İnsanın qəlb xoşbəxtliyi Allaha olan yaxınlığına bağlıdır. Belə ki, insan nə qədər öz Rəbbinə təvəkkül edər, işlərini Ona həvalə edər, darlıqda da, bolluqda da, Ona üz tutaraq şükür edər və Ona bol-bol dua edərsə, bir o qədər də Rəbbi ilə bağını gücləndirmiş olar.

 

Qəlbi Allaha bağlı olan və xeyirli əməllər edən insan, bu dünyadakı ən xoşbəxt insandır. Bu sadəcə dünya xoşbəxtliyidirsə, cənnətdəki xoşbəxtliyi də, bir düşünün. Böyük alim Təqiyuddin əl-Hərrani necə də gözəl demişdir: “Qəlbdən bəzən elə xoş və şən duyğular keçir ki, öz-özümə belə deyirəm: ‘Əgər Cənnət sakinləri də (çox yox, elə dünyada bəzən hiss etdiyimiz) bu haldadırlarsa, onlar həqiqətən də gözəl bir həyatın içərisindədirlər..”

 

O, həmçinin demişdir: “Qəlbin elə halları olur ki, Allahı zikr etmək və Ona yaxın olmaqla, xoşbəxtlikdən coşaraq rəqs edər.” Həqiqətən də belədir. Çünki, Uca Allah buyurmuşdur: “Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Rad surəsi, 28).

 

Dünyadakı hər bir ləzzət və xoşbəxtliyin bir son nöqtəsi vardır. Hətta insan müəyyən müddət sonra bu ləzzətlərin heç birindən zövq almaz dərəcəyə gəlib çatar. Yalnız Allahı zikr etmək, Allaha bağlı olmaq və Allahın razılığını qazanmaq üçün xeyirli əməllər etmək bunun xaricindədir. Bunun verdiyi xoşbəxtlik və ləzzət bu dünyada itməz, hətta əbədi olaraq cənnətdə davam edər. Böyük mütəfəkkir Təqiyuddin əl-Hərrani işgəncələrə məruz qalaraq həbsə atıldığı zaman belə demişdir: “Düşmənlərim mənə nə edə bilər axı?! Mənim bağçam və cənnətim də mənim sinəmdə, mənim içimdədir. Hara getsəm mənimlədir. Həbs etsələr, cənnətimdə xəlvət yaşayacam, öldürsələr şəhid olacam, vətənimdən sürgün etsələr səyahət (hicrət) edəcəm.”

 

Müdriklər belə demişlər: “Allahı itirən nəyi tapa bilər?! Allahı tapan nəyi itirə bilər?! Bu ikisi əsla bir deyildir. Allahı tapan hər şeyi tapmış, Allahı itirmiş insan isə hər şeyi itirmişdir.”

 

Buna görə də insan by dünyaya nə üçün gəldiyi, bu dünyada nə üçün sevindiyini və bu dünyada nəyə görə üzüldüyünü yaxşı bilməli və bunu daima düşünməlidir. Hər bir məsələdə olduğu kimi, bu məsələdə də bizə örnək Allahın elçisi Hz.Məhəmmədir. O, dünya üçün üzülməz və xoşbəxtliyini Allahı yad etməkdə görərdi. Hədislərindən birində buyurduğu kimi: “SubhənAllah (Allah pak və nöqsansızdır), Əlhəmdulilləh (Allaha həmd olsun), Lə iləhə illəllah (Allahdan başqa haqq ilah yoxdur), Allahu Əkbər (Allah ən böyükdür)” – demək, mənim üçün günəşin üzərinə doğduğu hər şeydən daha xeyirlidir. (Tirmizi).

 

Bizdən öncə yaşamış xeyirli insanlar zənginlər və onların mal-mülkləri haqqında belə deyərdilər: “Bizdə yeyirik, onlar da yeyirlər; Bizdə içirik, onlar da içirlər; Bizdə baxırıq, onlar da baxırlar. Amma biz (çox şeyə sahib olmadığımız üçün) hesaba çəkilməyəcəyik. Onlar isə (sahib olduqları hər şey üçün) hesaba çəkiləcəklər.”

 

Müdriklər necə də gözəl buyurmuşlar: “İlk gündəcə qəbirdə unudular: Qarunun xəzinələri, Kisranın sarayları.”

 

Uca Allah buyurur: “Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz.” (Ənam surəsi, 94).

 

Sənin həyatın düşüncələrinin bir əsəridir. Düşüncələrin həyatına ya xoşbəxtlik, ya da bədbəxtlik olaraq təsir edəcək. Düşüncə və əməlləri Allahın bəyəndiyi kimi olanlar bu dünya və axirətdə mütləq xoşbəxt olacaqlar.

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr