalələr