TÖVHİDİN GERÇƏKLIYI və Ş İ R K
Həmd aləmlərin rəbbi olan Allaha məxsusdur. Düşmənçilik yalnız zalımlara qarşıdır. Onun qulu, elçisi, məxluqatı arasında seçkini və vəhyində etibar sahibi etdiyi peyğəmbərimiz və ağamız məkkəli sonra isə mədinəli olan Məhəmməd bin Abdullah bin Abdulmuttalib əl-Haşimiyə, onun ailəsinə, səhabələrinə, Qiyamət gününədək onun yolunu tutan və hidayət yoluna bağı olan hər kəsə Allahın salavatı və salamı olsun!
Allah azzə və cəllə məxluqatı yalnız Ona ibadət etmələri və heç bir şeydə Ona şərik qoşmamaları üçün yaratdı, bu hikməti bəyan etmək, ona dəvət etmək və ona zidd olan hər şeyi izah etmək üçün peyğəmbərlər göndərdi. Bu məqsədlə izzət və cəlal sahibi olan Allah tərəfindən insanlara və cinlərə səmavi kitablar nazil olmuş, bəşəri elçilər göndərilmişdir. Uca və pak olan Allah bu evi Axirətə yol və keçid etmişdir. Kim oradakı həyatını Allaha itaət, Onun tövhidinə riayət və peyğəmbələrinə (hamısına salam olsun!) tabeçiliklə keçirsə, əməl evi olan dünyadan qarşılıq evi olan axirətə uğurla keçmiş olar. Sevinc və səadət evində nemətiləri əbədi və tükənməyən, sakinləri heç vaxt ölməyən, geyimləri cırılmayan, cavanları qocalmayan bir məskəndə yaşayarlar. Orada xoşbəxt həyat və bolluca naz-nemət var. Orada Allah tərəfindən sakinlərinə belə bir səsləniş olacaq: “Ey Cənnət əhli, siz diriləcəksiniz və bir daha ölməyəcəksiniz. Siz sağlam olacaqsınız və bir daha xəstələnməyəcəksiniz. Cavan qalacaqsınız və bir daha qocalmayacaqsınız. Nemət içərisində olacaqsınız və pisliyə düşməyəcəksiniz. Bu, onların şəraiti olacaq və onlar arzu etdiklərinə qovuşacaqlar, istədiklərini edəcəklər. “Bağışlayandan, rəhm edəndən (Allahdan) ruzi olaraq!” (Fussilət, 32) Orada onların izzət və cəlal sahibi Allahla görüşmək və Onun gül-camalını görmək imkanı olacaq. Peyğəmbərlə qarşı olanlara, istəklərinə və şeytana tabe olanlara gəlincə isə, onlar dünya evindən cəza, dəhşət və peşmançılıq evinə köçəcəklər. Orada daim əzab-əziyyət, acılar və od var. Sakinləri əbədi olaraq əzab və çətinlik içərisində olacaqlar. Allah taala buyurur: “Orada nə onların ölümünə hökm olunar ki, ölüb canlarını qurtarsın, nə də əzabları yüngülləşər”. (Fatir, 36) Həmçinin, Allah taala buyurur: “Kim Rəbbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm gözləyir. O, orada nə ölər, nə də yaşayar”. (Taha, 74) “Onlar imdad istədikdə onlara qətran kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o necə də pis məskəndir!” (əl-Kəhf, 29) “Cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər!” (Muhəmməd, 15)
Deməli, yaşadığımız bu ev əməl və izzət və cəlal sahibi Allaha razı qaldığı şəkildə yaxınlaşmaq evidir. Bura, nəfislərimizlə mübarizə, hesab çəkmə, dini dərk etmək və yaşamaq, xeyirxahlıq və təqva üzərində əməkdaşlıq etmək, haqqı və onun yolunda səbr etməyi tövsiyə etmək, elm öyrənib əməl etmək və Allah ibadət edərək şərrə qarşı mübarizə aparmaq üçün yaşayış məskənidir. Allah sübhənahu və taala buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır!” (əz-Zariyat, 56-58)
Allah taala cinləri və insanları yalnız Ona ibadət etmələri üçün yaratdı. O, yaratdıqlarına ehtiyacı yoxdur. O, özündən başqa heç nəyə ehtiyac duymaz. Necə ki, Allah sübhənahu və taala buyurur: “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə möhtac deyildir. O şükrə layiqdir! Əgər istəsə, sizi yox edib başqa bir məxluq gətirər. Bu, Allah üçün çətin deyildir!” (Fatir, 15-17) Həmçinin, Allah taala onları azlığı çoxaltmaq və ya fəxr etmək üçün yaratmadı. Əksinə onların yaradılışında böyük hikmət var. Bu hikmət onunla izah olunur ki, qullar Ona ibadət etməli, Onu uca tutmalı, Ondan qorxaraq və sevərək həmd-səna etməlidir. Onun ad və sifətlərini öyrənməli və onlarla Ona yaxınlaşmalıdılar. Allah taalanın sevdiyi və razı qaldığı söz və əməllərlə Ona yönəlməli, nemətlərinə şükr etməli qarşılaşdıqları çətinliklərə görə səbr etməli, Onun yolunda cihad etməli, əzəməti barədə düşünməli, etməli olduqları əməlləri yerinə yetirməlidilər. İzzət və cəlal sahibi Allah buyurur: “Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elmilə ehtiva etdiyini biləsiniz deyə, əmri onların arasında nazil olar”. (ət-Talaq, 12) Allah taala buyurur: “Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin!” (əl-Əraf, 180) Başqa bir ayədə belə buyurur: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (Əli İmran, 190-191) Ey Allahın qulu, sən bu evdə əbədi yaşamaq üçün yaradılmamısan. Yaradılmısan ki, əməl sahibi olduqdan sonra əməl dünyasından köçəsən. Bu dünya xeyir və şərlə qarışmış bir evdir. Orada kədər və sevinc, çətinlik və asanlıq, fayda və zərər, yaxşılıq və pislik, xəstəlik və sağlamlıq, var-dövlət və kasıblıq, kafir və mömin, asi və itaətkar var. Eyni zamanda dünyada cinlərin və insanların mənfəəti üçün yaradılmış digər məxluqat mövcuddur. Allah taala buyurur: “Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur”. (əl-Bəqərə, 29)
Qeyd olunduğu kimi, yaradılışda məqsəd Allah taalanı təzim etmək, əmrlərinə itaət etmək, qadağalarından çəkinmək və yalnız Ona ibadət edərək, heç nədə Ona şərik qoşmamaqdır. Yalniz Ona ibadət edilməli, Ondan kömək dilənməli, Ona sığınılmalıdır. Dünya və axirət işlərinin hamısında kömək etməyə qadir yalnız Odur.
Ey Allahın qulu, sənin yaradılışında və var olmanda məqsəd Allah taalanı ibadətdə təkləşdirmək, əmrlərini və qadağalarını üstün tutmaq, Onu ehtiyaclarının tək qarşılıyanı kimi qəbul etmək, dünya və axirət işlərində ondan kömək diləmək, peyğəmbərlərinə tabe olmaq, əmr etdiklərini sevmək, qadağan etdiklərinə nifrət etmək, Rəbbinin mərhəmətinə ümüd etmək və Onun əzabından qorxmaqdır.
Bütün peyğəmbərlər bu haqları — vacibatları və qadağaları insanlara öyrətmək üçün göndərilmişdilər ki, bizə xəbərdar edən peyğəmbər gəlmədi — deməsinlər. Əksinə onlara xəbərdar edən və Allahın əzabı ilə qorxudan elçilər gəldi. Allah sübhənahu və taala buyurur: “Biz hər ümmətə: “Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik”. (ən-Nəhl, 36) Başqa bir ayədə uca Allah belə buyurur: “Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (ən-Nisə, 165) Həmçinin, “Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: “Məndən başqa heç bir tanrı yoxdur. Buna görə də yalnız Mənə ibadət edin!” – deyə vəhy etməyək”. (əl-Ənbiya, 25) Deməli, bütün peyğəmbərlərin göndərilməyində məqsəd insanları və cinləri haq yola istiqamətləndirmək, onlara nicata çatmağın və həlaka uğramağın səbəblərini aydınlaşdırmaq olmuşdur. Bundan sonra bu iki məxluqun Allaha bəhanə deməyə və üzr gətirməyə sözləri olmayacaq. Həqiqətən, Allah sübhənahu və taala öyülməyə və təzim edilməyə layiqdir. Buna görə də Allah özü özünü öymüş və səna etmişdir. Deməli, Ona həmdü-səna və təzim etmək bütün məxluqatın borcudur. Allahı Onun şəriətinə uyğun və halal bildiyi vasitələrdən tutunmaqla ad və sifətləri ilə səna etmək, verdiyi nemətlərə görə şükr etmək və çətinliklərə səbr etmək vacib əməllərdən hesab olunur. Həmçinin, Allah taalanın haram saydıqlarına hörmət edərək onlardan uzaq durmaq, Onun və rəsulunun (s.a.v.) əmrlərinə itaətkarlıq göstərək tabe olmaq müsəlmanın ən əsas vəzifələridir. Eyniu zamanda hər bir müsəlman dinini başa düşməli, onu dərindən öyrənməli və qarşılaşacağı hər cür çətinlikdə mətinlik göstərməlidir. Rəsulullah (s.a.v.) buyurur ki, “Allah kimə xeyir istəyirsə, onu dində başa düşən edən edər”. Başqa bir hədisə Allah rəsulu (s.a.v.) belə buyurur: “Kim elm öyrənmək niyyəti ilə yola çıxarsa, Allah da bununla ona Cənnətə gedən yolu asanlaşdırar”. Hər iki hədisi Müslim özünün “Səhih” adlı kitabında rəvayət etmişdir.
Əmrlərin ən böyüyü və ən əhəmiyyətlisi Allah sübhənahu və taalanı ibadətdə təkləşdirmək, yəni tövhidə riayət etmək və və Ona şərik qoşmamaqdır. Bu, ən mühüm vəzifə və islam dininin əsasıdır. Ilk peyğəmbərdən sonuncu peyğəmbərədək bütün peyğəmbərlər (Onlara Allahın salavatı və salamı olsun!) tək Allaha ibadətə çağırmış və Ondan qeyrisinə ibadətdən çəkindirmişlər.
Bu din ilk peyğəmbər Nuh əleyhissəlamdan sonuncu peyğəmbər Məhəmmədə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) kimi olan bütün peyğəmbərlərin tək dini olan İslamdır. Allah ondan başqasını heç kəsdən qəbul etməyəcək.
Bu din ona görə İslam adlanıb ki, burada Allaha təslimiyyat, Onun qarşısında acizlik, Ona ibadət və itaət anlamına gəlir. Bu din Allahı ibadətdə təkləşdirməyə və Ona təslim və ixlaslı olmağa çağıran səmavi vəhyin tövhəsidir. Belə ki, ruhun və bədəninlə Allaha təslim olursan və gizlində və aşkardakı bütün əməllərini sırf Ona xatir edirsən. Bütün söz və əməllərin Onun rızasını qazanmaq üçün işlənir. Çünki, Allah sübhənahu və taala ibadətə və itaətə layiq tək ilahdır, Ondan başqa ilah və rəbb yoxdur. Qeyd etdiyimiz kimi peyğəmbərlərin şəriətləri müxtəlif olsa da qayələri bir olub. Allah taala buyurur: “Sizin hər biriniz üçün bir şəriət və bir yol tə’yin etdik”. (əl-Maidə, 48) Ancaq Allahın dini təkdir. O da tövhid və dua, qorxu, istək, təvvəkkül, namaz, oruc və sair ibadətlərdə yalnız Allahı təkləşdirmək dini olan İslamdır. Allah sübhənahu və taala buyurur ki, “Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur”. (əl-İsra, 23) Yəni, Uca Allah əmr etmişdir ki, insnalar və cinlər ondan başqasına ibadət etməsinlər. “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” (əl-Fatifə, 5) Allah taala qullarına bu sözləri deməyi, ibadətlərini buna uyğun qurmalarını və Ona necə həmd-səna etməyin lazım olduğunu bildirir. Belə ki, uca Rəbbimiz buyurur: “Həmd aləmlərin rəbbi, rəhimli və mərhəmətli və din günün sahibi olan Allaha məxsusdur”. (əl-Fatihə, 2-4) Allah taala qullarına bu həmd formasını öyrətdi, sonra isə dedi: “Biz yalnız Sənə ibadət edirik”. Allah sübhənahu özünün həmd edilməyə layiq aləmlərin rəbbi olduğunu bildirdi. Bununla da bəndələrinə ibadət və həmd etməyin formasını öyrətdi, tərbiyə etdi. O, mərhəmətli və rəhimlidir. O, din gününün sahibir. Bütün bunlar yalnız Rəbbimizə məxsus haqlardır. Daha sonra Allah sübhənahu və taala buyurdu: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik”. Yəni, ibadətlərimiz və hamimiz Sənsən. Səndən başqa kömək yerimiz yoxdur. Qulun etdiyi hər şey Allahdandır. Qullara himayə və kömək edən, onlara güc verən izzət və cəlal sahibi olan Allahdır: “Sizə gələn hər bir nemət Allahdandır”. (ən-Nəhl, 53) Nemət verən, kömək dilənən və ibadətə tək layiq olan yalnız Allahdır. Ey Allahın qulu, ona görə də əlinə böyük və ya kiçik bir nemət gəldiyi zaman bil ki, hamısı Allahdandır.
www.islamevi.az