İslam dini, dünyada ədalətin bərqərar olması və zülmün ortadan qaldırılmasına xidmət edən bir Allah nizamıdır. Bu dinin ədalət prinsipi, təkcə İslam’a mənsub olanlar üçün deyil, bütün insanlar üçündür.

 

Buna görə də tarixdə bir çox hallarda, qeyri-müsəlmanlar, öz dinlərindən olan idarəçilərinin zülmündən bezərək, müsəlmanların idarəçiliyi altında yaşamağı seçmişdilər. Böyük Osmanlı sultanı Fatih Mehmet’in İstanbulu fəthi əsnasında yunan, serb və digər bir çox müsəlman olmayan millətlərin könüllü olaraq ona loyallıqlarını bəyan etmələri, buna misal olaraq göstərilə bilər. İsalm dini, hansı dinə, hansı insana qarşı olursa-olsun, zülmü/zalımlığı qətiyyən qəbul etməz:

“Neçə-neçə məmləkəti (əhalisini) zülm edərkən məhv etdik; onlar alt-üst olmuşdu (evlərin tavanları çökmüş, divarları onların üstünə yıxılmışdı). Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı.” (Quran, Həcc, 45).

 

Bütün bunların səbəbi, İslam dininin çox ədalətli bir din olması, insanlarn inanc azadlığı və əmin-amanlığını təmin etməsidir. Uca Allah buyurmuşdur:

“Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir..” (Quran, Nisa, 58).

 

Uca Allah insanları, zalımın vəhşiliyinə qarşı belə ədalətli olmağa, yəni – qisas alarkən belə, onlar kimi zülmkar olmamağa çağırmışdır. Əziz Peyğəmbərimiz Hz. Məhəmməd’in (ona salam olsun) ən sevimli əmisi Hz. Həmzə şəhid edilərkən, bu ona çox pis təsir etmişdi. Çünki, Məkkə müşrikləri çox vəhşicəsinə davranmış, öldürdükləri cəsədə işgəncələr vermiş, qulaq və burnunu kəsmiş və hətta ciyərini çıxartmışdılar.

Bu ağır mənzərədən çox təsirlənən Hz. Peyğəmbər, “Allaha and olsun ki, mənə zəfər nəsib olarsa, bu etdiklərini onlardan 70 nəfərə edəcəyəm!” – deyə and içmiş, lakin Allah aşağıdakı ayələri nazil etmişdi:

“Günahkarı) cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də (ona) eynilə cəza verin. Əgər səbr etsəniz (bağışlasanız), bu, səbr edənlər üçün daha xeyirlidir.” (Quran, Nəhl, 126).

 

Bundan sonra Hz. Məhəmməd (Ona salam olsun) andını pozmuş və hətta, əmisinin qatili olan gələcəkdə müsəlman olmuş Vahşi b. Hərb’i əfv etmişdi..

 

Uca Allahın mübarək adlarından biri də, əl-Adil’dir (ədalətli olan)..

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad vacibdir!

Bənzər Məqalələr