media-img_4019

Şükr – insanın xoşbəxtliyini təmin edən çox özəl bir vasitədir. Həqiqi şükrün öz əlamətləri vardır və bu, təkcə ara-sıra dil ilə “şükür” sözünü deməkdən ibarət deyil. İnsanın öz nəsibi ilə razılaşmaması, daima narazılıq ifadə etməsi – şükürsüzlüyün bariz bir ifadəsidir. Təsəvvür edək, hər şeyi yoxdan var edən bir Yaradanın yaratmış olduğu bir varlıq, “mən bu nəsib (ruzi, ailə, həyatdakı çətinliklər və s.) bölgüsünə razı deyiləm” deyir. Quranda İsrail övladlarının bu narazılığı barədə belə xəbər verilir:

“Bir zaman (çətinlikdə olduğunuz zaman, Allahın bəxş etdiyi nemətlərə üsyan edərək) siz: “Ey Musa! Bir növ yeməyə dözə bilməyəcəyik. Bizim üçün Rəbbinə dua et ki, bizə torpağın bitirdiklərindən – tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğandan yetirsin!” – demişdiniz. Musa demişdi: “Xeyirli olanı daha az dəyəri olanlamı dəyişdirmək istəyirsiniz?..” (Quran, 2/61)

Bu naşükürlükdən sonra Uca Allah onlara qəzəblənmiş və onları cəzalandırmasınl xəbər vermişdir:

“.. Beləcə, onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə gəldilər..

Bəli, nəfs insanı buna bənzər üsullarla aldadır, əlində olan böyük lütfləri dəyərləndirərək onun Uca Yaradana təşəkkür etməsinə imkan vermir və beləcə, yavaş-yavaş azğınlaşmaq yoluna aparır.

Əlində olanlarla razılaşmayan və nəfsi tələblərini artırmağa davam edən insanın aqibəti, hər zaman heç də düşündüyü kimi olmur. Bəlkə də müəyyən qədər istədiklərinin bir qisminə nail olur, lakin, bu yolda buraxdığı nəfsi xətalar, qəlb rahatlığını əldə etməsinə əngəl olaraq, onun depressiv gərginliklərə düçar olmasına və əldə etdiklərindən zövq belə ala bilməməsinə səbəb olur. Əgər qəlbində bu narahatlığı hiss edirsə, bu da Allahın bir lütfüdür. Çünki, neçə-neçə insan, bu hisdən məhrum olmuş və qəlbi daşlaşaraq öz yanlışlarını düşünüb analiz edə bilməz bir hala gəlmişdir. Allah qorusun.

Həqiqətən də, xoşbəxtliyi maddədə axtaran və qane olmağı bacarmayan insan, axtarışa çıxdığı o xoşbəxtlikləri tapa bilmir. Əksinə, ancaq qəlb narahatlığını qazanaraq, daha öncəki səadətini itirir. Hansı ki, buna səadət olaraq baxmaz və şükür etməzdi. Zamanın keçməsilə o, bunları daha yaxşı düşünür və bu səbəblə də, özü üçün faydalı nəticələr çıxarmaq asanlaşır. Lakin, bu da, hər kəsə nəsib olmayan böyük bir lütfdür. İnsan, qəlbinin daşlaşmaması və daima həlim qalması üçün çoxlu dua etməlidir. Çünki, qəlb bağlanarsa, insan öz yanlışlarını doğru hesab edərək, həm dünya, həm də axirətin məyuslarından olar..

Müasir dünyanın tərtib etdiyi sosial aləm insanları çox yanıldır. Qəmgini xoşbəxt, axmağı ağıllı və mərhəmətlini səfeh kimi göstərən sosial şəbəkələr, insanların düşüncələrini manipulasiya edir və yanlış təsəvvür formalaşdıra bilir. İç dünyası darmadağın olub, kənardan xoşbəxtlikdən uçurmuş kimi görünən insanların real həyatları əksər vaxtlar tamamilə fərqli olur. Buna – ilkin bir təqdimata bənzədiyi, kənardan rəngarəng göründüyü, lakin daxilindəkilərin hələ tam bilinmədiyi üçün “demo versiya” da deyə bilərik.

