featured-image-2557

HİCRİ 24-CÜ İLİN ƏVVƏLİ. ƏMİRƏLMÖMİNİN
OSMAN BİN ƏFFANIN XƏLİFƏLİYƏ BAŞLAMASI

Ömər bin Xəttab özündən sonra xilafəti idarə etmək üçün cənnət müjdəsi verilmiş altı nəfərdən – Osman bin Əffan, Əli bin Əbu Talib, Təlhə bin Übeydulla, Zübeyr bin Əvvam, Sə’d bin Əbu Vəqqas və Əbdürrəhman bin Övfdən ibarət şura yaratdı ki, onlardan biri xəlifə tə’yin edilsin. Ömər dedi: “Nə diri, nə də ölü ikən onların gördüyü işin məs’uliyyətini daşımıram. Allah sizə xeyir vermək istəsə, hamınızı onların xeyrinə şərik edər. Necə ki, Allah Peyğəmbərinizdən sonra hamınızı xeyirlə birləşdirdi”. Ömərin allahpərəstliyindən idi ki, cənnət müjdəçilərindən olmasına baxmayaraq, Səid bin Zeyd bin Nəfili şuraya daxil etmədi, çünki əmisi oğlu idi, ehtiyat edirdi ki, bunu nəzərə alıb qohumluğa görə onu xəlifə tə’yin edələr. Ona görə də Səid şuradan kənarda qaldı. Ömər şura üzvlərinə dedi ki, Abdulla bin Ömər məsləhətçi kimi sizinlə birlikdə olacaq, amma onun məsələyə qarışacağı yoxdur. Tövsiyə etdi ki, şura üzvləri yığışıb məşvərəti qurtaranadək üç gün Süheyb bin Sinan Rumi camaatla namaz qılsın. Əbu Təlhə Ənsari və Miqdad bin Əsvəd başda olmaqla əlli müsəlmanı şurada özünün səlahiyyətli nümayəndəsi tə’yin etdi və beləliklə, məsələ qurtardı. Ömər dedi: “Zənn etmirəm ki, camaat kimisə Osman və Əliyə bərabər tutsun, çünki Cəbrayıl əleyhissəlamın Rəsulullaha nazil etdiyi vəhyləri Peyğəmbərin yanında yazan onlar olublar”.
Məqsəd bu idi ki, şura üzvləri məşvərət keçirdikləri evə qapanıb camaatdan aralı olsunlar. O vaxta qədər ki, onlardan üçü öz hakimiyyət hüququnu digər üç nəfərə güzəştə getsin. Beləliklə, Zübeyr hakimiyyət hüququnu Əli bin Əbu Talibə, Sə’d Əbdürrəhman bin Övfə, Təlhə Osman bin Əffana verdi. Əbdürrəhman Osman və Əliyə dedi: “İkinizdən hansı bu sınaqdan uğurla çıxsa, onu seçərik ki, qalan iki ən yaxşı adama rəhbər olsun”. Osman və Əli susdular. Əbdürrəhman dedi: “Mən öz hüququmdan əl çəkirəm. Allah şahiddir ki, hər şeyi edirəm, hüququmu ikinizdən ən layiqliyə, ən yaxşıya verirəm”. Dedilər: “Oldu”. Onların hər biri ilə danışdı, və’d aldı ki, onu seçsələr, ədalətli olacaq, seçilməsə isə, seçilənin sözünü eşidəcək, ona itaət edəcək. Dedilər: “Oldu”. Bundan sonra dağılışdılar.
Əbdürrəhman var qüvvəsini sərf edib başladı camaatın rə’yini öyrənməyə. Başbilənlərlə, ağsaqqallarla bir-bir, iki-iki, gizli, aşkar məsləhətləşməyə. Hətta qadınların, yeniyetmələrin, üç gün ərzində Mədinəyə gələn atlıların və köçərilərin fikrini soruşdu. Kimdən soruşdusa, onları göstərdi. Əliyə dedi: “Səndən soruşsam, kimi deyərsən?” Dedi: “Osmanı”. Osmandan soruşdu, o da dedi: “Əlini”. Dördüncü gün səhəri bacısı oğlu Misvər bin Məkrəməyə əmr etdi ki, onların ikisini də çağırsın. Onlar Əbdürrəhmanın yanına gələndə qabaqlarına çıxıb dedi: “Sizin barənizdə camaatın fikrini öyrəndim. Elə bir adam görmədim ki, kimisə sizə bərabər tutsun”. Sonra hər ikisindən və’d aldı ki, seçilsə, ədalətli olacaq, seçilməsə, seçilənin sözünü eşidəcək, ona itaət edəcək. Hər biri dedi: “Oldu”.
