İslamın Gözəllikləri (Ailə qanunları – boşanmaq və əhkamları)
Talaq (boşamaq):
Talaq – qanuni evliliyin yerində və ya gələcəkdə pozulmasını bildirən söz və ya onu əvəz edən işarə, yazı və s. ilə sona yetməsidir.
Talaq haqda şəriət dəlilləri:
Bu haqda Quran və hədislərdə bir çox dəlillər mövcuddur. Allah taala buyurur: “(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir….” (əl-Bəqərə: 229).
“(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın. …” (ət-Talaq: 1).
İbn Abbas (r) deyir: Peyğəmbərin vaxtında, həmçinin Əbu Bəkrin və Ömərin (Allah onlardan razı olsun) xilafəti dövründə üç talaq bir sayılırdı. Ömər İbn Xəttab belə buyurdu: “İnsanlar onlara möhlət verilmiş bir işdə (yəni, üç dəfə deyilən talağın bir sayılmasından istifadə edərək rəcə müddətini gözləməyərək) yaman tələsirlər. Bəlkə bu üç talağı elə üç talaq sayaq!” Sonra üç dəfə deyilən talağı bir deyil üç saydıƏ(Müslim: 2\ 1091\ ? 1472.)
Elə bu dəlillərə əsasən bütün müsəlmanlar talağın (boşamanın) icazəli olması fikrindədirlər. Talaq Peyğəmbərin vaxtından bu günə qədər davam edən bir işdir.
Talağın şəriət hökmü etmək baxımından İslam dininin gözəllikləri:
İslam ailənin sağlamlığına çox böyük əhəmiyyət verir və ona xələl yetirə biləcək ən uzaq təhlükəni belə ondan uzaqlaşdırır. Bunun üçün müvafiq tədbirlər buyurur və beləliklə ailədə baş vermiş hər bir xəstəliyin qarşısını alır. Deyilənlərin təsdiqi olaraq İslam şəriətinin talaq haqda buyurduğu ehkamlara nəzər salmaq kifayətdir.
1.İslam şəriəti müsəlmanlara, talaqın baş verə biləcəyinin real olmasını onların nəfslərinə həkk etmişdir. Evlikdən əsas məqsəd bu həyatı sona qədər yaşatmaqdır. Hər-hansı bir nigaha vaxt təyin edilərsə o nigah batil sayılır. Ona görə siğə (mutə) etmək, müvəqqəti evlənmək kimi nigahları haram etmişdir. İslam, evlənməkdən ləzzət aldıqdan sonra onu dağıtmağı qadağan edir və evlənənləri sona ana qədər qoşa yaşamağa sövq edir.
2.İslam, talaqın baş verməməsi üçün əvvəlcədən məsləhətlər vermişdir və daha əhəmiyyətli olan məsləhətlər aşağıdakılardır:
A.İslam, evlənmək istəyənlərə gözəl seçim etməyi buyurmuş və bu seçimdə onlara sərbəstlik vermişdir. Ona görə də hər kəs məcburiyyət olmadan öz sevdiyini seçir və onunla həyat qurur. Heç şübhəsiz ki, bu da ailənin davamiyyətli olmasına əsas səbəblərdəndir.
B.İslam, evlənənləri gözəl davranışa rəğbətləndirmişdir. Kişilərə qadınlarla yaxşı davranmağı, qadınlara isə ərlərinə itaət etməyi əmr etmiş və hər iki tərəfə buna görə çox böyük savab vəd etmişdir. Bu mənalarda olan şəriət dəlilləri həddindən artıq çoxdur.
C.İslam, evlənənləri bir-birlərində olan eyiblərə və xoşlamadıqları xüsusiyyətlərə qarşı səbirli və təmkinli olmağa çağırmışdır.
Allah təalə buyurur:
“Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.” (ən-Nisa: 19).
Əbu Hureyrə (r) Peyğəmbərin (sav) belə buyurduğunu deyir:
“Mömin kişi mömin qadına nifrət etməz. Onun bir xüsusiyyətinə nifrət etsə, digər xüsusiyyətindən razı qalar”(Müslim: 2\ 1099\ ? 1469)
D.İslam, qadına səbəbsiz yerə kişidən boşanma tələb etməkdən çəkindirmişdir. Hədislərin birində Peyğəmbər (sav) buyurmuşdur:
“Heç bir səbəb olmadan ərindən boşanma tələb edən qadına cənnətin iyi haram olar”(Əbu Davud, Tirmizi və Hakim rəvayət ediblər. Tirmizi hədisin həsən, Hakim səhih və iki alimin (Buxari və Müslimin) şərtinə uyğun olduğunu deyib, Zəhəbi də Hakimin sözünü təsdiqləyib. Albani isə hədisin Müslimin şərtlərinə əsasən səhih olduğunu deyib. Bax: İrvaul Ğəlil kitabı: 7\ 100\ ? 2035.)
E. İslam, evlilik həyatında baş verə biləcək problemlərin həlli olaraq: yüngül həlldən ağıra doğru – iki çıxış yolu qoymuşdur.
Birinci çıxış yolu: Ərlə arvad arasında ailə sirrini qoruyub saxlamaq və camaatın dilində söz-söhbətlər gəzməmək üçün kişinin əlaqələri düzəltmək üçün atacağı addımlar. Bu mərhələdə problemlərin həlli üç mərhələdən ibarətdir:
İlkin mərhələ: Öyüd-nəsihət, yol göstərmə, xəbərdarlıq və xatırlatma. Bu üslub unudana, qəflətdə olana fayda verə bilər və məsələyə ciddi və məsuliyyətli yanaşmaqla problem həll olunar.
İkinci mərhələ: Arvadla yaxınlıqdan imtina etmək və yatağını ayırmaq: Əgər öyüd-nəsihət öz səmərəsini verməsə onda kişi məsələnin həlli üçün ikinci mərhələyə əl atır. Bu mərhələdə, qadınla birgə yeyib-içmək, danışmaq və xoş davranmaq lazımdır. Yalnız cinsi yaxınlıqdan imtina etmək və yatağını ayırmaq kifayətdir.
Üçüncü mərhələ: Əgər qadın inadkar olsa, bir və ikinci mərhələlər müsbət nəticə verməsə bu zaman kişi qadını yüngülcə vura bilər. Lakin bədəninin üz, həssas, ağradıcı yerlərinə vurmaqdan çəkinmək lazımdır. Həmçinin zərbə çox qüvvətli: sümüyü sındıran, yaralayan və ya zədəsi qalan – olmamalıdır.
Allah təalə buyurur:
“(Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!” (ən-Nisa: 34).
Deyilən bu üç mərhələ qadının özbaşnalığını islah etmək üçün nəzərdə tutulmuşdur. Allah təalə Yaradan olduğu üçün insanların təbiətini də gözəl bilir. O bilir ki, elə qadınlar var ki, onlara gözəl söz, öyüd-nəsihət bəs edir. Bəzi qadınlar yalnız tərk olunduqda, digər qism qadınlar isə döyülməklə islah olunurlar. Bunların hamısı problemlərin həlli üçün bu ardıcıllıqla ailə daxilində aparılan proseslərdir. Əgər deyilənlər səmərəsiz olsa onda problemin sonuncu həlli:
Ikinci çıxış yolu: Münsif (vasitəçi) təyin etmək;
Əgər ərlə arvad özləri problemləri həll edə bilməsələr onda hər iki tərəfdən münsiflər (vasitəçilər) seçilir. Seçilmiş münsiflər öz aralarında olan qohumluq əlaqələrini qoruyub saxlamaq üçün məsələnin həllinə çoxlu yollar axtaracaqlar. Ona görə yaxşı olar ki, münsiflər onların yaxın qohumlarından olsunlar. Çünki qohum öz əqrabasının problemlərinə daha yaxşı bələddir. Əgər bu cür münsif tapmaq mümkün olmasa onda qohum olmayan birisini bu işdə təyin etmək olar. Çünki bütün möminlər qardaş və dostdurlar.
Allah təalə buyurur:
“(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!” (ən-Nisa: 35).
“Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar.” ayəsi münsiflərə bu işdə ədalətli olmaq, ailənin dağılmaması üçün əllərindən gələn səbəblərdən istifadə etmələri haqda göstəriş verir. Əgər onlar deyilənlərə əsasən hərəkət etsələr Allah təalə də onları tək qoymaz və onlara doğru qərar çıxarmaqda kömək edər.
3. İslam, talaq etmək üçün müəyyən şərtlər təyin etmişdir. Bu şərtlərin bəziləri talaqın baş verməsinin qarşısını alır, digərləri isə onun zərərlərini azaldır. Bu deyilənlərə aşağıda açıqlama verəcəyik:
a.Talaq yalnız zərurət doğuran səbəblərə görə ola bilər. Əgər deyilən səbəblər yoxdursa kişi talaq verməkdən çəkinməlidir. Allah təalə buyurur:
“Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!” (ən-Nisa: 34).
b.Kişi öz həyat yoldaşını heyzli (aybaşı) halda, yaxud heyzdən təmizlənib sonra yaxınlıq etdiyi qadını da belə halda boşamamalıdır. Yalnız heyzdən təmizlənib sonra yaxınlıq etmədiyi qadınını boşaya bilər. Allah təalə buyurur:
“(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın. Rəbbiniz olan Allahdan qorxun.” (ət-Talaq: 1).
Bu şəriət hökmündə bir çox hikmətlər mövcuddur və ən önəmlisi odur ki: Hikmətli şəriət sahibi olan Allah insanları talaqdan çəkindirməklə onların ailə həyatlarının uzunmüddətli olmasını buyurur. Əgər kişi qadını heyzli halda və ya cinsi əlaqədə olduğu təmizlik müddətində boşamaq istəsə o qadının heyzdən təmizlənməsini, yaxud cinsi əlaqədə olmayacağı təmizliyi gözləməlidir. Qarşısında belə bir vaxt olan adam boşanma haqda daha dərindən fikirləşər. Bu müddətdə o boşanma niyətini də dəyişə bilər. Belə olduqda ailə olduğu kimi qalar və qohumluq da davam edər.
c.Əgər kişi öz yoldaşını boşamaq istəsə o boşanma üçün iki nəfər adil müsəlmanı bu işdə şahid tutmalıdır. Allah təalə buyurur:
“(Sonradan aranızda ixtilaf olmasın deyə) içərinizdən iki ədalətli şahid tutun. (Siz də ey şahidlər!) Allah üçün (doğru) şahidlik edin!…” (ət-Talaq: 2).
Heç şübhəsiz şahidləri seçmədən öncə kişi bu işin məsuliyyəti haqda daha da dərindən düşünür, özünün tam istəyi və düşüncəsi ilə bu işə qərar verir. Elə boş-boş adi bir sözlə talaq vermir. Şahid tapmaq və ya gətirmək onu bu işdə daha da məsuliyyətli edir.
4.İslam şəriəti talaq kəlməsini ailə həyatını dağıtmaq üçün qiymətsiz bir söz etməmiş, əksinə ailə problemlərinin həlli və müalicə yolunu tutmuşdur. Kişiyə üç talaqı üç müxtəlif vaxtlarda söyləməyi buyurmuşdur.
Allah təalə buyurur:
“(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir…” (əl-Bəqərə: 229).
“Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz….” (əl-Bəqərə: 230).
Şəriət, arvadını boşamaq niyətində olan kişiyə ilk olaraq rici talaq (arvadını qaytarmaq mümkün olan boşama) verməsini əmr etmişdir. Belə halda ər-arvad yenidən fikirlərini dəyişə və əvvəlki ailəlik həyatlarında dönə bilərlər. Bu onlar üçün bir fürsətdir.
Əgər birinci rici talaq problemlərin və ailədaxili qarışıqlığın qarşısını almazsa onda kişi ikinci talaqı versə onda yenidən ailə həyatına qayıtmaq üçün yalnız bir fürsət qalmış sayılır. Və bu sonuncu şansda hər ikisi məsələnin ciddiliyini və təhlükəsini dərk etməli və məsuliyyətli olmalıdırlar. Bir və ikinci talaq fayda verməzsə kişi üçüncü talaqı verir. Sonra onlar bir daha bu ailə həyatına qayıda bilməzlər. Yalnız çətin bir şərtdən sonra əvvəlki ailə həyatına qayıda bilərlər. Deyilən bu çətin şərt Allah təalənin bu ayəsində buyurulur:
“Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz.” (əl-Bəqərə: 230).
