Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.

Allahın sizə ruzi olaraq verdiyi halal, təmiz nemətlərdən yeyin və iman etmiş olduğunuz Allahdan qorxun! (Quran, 5/87-88)

Peyğəmbərimiz , səhabələrinə nəsihət etdiyi söhbətlərinin birində, Qiyamət günü və axirət haqqında danışmış, oradakıların bir çoxu xüsusilə təsirlənmişdilər. Mövzunun təsirinə qapılan Hz. Əli, İbn Məsud və Miqdad kimi (Allah hər birindən razı olsun) bəzi səhabələr, Osman b. Məzun’un evində yığışaraq: daima gündüzləri oruc tutmaq, gecələri yatmadan namaz qılmaq, xanımlarının yanına getməmək, ət yeməmək və köhnə paltarlar geyinmək – şərtiylə yaşamağa, ömürlərinin qalan hissəsini bu cür keçirməyə, habelə, özlərini qısırlaşdırmağa belə niyyətlənmişdilər. Çünki dünya, onlar üçün artıq yaşamağa belə layiq olmayan bir yer kimi görünürdü..

 

Peyğəmbərimiz ﷺ bu vəziyyəti xəbər aldıqda dərhal yanlarına gəldi və:

”Mən belə bir qulluq (ibadət) formasıyla (Allah tərəfindən) əmr olunmadım. Bədən və nəfslərinizin sizin üzərinizdə haqları vardır: oruc tutub namaz qılın, lakin o cümlədən orucunuzu açıb yeyin (zamanı çatanda iftar edin) və yatın (yəni, gecələri tam olaraq yuxusuz keçirmək lazım deyil). Mən namaz qılır və yatıram; oruc tutur və iftar edirəm; ət yeyirəm; xanımlarıma da yaxınlaşıram. Mənim yolumdan çıxan, məndən deyil!” – deyərək, İslamın bu cür tərki-dünyalığı əmr etmədiyini, dinimizin praktiki bir din olduğunu və axirəti qazanmağın bu cür qəliz rituallara bağlı olmadığını bildirdi. Məhz bu hadisə üzərinə, yuxarıdakı ayələr nazil oldu.

 

Deməli, din sevgisi – Peyğəmbərin ﷺ etmədiyi əməllərlə reallaşmır, əksinə, Onun ﷺ dövründə edilməyən dini əməllər – qətiyyətlə rədd olunmağa məhkumdur. Niyyət nə qədər gözəl olursa olsun, bu mövzuda heç bir önəmi olmayacaq.

 

Ayxan Yaquboğlu (islamevi.az)

Bənzər Məqalələr