Sonra məscidə tərəf getdilər. Əbdürrəhman başına Rəsulullahın bağışladığı əmmaməni qoymuş, qılıncını bağlamışdı. Mühacirlərin və ənsarların ağsaqqallarının yanına adam göndərdi. Əzandan sonra müəzzin bildirdi ki, namaz cümə namazıdır. Məscid adamla doldu. Camaat cərgələrə düzüləndə Osman lap arxada yer tapa bildi, çünki çox təvazökar adam idi. Sonra Əbdürrəhman minbərə qalxıb dedi: “Camaat! Gizli və aşkar fikrinizi soruşdum. Heç kimi bu iki adamdan birinə – Əliyə və ya Osmana bərabər tutmadığınızı gördüm. Əli, gəl yanıma”. Əli qalxıb onun yanına gəldi, minbərin altında dayandı. Əbdürrəhman onun əlindən tutub dedi: “Sən Allahın Kitabına, Peyğəmbərin Sünnəsinə, Əbu Bəkrin və Ömərin əməllərinə sədaqət andı içirsənmi?” Əli dedi: “Yox. Amma bütün gücümlə bunu etməyə çalışaram”. Əbdürrəhman əlini uzadıb dedi: “Osman, dur gəl”. O, Osmanın əlindən tutub dedi: “Sən Allahın Kitabına, Peyğəmbərin Sünnəsinə, Əbu Bəkrin və Ömərin əməllərinə sədaqət andı içirsənmi?” Osman dedi: “Bəli”. Əbdürrəhman əli Osmanın əlinin üstündə ola-ola başını məscidin tavanına sarı qaldırıb dedi: “İlahi, üç dəfə eşit və şahid ol! İlahi, üzərimdə olan məs’uliyyəti daha daşımıram və bu məs’uliyyət Osmanın üzərinə düşür”. Sonra camaat yığışıb Osmana sədaqət andı içdilər. İlk and içənlərdən biri Əli bin Əbu Talib oldu.
Xəlifə Osmanın camaatla birgə qıldığı ilk namaz axşamçağı namazı oldu. Sonra o, qulluqçularına, şəhər başçılarına, sərkərdələrə, imam-xətiblərə, xəzinədarlara yazıb onlara şəriətə əməl etməyi buyurdu, pis işlər görməyi qadağan etdi, onları Allaha və Onun Peyğəmbərinə itaətə çağırdı.
Həmin il Vəlid bin Əqəbə Azərbaycan və Ermənistanı zəbt etdi, çünki bu ölkələrin əhalisi Hüzeyfə bin Yəməmə ilə bağlamış olduqları əhdi pozmuşdular. Nəticədə barışıq yarandı.
Həmin il rumlular Şama yürüş etdilər. Osman Vəlid bin Əqəbədən tələb etdi ki, Şamdakı dindaşlarına kömək etsin. Vəlid 8 min döyüşçü ayırıb Həbib bin Müslim Fəhrini qoşuna başçı tə’yin etdi. İki ordu – Müaviyənin və Həbibin orduları birləşib 80 minlik rum qoşununun üzərinə hücum etdilər, onları məğlubiyyətə uğradıb çoxlu qənimət götürdülər, qalalarını ələ keçirdilər.
Hicri 25-ci ildə Əbu Musa əl-Əş’əri Reyi fəth etdi. Misir əhli müsəlmanlarla bağladığı əhd-peymanı pozdu. Osman Əmr bin Ası onların üstünə göndərib əmin-amanlığı bərpa etdi. Həmin il Osman Abdulla bin Sə’d bin Əbu Sərəhi Afrika və Məğrib ölkələrini fəth etməyə göndərdi. Oraları fəth etsəydi, qənimətin beşdə birinin beşdə birinə sahib olacaqdı. Abdulla onların üstünə on minlik qoşunla getmişdi, bərbərlərin sayı isə 100 min idi. Müsəlmanlar Afrikanın düzünü də, dağını da fəth etdilər. Bundan sonra Afrika əhli islamı qəbul etdi və itaət göstərdi. Həmin il Osman Sə’d bin Əbu Vəqqası Kufə valiliyindən azad etdi və onun yerinə Vəlid bin Əqəbəni tə’yin etdi. Bu da Osmana qarşı narazılığa səbəb oldu.
Hicri 26-cı ildə Osman Kə’bə məscidini genişləndirdi.
Afrika və Məğrib ölkələri fəth ediləndə Osman dərhal Abdulla bin Nafini dəniz yolu ilə Əndəlüsə göndərdi. Müsəlmanlar gedib oranı fəth etdilər.
Hicri 28-ci ildə müsəlmanlar Şam əmiri Müaviyə bin Əbu Süfyanın rəhbərliyi ilə Kipri fəth etdilər.
Hicri 29-cu ildə Osman Əbu Musa əl-Əş’ərini Kufəyə rəhbərlikdən azad edib onun yerinə dayısı oğlu, 25 yaşlı Abdulla bin Amir bin Kureyzi tə’yin etdi. Həmin il Abdulla bin Amir fars ölkəsinin qalan hissəsini fəth etdi. Həmin il Osman Peyğəmbər məscidini genişləndirdi, onu əhəngdən tikdirdi. Məscidin uzunluğunu 160 qulac, enini 150 qulac etdi, 6 qapı qoydu. Həmin il Həcc zamanı Osman namazı Məkkədə tamamladı, onu qısaltmadı. Buna görə Əli, Əbdürrəhman və Abdulla bin Məs’ud onunla mübahisə etdilər. Osman namazı tamamlamaqdan vaz keçdi və üzr istəyib bildirdi ki, Məkkədə evlənib; o, elə zənn edirmiş ki, adam evlənəndə, bir yerdə oturub qalmalı və namazı tamamlamalıdır.
Hicri 30-cu ildə Osman Vəlid bin Əqəbəni çıxarıb onun yerinə Səid bin Ası əmir tə’yin etdi. Həmin il Peyğəmbərin üzüyü Osmanın əlindən Əris quyusuna düşdü. Osman nə qədər xərc qoydusa da, sə’y göstərdisə də, üzüyü tapa bilmədi, onun əvəzinə gümüşdən üzük düzəltdirib üstünə Məhəmməd Rəsulullahın adını həkk etdirdi.