Heç şübhəsiz, bu şərti fikirləşən kişi arvadını əbəs yerə boşamaz. Kişi birinci və ikinci talaqı verib yenidən övrəti (arvadı) ilə ailə həyatına qayıdandan sonra üçüncü talaqı verməyə məcbur olursa deməli bu ailəlikdən bir fayda yoxdur və onların ayrılmaları daha xeyirlidir.
Islamda buyurulan talaq qanunu necə də gözəldir. Bax gör Islam şəriəti ailə həyatını qorumaq üçün necə qayğı göstərir. Kişiyə bir necə mərhələlik fürsət verir və əvvəldə dediyimiz şərtləri onun qarşısına qoyur ki, əgər haradasa bir müsbət cəhət baxımından bəlkə də ailə dağılmaz və əvvəlki vəziyyətdə davam edər. Bu, İslamın ailəyə olan hədsiz qayğısıdır.
5. İslam kişiyə yalnız üç talaq ixtiyarı vermişdir. Bu isə qadınlara qarşı hədsiz bir mərhəmət deməkdir. Açıqlaması isə belədir:
İslamın erkən çağlarında və ondan əvvəl cahillik dövründə arvadı boşadıqdan sonra onu qaytarmaq üçün müəyyən hədd yox idi və kişi arvadını boşayır, gözləmə (iddə) vaxtı başa çatmamış yenidən arvadı qaytarırdı. Sonra yenidən arvadını boşayır gözləmə (iddə) vaxtı başa çatmamış yenidən arvadı qaytarırdı. Bu minvalla da həddi-hüdudu olmayan talaq davam edirdi. Belə olduğu halda qadın da həmin kişidən asılı qalırdı. Nə başqasına ərə gedə bilir nə də əri onu həqiqi mənada arvadlığa qaytarmırdı ki, bir övrət kimi kişidən istədiyinə nail ola bilsin. Belə olduğu halda qadınlara qarşı çox haqsızlıq edilirdi. Sonra Allah təalə bəyan etdi ki, kişi yalnız üç talaqa malikdir. Birinci və ikinci talaqdan sonra kişi arvadını yenidən qaytara bilər. Üçüncü talaqdan sonra isə: arvadı başqa kişiyə ərə getməmiş – onu bir daha qaytara bilməz. Heç bir halda kişinin bundan çox haqqı yoxdur. Qadını kişilərin bu zülmündən xilas etmək İslam şəriətinin qadına qarşı olan hədsiz mərhəmətidir.
6. İslam şəriəti, aşağıda sadalayacağımız müəyyən səbəblərə: ailənin dağılmaması və s. – görə talaqı qadının deyil, kişinin ixtiyarına vermişdir. Səbəblər isə bunlardır:
a. Qadının təbiəti kişinin təbiətindən fərqlidir. Qadınlar çox vaxt bir iş baş verəndə tez təsirlənir və ona dərhal reaksiya verirlər. Öz qəzəbini saxlaya bilməyən qadın hirsəlib nəticəni fikirləşmədən talaq verə bilərdi. Amma kişi isə öz təbiətinə uyğun olaraq sakit, təmkinli, nəticəni fikirləşərək, lehinə və əleyhinə olanları düşündükdən sonra talaqa qərar verir.
b. Kişi qadına mehr vermiş və toy xərcini çəkmişdir. Əgər o talaq versə bundan sonra da onu maddi xərclər gözləyir. Yarımçıq qalmış mehri tamamlamalı, boşamanın başa çatmasını (iddə) gözləyən qadının xərcini ödəməli, əgər uşaqlar ana ilə qalarsa onda yenə də uşaqlarının xərcliklərini boynuna götürməlidir. Bütün bu xərcləri fikirləşən kişi talaqa çox məsuliyyətlə yanaşır və o talaq verməkdə tələsmir, çox dərin fikirləşdikdən sonra talaqın qaçılmaz olduğunu görüb bu işə qədəm qoyur.
c. Kişi çəkdiyi və çəkəcəyi xərclərə görə uduzan, qadın isə aldığı və alacağı xərcliklərə görə udan tərəfdir. Kişi uduzan tərəf olduğu üçün Allah təalə də talaqı kişinin ixtiyarına vermişdir. Qadın isə maddi xəsarət çəkmir, əksinə maddi mənfəət əldə edir. Əgər talaq qadının ixtiyarına verilsəydi onda qadın evlənib boşanmanı alverə çevirərdi. Ərə gedər mehr alar, sonra kişini boşayar və götürdüyü mehr də ona qalar beləcə qazanardı. Ona görə də şəriətin hikmətli sahibi talaqı qadının ixtiyarına deyil, məhz kişinin ixtiyarına verib. Kişi də talaqda uduzan tərəf olduğundan əbəs yerə talaq verməz, yalnız qaçılmaz vəziyyətdə buna əl atar.
d. İslam talaq məsələsində qadına laqeydliklə yanaşmamışdır. Qadına öz ərindən ayrılmaq üçün hakimə müraciət etməsini buyurmuşdur. Hakimə isə: talaqın olması üçün lazımi səbəblərin olduğunu gördükdə – qadının tələbini icra etmək vacib edilmişdir.
e. Kişi özünə layiq hesab etdiyi bir qadınla evlənməyə qərar verir. Ola bilsin həmin qadın kişinin istəyinə uyğun olsun. Çünki həqiqi uyğunluq evləndikdən sonra bilinir. Əgər seçimdə səhvə yol verilibsə və bu səhvi başqa yolla düzəltmək mümkün deyilsə belə halda İslam şəriəti talaq etməyə icazə vermişdir.
Heç bir müdrik insan deməz ki, öz seçimində səhv etmiş kişi və ya qadın ömrünün sonuna qədər bu səhvinin acısını çəkməlidir. Ona görə İslam şəriəti bunun üçün ən gözəl həll buyuraraq talaqı qanun etmişdir ki, xoşbəxt həyat qura bilməyən və ağrı-acı içərisində yaşayan kişi və qadın özləri üçün bununla çıxış yolu tapsınlar.
Şübhə yoxdur ki, gözəl məntiq bu halda çıxış yolunu yalnız boşanmada görər. Ingilis filosofu demişdir: “Əgər qanun, yola getməyən ərlə-arvadı birgə yaşamağa məcbur etsə, nifrət onların qəlblərini yeyər, biri digərini aldadar, həyatın ləzzətini başqasında axtarar… Əgər evliliyin əvvəlində “Aramızda olan məhəbbətin əvəzində nifrət, kin-küdurət və s. nə olursa olsun biz heç vaxt ayrılmayacayıq” deyib belə bir şərt kəssələr bu fitrətə və müdrikliyə zidd olan pis bir iş olardı. Əgər bu ayrılıq: heç vaxt ayrılmayacaqlarını, daim qoşa yaşayacaqlarını, aralarında məhəbbətdən sonra nifrətin heç vaxt olmayacağını deyən – iki gənc arasında baş verirsə, deməli insanların təbiətinə bələd olan qanun yazarı heç vaxt evliliyin davamiyyətli olmasını ərlə-arvada icbari qanun etməz. Belə olan halda, ərlə-arvadı aralarında olan və qəlblərini parçalayan nifrətlə qoşa yaşamağa məcbur etmək lazımdır? Yoxsa, onları talaqla ayırmaq və hər kəsə özünə yeni və möhkəm bir ev tikməyə imkan vermək? Məyər özünə yeni bir arvad almaq, aşna qadın tutmaqdan, yaxud nifrət edilən ərdən əlavə başqa kişiylə gizli yaşamaqdan xeyirli deyilmi?!”.
Elə buna görə İslam şəriətinin qanunlarına əsasən edilən talaqın bir çox gözəllikləri vardır:
1. Bir-biri ilə yola getməyən ərlə-arvadın sonuncu gözəl çıxış yolu boşanmadır. Həyatda baş verən reallıqlar da görsədir ki, arvadı ilə yola getməyən kişi onu boşayıb yenisi ilə evləndikdə onunla daha gözəl həyat qurur və evliliyin xoş anlarını yaşayır. Həmçinin ərdən boşanmış çox qadınlar da başqa kişiyə ərə getməklə özlərinin istədikləri xoşbəxt ailə həyatı tapırlar. Bu bir reallıq və Allah təalənin bu sözlərinin təsdiqidir:
“Əgər onlar (ər-arvad) bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini Öz geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər. Həqiqətən, Allah geniş lütf sahibi, hikmət sahibidir!” (ən-Nisa: 130).
2. İslam şəriətinin dediyi qaydada edilən talaq ər-arvada bir mərhəmətdir. Çünki arvadına nifrət edən kişi həmin arvadla yaşaya bilməz. Ola bilər elə buna görə də kişi arvada zülm versin, təhqir etsin, onunla cinsi əlaqədən imtina etsin. Hətta öz şəhvətini ödəmək üçün haram işlərə də əl ata bilər. Bütün bunları etmək kişiyə haramdır və o buna görə günah qazanır, Allah təalədən uzaqlaşır. Elə buna görə də kişi həmin qadınla bədbəxt olur. Həmçinin qadın da kişiyə nifrət edirsə o da həmin kişi ilə yaşaya bilməz. Ona görə kişiyə qarşı haqsızlıq edərək ona lazımi xidmət göstərməz, cinsi yaxınlığa icazə verməz, hətta qadının bu vəziyyəti onu zina etməyə apara bilər. Bütün bunları etmək qadına haramdır və o, buna görə günah qazanır, Allah təalədən uzaqlaşır. Bu problemin ən gözəl həlli talaqdır. Beləliklə onlar özlərinə münasib olan həyatı tapa bilərlər.
3. Şəriət qanunlarına müvafiq talaq vermək problem və nifrətlə dolu birgə həyatdan daha xeyirli və az zərərlidir. Bu övladların elə həyatın şahidi olmasından daha xeyirlidir. Çünki uşaqların ata ilə ana arasında olan problemləri görmələri onlara mənfi təsir göstərəcəkdir. Belə halda onlar ya atanın tərəfini tutub anaya qarşı, yaxud da ananın tərəfini tutub ataya qarşı olacaqlar, yaxud görüb eşitdikləri onların əxlaqlarını korlayacaqdır. Həmçinin bu problemlərə görə atalarının və ya analarının hansısa haram işlə məşğul olduğunun şahidi ola bilərlər. Valideynlərinin çirkin haram işlərinin şahidi olan övlad da bu əxlaqdan təsirlənər (Allah bizi pis əməllərdən qorusun!). Lakin talaq olduqda onlar bir-birlərindən ayrılar və hər kəs öz həyatını sakit davam etdirər. Boşanmadan sonra özünə uyğun arvad tapmış kişinin, yaxud özünə uyğun ər tapmış qadının uşaqları ən azından onlardan xoşagəlməz hərəkətlər görməzlər.
Deyilənlərdən aydın olur ki, İslamda talaq etmək heç də bəyənilmir. Ona görə də İslam şəriəti müsəlmanları talaq etməkdən həzər etmiş və imkan daxilində onları bu qərardan yayınmağa çalışmışdır. Eləcə də insanları evlənməyə sövqləndirmiş və onu sevgi, xoş davranış, qarşılıqlı hörmətlə qorumağı tövsiyə etmişdir. Lakin ailə həyatı pozulduğu və onlar üçün bir əzaba çevrildiyi anda İslam şəriəti ər-arvadı bu halda əzabverən həyatla birgə yaşamağa məcbur etməmişdir. Əksinə onlara ayrılmaq üçün icazə vermiş və talaqı qanun etmişdir. Talaq Allah təalənin Öz bəndələrinə minnət etdiyi nemətdir. Çünki talaq əzabverici həyatdan qurtulmağın ən gözəl yoludur. Bundan sonra isə Allah təalə hər iki tərəfə xeyirli olanı nəsib edər. Allah təalə buyurur:
“Əgər onlar (ər-arvad) bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini Öz geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər. Həqiqətən, Allah geniş lütf sahibi, hikmət sahibidir! “(ən-Nisa: 130).
Hazırlayan: R.Muradlı
İslamın Gözəllikləri (Ailə qanunları – boşanmaq və əhkamları )
Talaq (boşamaq):
Talaq — qanuni evliliyin yerində və ya gələcəkdə pozulmasını bildirən söz və ya onu əvəz edən işarə, yazı və s. ilə sona yetməsidir.
Talaq haqda şəriət dəlilləri:
Bu haqda Quran və hədislərdə bir çox dəlillər mövcuddur. Allah taala buyurur: “(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir….” (əl-Bəqərə: 229). (daha&helliip;)