Ömərin (r.a) gördüyü mühüm işlər (Farsların məğlub olması və Əcnadeyn” döyüşü)
Qadisiyyə döyüşü (Hicri 14-cü il, Məhərrəm ayı)
Ömər (r.a) özü şəxsən İraqın fəthində iştirak etmək qərarına gəldi. O, Əli ibn Əbu Talibi (r.a)Mədinədə öz yerinə təyin etdi.
Əbdürrəhman ibn Auf (r.a) Ömərə (r.a) dedi: “Mən qorxuram ki, sən məğlub olsan bütün ölkələrdəki müsəlmanlar zəifləsin. Mən elə düşünürəm ki, sən Mədinəyə qayıtmalı və bu işi bir nəfərə həvalə etməlisən. Ömər (r.a) də daxil olmaqla bütün səhabələr Əbdürrəhmanın (r.a) bu fikrini düzgün hesab etdilər.
Ömər (r.a) dedi: “Bəs sən bu işin həvalə edilməsi üçün kimi məsləhət görürsən?”
Əbdürrəhman ibn Auf (r.a) dedi: “Aslan pəncəsinə malik Səd ibn Əbu Vaqqası .”
Ömər (r.a) bu fikirlə razılaşdı. Səd (r.a) bir rəvayətə görə dörd min, digər rəvayətə görə isə altı minlik qoşunla İraqa tərəf üz tutdu.
Ömər (r.) dedi: “Allaha and olsun, Ərəb kralları ilə əcnəbi krallarını məğlub edəcəyəm.” Sonra Səd ibn Əbu Vaqqasa (r.a) əmr etdi ki, qəbilələrə əmirlər təyin etsin və onlara görüş yerinin Qadisiyyə olduğunu bildirsin.
Bu qoşunda üç yüzdən artıq səhabə var idi. Onların yetmiş nəfəri Bədr döyüşündə iştirak edənlər idi. Həmçinin bu qoşunun tərkibində yeddi yüzdən çox səhabə övladları da var idi. Farslar Rüstəmin sərkərdəliyi altında birləşmişdilər. O, səksən minlik və ya daha çox qoşunla döyüşə gəlmişdi. Onun qoşununda 33 ədəd fil var idi. Səd (r.a) Rib`iy ibn Amiri (r.a) Rüstəmin yanına danışığa göndərdi.
(Əl-Bidayə vən Nihayə” 7/40.)
Rib`iy Rüstəmin qərargahına daxil oldu. Onlar məclisi qızıl saplardan toxunmuş döşəkçələr və ipək xalılarla döşəmiş, hər tərəfi möhtəşəm zinət əşyaları ilə, bahalı yaqut və incilərlə bəzəmişdilər. Yuxarı başda isə Rüstəmin qızıl taxtı yerləşdirilmişdi. Bundan əlavə məclisdə digər qiymətli əşyalar da var idi. Rüstəm öz taxtında oturmuşdu. Rib`iy köhnə-kürüş paltarda, qısa qılınc-qalxan və alçaqboylu atla məclisə daxil oldu. O, atı ilə qiymətli xalının bir tərəfini tapdalayana qədər irəlilədi, atından enib yüyənini yerdəki döşəkçələrin bir neçəsinə bənd etdi. Sonra əlində silah, əynində zireh və başında dəbilqə, Rüstəmə tərəf yaxınlaşdı. Ona dedilər: “Silahını yerə qoy!”
O isə belə cavab verdi: “Mən istəyərək gəlməmişəm. Siz çağırmısınız, mən də gəlmişəm. Ya məni belə buraxacaqsınız, ya da mən geri qayıdacam.”
Rüstəm dedi: “Qoyun gəlsin!”
Rib`iy nizəsinə söykənərək onu döşəkçələrə batıra-batıra irəli addımlayırdı. Bu şəkildə o, döşəklərin əksəriyyətini deşik-deşik etdi.
Ona dedilər: “Sizi bura gəlməyə nə vadar etmişdir?”
Rib`iy dedi: “Allah bizi göndərmişdir ki, istəyi olan kəsləri bəndələrə ibadətdən Allaha ibadətə, dünya sıxıntısından onun rahatlığına, dinlərin zülmündən İslamın ədalətinə yönəldək. Allah bizi Öz dini ilə yaratdıqlarına göndərmişdir ki, insanları bu dinə çağıraq. Kim bu çağırışı qəbul edərsə, biz də ondan bunu qəbul edib geri dönərik. Kim bundan imtina edərsə, Allahın vədəsi yetişənə qədər onunla döyüşərik.”
Onlar dedilər: “Allahın vədəsi nədir?”
Rib`iy dedi: “(İslamı qəbul etməkdən) İmtina edənlərə qarşı döyüşüb ölənlərə Cənnət, sağ qalanlara isə qələbə!”
Rüstəm dedi: “Mən sizin tələblərinizi eşitdim. Həm biz, həm də siz bu haqda fikirləşmək üçün möhlət verə bilərsinizmi?”
Rib`iy dedi: “Bəli. Sizə neçə gün xoşdur? Bir ya iki gün?”
Rüstəm dedi: “Xeyr, biz gərək böyüklərimizlə və müşavirlərimizlə məsləhətləşək.”
Rib`iy dedi: “Peyğəmbər (r.a) bizə, döyüş meydanında düşmənlərə üç gündən artıq möhlət verməyimizə icazə verməmişdir. Sən özünün və camaatın işinə bax və tez bir vaxtda bu üç bənddən birini seç! Ya İslamı qəbul et, ya öz dinində qalıb cizyə ver, ya da döyüşməyi seç.”