Həmin il Müaviyə Əbuzərdən Osmana şikayət etdi, çünki o (Əbuzər), camaatı nəyi artıq qalırsa sədəqə kimi verməyə məcbur edir, ərzaqdan başqa nəsə yığıb saxlamağı qadağan edirdi. Şübhəsiz, Əbuzər səhv edirdi. Çünki Allahın mal-dövlət üzərində haqqı yalnız zəkatdır. Müaviyə bunu yaymağı ona qadağan etdi, lakin Əbuzər fikir vermədi. Sonra Əbuzər Rübzədə (Mədinənin kənarında) məskunlaşmaq istədi. Osman ona bu şərtlə icazə verdi ki, Mədinə ilə əhd-peyman bağlasın. Xaricilər bundan sui-istifadə edərək şaiyə yaydılar ki, guya Osman Əbuzəri sürgün etmişdir.
Həmin il Osman cümə günü cümə namazı zamanı Mədinədən kənarda bildiriş üçün üçüncü əzan artırdı. Çünki şəhər böyümüşdü və camaatın namaza hazırlaşmaq üçün kifayət qədər vaxtı olmalı idi.
Hicri 31-ci ildə Rum kralı Konstantin və farsların şahı Yəzdigürd müsəlmanlar tərəfindən öldürüldülər.
Hicri 32-ci ildə Müaviyə Rum ölkəsini fəth edib Bosfor boğazına çatdı.
Hicri 33-cü ildə Abdulla bin Əbu Sərəh təkrarən Afrika ölkələrini fəth edti, çünki oranın əhalisi əhdə xilaf çıxmışdı. Həmin il əmirəlmö’minin Osman bir qrup kufəli qareni (Qur’an bilicisini) Şama sürgün etdi. Buna səbəb o idi ki, onlar Sə’d bin Amirin yanında pis söz danışmışdılar. Osman Müaviyəyə yazıb göstəriş verdi ki, onları qarşılayıb yaxşılıq etsin, qonaqpərvərlik, lütfkarlıq göstərsin. Həqiqətən, Müaviyə onları açıq ürəklə qarşılayıb hörmət-izzət göstərdi. Ancaq onlar öz səhv hərəkətlərindən əl çəkməyib Qüreyşə tə’nə edir, Osmanı və Səid bin Amiri söyürdülər. Buna görə də Müaviyə onları Şamdan çıxartdı ki, camaatın beynini xarab etməsinlər. Onlar doqquz nəfər idilər: Kamil bin Ziyad, Əştər Nəx’i, Əlqəmə bin Qeys Nəx’i, Sabit bin Qeys Nəx’i, Cündüb bin Züheyr Amiri, Cündüb bin Kə’b Əzdi, Ürvə bin Cə’d, Əmr bin Hümq Xəzai və Sə’sə’ə bin Səvəhan. Şamdan çıxıb Homsa gəldilər. O vaxt Homs valisi Əbdürrəhman bin Xalid bin Vəlid idi. Vali onları hədələyib istədi ki, tutsun. Onlar öz əməllərindən əl çəkib tövbə etdiklərini bildirdilər. Onun hökmranlığı altında dəniz sahilində yaşayış üçün yer seçdilər. Vali buna icazə verdi və onlara ərzaq göndərdi. Əştər Nəx’i Osmana məktub yazıb özünün və dostlarının hərəkətlərinə görə ondan üzr istədi.
Hicri 34-cü il gəldi. Osmana itaətdən boyun qaçıranlar yazışmağa başladılar. Onlar Kufə əhlindən idilər, Kufədən sürgün edilmişdilər və Homsda Əbdürrəhmanın hakimiyyəti altında yaşayırdılar. Onlar Kufə əmiri Səid bin Asa qarşı çıxıb üsyan qaldırdılar, onu və Osmanı təhqir etdilər. Osmanın yanına danışıq üçün adam göndərdilər. Onlar Osmanı böyük əshabələri çıxarıb onların yerinə Bəni Ümeyyədən olan qohumlarını – uşağ-muşağı tə’yin etməkdə günahlandırırdılar. Osman şəhər başçılarına məktub yazıb onları məsləhətləşməyə çağırdı. Şam əmiri Müaviyə, Misir əmiri Əmr bin As, Məğrib əmiri Abdulla bin Əbu Sərəh, Kufə əmiri Səid bin As, Bəsrə əmiri Abdulla bin Amir gəldilər. Abdulla bin Amir Osmana məsləhət gördü ki, onların (kufəlilərin) başını müharibə ilə qarışdırsın. Səid məsləhət gördü ki, onları köklü-köməcli məhv etsin. Müaviyə məsləhət gördü ki, onlara heç fikir verməsin, çünki döyüşçü kimi qorxaq və zəifdirlər. İbn Əbu Sərəh məsləhət gördü ki, bəlanı dəf etmək üçün onları pulla ələ alsın. Əmr isə məsləhət gördü ki, onların tələblərini yerinə yetirsin, istəmədikləri adamları çıxartsın. Belə olanda Osman qərara aldı ki, bütün mənafeləri nəzərə alsın: bir hissəsinə pul göndərib ələ aldı, bir hissəsini müharibə üçün sərhəd bölgələrinə göndərdi, öz adamlarını isə çıxartmayıb vəzifələrində saxladı.