Dünya istəklərinin verdiyi şiddətli tələb və eqoizm – insanı dünyanın əcaib qəlb sıxıntılarına düçar edərək, onu daha böyük xoşbəxtliklər olan şükür nuru və bunun nəticəsi olan əbədi həyat nemətlərindən məhrum edə bilər. Bunun əlamətləri isə, elə bu dünyada hiss edilər, yəni, insanın qəlb xoşbəxtliyini itirməsi və daima depressiv hallarda olması ilə müşahidə olunar. Uca Allah belə buyurur:

“Kim dünya nemətini (təkcə nəfsi arzularını) istəyərsə (şükür etməzsə), dilədiyimiz kəsə, orada (dünyada) istədiyimiz qədərini tezliklə verərik. Sonra da onu, qınanmış və qovulmuş bir vəziyyətdə cəhənnəmə atarıq.” (Quran, 17/18)

Məhz bu səbəblərdən dolayı, dövrümüzdə bir çox insan psixoloji gərgin və depressiv, habelə nə istədiyini bilməyəcək haldadırlar. Bəlkə də tarix boyu bəhs etdiyimiz vəziyyətdə olan insanların sayı bu qədər çox sayda olmamışdır. Hər dərdin dərmanını psixoloqlarda (qeyd: psixoloq yardımına qarşı deyilik, sadəcə çıxış yolunu sadəcə bunda hesab etməyi düzgün hesab etmirik) və ya psixologiyadan anlayışı belə olmayan bloggerlərdə axtarmaq bir nəticə verməz.. Bunun müalicəsi – psixoloji yardımdan daha öncə, mənəvi qidalanmaqdadır. Çox sadə, lakin yeganə müdhiş effektə malik bir metod mövcuddur: şükür. Amma, çoxlu və həqiqi şükür..

Bu metodu tətbiq etmək – “mənim üstünlüklərim çoxdur, filankəsdən nəyim əksikdir ki?” deyərək, özünü daima hər şeyin daha da yaxşısına layiq hesab edən və beləcə, bir çox anlarda özü də fərqində olmadan naşükürlük edən modern dövrün şıltaq insanını tamamilə dəyişə biləcək gücdədir. Habelə, onun – həqiqi xoşbəxtliyinə əngəl olan eqoizm çirkabı və bunun ağır nəticəsi olan qəlb narahatlığından qurtulmasına da yardım edir. Özü də bilmədən Allaha üsyan bayrağı açan və nəsibində olan gözəl lütfləri görə bilməyərək şükür etməyi ağlına belə gətirməyən insan, əslində özü-özünə zərər yetirir. Bunun nəticəsini isə, ağır bir qəlbi yük olaraq həyatının davamında görür və hiss edir.

Bəli, həyat yaşamını yaxşılaşdırmaq üçün çalışmaq, səy göstərmək lazımdır və təbii ki, buna neqativ yanaşılmır. Lakin, insan – əgər çalışmaqla bərabər, ‘nəsib’ anlayışını qəlbində hakim edərək əlindəki ilahi lütflərə şükür etməyə, həmçinin, onları gözardı etməməyə və narazılıq etmədən nəsibinə qane olmağa da çalışsa, Allah onun üçün – çalışdığının qarşılığında əldə edə biləcəklərindən qat-qat artığını nəsib edəcək. “Vaxtilə Rəbiniz: “Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, (bilin ki,) həqiqətən, əzabım çox şiddətlidir!” – deyə bildirmişdi.” (Quran, 14/7)

Hz. Muhəmməd buna işarə edərək belə buyurmuşdur: “Allahın sənə verdiyi ilə razılaş. İnsanların ən zəngini olarsan.” (Tirmizi)

Qeyd etdiyimiz ayə və hədisdə, şükürlə bərabər, qane olmağın nəticəsi olaraq nemətlərin artacağına zəmanət verilir. İlahi bir zəmanət! Bu nemətlərin ən böyüyü isə, şübhəsiz ki, qəlbin rahatlığı və xoşbəxtliyidir. Allah gözəllik və bərəkəti elə artırar ki, insanın ağlı dumanlanar.. Sıxıntı davam edə bilər, lakin, Allah qəlbə elə bir rahatlıq, elə bir sərinlik verər ki, insan bu sıxıntının yanğısını hiss etməz.. Bu dünyada maddiyyatla əldə edilə bilməyən yeganə və ən böyük xoşbəxtlik də, məhz budur:

“Kişi və ya qadınlardan Allaha gerçək mənada iman etmiş (mömin) olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.” (Quran, 16/97)

Quranın bildirdiyi ‘gözəl bir həyat’-dan qəsd olunan – maddi olaraq yüksək və lyuks yaşam tərzi deyildir. Qəlbi rahat və huzurlu, depressiv və qəmgin düşüncələr içində boğulmaqdan uzaq, Allahın lütflərini görərək nəsibinə qane olan və daima şükür içində yaşayan insandır – həqiqi xoşbəxt insan. Bunlardan başqa hər bir şeyin zövq və ləzzəti – müvəqqəti və keçicidir. Bir sözlə, əsas olan – zahir deyil, qəlbin dərinliklərindəki səadət və rahatlıq hissiyyatıdır. Bu, böyük bir lütf, hədiyyə və şəfadır!

Allaha bağlı olub, Ona bol-bol şükür edən və Onun lütflərinə görə daima minnətdar olan bəndə – bu xoşbəxtliyin dadını həm bu dünyada, həm də əbədi həyatda doya-doya dadacaqdır..

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı