Milyonlarla insanı bir anda sükuta qərq edən nida – Allahu Əkbər | ARTIQ ZAMANIDIR!
Hər gün milyonlarla müsəlman, yer üzünün müxtəlif yerlərində bircə təkbir səsiylə bir neçə dəqiqəlik bu dünyadan sanki qopurlar. Yəqin ki görmüsünüz, məsciddə imam “Allahu Əkbər” (Allah ən böyükdür -red.) dediyi zaman, arxasında minlərlə insan sükuta qərq olur.
…Çünki, Yaradanın qarşısında dayanaraq, Ona boyun əyirlər. Çünki, verilən nemətlər üçün şükür edərək, Allaha təzim edir, Ona möhtac bir bəndə olduqlarını etiraf edir, namaz qılırlar. Çünki, Allahın əmrinə təslim olaraq, Ona qeyri-şərtsiz itaət edirlər. Çünki, artıq bəhanələrə yer olmadığını dərk etmişlər..
Bu təslimiyyətin görüntüsü isə, çox fərqli, qeyri-adi və möhtəşəm olur. Kəbə’də (Məkkə ş.) qılınan camaat namazlarının görüntüsünə bəlkə də hamımız baxmışıq. Fikir vermisinizmi, bu görüntünün qeyri-adiliyi və möhtəşəmliyi, İslamdan uzaq olan kəsləri belə cəlb edir, onlarda da maraq doğurur. Buna görə də, artıq daha diqqətli şəkildə baxacağımıza, daha fərqli analiz edəcəyimizə inanırıq. Nə üçün? Ona görə ki, bəzi şeyləri nəzərdən qaçırmışıq. Bu dünyada buna bənzər başqa bir görüntü varmı? Həqiqətən də təsirlənməmək mümkün deyil. Allah qarşısında təslimiyyət göstərmək, elə ‘müsəlman‘ sözünün mənasıdır. Böyük bir şərəf və üstünlükdür. Çünki, üstünlük – pulda, geyimdə, vəzifədə və milliyyətdə deyil, təqvadadır (təqva – Allah qoruxusu -red.).
“Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Bir-birinizlə tanış olasınız deyə sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz, Allah yanında sizin ən dəyərliniz əntəqvalı olanınızdır…” (Quran, 49/13)
Allaha həqiqi mənada inanan, bu dünyada saysız-hesabsız nemətlər verdiyini təsdiq edən, ölümdən sonra haqq-hesab və əbədi həyatın olduğuna əmin olan kəs, Allaha boyun əyərək, beş vaxt namaz qılma zamanının gəldiyini də anlamış olmalıdır, elə deyilmi?
“Ailənə namaz qılmağı əmr et! Özün də namaza səbirlə davam et! Biz səndən ruzi istəmirik, sənə ruzi veririk. Gözəl aqibət/sonluq təqva əhlinindir.” (Quran, 20/132)
Gəl, Allah sənə yardım edəcək, üstəlik, qəlbinə inanılmaz bir rahatlıq bəxş edəcək. “Mən bacarmaram” və ya “hələ tezdir” deyərək, özünü aldatma. Səninlə həmyaşıd olan neçə-neçə insanın dəfnində iştirak etdiyini xatırla.. Heç kimin “yaşama müddəti” müqaviləsi yoxdur və həyatının nə zaman bitəcəyini də əsla bilməz. Elə isə, artıq əsl təslimiyyət zamanıdır.. Çünki O, Mərhəmətli, İbadət olunmağa layiq və üstün hikmət Sahibidir. Heç düşünmədiyin anlarda sənə o qədər yardım etmiş, tək başına qaldığın çətin zamanlarında sənə o qədər dəstək olmuşdur ki.. Yadına düşdümü? Elə isə, bu dəfə daha yaxşı analiz edərək yadına sal və şükür et. Şükrün sadəcə dildə deməklə icra olunduğunu düşünürsənsə, bunun yanlış olduğunu da artıq bil. Şükür – qəlb, dil və əməl ilə reallaşır. Sadəcə dil ilə deyilən şükür – şikəst bir şükürdür..
Allahsız, ibadətsiz, zikrsiz, duasız və Quransız həyat – çox sıxıcıdır. Qəlbin rahatlığı, dərmanı, şəfası və sonu olmayan gözəl bir həyatın şifrəsi – Allaha itaət etməkdədir. Qəlbinin səsini eşit, gəl, sən də təslim olan milyonlarla kəsdən biri olaraq, Allahın sevimli və üstün qullarından ol..
“Şübhəsiz, Mən Allaham. Məndən başqa heç bir (doğru və ibadət olunmağa layiq olan) ilah yoxdur. Ona görə də Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!” (Quran, 20/14)
Ayxan Yaquboğlu
www.islamevi.az