Əmirlər öz ölkələrinə qayıdanda Kufə əhalisi silaha sarılıb Səid bin Ası şəhərə daxil olmağa qoymadı ki, onun yerinə Əbu Musa əl-Əş’əri tə’yin edilsin. Səid geri qayıtdı. Osman onların bəhanələrinə son qoymaq üçün bu tələbi qəbul etdi.
Tarix biliciləri qeyd edirlər ki, müxtəlif qruplaşmaların Osmana qarşı çıxmasının səbəbi bu idi ki, əslən yəhudi olan Abdulla bin Səba adlı birisi özünü müsəlman kimi qələmə verərək Misirə gedib bir dəstə adam arasında özünün uydurduğu söz-söhbət yaymağa başladı. Bu söz-söhbət belə idi. Məsələn, Abdulla bin Səba birisinə deyirdi: “Məgər sübut olunmayıb ki, İsa bin Məryəm bu dünyaya qayıdacaq?” Həmin adam cavab verirdi: “Bəli”. Yəhudi deyirdi: “Rəsulullah ondan fəzilətlidir. O, İsa bin Məryəm əleyhissəlamdan şərafətli və fəzilətli olduğu halda niyə bu dünyaya qayıtmaqdan imtina etmişdir?” Sonra deyirdi: “Allahın göndərdiyi elə bir peyğəmbər yoxdur ki, ona (peyğəmbərə) öz əhlindən vəliəhd göndərməsin. Yuşə bin Nun Musa əleyhissəlamın vəliəhdi olduğu kimi, Əli bin Əbu Talib də Məhəmməddən sonra onun vəliəhdidir. Məhəmməd peyğəmbərlərin sonuncusu olduğu kimi, Əli də vəliəhdlərin sonuncusudur”. O daha sonra deyirdi: “Əlinin hökmranlığa, xəlifəliyə Osmandan daha çox haqqı var. Osman hakimiyyətdə özünü davakar aparır”. Beləliklə, camaat guya dinə bağlılığını göstərərək Osmana qarşı çıxmağa başladı. Onlara dəstə-dəstə sadə-lövh adamlar da qoşuldular, və’dələşdilər ki, Osmana qarşı birləşsinlər.

HİCRİ 35-Cİ İL. OSMANIN QƏTLİ.
Səbəb bu idi ki, Osman Əmr bin Ası Misir əmirliyindən azad edəndə onun yerinə Abdulla bin Sərəhi tə’yin etmişdi. Çünki Osmana qarşı çıxanları Əmr sıxışdırır, incidirdi. Ona görə də Osmana şikayət etdilər ki, onu çıxardıb, daha mülayim bir adamı tə’yin etsin. Sonralar Misir əhlinin İbn Əbu Sərəhdən də zəhləsi getdi. O isə Bərbər ölkəsini fəth etməklə onlardan aralı düşmüşdü. Misirdə əshabələrin övladlarından ibarət bir dəstə meydana çıxıb camaatı Osmana qarşı qaldırmağa başladı. Məhəmməd bin Əbu Bəkr və Məhəmməd bin Əbu Hüzeyfə də onların arasında idilər. İş o yerə çatdı ki, rəcəb ayında ümrə (kiçik həcc) həccini icra etmək pərdəsi altında 800 atlı səfərbər edilib Mədinəyə göndərildi. Onlar Əmr bin Bədil bin Vərqa Xəzainin, Əbdürrəhman bin Ədis Bəlvinin, Kənanə bin Bişr Tüceybinin və Sudan bin Həmran Sükuninin rəhbərliyi ilə dörd dəstəyə bölünüb Osmanın üstünə yeridilər. Məhəmməd bin Əbu Bəkr də onlarla birlikdə idi. Məhəmməd bin Əbu Hüzeyfə isə Misirdə qalıb camaatı ayağa qaldırır, Mədinəyə gedənləri müdafiə edirdi.
Misir əmiri onların bu hərəkətləri barədə Osmana yazıb xəbər verdi. Onlar Mədinəyə yaxınlaşanda Osman Əli bin Əbu Talib başda olmaqla bir qrup əshabəni göndərdi ki, gedib onlarla danışsın, onlara geri qayıtmağı məsləhət görsün. Əli onların yanına getdi. Onlar Əliyə hörmət-izzət göstərib ona hədsiz diqqətlə yanaşdılar. Əli onları danlayıb geri qaytardı. Onlar kor-peşman qayıdıb getdilər. Dedilər: “Bu, o adamdır ki, ondan ötrü əmirlə dava edirsiniz?” Deyirlər ki, Əli mübahisəyə girib onların bəhanələrini puça çıxartdı, şübhələrinə son qoydu. Soruşdu ki, xəlifəni nədə ittiham edirsiniz? Dedilər: “O, hər yeri qoruğa çevirib və bu qoruqlarda heç kim heç nə otara bilmir, o, müshəfləri yandırıb, namazı səfər zamanı tamamlayıb, uşaq-muşağı vəzifəyə tə’yin edir, böyük əshabələri çıxarır. O, Bəni Ümeyyəyə başqalarına nisbətən çox şey verib”. Əli bütün bunlara həqiqətdə olduğu kimi cavab verib dedi: “Qoruqlara gəlincə, xəlifə onları öz dəvələri, yaxud qoyunları üçün yox, sədəqə vermək məqsədilə saxlanan dəvələr üçün yaradıb. Müshəflərin isə ixtilafa səbəb olmuş nüsxələrini yandırıb, hamımızın gözü qarşısında, razılığımızla Rəsulullahın qoyub getdiyi razılaşdırılmış nüsxəni saxladı. Namazı tamamlaması məsələsini birgə müzakirə etdik, bu fikrindən daşındı. Yeniyetmələrə vəzifə verməyinə gəlincə, yalnız bir nəfər ədalətli, doğru-düzgün adamı vəzifəyə tə’yin edib. Rəsulullah İtab ibn Əsyədə Məkkənin valiliyini tapşıranda onun 16 yaşı vardı və Əbu Bəkr, Ömər, Osman, Əli onun tabeliyində idilər. Rəsulullah Qüreyşi başqalarına nümunə göstərirdi.
