İnsanın özünü çox bəyənməsi, gücünə və maddi imkanına güvənməsi, onun çöküşünün ən əsas səbəblərindən biridir. Çünki, mülkün əsl Sahibi – Allahdır. Bəlkə də heç fərqinə belə varmadan, təkəbbür sayəsində özünü ilahi mərtəbəyə qaldırmağa çalışan şəxs isə, bu və ölümdən sonrakı əbədi dünyada mütləq böynu bükük vəziyyətə düşməyə məhkumdur. Hər kəs tarixdə və öz yaşadığı dövrdə bu dediklərimizə çoxlu sayda nümunə göstərə bilər – deyə düşünürük.

Uca Allah belə buyurmuşdur:

Özlərini insanlara göstərmək və (insanları) Allah yolundan döndərmək üçün təkəbbürlənərək yurdlarından çıxanlar kimi olmayın! Allah onların etdiklərini əhatə etmişdir (etdiklərindən xəbərdardır). (Quran, 8/47)

İslam tarixində önəmli bir hadisə olan və say azlığına baxmayaraq müsəlmanların qalibiyyəti ilə nəticələnən Bədr döyüşündən öncə idi.. Şam diyarından qayıdan ticarət karvanının başçısı olan Əbu Sufyan, müsəlmanlardan gəlməsi gözlənilən təhlükəni sovuşdurunca, yardım üçün gələn Qureyş ordusuna – geri qayıtmaları üçün xəbər göndərdi. Lakin, Məkkə müşriklərinin lideri olan Əbu Cəhl, “And olsun ki, Bədr’ə çatıb, orada şərablarımızı içmədikcə, cariyələr çalğılar çalıb, mahnılar oxumadıqca və yanımızda olan ərəblərin qarınlarını yeməklə doyurmadıqca geri qayıtmayacağıq” – deyərək buna məhəl qoymadı və təkəbbürlənərək geri qayıtmaqdan imtina etdi.

 

Əslində Bədr’ə gəlməklə igidlik göstərdilər, doğrudur. Lakin, zəfər şərabı yerinə, ölüm qədəhlərini içdilər; cariyələr mahnı oxumaq yerinə ağlaşdılar; ərəblərin ac qarınlarını doyuracaq yerdə, onlar üçün acımış cəhənnəm çuxurlarını doldurdular.

 

Buna görə də Uca Rəbbimiz, qeyd etdiyimiz ayədə müsəlmanlara, onlar kimi olmamağı, əsla özünə çox güvənərək təkəbbürlənməməyi, təqvalı olaraq Allahdan qorxmağı və yalnız Allaha sarılıb, Ona güvənməyi əmr etmişdir. Şeytan və insanın öz nəfsinin – onu (insanı) aldatmaqdan və sonda tək qoymaqdan başqa bir “xidməti” yoxdur.

O zaman şeytan onlara etdikləri əməlləri gözəl göstərdi və dedi ki: “Bu gün insanlardan, sizə qalib gələ biləcək heç kim yoxdur və əlbəttə, mən də sizin yanınızdayam!” Ancaq iki dəstə bir-birini gördüyü zaman geri döndü və dedi ki: “Mən sizdən uzağam. Mən sizin görmədiyiniz şeyləri (mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allahın əzabı şiddətlidir!” (eyni surənin, növbəti ayəsi. 8/48)

 

Ayxan Yaquboğlu
www.islamevi.az

 

Bənzər Məqalələr