İnsan, həm yaxşı əməllər etməyə, həm də günah etməyə meylli şəkildə yaradılmışdır. Ən xoşbəxt insan, etmiş olduğu xətaları/günahları anlayaraq, bundan peşman olaraq, tövbə edərək onu yaradan Uca Rəbbinə dönmək istəyən insandır. Buna görə də Allah, tövbə qapısını daima açıq saxlayaraq, bəndələrinin həmin qapıya yönəlməsini istəyir.. Elə isə, nədir sənə mane olan əngəl? Axı Rəbbin səni gözləyir.. Artıq tövbə etməyin zamanı gəlib çatdı.. Çox sadə olan beş şərtlə, elə bu an tövbə et ki, Allah səni dərhal bağışlasın, sənin dərəcəni artırsın, bol-bol mükafat/savab bəxş etsin və Cənnətə gedən yolunu asanlaşdırsın! Başlayırıq:

 

1. Tövbə edərkən Allaha qarşı səmimi olmaq (ixlas). Yəni, edilən tövbənin səbəbi – riya/göstəriş, başqa birindən qorxu və ya müəyyən dünyəvi qazanc əldə etmək kimi səbəblər olmamalıdır. Tövbə, yalnız Uca Allah’ın razılığını qazanmaq üçün səmimi şəkildə edilməlidir. Tövbə etmək istəyən insanın düşüncəsi, Allah qorxusu və eyni zamanda, bunun qarşılığında savab qazanmaq olarsa, Allah tərəfindən qəbul edilər. Təsəvvür edirsinizmi?.. Həm günahından dönərək, özünə yaxşılıq etmiş olursan, həm də Uca və Rəhmli olan Rəbbimiz, sənə bol-bol savab/mükafat bəxş edir. Allah tövbə edənləri bax belə sevir..

 

2. Keçmişdə baş verənlərə görə vicdan əzabı çəkmək, kədərlənərək etdiyi günaha görə peşman olmaq. Bu günahı, tamamilə uzaq durulması vacib olan çox ciddi bir məsələ hesab et və Uca Allahın bu sözlərini xatırla:

“Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin…” (Təhrim, 8)

 

3. Bu günahdan tamamilə uzaqlaşaraq, təkrarlamağa/davam etməyə son qoymaq. Əgər edilmiş bu günah, vacib əməllərdən birinin tərk olunmasına səbəb olubsa, dərhal həmin əməli etməyə başlamaq; əgər qəza tələb edən bir əməl olmuşsa, qəzasını dərhal etmək.
Əziz insan! Əgər həmin günah, haram əməlləri etmənə səbəb olubsa, o əməlləri də dərhal tərk et.. Çünki haram – digər haramları da öz arxasından gətirir. Əgər kiminsə haqqına girmisənsə, dərhal haqqını ödə və onunla halallaş!

 

4. Qətiyyətli olmaq və bir daha o günaha dönməyəcəyinə dair tam bir qərar vermək. Allah səni gözləyir, O səni bağışlayacaq, buna əmin ol! Sən qəlbində qərarlı ol, sonra isə Rəbbinin bu sözünü unutma:

“Ey Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!” (Zumər, 53)

 

5. Tövbəni, öz vaxtından gecikdirməmək. Düşünmə ki, hələ ömrünə çox var və istədiyin vaxt tövbə edə biləcəksən! Neçə-neçə insan, bu “düşüncəylə”, bu dünyadan tövbə edə bilmədən köçüb getdi.. Qiyamət gününə qədər tövbə qapısı açıqdır, lakin sənin qiyamət qopmamış (ölümün gəlməmiş), günhalarından tövbə et.. Ölüm anında və artıq Allahın hüzurunda durarkən tövbə etmək imkanın olmayacaq. Çünki artıq gec olacaq.. Uca Allah buyurmuşdur:

“Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq”. (Nisa, 18)

 

Elə isə tövbəyə tələs! Bil ki, Allah səni sevir və sənin tövbə etməni gözləyir..

“…Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!” (Bəqərə, 222)

 

 

 

Ayxan Yaquboğlu (islamevi.az)

Bənzər Məqalələr

media-img_2283

Haqq din olan İslam dini Rəbbin vəhyi olan Qurani-Kərimə əsaslanır və bu dini, vəhyi qəbul edərək insanlara çatdıran şəxs Allahın Elçisi və Nəbisi Həzrəti Muhəmməd Mustafa ibn Abdullah ibn Abdulmütəllibdir. […]
Daha ətraflı