media-3f6577f5-2157-419c-8024-848189e8448c

Kərim – cömərd deməkdir. Xeyirxahlıq və kərəmi sonsuz, lütf və cömərdliyi əbədidir. Ən aciz və ən qüvvətli məxluqlarına – onlara layiq bir ruzi bəxş endirən əl-Kərim, hər bir dərdliyə ummadığı yerdən dərman nəsib edir. Bəzən insan heç fərqinə belə varmasa, şükür etməyi düşünməsə belə, həyatı saysız-hesabsız ikramlarla dolub-daşır.. Cəza kimi gördüyü şeylərın mükafat, şər hesab etdiyi şeylərin xeyir olduğunu da bəzən zamanla dərk edir. Ancaq cüzi olan çatışmazlıqlara baxmağı dayandırıb, bəxş olunmuş saysız-hesabsız nemətlərə nəzər yetirməyə çalışmaq bunu anlamaq üçün kifayətdir.

“Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!” (Nəhl, 18)

Zəhərli bir böcək vasitəsilə şəfalı və ləzzətli balı, əlsiz bir böcək vasitəsilə də gözəl və yumşaq geyimi bəxş edən – yalnız cömərdliyi sonsuz olan əl-Kərimin işi ola bilər.

İnsana göz, qulaq, dil, əl, ayaq və bədənində olan yüzlərlə neməti lüft edən – Kərim olan Uca Allahdır. Bizə cənnət hədiyyə edilsə, lakin qarşılığında gözlərimiz istənsə, buna razı olub, gözlərimizi verərikmi? Əlbəttə ki, xeyr.. Göz olmadıqdan, gözəllikləri görmədikdən sonra Cənnətin nə mənası var ki? Deməli, gözlərimiz cənnətdən də dəyərlidir.. Halbuki, bu dünyadakı ən əsas qayəmiz – məhz əbədi Cənnətdir.. O qədər dəyərlidir ki, cənnətin qarşılığında belə verməyə razı olmarıq. Bəs digər orqanlar və sadalamadığımız nemətlər? Qarşılığında nəyi verib almışıq ki? Kərim bunları bədəlsiz bəxş edib və etməkdə davam edir.. İnsan isə, çox naşükür və nankordur..

İnsan öz Rəbbinə qarşı çox nankordur.” (Adiyat, 6)

əl-Kərim — Quranda: böyük, bol, şərəf mənasında da işlədilmişdir. “Rizqun Kərim” — bol ruzi, “Əcrun Kərim” — böyük mükafat, Qurani-Kərim isə, qiymətli və şərəfli Quran mənasındadır.

“Çox qiymətli Qurandır.” (Vaqiə, 77)
Bəndələrinin etdikləri günahları gizlətməsi, onları ortaya çıxarmaması və qüsurlarının üzərini örtməsi Onun Kərəm sahibi olmasına görədir. Ona və dininə iman etmiş bəndələrin kiçik itaətlərinə belə, böyük savablar verməsi də Onun Kərəm sahibi olmasına görədir.

“Oxu, Rəbbin ən böyük Kərəm sahibidir.” (Aləq, 3)

“Ey insan Kərəm sahibi olan Rəbbinə qarşı səni aldadan nədir?” (İnfitar, 6)

əl-Kərim – Ona üsyan edərək günahlar edənlərin tövbələrini qəbul buyuraraq, onları ümidsiz buraxmayan və onları sorğuya çəkmədən öncə peşmanlıqlarını nəzərə alandır. Kərim olan Allah – Ondan istəyənlərin əllərini boş geri qaytarmayan, Ona sığınanları yardımsız qoymayan nöqsansız və qüsursuz Uca varlıqdır..

əl-Əkram isə, ismu tafdil” yəni – üstünlük bildirən isimdir. Allah Əkramul-Əkramin’dir (Kərəm sahiblərinin ən üstünüdür). Ondan daha üstün və daha mükəmməl kərəm sahibi yoxdur.
(Fətəva əl-Kubra, 16/293,296; Beyhəqi, Şərhu Əsməul-Husnə, s. 264)

“Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir (Əkram’dır).” (Aləq, 3).

Qurtubi belə buyurur: “Əkram – Allahın zatıyla, Kərim isə, Onun feliylə əlaqəli bir sifətdir. Hər iki kəlmə Kə-Ra-Mə sözündən əmələ gəliblər.” (Əsnə fi şərhi əsməilləhil-Husnə, 1/131,132)

Anlamış oluruq ki, Kərim və Əkram İsimlərinin müəyyən fərqlilikləri olsa da, eyni mənanı ifadə edirlər. Bu məna – Allahın qullarına qarşı lütfkar və ehsan sahibi olmasıdır.

Allahın Kərim olmasının bir nümunəsi də göylərdə və yerdə olan hər şeyi bütün insanların xidmətinə verməsi və onlara boyun əydirməsidir.

“Göylərdə və yerdə nə varsa hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur.” (Casiyə, 13)

Uca Rəbbimiz Əkramul-Əkrəmindir, kərəm sahiblərinin ən üstünüdür və Ona bənzər bir kərəm/lütf sahibi yoxdur. Dualarımıza “ey Kərim” ləfzini əlavə etməklə, bu kərəmlərdən daha çox əldə edə bilərik..

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr