featured-image-1960

Nəhrəvan döyüşündən iki il keçdikdən sonra ara sakitləşən bir vaxtda xəvariclərdən üç nəfər könüllü, Əli ibn Əbu Talibi, Müaviyə ibn Əbu Sufyanı və Amr ibn əl-Ası qətlə yetirmək haqda Məkkə şəhərində əhd bağladılar.
Onlar deyirdilər: Bu üç nəfəri qətlə yetirməklə Allaha ibadət edək. Onların iddiasına görə bu yolla camaatı bu üç nəfərdən xilas etmək lazımdır. Əbdürrəhman ibn Mülcəm əl-Muradi dedi: Mən Əlini öldürəcəyəm. Əl-Bərak ət-Təmimi dedi: Mən isə Müaviyəni öldürəcəyəm. Amr ibn Bəkr ət-Təmimi isə dedi: Mən isə Amr ibn əl-Ası öldürəcəyəm. Onlar qətli Ramazan ayının on yeddinci gecəsi etməyi qərarlaşdırdılar.

Amr ibn əl-As Misirdə, Müaviyə Şamda, Əli isə Kufədə idi. Əli Sübh namazına gələrkən İbn Mülcəm onu bir həftə öncə zəhərə batırdığı xəncərlə vurdu. Əli vurulanda dedi: Mən sağalsam özüm onu mühakimə edəcəyəm. Yox əgər mən ölsəm qisasımı ondan alın. İbn Mülcəm dedi: Xeyr, Allaha and olsun, mən onu bir həftədir ki, zəhərə batırmışam.
Əli vəfat etdikdən sonra İbn Mülcəmi gətirib iki əlini kəsib, gözlərini çıxartdılar. Amma o bundan təsirlənməmişdi. Onun dilini kəsmək istədikdə qorxdu. Orada olanlar dedilər: İndi qorxursan? O dedi: Mən, bundan sonra yaşayacağım müddətdə Allahı zikr edə bilməyəcəyimdən qorxuram!
Sübhənallah! Açıq-aşkar zəlalət budur. Belə haldan Allaha sığınırıq. Allah dostlarından birinin qanını halal edib (qətlə yetirib), sonra yaşayacağı müddətdə Allahı zikr etməkdən məhrum olmasından qorxur!
əl-Bərak da Sübh namazında Müaviyəni vurdu. Zərbə ona dəysə də öldürücü olmadı. Rəvayətlərə əsasən bu zərbə onun bir daha övladı olmamasına səbəb oldu.
Amr ibn əl-Ası qətlə yetirmək istəyən də Sübh namazına gəlmişdi. Amr, ishal xəstəliyinə tutulduğundan camaata namaz qıldırmaq üçün məscidə çıxmamışdı. Namaza imamlıq edən adamın Amr ibn əl-As olduğunu zənn edərək onu qətlə yetirdi. Namaza imamlıq edən Xaricə ibn Əbu Həbib adlı bir nəfər idi. Qatil onu namazda olduğu halda vuraraq qətlə yetirdi. Onu tutdular və dedilər: Sən nə etdin?
O dedi: Camaatı amr ibn əl-Asın əlindən xilas etdim.
Dedilər: Sən Amrı öldürməmisən, Xaricəni öldürmüsən.
O dedi: Mən Amrı öldürmək istəyirdim, Allah isə Xaricənin ölməsini istədi[1].
Sonda hər üç qatil: Bərak, İbn Mülcəm və Amr ibn Bəkr ət-Təmimi – öldürüldülər[2].

[1] Bu söz bir məsəl olaraq dillərdə qaldı.
[2] ət-Təbaqat əl-Kubra: 3, 35. əl-Bidayə vən Nihayə: 7, 338.

Bənzər Məqalələr