Son günlərdə mediada dolaşan fikirlər ətrafında müxtəlif spekulyasiyalar yaranmış və fərqli yanaşmalara səbəb olmuşdur. ‘Cəhənnəmə düşəcək insanların çoxunun qadınlar olacağı’ ilə bağlı dinimizdə bir xəbər vardırmı? Əgər vardırsa, nəyə görə qadınların çoxu cəhənnəmlik olurlar? Məgər dünyanın mənəvi yükünü çəkənlər, məhz qadınlar deyillərmi?

 

Bu mövzu haqqında Peyğəmbərimizdən (ona salam olsun) varid olmuş hədis belədir: “İbn Ömər deyir – Allahın elçisi bir bayram namazında qadınlar olan tərəfə keçərək, belə buyurdu:

– Ey qadın camaatı! Allah yolunda sədəqə verin (kasıblara əl tutun), Allahdan çoxlu bağışlanma diləyin! Çünki mən Cəhənnəmdə siz qadınların çoxluğu təşkil etdiyinizi gördüm. Dinləyənlər arasından bir cəsarətli qadın:

– Nəyə görə cəhənnəmliklərin çoxunu qadınlar təşkil edir? Nə çatışmazlığımız var? – deyə soruşdu. Peyğəmbərimiz (ona salam olsun) belə cavab verdi:

– (Çünki) pis sözləri dilə gətirir və həyat yoldaşlarınıza qarşı nankorluq edirsiniz.” (Buxari və Muslim)

 

Digər bir hədisdə, daha geniş açıqlama mövcuddur. Peyğəmbərimiz buyurur:  “Cəhənnəm əhlinin çoxunun qadınlar olduğunu gördüm..” Soruşurlar: — Nəyə görə ey Allahın elçisi? «Küfr etdiklərinə görə» – deyə cavab verir. “Allaha küfr etdiklərinə görəmi?” – deyə soruşulduqda, Peyğəmbər (ona salam olsun) dedi: «Yaşayışa küfr edirlər, yaxşılığa küfr edirlər.. Onlardan birinə ömrü boyu yaxşılıq etsən, sonra səndən bir şey görərsə, deyər ki: — səndən heç bir yaxşılıq görmədim…» (Buxari 1052, Muslim 907)

 

Peyğəmbərimiz burada nə demək istəyir? Qadınların dəyərimi alçaldılır?..

İslam və Onun baş təbliğçisi olan Muhəmməd peyğəmbəri (ona salam olsun) tanıyan hər bir kəs bilir ki, bu din – qadına ən böyük dəyər verən ideologiyadır. İslamdan öncə qadınlar dəyərsiz, kölələşdirilmiş varlıqlar ikən, dinimiz bu düşüncələri darmadağın etmişdir. Oğul sahibi olduqlarına görə çox öyünən və buna görə də özlərinə “əbu filan” (filankəsin atası) ləqəbini fəxrlə verən (günümüzdə də az-çox davam edir), qızları ilə sevinməyən bütpərəst ərəb atalara, Uca Allah’ın “Mən qız atasıyam” – deyərək qızları ilə iftixar edən bir elçi/peyğəmbər göndərməsi, qadınlara verilən dəyərdən xəbər vermirmi? Həyat yoldaşını çox sevən, qızları ilə fəxr edən bir Peyğəmbər atanın, qadınları alçaltması mümkün ola bilərmi?

 

Bəs bu hədisdə nə demək istənilir?

Yuxarıda qeyd etdiyimiz hədis, səhih (doğru isnadlı) mənbəlidir. Hədisdə, qadınların daha aktual və daha çox baş verən fitri olaraq zəifliklərinə toxunulur. Həmin ‘daha çox baş verən zəifliklər’ – insanın günaha düşməsinə və beləliklə cəhənnəmə düşməsinə səbəb ola bilər. Yəni, ‘cəhənnəmlik olmaq’ – qadınlığa görə deyil, həmin o ‘aktual və çox baş verən’ səbəblərə bağlanılır.

O zəifliklərə misal olaraq: pis sözü tez və çoxlu sayda demək, həyat yoldaşlarına qarşı nankorluq etmək, falçı yanına getmək, qeybətə daha çox aludə olmaq, ‘açıq-saçıqlıq və digər buna bənzər əməllərlə insanların günaha düşmələrinə səbəb olmaq’ və s.

Hədisdə, bu kimi qadın zəifliklərinə diqqət çəkilir və bu nöqsanların üzərinə çalışılaraq, daha mükəmməl qadınlığa nail olmağa çağırış edilir. Məsələni daha da genişləndirə bilərik: qadınlar – analıq kimi şəfqət və güclü hissiyyatlı olmanı gərəkdirən bir vəzifə üzərə yaradıldıqları üçün, bu cür hissiyyatlılıq mövzularında kişilərdən daha üstündürlər. Bu hissi güclülüyün yanında, onun gətirdiyi zəifliklər də vardır ki, həmin zəiflikləri hər bir qadın öz daxilində mütləq bilir və hiss edir. Bu hissiyyatlılıq mövzularında şüurlu olunmaz, iradə ilə idarə olunmaz və öz təbii hallarına buraxılarsa, bunun mənfi təzahürləri həmin insan üzərində mütləq görünəcəkdir. Peyğəmbərimiz də (ona salam olsun) bu mənfilikləri gərəkdirən hissi zəifliklərə diqqət çəkərək, cəhənnəmlik olmanı məhz bu səbəblərə bağlamışdır. Yəni, “Qadınlar – cəhənnəmlikdir” deyil, “hər kəsin qəbul etdiyi bəzi nöqsanlarını islah etməyən qadınlar – cəhənnəmlikdir” – deyilmişdir.

 

 

www.islamevi.az

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad zəruridir!

Bənzər Məqalələr