Bundan sonra Əli bin Əbu Talib Osmandan xahiş etdi ki, camaat qarşısında hərəkətlərinə görə üzr istəsin, onlara söz versin ki, əməllərindən imtina edəcək. Cümə günü Osman minbərə qalxıb camaat qarşısında xütbə oxudu, bu hərəkətlərinə görə üzr istədi. Xütbə oxuyarkən əllərini yuxarı qaldırıb məğfirət (bağışlanma) dilədi, peşman olduğunu bildirdi, Allah-təalaya tövbə etdi. Gözlərini sıxıb ağladı. Müsəlmanlar da onun ağladığını görüb ağladılar. Camaatın ürəyi öz rəhbərinə qarşı riqqətlə döyünürdü. Osman adamların şahidliyi ilə Əbu Bəkrin və Ömərin əməllərinə sadiq qalacağını, qapısını hamının üzünə açacağını bildirdi. Sonra aşağı düşüb camaatla birlikdə namaz qıldı.
Namazdan sonra Osman evinə qayıtdı. Gördü ki, evi böyük əshabələrlə doludur, Mərvan bin Həkəm də onların arasındadır. O, Osmanı oxuduğu xütbəyə görə qınadı, çünki xütbədə öz zəifliyini göstərmişdi ki, bundan da ayrı-ayrı adamlar sui-istifadə edə bilərdilər. Osmanın evinin yanına çoxlu adam toplaşdı. Osman Mərvana əmr etdi ki, çıxıb onlarla danışsın. Mərvan çıxıb adamları danlayıb söydü. Sonra öyünməyə başladı ki, onun mənsub olduğu Bəni Ümeyyənin çoxlu var-dövləti və hakimiyyəti var; onlar bu hakimiyyəti heç kimə verən deyillər; onlar nəyi istəsələr, buyurarlar, nəyi istəsələr, qadağan edərlər. Camaat gedib Mərvan bin Həkəmin hərəkətlərindən Əliyə şikayət etdi. Əli Osmanın yanına gəlib dedi: “Vallah, Mərvanın sözünə qulaq assan, yalnız təhlükə ilə üzləşəcəksən. Nə qədər ki onun sözü ilə oturub duracaqsan, mən bura qayıtmayacağam”.
Mərvanla camaat arasındakı əhvalat, Əlinin qəzəblənməsi xəbəri xaricilərə çatanda əmin oldular ki, hər şey əvvəlki kimidir, heç nə dəyişməyib. Misir, Kufə və Bəsrə əhalisi bir-biri ilə yazışıb əlaqəyə girdi. Mədinədə əshabələrin – Təlhənin, Əlinin, Zübeyrin dilindən yazılmış məktubları saxtalaşdırıb iddia etdilər ki, guya onlar camaatı Osmana qarşı vuruşmağa, dinin qələbəsini tə’min etməyə çağırırlar və bu, guya, hazırda ən böyük cihaddır.
Misir əhalisi 800-1000 atlıdan ibarət dörd dəstə düzəldib ayağa qalxdı. Dəstələrə Əbdürrəhman bin Ədis Bələvi, Kənanə bin Bişr Leysi, Sudan bin Həmran Sükuni, Qüteyrə Sükuni rəhbərlik edirdilər. Ümumi rəhbərliyi isə Qafiqi bin Hərb Əkki həyata keçirirdi. Özlərini elə göstərirdilər ki, guya zəvvardırlar və Həcc ziyarətinə gedirlər. Yəhudi İbn Sövda da onlarla birlikdə idi.
Kufə əhli yaraq-əsləhəsini götürüb dörd dəstə bölünərək yola düşdü. Dəstə başçıları Zeyd bin Səvəhan, Əştər Nəx’i, Ziyad bin Nəzr Harisi, Abdulla bin Əsəm, ümumi başçı isə Əmr bin Əsəm idi.
Bəsrə əhli də dörd dəstə ilə yola çıxdı. Həkim bin Cəblə Əbd, Bişr bin Şərih Qeysi, Zərih bin İbad Əbdi də onlarla birlikdə idi. Ümumi rəhbər isə Hərqus bin Züheyr Sə’di idi.
Misir əhli Əli bin Əbu Talibin hakimiyyətə gətirilməsi üstündə israr edirdi. Kufəlilər Zübeyrin, bəsrəlilər isə Təlhənin hakimiyyətini istəyirdilər. Hər bir dəstə şübhə etmirdi ki, istədiyi yerinə yetəcək. Dəstələr Mədinəyə çatıb hələ şəvval ayında razılaşdıqları kimi şəhərin ətrafında toplaşdılar.
Onlar Mədinə əhlindən ehtiyat edirdilər. Ona görə də qasid və casuslar göndərib şəhər sakinlərinə xəbər verdilər ki, başqa şeyə yox, Həcc ziyarətinə gəliblər. Həmçinin xəlifədən bə’zi valilərin iste’faya göndərilməsini xahiş etməyə gəliblər. Şəhərə girməyə icazə istədilər. Heç kim onların şəhərə daxil olmasını istəmədi. Onlar cəsarətə gəlib şəhərə yaxınlaşdılar. Bir dəstə misirli Əhcar əz-Zeyt yaxınlığında hərbi düşərgədə Əlinin yanına gəlib salam verdi. Əli onların üstünə qışqırıb qovdu. Dedi: “Əməlisaleh adamlar bilirlər ki, sizin ordunuz Məhəmmədin dili ilə lə’nətlənmişdir. Geri qayıdın, yoxsa Allah sizi sabaha çıxarmaz”. Onlar çıxıb getdilər.
Bəsrəlilər Təlhənin yanına gəldilər. O, Əlinin yanında idi. Təlhə onları tənbeh edib qovdu.
Bir dəstə Kufə əhli isə Zübeyrin yanına gəldi. O da onlarla dostlarının (Əlinin və Təlhənin) davrandığı kimi davrandı.
Sonra gələnlər özlərini camaata elə göstərdilər ki, guya öz yurdlarına qayıdırlar. Bir neçə gün geriyə doğru getdilər. Sonra qayıdıb Mədinəyə hücum çəkdilər. Çox keçmədi ki, Mədinə əhli “Allahu əkbər” sədasını eşitdi. Şəhərin üstünə yeriyib onu mühasirəyə aldılar. Onların bir hissəsi Osmanın evinin yanına gəlib çatdı. Camaata deyirdilər: “Kim bu işlərə qarışmaqdan imtina etsə, təhlükəyə mə’ruz qalmaz”. Camaat isə onların xəlifə ilə nə edəcəklərini, hansı niyyətdə olduqlarını bilmirdi. Bütün bunlara baxmayaraq, Əmirəlmö’minin evindən çıxıb məscidə gedir, camaatla namaz qılır, Mədinə əhli və gələnlər də onun arxasında durub namaz qılırdılar. Əshabələr onların yanına gedib qayıtdıqlarına görə onları danlayırdılar. Əli Misir əhlinə dedi: “Çıxıb gedəndən sonra sizi fikrinizdən dönməyə nə vadar etdi?” Cavab verib dedilər: “Osmanın qasidində bizim öldürüləcəyimiz barədə bir məktub tapdıq”. Kufə əhli Zübeyrə, Bəsrə əhli də Təlhəyə belə dedi. Hər bir bölgənin əhli dedi: “Qayıtdıq ki, dostlarımızın imdadına çataq”. Əshabələr onlara dedilər: “Bunu dostlarınızdan necə öyrəndiniz? Axı bir-birinizdən aralanmışdınız, aranızda xeyli məsafə vardı. Siz bu məsələ barədə əvvəlcədən razılığa gəlmisiniz”. Dedilər: “Bu adamı (Osmanı) neynəyirsiniz, edin. Ona bizim ehtiyacımız yoxdur. Qoy o bizdən aralı olsun, biz də ondan”. Misirlilər deyirdilər ki, onlar öz ölkəsinə qayıtdıqda yolda bir qasidə rast gəldilər. Onu tutub üst-başını axtardılar. Üstündə Osmanın möhürü və damğası olan məktub tapdılar. Qasid Osmanın nökərlərindən biri idi, Osmanın dəvəsinə minmişdi. Qayıdanda məktubu camaata göstərdilər. Camaat əmirəlmö’mininlə bu barədə danışdı. Osman dedi: “Bu mənə qarşı yönəlib. Vallah, nə məktub yazmışam, nə diqtə etmişəm, nə də belə bir şeydən xəbərim var. Möhür saxtalaşdırıla da bilər”. İnanan inandı, inanmayan inanmadı.
Həmin günlər Osman camaatla birgə namaz qılmaqda davam etdi. Gələnlər onun nəzərində bir tük qədər də deyildilər. Cümə namazlarının birində Osman minbərə qalxdı. Əlində vaxtilə xütbə oxuyarkən Peyğəmbərin, sonralar isə Əbu Bəkrin və Ömərin söykəndiyi əsa vardı. Xaricilərdən biri ayağa qalxaraq onu söyüb təhqir etdi, zorla minbərdən yerə saldı. Əmirəlmö’minini yerə yıxıb üstünə düşdü. Sonra onu evinə apardılar. Vəziyyət gərginləşdi. Alçaqlar, avaralar işə qarışaraq onu evdən çıxmağa qoymayıb sıxışdırdılar. Evi dövrələyib onu mühasirəyə aldılar. Əshabələrin bir çoxu evlərinə qapanıb qaldı. Atalarının tapşırığı ilə əshabələrin övladlarından bir qrupu – onların arasında Həsən, Hüseyn, Abdulla bin Zübeyr, Abdulla bin Əmr, Mərvan, Əbu Hüreyrə vardı – habelə mühacirlərdən və ənsarlardan təxminən 700 nəfər Osmanın yanına getdi. Onu müdafiə etməyə başladılar ki, heç kim ona yaxın düşə bilməsin. Qalan əshabələr belə bir xahiş edib getdilər ki, gələnlərin tələblərindən birinə əməl etsin. Gələnlər isə tələb etmişdilər ki, ya Osman özü hakimiyyətdən əl çəksin, ya da Mərvan bin Həkəmi onlara təhvil versin. Heç kimin ağlına da gəlmirdi ki, xaricilər Osmanı öldürmək niyyətindədirlər. Bundan sonra Osman mühasirə ucbatından daha bayıra çıxmadı. Qafiqi camaatla namaz qılırdı. Mühasirə 40 gündən çox çəkdi.
