Şaban ayı haqqında hər şey
İlahi bərəkətin yer üzünü bürüdüyü bu mübarək ay, möminlər üçün qazanclı bir fürsətdir.
Başda Aişə anamız olmaqla, səhabələrin dediklərinə əsasən, Peyğəmbərimiz bəzən Şəban ayının əksər günlərini oruclu halda keçirərdi. Hz. Aişə (Allah ondan razı olsun) belə buyurmuşdur: “Peyğəmbər (ona salam olsun) bəzı aylarda daha çox oruc tutardı. Hətta biz, onun bu ayda heç iftar etmədiyini sanardıq. Bəzı ayları da daha çox oruc tutmadan keçirərdi. Hətta biz onun, həmin ayda heç oruc tutmadığını deyərdik”.
Başqa bir rəvayətdə Aişə anamız belə buyurmuşdur:
“Rəsulullah ilin heç bir ayında Şaban ayında olduğundan daha çox oruc tutmazdı”.
İnsan üçün önəmli olan, əməllərində davamlı olmasıdır. Bir anlıq və ya bir müddətlik həvəslə edilən, lakin davamlı olmayan əməllər, faydasız olur. Əməlin böyüklüyü, kiçikliyi, az və ya çox olması önəm kəsb etməz. Önəmli olan, davamlı olmasıdır. Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur: “Əməllərdən gücünüz çatanı edin. Çünki siz yorulmadıqca, Allah da yorulmaz. Allah yanında əməlin ən məqbulu, az da olsa davamlı olaraq edilən əməldir.”
Hz. Aişə’nin başqa bir rəvayətində: “O (peyğəmbər) bütün Şaban ayını orucla keçirərək və nəhayət, Şabanı Ramazanla biləşdirərdi.” – deyərək (İbn Macə rəvayət etmişdir) Peyğəmbərimizin bu ayda daha çox oruc tutuduğunu ifadə edir.
Şəban ayında oruc, namaz, sədəqə kimi ibadətlərin və digər islami xidmətlərin çox edilməsinin bir hikməti də, qarşıdan gələn Ramazan ayı üçün bədən və ruh olaraq bir hazırlıq və alışqanlığa səbəb olmasıdır. Çünki bəzi insanlar, “Onsuz da Ramazan gələndə daha çox ibadət edəcəyik” deyə qəflət və tənbəlliyə qapılırlar. Şaban ayında edilən ibadətlər bu pərdəni aradan qaldırır. Məşhur səhabə Usamə b. Zeyd bu mövzuda belə sual vermişdi: – Ey Allahın elçisi, (Ramazan xaric) Şaban ayında tutduğunuz qədər heç bir ayda oruc tutduğunuzu görmədim..”
Peyğəmbərimiz belə cavab vermişdir:
Rəcəb və Ramazan ayları arasında olan Şaban ayında insanlar qafil olurlar. Bu elə bir aydır ki, əməllər, Aləmlərin Rəbbinə bu ayda ucaldılır. Mən oruclu ikən əməllərimin ucaldılmasını sevirəm”.
Əbu Bəkr əl-Bəği deyərdi:
“Rəcəb ayı əkin ayıdır. Şaban ayı – onu suvarmaq ayıdır. Ramazan ayı isə, onu biçmək ayıdır. Kim ki, Rəcəb ayında əkin əkməsə və Şaban ayında onu suvarmasa – Ramazanda məhsul götürməyi necə arzulaya bilər ki?” (Lətaiful-Məarif, 121)
Şaban ayının orucunun hikməti haqda dahi alim İbn Rəcəb belə buyurur:
“Şaban ayında oruc tutmaq, Ramazan ayına hazırlıq hesab olunur. Ramazan ayının orucu başladığı zaman insana çətinlik və məşəqqət olmasın deyə, Şaban ayında oruc tutmaqla Ramazandan öncə orucun ləzzətini və şirinliyini tam şəkildə hiss etmiş olur.. Beləliklə də, Ramazana güclü və gümrah şəkildə daxil olur. Şaban ayı Ramazan üçün bir başlanğıc olduğuna görə, Ramazan ayında tutulan oruc və oxunan Quran kimi ibadətlər – Şaban ayında da edilir ki, Ramazan ayının qarşılanması üçün hazırlıq əldə edilsin. Bununla da, insanlar Rəhmanın itaətinə hazır olur..” (Lətaiful-Məarif, 138)
İbn Qayyim belə buyurur:
“Ən xeyirli müstəhəb ibadətlər – Ramazandan əvvəl və Ramazandan sonra edilən ibadətlərdir. Ramazanın əvvəli və sonrası tutulan oruclar vacib namazlardan əvvəl və sonra qılınan sünnət namazları dərəcəsindədir. Necə ki, sünnələr vacib namazlarındakı əksiklikləri tamamlayır, eləcə də Ramazandan əvvəl və sonra (şəvvalda) tutulan oruclar da, Ramazan orucunu tamamlayır (kamil edir).” (Təhzibus-Sünən, 3/318)
Şaban ayında illik əməllər Allaha qaldırılır
Peyğəmbərimiz (ona salam olsun) buyurmuşdur:
“..Bu ayda əməllər aləmlərin Rəbbi olan Allaha qaldırılır və mən də sevirəm ki, əməllərim oruclu halda qalxsın.” (Nəsai, 2357)
Salehlər Şaban ayında daha çox Quran oxuyardılar.. Bəziləri evinə daxil olar və qapını bağlayardılar ki, Quran oxumağa daha çox vaxt ayırmış olsunlar..
Salehlərdən Dələ b. Kuheyl demişdir:
“Şaban ayı haqqında “Qarilərin (Quran oxuyanların) ayı gəldi” – deyərdilər.
Bizdən öncə yaşamış saleh və xeyirli insanlar, Şaban ayında kasıblara yardım edərdilər ki, hər ailədə sevinc olsun. Bəziləri zəkatını Şaban ayında çıxarardılar ki, kasıblar da Ramazan orucunu rahat tuta,bilsinlər..
Bu mübarək günləri dəyərləndirərək gün və gecələrimizi daha çox dəyərləndirə bilsək, Ramazan ayına daha gözəl şəkildə hazırlanma imkanına sahib olacağıq. Yalnız Ramazana qədər olan ayları faydalı şəkildə keçirməklə Allah tərəfindən mükafat və bağışlanma qazanmaq mümkün ola bilər. “Gözümü yumub açdım və Ramazan gəldi” qəfləti, insanı bəlkə də Cənnəti qazanmaq üçün həyatındakı yeganə şansından məhrum edə bilər. Uca Allah bizləri Şaban ayının nurundan ən gözəl şəkildə istifadə edən bəndələrindən etsin.
www.islamevi.az