Səhih Qüdsi hədislər (Hər kəs dünyada qulluq etdiyi şeyə tabe olsun)
Əbu Səid əl-Xudri (r.a) rəvayət etmişdir ki, Peyğəmbərin (s.a.v) dövründə bir dəstə adam Peyğəmbərə (s.a.v) dedi: «Ya Rəsulullah, Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?» Peyğəmbər (s.a.v) dedi: «Bəli, məgər sizə günortaüstü, gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi görməyinizə nəsə mane olurmu?» Onlar: «Xeyr!» – dedilər. Peyğəmbər (s.a.v) soruşdu: «Məgər sizə on dördüncü gecədə, ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı görməyinizə nəsə mane olurmu?» Onlar: «Xeyr!» – dedilər. Peyğəmbər (s.a.v) buyurdu: «Bu ikisini görməyə sizə heç bir şey mane olmadığı kimi Allahı da Qiyamət günü beləcə, görəcəksiniz. Qiyamət günü yetişdiyi zaman carçı səsləyib deyəcək: «Hər bir ümmət nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!» Bundan sonra Allahdan qeyrisinə – bütlərə və dikinə qoyulmuş daşlara ibadət edən elə bir kimsə qalmayacaq ki, Cəhənnəm oduna düşməsin. Axırda isə ancaq Allaha ibadət edənlər, – xeyirxah, yaxud günahkar adamlar, – habelə Kitab əhlindən (peyğəmbərlərinə sadiq qalmış kimsələr) qalacaqdır. (O, vaxt) yəhudiləri çağırıb onlardan soruşacaqlar ki: «Siz nəyə ibadət edirdiniz?» Onlar deyəcəklər: «Biz Allahın oğlu Üzeyirə ibadət edirdik». Onlara deyiləcək: «Yalan danışırsınız, Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür. (Bir deyin görək) siz nə istəyirsiniz?» Onlar deyəcəklər: «Susamışıq, ey Rəbbimiz, bizə su ver». (Onda onlara Cəhənnəm) göstəriləcək (və deyiləcək): «(Bundan) içmək istəmirsinizmi?» Onlar ilğıma bənzər, alovlanan atəşin (kənarına) toplanacaq və Cəhənnəmə düşəcəklər. Sonra xristianları çağırıb onlardan soruşacaqlar ki: «Siz nəyə ibadət edirdiniz?» Onlar deyəcəklər: «Biz Allahın oğlu Məsihə(Burada Məryəm oğlu İsa nəzərdə tutulur) ibadət edirdik». Onlara deyiləcək: «Yalan danışırsınız, Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür». Sonra onlardan: «Siz nə istəyirsiniz?» – deyə soruşulacaq və beləliklə də, əvvəlkilərin başına gələnlər onların da başına gələcəkdir. Nəhayət, ancaq Allaha ibadət edən kimsələr – xeyirxah, yaxud günahkar adamlar qaldıqda, aləmlərin Rəbbi onların yanına bildikləri ən yaxın surətdə (YəniAllahın isim və sifətlərinə dair Quran və Sünnədə varid olan dəlillərdən bildikləri vəsflərə uyğun surətdə gələcək.) gələcək. Sonra onlara deyiləcək: «Nə gözləyirsiniz?! Qoy hər bir ümmət ibadət etdiyi (məbudun) ardınca getsin!» Onlar deyəcəklər: «Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, əsla onlarla birlikdə olmadıq. İndi isə biz ibadət etdiyimiz Rəbbimizi gözləyirik». Onda Allah buyuracaq: «Mən sizin Rəbbinizəm!» Onlar iki və ya üç dəfə: «Biz heç nəyi Allaha şərik qoşmuruq!» – deyəcəklər».
(əl-Buxari 65. Kitəbut-Təfsir 4215, 4305, 4581.)