Osman öldürülməzdən bir gün əvvəl evdəkilərə and vermişdi ki, bu işə qarışmasınlar, qılınclarını qından çıxarmasınlar. Qulluqçusuna dedi: “Kim qılıncını qında saxlasa, azaddır”. Vəziyyət gərginləşdi. Məsələ burasında idi ki, Osman yuxuda görmüşdü əcəli yaxınlaşıb, Rəsulullah üçün qəribsəyərək Allaha qovuşub. Belə ki, Peyğəmbəri yuxuda görəndə deyib ki, qayıt, bizim yanımızda iftarını aç, Osman. O da ağzı oruclu həmin gün qətlə yetirildi.

OSMAN NECƏ ÖLDÜRÜLDÜ
Rəbab rəvayət edir: Osman məni Əştər Nəx’inin yanına göndərdi. Onu çağırıb gətirdim. Osman dedi: “Camaat nə istəyir, Əştər?” Cavab verdi: “Onlar üç şey istəyirlər, amma bunlardan ən azı biri yerinə yetirilməlidir”. Soruşdu: “O nədir elə?” Dedi: “Onlar səndən iki yoldan birini seçməyi tələb edirlər: ya xəlifəlikdən əl çəkəsən, ya da təslim olasan ki, səndən qisas alsınlar. Çünki onlar hesab edirlər ki, saxta məktubda olduğu kimi, onları öldürməyi əmr etmisən. İstəməsən, camaat səninlə döyüşə qalxacaq”. Osman dedi: “Məs’uliyyəti boynumdan atmağım Allahın əmrindən çıxmağım kimi bir şey olardı. Təslim olmağıma gəlincə, vallah, məni öldürsəniz, məndən sonra mehriban olmayacaqsınız, məndən sonra hamınız birlikdə namaz qılmayacaqsınız, məndən sonra hamınız birlikdə heç bir düşmənlə vuruşmayacaqsınız”.
Bundan sonra xaricilər mühasirəni gücləndirdilər, su və yeməyi, məscidə getməyi qadağan etdilər. Onu öldürməklə hədələyirdilər. Osman isə onlara cavab verirdi ki, Rəsulullahın belə dediyini eşidib: “Müsəlmanın qanı yalnız üç haldan birində halaldır: qana qanla cavab verəndə, ailə həyatına xəyanət edəndə və şəriətdən üz döndərəndə”. Osman özünün fəzilətlərini, üstün cəhətlərini onlara xatırladırdı ki, bəlkə, ondan əl çəkib Allaha, Onun Rəsuluna itaətə qayıdalar. Müsəlmanları köməyə çağırdı. Əli bin Əbu Talib özünü yetirdi. Bardaqlarda gətirdiyi suyu çətinliklə Osmana çatdırdı. Əvəzində cahillərdən eşitmədiyi nalayiq söz qalmadı. Əli isə onlara dedi: “Vallah, farslar və rumlular da sizin kimi hərəkət etməyiblər”. Qulaq asmadılar. Bunu görən Əli əmmaməsini Osmanın evində yerə çırpıb getdi.
Sonra Umm Həbibə qatırında gəldi. Qul-qaravaşları da ətrafında. Soruşdular: “Nəyə gəlmisən?” Cavab verdi: “Gəlmişəm ki, yetimlərin, dul qadınların istəklərini Osmana xatırladım”. Onu yamanlayıb təhqir etdilər. Qatırının qayışını kəsdilər. Qul-qaravaşları özlərini yetirib qatırı tutmasaydılar, az qala yıxılıb ölmüşdü. Məsələ qəlizləşdi. Osmanın evinə nə su, nə də yemək gedirdi.
Vəziyyət mürəkkəbləşdi. Adamların əksəriyyəti evlərinə qapılıb qaldı. Həcc vaxtı gəldi. Mö’minlərin anası Aişə Həccə çıxdı. Osman Abdulla bin Abbası həmin il öz əvəzinə Həccə göndərdi.
