ALLAH RİZASI ÜÇÜN EDİRSƏNSƏ, KİMDƏNSƏ TƏŞƏKKÜR GÖZLƏMƏ..
İnsan, təbiət olaraq təriflənməyi və qarşı tərəfin təşəkkür etməsini çox sevir. Bu iki şeyə şahid olmadıqda, kefi korlanır və hətta qəzəblənir. Çox zaman bunun səbəbi – edilən əməli yalnız Allahın razılığını qazanmaq üçün deyil, başqa səbəblərə görə etməkdir.
Buna görə də bir yaxşılıq edərkən, Allah üçün etmək və insanlardan təşəkkür gözləməmək lazımdır. Uca Allah, Öz sevimli bəndələri haqda belə buyurur:
“..Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atırlar..” (Həşr, 8)
Deməli, bir əməli sırf Allahın razılığını qazanmaq üçün etmək insanı həm Allahın sevimli bəndəsinə çevirir, həm də ‘qarşı tərəfdən minnətdarlıq gözləmək’ kimi psixoloji gərginliyi aradan qaldırmış olur. Nuh peyğəmbər (ona salam olsun) insanları doğru yola çağırarkən, belə deyərdi:
“Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir”. (Şuəra, 109)
Uca Rəbbimiz, bu cür davranan bəndələrini həm dünyada, qarşı tərəfin verə biləcəyi (edilən yaxşılığı qiymətləndirməyərək təşəkkür etməmək kimi) əziyyətlərdən, bu düşüncələrin doğura biləcəyi üzüntülərdən qoruyar, həm də əbədi həyat olan axirət yurdunda böyük mükafatlar bəxş edər. Mərhəmətli Rəbbimiz buyurmuşdur:
“O şəxsin boynunda heç kəsin bir minnəti (neməti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz). O ancaq ən uca olan Rəbbinin rizasını (razılığını) qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi nemətlərə görə) razı olacaqdır!” (Leyl, 19-21)
Uca Allah, ac və yoxsul insanlara yaxşılıq edərək, onları qidayla təmin edən – Cənnət əhli olan sevimli bəndələrinin, bu gözəl əməllərini, “xeyirxah insan” adını almaq və ya təşəkkür gözləmək üçün deyil, sırf Allahın razılığını qazanmaq üçün etdiklərini xəbər verərək buyurmuşdur
“(Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bunun müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik”. (İnsan, 9)
Həqiqətən də, Allah üçün edilmiş bir əməl, Allah qatında da, insanlar arasında da əsla qiymətsiz qalmaz, unudulmaz.
Hz. Ömər, Kandəhar’dakı ağır döyüşdə şəhid olanların adlarını soruşduqda, onların adları sadalanır və sonda “..və sənin tanımadığın bir çox insanlar” deyilincə, Ömər’in (Allah ondan razı olsun) gözləri yaşarır və belə deyir: “Amma Allah onları tanıyır..”
Bəli, əsas olan – insanların tanıması deyil, Allahın tanımasıdır. İnsanlar tanımasa da, unutsa da, Allah, O’nun razılığını qazanmağa can atanları əsla unutmaz.
Saleh insanlardan biri, gözü görməyən birisi üçün un və baldan hazırlanmış gözəl bir yemək hazırlayır.. Ailəsi, “bu adam, nə hazırladığını görməyən kor birisidir” dedikdə, həmin müdrik insan belə cavab vermişdi: “Amma Allah görür və bilir..”
Bir əməli Allah’a görə edən insan üçün, qarşındakı insanın kim olması, görüb-görməməsi və dəyər verib-verməməsi önəmli deyildir. Çünki o, təşəkkür üçün deyil, Aləmlərin Rəbbi olan Allahın razılığı üçün çalışır.. Madam ki sənin etdiklərini Allah bilir, insanların nə etməsi heç önəmli deyil!
Hazırladı: Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!