Məscid minarələrinin bütpərəst məbədlərinə uzanan maraqlı tarixcəsi
Ərəbcədə “alovun (işığın) görünüdüyü yer” mənasını ifadə edən minarə (المنارة) bu gün İslam memarlığının əsas nümunələrindən biri sayılır. Lakin Peyğəmbərin (ﷺ) dövründə əzan oxunan yer mənasını ifadə edən “mi’zənə” (مئذنة) adlı hündür bir yerdən əzan oxunaraq məsciddəki ibadət vaxtları elan olunardı. Üçüncü raşid xəlifə Osmanın (643-656) hakimiyyəti dövründə müsəlmanlar qərbi Xorasanı ələ keçirdikləri vaxt buradakı buddist-maniheist məbədlərində “stupa” adlanan binaları görmüşdülər. Bir növ baca şəklindəki bu tikilidə yanan alovun şöləsi və tüstüsü ibadət vaxtlarını elan edirdi. Xorasan (indiki Əfqanıstan, qərbi Tacikistan, cənub-şərqi Türkmənistan, şərqi Özbəkistan) sözü gedən dövrdə buddizm və maniheizmin əsas mərkəzlərindən idi. Sanskrit (qədim hind) dilindəki “Viharati” kəlməsi sonralar ərəbcələşərək Vihara/Buxara şəklini almışdı. “Vihara” buddist-maniheist məbədinə deyilirdi. Buxara İslama qədər buddizmin orda Asiyadakı mərkəzi idi.
Abbasilərin ilk dövründə ən az hakim ailə qədər nüfuz, güc və şöhrət sahibi olan Bərməki ailəsi əslən Əfqanıstanın Bəlx şəhərindən idi. Bu ailənin adını götürdüyü Bərməkin bir vaxtlar buddist rahibi olduğu bildirilir. “Vihar-Maq” yəni vihara maqı (möbid, rahib) ərəbcələşərək Bərmək şəklinə düşmüşdü. Bərməkin oğlu İslamı qəbul etmiş, nəvəsi Yəhya isə Harun ər-Rəşidin vəziri olmuşdu. Vəzir Yəhya əl-Bərməkinin gözəl qoxu saçsın deyə Kə’bənin içində buxurdan qoyub buxur yandırmaq təklifinə xəlifə Harun ər-Rəşid “Kə’bə sənin üçün məcusi məbədi deyil” deyə cavab vermiş, bununla onun ulu babasının buddist mənşəyinə eyham vurmuşdu. “Mu’cəm əl-Buldan” müəlilfi coğrafiyaşünas Yaqut əl-Həməvi yazır ki, Bəlxdə bir vaxtlar Nav-Vihar adlanan nəhəng buddist məbədi var idi. Müəllif hətta Çin və Hindistandan belə buradakı nəhəng bütlərə sitayiş üçün gələnlər olduğunu bildirir. Vəzir Yəhya əl-Bərməkinin ulu babası həmin bu məbədin baş rahibi idi. Dinlər, məzhəblər və dini cərəyanlar haqqında “əl-Fərq beynəl-Firaq” əsərinin müəllifi Əbdulqadir əl-Bağdadi (öl. 1037) gözəl qoxu gəlməsi bəhanəsi ilə məscidlərdə buxur yandırılması bid’ətinin batinilər tərəfindən qəsdən ortaya atıldığını, məbədlərdə buxurdanlıq qoyub buxur yandırmanın məcusilərin dini rituallarından olduğunu yazır. Hündürlüyü 28.5 m olan qədim buddist stupalarının (minarə) “Chakari” adlanan bir nümunisə bu gün Əfqanıstanda qalmaqdadır.
Dr. Elnur Nəsirov