Həcc davam etdi, Qurban bayramı gəldi. Camaat Məkkədən Mədinəyə qayıtmağa başladı. İtaətdən çıxanlar xəbər tutdular ki, zəvvarlar əmirəlmö’minini müdafiə etmək əzmindədirlər. Onlar eşitdilər ki, Müaviyə xariciləri cəzalandırıb qovmaq üçün Şamdan bir ordu göndərib. Həmçinin Bəsrə və Kufədən ordu çıxıb Mədinəyə doğru gəlir. Belə olanda xaricilər qət etdilər ki, Mədinədə adamların az olmasından, yaxud olmamasından istifadə etsinlər. Osmanın evini dövrəyə aldılar. Qapını yandırdılar. Camaat var qüvvəsi ilə Osmanın müdafiəsinə qalxdı. Qapının yanında qızğın döyüş getdi. Həsən bin Əli, Abdulla bin Zübeyr və Mərvan bin Həkəm ağır yaralandılar. Osman xahiş etdi ki, onu tək buraxsınlar. Özündən, ailəsindən və bə’zi xidmətçilərindən başqa heç kim qalmadı. Osman namaza durdu. Taha surəsini açdı. Sonra oturub Qur’an oxumağa başladı. Onun yanına girən birinci adam “qara ölüm” ləqəbli birisi idi. Osman təngnəfəs olanadək onu boğdu, sonra onun üstünə yıxıldı. Başqa birisi gəlib Osmanı təhqir etdi. Arvadı Nailə gəldi ki, ona arxa dursun. Onun da qılıncın dəstəyini tutan əlinin barmaqlarını kəsdilər. İlk qan damlası Allah-təalanın “Allah sənə (tezliklə sənin intiqamını onlardan almağı) kifayət edər; O, Eşidən və Biləndir.” kəlamının üstünə düşdü. Sonra gələn adam qılıncı götürüb Osmanın qarnına soxdu, Osmanın nəfəsi kəsilənədək qılıncın üstündən basdı. İstədilər ki, Osmanın başını kəssinlər, amma qadınlar çığırışıb qoymadılar. İbn Üdeys dedi ki, onu buraxın, onlar da buraxdılar. Sonra həmin o pozğunlar “bir halda ki, onun qanı bizə halaldır, malı niyə bizə halal olmasın” deyərək xəzinəyə hücum çəkib taladılar. Qapını iki ölü ilə birlikdə Osmanın üzünə bağladılar. Evdən çıxanda onlardan biri Osmanın arvadının arxasına əli ilə bir yumruq vurub dedi ki, çox yekədir. Osmanın nökəri onun üstünə sıçrayıb öldürdü. Sonra isə nökəri öldürdülər. Camaatı çağırdılar ki, gəlin xəzinədən götürün. Xəzinənin gözətçiləri qaçdılar. Deyirdilər: “Bunlar həqiqət üçün yox, dünya malı üçün gəliblərmiş”.
Osman cümə günü öldürüldü. 12 il xəlifəlik etdi. Yaşı 82-ə çatmışdı. Xaricilərin qorxusundan onu gecə dəfn etdilər. Dəfnində Əli bin Əbu Talib iştirak etdi.
Əli, Təlhə və Zübeyr Osmanın ölüm xəbərini eşidəndə ona rəhmləri gəldi. Əli dedi: “İlahi! Şahidsən ki, əlim Osmanın qanına batmayıb. Osman öldürülən gün ağlım çaşdı, öz-özümü tanıya bilmədim”. Adamlar əhd-peyman üçün Əlinin yanına gələndə o dedi: “Vallah, mən Allah yanında xəcalət çəkirəm ki, Rəsulullahın barəsində “mələklərin utandığı adamdan utanıram” dediyi adamı öldürmüş camaatla əhd-peyman bağlayım. Osman öldürülüb hələ dəfn edilmədiyi bir vaxtda əhd-peyman bağlamağa utanıram”.

OSMANIN FƏZİLƏTLƏRİ HAQQINDA
BƏ’Zİ SƏHİH XƏBƏRLƏR

Osman Əbu Bəkr Siddiq vasitəsilə islamı qəbul etmişdi; o, islamı qəbul etmiş ilk 38 nəfərdən biri idi.
Osman arvadı – Rəsulullahın qızı Ruqiyyə ilə Həbəşistana getmiş, sonra Məkkəyə qayıtmış, buradan isə Mədinəyə köçmüşdü. Bədr döyüşü baş verəndə xəstə arvadının qayğıları ilə məşğul olmuş və ona görə də Mədinədə qalmışdı. Rəsulullah döyüşdə iştirak edirmiş kimi qənimətdən onun payını vermişdi.
Ruqiyyə vəfat edəndə Peyğəmbər Osmanı Ruqiyyənin bacısı Umm Gülsümlə evləndirdi. Umm Gülsüm də Osmanın arvadı kimi vəfat etdi. Rəsulullah demişdi: “Başqa bir qızımız olsaydı, onu da Osmanla evləndirərdik”.
Osman Ühüd, Xəndək, Hüdeybiyyə döyüşlərinin şahidi olmuş, o vaxtdan e’tibarən Peyğəmbər onunla əhd-peyman bağlamışdı. O həmçinin Xeybər döyüşünün şahidi olmuş, Fəth, Həvazin, Taif, Təbuk döyüşlərində iştirak etmiş, Üsra ordusunu təchiz etmiş, Allah yolunda 300 yüklü dəvəsindən keçmiş, 1000 qızıl dinarı gətirib Rəsulullahın ovcuna qoymuşdu. Peyğəmbər demişdi: “Osman bu gündən belə heç nə etməsə də, bəsidir”. O, Rəsulullahla birgə vida həccində olmuşdu. Peyğəmbər vəfat edəndə ondan razı halda dünyasını dəyişmiş, ona Cənnət və şəhidlik müjdəsi vermişdi. Osmanın ən böyük xüsusiyyətlərindən biri də budur ki, o, adamlara Qur’anın vahid oxunuşunu qəbul etdirmiş, Peyğəmbərin qoyub getdiyi əsl nüsxədən müshəflər yazmışdı.
Allah ondan razı olsun! Allah ona rəhmət eləsin!

——–
Yaşar Qurbanov
“İslam Nuru” kitabı

Bənzər Məqalələr