Digər rvayətdə isə belə deyilir: «…Biz bir carçının: «Hər qövm vaxtı ilə ibadət etdiyi nə idisə ona qovuşsun!» – səsləndiyini eşitdik. Ona görə biz Rəbbimizi gözləyirik» – deyirlər. Cabbar olan Allah meydanda qalan möminlərə ilk dəfə gördükləri, tanıdıqları surətdən başqa bir surətdə gələrək deyir: «Mən sizin Rəbbinizəm!» Onlar da: «Sən bizim Rəbbimizsən!» – deyirlər. Onunla peyğəmbərlərdən başqası danışmaz. Uca Allah: «Rəbbinizi tanımaq üçün aranızda bir əlamət vardırmı?» – buyurur: «Sağ ayaq» – deyirlər. (Allah) ayağını göstərir. Hər mömin Ona səcdə edir. Allaha riya və şöhrət üçün səcdə edənlər isə olduqları kimi qalırlar. Bunlar səcdə etmək istəyəcəklər, ancaq onurğa sümüklərinin oynaq yerləri bitişdiyi üçün səcdə edə bilməyəcəklər. Sonra Sırat körpüsü Cəhənnəmin üstündən qurulacaq». Ravi deyir ki: «Ya Rəsulallah! Körpü nədir?» – deyə soruşduq. Belə buyurdu: «Ayaqların sürüşdüyü bir yerdir ki, üzərində başları əyri dəmirdən çəngəllər, tikanlar, sərt, kəskin enli şeylər vardır. Bunların Nəcddə olan və sədan deyilən tikanlar kimi ucları qıvrıq, əyri tikanları vardır. Möminlərdən kimisi onun üzərindən göz qırpımı qədər zaman anında, kimisi şimşək kimi, kimisi külək kimi, kimisi yaxşı cins at və dəvələr kimi sürətlə keçərlər. Bunların kimisi salamat olaraq qurtular. Kimisi dırmıxlar içində pərişan olaraq qalır. Kimisi də Cəhənnəm alovu içinə düşür. Nəhayət sonuncuları sürünə-sürünə keçib qurtulurlar. Siz haqqı məndən çox axtaran deyilsiniz. O gün kimin Cabbar olan Allaha həqiqətən inandığını görəcəksiniz. Cənnətə girən möminlər saraylarında məskunlaşdıqdan sonra, müsəlman qardaşlarının bir qismini görmədikdə: «Ya Rəbbi! Onlar bizimlə namaz qılır, oruc tutur, bizimlə birlikdə (hər cür yaxşı) işlər görürdülər» – deyəcəklər. Uca Allah: «Gedin qəlbində dinar ağırlığında iman olanları Cəhənnəmdən çıxarın!» – buyuracaq. Allah bu möminlərin vücudlarını Cəhənnəmə haram edir. Möminlər Cəhənnəmdə yanan qardaşlarının yanına gəlirlər. Baxırlar ki, bunların kimisi topuqlarına qədər, kimisi ayaqlarına qədər Cəhənnəm alovuna batmışlar. Onlardan tanıdıqlarını tutub çıxararaq geri qayıdırlar. Uca Allah buyurur: «Gedin qəlbində yarım dinar ağırlığında iman olanları çıxarın!» Cənnətdəki möminlər gəlib tanıdıqlarını çıxarıb qayıdırlar. Uca Allah yenə buyurur: «Gedin qəlbində zərrə qədər imanı olanları çıxarın!» Onlar da gəlib tanıdıqlarını çıxaracaqlar». Ravi Əbu Səid əl-Xudri (r.a) deyir ki: «Mənə inanmırsanız bu ayəni oxuyun: «Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar». (ən-Nisa 40) Peyğəmbərlər, Mələklər, Möminlər şəfaət edirlər. Bundan sonra Cabbar olan Allah: «İndi növbə Mənim şəfaətimədir» – deyir və Cəhənnəmdən bir ovuc çıxarır. Buradan vücudları tamamilə yanmış insanları çıxarır. Sonra bunlar Cənnətin çölündə bir çaya salınırlar. Bu çaya «Həyat suyu» deyilir. Onlar selin gətirdiyi yığınlar arasında qalan yabanı reyhan toxumları necə sürətlə bitərsə, elə bitəcəklər. Bu yabanı reyhan otlarını bir qaya ilə ağac arasında görmüsünüz. Bu otun günəşə baxan tərəfi yaşıl, kölgəyə baxan tərəfi isə ağdır. Çaya salınan bu kimsələr çıxarılarkən ağlıq və parlaqlıq baxımından sanki mərcan kimi parıldamaqdadırlar. Onların boyunlarına boyunbağılar taxılır. Beləliklə Cənnətə girirlər. Cənnətliklər bunlar haqqında: «Bunlar Rahmən olan Uca Allahın azad etdiyi qullarıdır. Bunların etdikləri bir əməl, göndərdikləri bir xeyir olmadan Allah onları Cənnətə qoymuşdur» – deyirlər. Bunlara: «Gördükləriniz və bir o qədəri sizindir» – deyilir».
Əbu Hureyradan (r.a) rəvayət edildiyinə görə, Allah Elçisi (s.a.v) belə dedi: «Qiyamət günü Allah insanları böyük bir meydanda toplayacaq və aləmlərin Rəbbi olan Allah onlara belə deyəcək: «Hər kəs dünyada qulluq etdiyi şeyə tabe olsun». Bundan sonra xaça ibadət edənlər xaçı, bütə ibadət edənlər bütləri, oda ibadət edənlər də odu təmsil edəcək, beləcə onlar ibadət etdikləri bu şeylərə tabe olacaqlar. Geridə sadəcə müsəlmanlar qalacaq və aləmlərin Rəbbi olan Allah onlara belə buyuracaq: «Siz bu insanlara tabe olmayacaqsınızmı?» Onlar deyəcəklər: «Səndən Sənə sığınırıq, Səndən Sənə sığınırıq. Bizim Rəbbimiz Allahdır. Rəbbimizi görənə qədər bizim yerimiz bu yerdir». Allah onlara əmr edər və onları sabitqədəm edər». Səhabələr: «Ey Allahın Elçisi! Allahı görəcəyikmi?» Allah Elçisi (s.a.v): «Aylı gecədə bədrlənmiş ayı görməkdə əziyyət çəkirsinizmi?» – (deyə soruşdu). Səhabələr: «Xeyr» – dedilər. (Bundan sonra) Allah Elçisi (s.a.v) belə davam etdi: «Siz o gün Onu görməkdə heç bir çətinlik çəkməyəcəksiniz». Sonra Allah o qullarının qarşısına çıxıb Özünü tanıdacaq və: «Mən sizin Rəbbinizəm, Mənə tabe olun!» – deyəcək. Müsəlmanlar qalxaraq qurulan Sıratın üzərindən sürətlə gedən at və dəvələr kimi keçəcək və: «Salamat et, salamat et!» – deyə dua edəcəklər. Axıra Cəhənnəm əhli qalacaq. Onlardan bir qrup Cəhənnəmə atıldıqdan sonra (Cəhənnəmə) belə deyiləcək: «Doldunmu?» Cəhənnəm də deyəcək: «Yenə varmı?» Sonra bir qrup da atılacaq və yenə: «Doldunmu?» – deyiləcək. Cəhənnəm: «Yenə varmı?» – deyəcək. Cəhənnəm əhlinin hamısı Cəhənnəmə dolduqda Rahmən (Allah) ayağını Cəhənnəmə qoyacaq və ondakılar bir-birlərinə sıxılacaq, sonra Allah: «Yetərmi?» – buyuracaq. Cəhənnəm də: «Yetər, yetər!» – deyəcək. Allah Cənnət əhlini Cənnətə, Cəhənnəm əhlini də Cəhənnəmə qoyduqda ölüm (boynundan) dartılaraq gətiriləcək və Cənnət əhlilə Cəhənnəm əhli arasında olan bir divar üzərində qoyulacaq. Sonra: «Ey Cənnət əhli, (artıq) əbədilik var, ölüm yoxdur!» – deyiləcək. Sonra: «Ey Cəhənnəm əhli, (artıq) əbədilik var, ölüm yoxdur!» – deyiləcək».
(ət-Tirmizi 2557, 2755. əl-Albani səhih adlandırmışdır.)
—————
Topladı
K. Hüseyn
H 1431 / M 2010
www.islamevi.az