Onlar Allahdan qorxardılar…
Ömər ibn AbdulAziz-in (Allah ona rəhmət etsin) zövcəsi Fatimə (Allah ona rəhmət etsin) Öməri xatırlayaraq buyurur:
-Ömər ibn Abdul Aziz yatağından qalxanda qorxu içərisində dik atılardı və qalxıb namaz qılardı, ağlayardı. Onu görəndə deyərdin ki, eləbil indi onun ruhu çıxacaq və beləcə fəcr azanına qədər davam edərdi.
Bir gün gecə namazına qalxdı və hönkürtü ilə ağladı. Hətta bizi də ağlatdı. Səhər ondan soruşduq:
-Ya Ömər, Allah sənə rəhm etsin, axı səni ağladan nə idi?
O belə cavab verdi:
-Allahu təalənin bu kəlamı məni ağlatdı:
فريق في الجنة و فريق في النار
“(İnsanların) bir qismi Cənnətdə, digər qismi isə Odda olacaqdır.” (Şura surəsi, 7)
Düşündüm ki, görəsən mən hansı qismdənəm? Cənnətə gedənlərdən, yoxsa Cəhənnəmə atılanlardan?!
Sələfilərdən olan Ali ibni Fudeyl (Allah ona rəhmət etsin) gecə namazı qılırdı. Və namazda ikən bu ayəni oxuyur:
“Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi (dünyaya) qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq”— dediklərini görəydin!” (Ənam surəsi 27)
Bu zaman hönkürtü ilə ağlamağa başlayır, huşunu itirir və bir daha özünə gəlmir.
SubhənAllah. Bu böyük alim ayənin əzəmətindən, həmin anın dəhşətindən ruhunu Allahu təalə tapşırır və ayəni tamamlaya bilmir.
Bir gün Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) tələbəsi olan Həsənul—Bəsri (Allah ona rəhmət etsin) hönkürtü ilə ağlamağa başlayır. Ondan bunun səbəbini soruşduqda o, belə cavab verir:
-“Qorxuram ki, Allah subhənəhu və təalə məni oda atsın və bir daha yadına salmasın.”
İbnul Qayyum “Cəvabul Kəfi”
Ömər ibnul Xattab (Allah ondan razı olsun) bir gün namazda bu ayəni oxudu:
“O dedi: Mən dərd-qəmimi yalnız Allaha açıb söyləyirəm və Allahdan (nazil olan vəhy sayəsində) sizin bilmədiklərinizdən agah oluram. (Yusuf surəsi, 86)
Və ağlamağa başladı, hətta arxasındakıları da ağlatdı.
İbni Qayyum “Mənaqibil Ömər”
———————
www.islamevi.az