Rüstəm dedi: “Sən onların (müsəlmanların) ağasısanmı?”
Rib`iy dedi: “Xeyr! Ancaq müsəlmanlar bir bədən kimidirlər. Bədənin bir üzvü digərinin üzərində qurulduğu kimi, müsəlmanlar da bir-birilərinə dayaq olarlar.”
Rüstəm tayfa başçılarını bir yerə yığıb dedi: “Siz bu kişinin danışığından daha qüvvətli və daha doğru bir kəlam eşitmişdinizmi?”
Onlar dedilər: “İraq olsun! Birdən bu itin dediklərinə meyl edər, öz dinini tərk edərsən! Sən onun paltarını görmürsən?”
Rüstəm dedi: “Vay sizin halınıza! Siz paltara baxmayın! Onun düşüncəsinə, danışığına və davranışına baxın. Ərəblər geyim-keçimə, yemək-içməyə çox əhəmiyyət verməz, əsas şərəf və ləyaqətlərini qoruyarlar.”
İbn Kəsir deyir: “Qadisiyyə döyüşü çox əzəmətli bir döyüş idi. İraq vilayətində ondan qəribə döyüş olmamışdı. Belə ki, qoşunlar üzləşən zaman Səd ibn Əbu Vaqqas س oturaq əsəbinin iltihabı (işias) xəstəliyinə tutulmuş və bədəninə çiban çıxmışdı. O, öz miniyinə belə otura bilmirdi. Qəsirdə sinəsini yasdığa söykəmiş qoşuna baxır və öz göstərişlərini verirdi. Qoşunun idarəçiliyini Xalid ibn Ərfətəyə həvalə etmişdi”.
( “Əl-Bidayə vən Nihayə” 7/44.)
Döyüş başlandı və sərkərdələr ordunu döyüşə səslədilər. Hər iki tərəf meydana atıldılar və qızğın döyüş başlandı. Amr ibn Mədi Kərb, əl-Qa`qa ibn Amr, Cərir ibn Abdullah əl-Bəcəli, Xalid ibn Ərfətə, Dirar ibn əl-Xəttab, Tuleyhə əl-Əsədi kimi cəsarətli igidlər bəlanın ən gözəlinə uğradılar. Döyüş üç gün üç gecə davam etdi. Müsəlmanlar filləri və onların üzərində olan döyüşçüləri məhv etdilər. Şiddətli əsən külək farsların çadırlarını yerindən qoparıb dağıtdı. Beləliklə, müsəlmanlar qələbə çaldılar. Bunu görən Rüstəm miniyinə minərək qaçıb canını qurtarmaq istədi. Lakin müsəlmanlar onu yaxalayaraq öldürdülər.
Hicrətin 15-ci ili “Əcnadeyn” döyüşü:
Bu döyüş müsəlmanlarla Bizans arasında baş verən həlledici döyüşlərdəndir. Amr ibn əl-As )r.a) öz ordusunu Əcnadeyn adlı yerə apardı. Öz növbəsində Bizans qoşunu Ərtəbunun (Bu söz “fərasətli komandir” mənasını verir. (tərc.)) sərkərdəliyi altında yola çıxmışdı. Bu xəbəri eşidən Ömər ibn əl-Xəttab (r.a) dedi: “Biz Bizansın Ərtəbununu ərəblərin Ərtəbunu ilə hədəfə almışıq. İndi gözləyin görək nəticə nə olacaq.”
Amr ibn əl-As (r.a) Əcnadeyn uğrunda gedən mübarizədə Ərtəbunun əzmini qıra bilmirdi. Ona göndərdiyi elçilərin də səmərəsi olmurdu. Ərtəbunun vəziyyətini daha da dəqiq öyrənmək istəyən Amr ibn əl-As (r.a) , özü Amr ibn əl-Asın elçisi adıyla Ərtəbunun yanına getməyi qərara aldı. Ərtəbutun hüzuruna daxil olub onunla lazimi qədər söhbət etdi. Ərtəbun gələn elçinin elə Amr ibn əl-Asın özü olduğunu ehtimal edərək yanında duran gözətçini çağırıb qulağına pıçıldadı. Amr ibn əl-As (r.a) elə zənn etdi ki, artıq Ərtəbun onu tanıyıb və öz keşikçisinə onu öldürməyi tapşırır.
Amr (r.a)Ərtəbuna dedi: “Ey Əmir! Mən sənin, sən də mənim sözümü dinlədin. Mən Amr ibn əl-Asa (r.a)nəzarət etmək üçün Ömərin (r.a) göndərdiyi on nəfərdən biriyəm. Mən istəyirəm ki, onları da sənin yanına gətirim, sən onları onlar da səni dinləsinlər.”
Ərtəbun dedi: “Yaxşı, get onları da gətir”. Sonra daha bir gözətçini çağırıb onun da qulağına pıçıldadı. Amr )r.a) oradan çıxıb getdikdən sonra Ərtəbun onun yanına gələn elçinin Amr ibn əl-As (r.a) olduğunu bildikdə dedi: “Bu kişi məni aldatdı. Allaha and olsun, bu, ərəblərin ən tədbirlisidir.”
Bundan sonra Əcnadeyndə döyüş oldu və Allah müsəlmanlara qələbə bəxş etdi. Ərtəbun İlyaya (Beytül Məqdisə) gedərək orada sığınacaq tapdı.
——————
Tarixi Hadisələrin Təhlili Kitabı
Şəriət Elmləri Doktoru
Osman Xəmis
Tərcümə etdi
Abdurrəhim Muradlı
Tarixi Hadisələrin Təhlili Kitabı, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin DK235B saylı məktubu əsasında nəşr edilmişdir.