İSTƏMƏYƏNƏ, HƏVƏSİ OLMAYANA ÖYRƏTMƏ!
Elmi bilikləri artırmağa çalışmaq, öyrənmək və öyrəndiklərini başqalarına öyrətmək – ən üstün xeyirli əməllərdən hesab olunur. İslam dini, bu prinsip əsasında öz möhkəm dayaqlarını qoruyaraq ayaq üstə durur. Əziz Peyğəmbərimiz ﷺ buyurmuşdur:
İnsanların ən xeyirlisi – digər insanlara ən çox faydası toxunanıdır. (Cəmius-Sağir, 2/8)
Deməli, əvvəla, tənbəllikdən yaxa qurtararaq, oxumaq, aydınlanmaq lazımdır. Bu aydınlanmağa həm dünyavi, həm də dini elm sahələri daxildir. Çünki, İslam dini bu elmi sahələr arasında fərq qoymayaraq, müsəlmanın elmli olmasını mütləq hesab etmişdir. Muhəmməd peyğəmbər ﷺ belə buyurmuşdur:
Elm öyrənmək hər bir müsəlmana vacibdir. (İbn Macə, 22)
Təbii olaraq bunu da qeyd etməliyik ki, elmi sahələrin ən üstünü və istər dünya, istərsə də əbədi həyat (axirət) üçün ən çox fayda verəni – Allah haqqında olan elmdir. Allahı, Onun varlığını daha yaxşı dərk etməyə yardım edən, Ona boyun əyməyə, Ondan həya etməyə çağıran, imanı artıran, xeyirli əməllərə həvəsləndirərək, pis əməllərdən çəkindirən elm – əlbəttə ki, ən üstün olmağa layiqdir.
İslami təfəkkürə görə, öyrənmək də tam mənada kifayət etmir. Yəni, öyrəndiklərini öyrətmək, yaxınlara, habelə cəmiyyətə faydası toxunan şəxs olmağa çalışmaq da mütləqdir. Lakin, mövzumuz başqadır.. İstəməyənə, həvəsi olmayana, başa düşməyənə, özünü inkişaf etdirmək istəməyənə, öz fikirlərində inad edənə – məcburi formada öyrətməyə çalışmaq, zorla xeyir bir əmələ sürükləmək düzgün deyil. Həvəsləndirmək, çağırmaq lazımdır, lakin, israr etmək, az qala ‘yalvarmaq’ qətiyyən doğru bir şey deyildir. Bu, ‘doğrulara’/elmə/xeyirlərə qarşı – bir hörmətsizlikdir. Bizdən öncə yaşamış xeyirli insanların dediyi kimi:
كَتَعْل۪يقِالدُّرَرِف۪ياَعْناَقِالْبَقَرِ
“İnəyin boynuna, inci taxmaq kimi” – layiq olmayana, layiq olmadığı bir şeyi verməyə çalışmaqdan başqa bir şey deyil.
Bu haqda, Peyğəmbərimizdən ﷺ rəvayət olunmuş hədisdə belə buyurulur:
Elm öyrətmək – hər bir müsəlmana vacibdir. Layiq olmayanlara elm öyrədən – donuzların boynuna cövhər, inci və qızıl boyunbağı taxan kimsəyə bənzəyir. (İbn Macə)
Məşhur mütəfəkkir Şibli, bu mövzudakı incə məqamları izah edərək belə demişdir:
Sənin fikrini/görüşünü öyrənmək istəməyənə, bunu vermə. Çünki belə etsən, nə xoşlarına gələcəksən, nə də görüşün o kimsəyə fayda verəcək. Özünü bilməzlərə elm öyrədən – elmin haqqını zay etmiş olacaq. Layiq olanı elmdən məhrum edən isə, ona zülm etmiş olacaq.
Yəni, öyrədənin elm, fərasət və bacarığı ilə yanaşı, qarşısındakı şəxs də, bunu arzulayan biri olmalıdır ki, fayda hasil olsun. Bundan üz döndərən isə, özünü Allahın lütfündən məhrum edən kəsdir.
..Bu, Allahın lütfüdür, onu istədiyinə verər. (Quran, 5/54)
Ayxan Yaquboğlu