featured-image-1446

UMM SƏLƏMƏ
Umm Sələmə… Əgər bilsəydiniz Umm Sələmə kimdir!

Onun atası Məhzum qəbiləsinin adlı-sanlı və yüksəkmövqeli başçılarından biri idi. Bundan əlavə, ərəblər arasında o öz səxavətliliyinə görə nadir olan bir insan idi. Buna görə onu hətta “müsafirlərin hamisi” adlandırmışdılar. Çünki səfərə çıxanlar onun yanına gəldikdə və ya onunla birlikdə səfərə çıxdıqda özləri ilə böyük ərzaq ehtiyatı götürməyə ehtiyacları olmurdu.
Onun əri Abdulla ibn Əbd əl-Əsəd ilk on müsəlmanın siyahısına daxil idi. Ona qədər Islamı ancaq Əbu Bəkr Sıddıq (Allah ondan razı olsun) və sayını barmaq hesabı saymaq mümkün olan kiçik bir qrup insanlardı.
.
Bu qadının adı Hind idi, amma hamı onu Umm Sələmə kimi tanıyırdı və bu ləqəb sonradan onun əsil adını əvəz etdi.
Umm Sələmə Islamı əri ilə birlikdə qəbul etmişdir və beləliklə, ilk müsəlman qadınlardan biri olmuşdur. Umm Sələmənin və onun ərinin Islam dinini qəbul etməsi barədə xəbər yayılmağa macal tapmamış qureyşlilər arasında narazılıq və həyəcanlar başladı. Başqalarına ibrət dərsi vermək üçün onlara qarşı əsil təqib və böhtan kompaniyası təşkil olundu və bu o qədər güclü idi ki, böyük bir dağı parçalaya bilərdi. Lakin onlar ruhdan düşmədilər, geriyə çəkilmədilər və qibtə edilə bilən səbat və yenilməzlik göstərdilər.
Böhtan və təqiblər müsəlmanlar üçün dözülməz hala çevrildikdə, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) onları vətəni tərk edib Həbəşistana köçməyə icazə verdi. Umm Sələmə və onun əri mühazirlərin ilk qrupunda idilər.
Beləliklə, Umm Sələmə və onun əri doğma evlərini, cah-cəlallı yaşayışlarını, adlı-sanlı qohum-əqrabanı Məkkədə qoyub, oranı tərk etdilər və mükafatlarını Allahdan umub, Onun iltifat göstərəcəyinə bel bağlayaraq yad bir ölkəyə köçdülər.
Həbəş kralının onları müdafiə etməsinə baxmayaraq (Allah buna görə onu cənnətlə mükafatlandırmışdır), Umm Sələmə və digər mühacirləri vətən həsrəti özünə çıkirdi.
Onlar məsləhət verən və və düz yola yönəldən Allah Elçisinin (ona Allahın salavatı vı salamı olsun) onlarla bir yerdə olmamasına görə çox narahat idilər. Belə vəziyyət Umm Sələmədə və onun ərində dərin kədər və qəm-qüssə oyadırdı.
Sonralar Həbəşistanda olan mühacirlərə xəbər gəlməyə başladı ki, Məkkədə müsəlmanların sayı əhəmiyyətli dərəcədə artmışdır.
Həmzə ibn Əbdülmütəllibin və Ömər ibn əl-Xəttabın Islam dinini qəbul etməsi onların gücünü, mətanətliyini və dözümlülüyünü artırırdı. Qureyşlilər onlara qarşı edilən təqibləri azaltmışdılar. Bu, vətən həsrəti çəkən bir qrup mühacirin Məkkəyə qayıtmasına qəti qərar verməyə səbəb oldu.
Vətən həsrəti onları özünə qayıtmağa səsləyirdi… Umm Sələmə və əri qayıdan¬la¬rın ilk qrupunda idilər.

Lakin çox keçmədi ki, qayıdanlar, onlara gəlib çatan xəbərlərin şişirdildiyini anladılar.
Həmzə və Osmanın Islamı qəbul etməsi ilə müsəlmanların irəli atdığı addım qureyşlilər tərəfindən ciddi müqavimətlə qarşılandı.
Bütpərəstlər müsəlmanlara işgəncə verməkdə, onları təhqir etməkdə və qorxutmaqda hər dəfə daha yeni üsullardan istifadə edirdilər.
Onlar müsəlmanları o vaxtadək görünməmiş əzab və məhrumiyyətlərə məruz qoyurdular.
Belə bir şəraitdə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) öz səhabələrinə Mədinəyə köçməyə razılıq verdi. Umm Sələmə də onun əri, dinini və şəxsən özünü qureyşlilərin şərindən xilas edərək ilk köçgün olmağı qərara aldılar.
Lakin Umm Sələmə və onun ərinin köçməsi, onların düşündüyü kimi, o qədər də sadə və asan bir iş olmadı.
.

Bu köç, başqaları ilə müqayisə oluna bilməyən müsibətli, ağır və kədərli oldu.
Qoy Umm Sələməyə söz verək özü bu faciəli əhvalatı bizə danışsın. Onun keçirdiyi hisslər daha güclü və dərin, təsviri isə daha dəqiq və mənalı idi.
Umm Sələmə rəvayət edir:
“Mədinəyə getməyə yığışaraq, Əbu Sələmə mənə bir dəvə hazırlayıb məni onun üstünə oturtdu, oğlumuz Sələməni isə mənim qabağımda qoydu. Heç kimə müraciət etmədən və diqqət yetirmədən Əbu Sələmə üstündə oturduğumuz dəvəni irəli sürdü. Biz hələ Məkkə şəhərinin hüdudlarından kənara çıxmamış mənim qəbiləm olan bəni Məhzum bütpərəstləri yolumuzu kəsdilər. Onlar Əbu Sələməyə dedilər:
– Əgər sən öz ruhunu satmısansaŞ bu qadının — sənin arvadının günahı nədir?! O bizim qəbilədəndir və biz niyə sənə imkan verməliyik ki, onu bizdən ayırıb yad bir yerə aparasan?!
Sonra onlar onun üstünə hücum çəkib məni güclə ələ keçirtdilər.
Ərimin bəni Əbd-əl-Əsəd nəslindən olan adamlar məhzumluların məni oğlum ilə tutduqlarını görüb dəhşətli dərəcədə qəzəbləndilər və dedilər:
– Biz heç vaxt yol verə bilmərik ki, siz uşağı güclə qohumumuzun əlindən aldıqdan sonra onu sizdə qoya bilmərik… Bu bizim oğlumuzdur və bizik onun himayəçisi. Bundan sonra hər iki tərəf oğlum Sələməni ələ keçirtmək üçün elə güclə dartmağa başladılar ki, axırda uşağın qolunu çəkib burxutdular. Bütün bunlar gözümün qabağında baş verirdi. Axırda uşağı Əbd-əl-Əsəsd qəbiləsindən olan adamlar apardılar.
Bir-neçə andan sonra mən özümü bədbəxt və tənha hiss etdim.
Mənim ərim öz dininin çağırışı ilə Mədinəyə getdi, mənim oğlum isə əldən düşmüş və şikəst edilmiş halda Əbd-əl-Əsəd nəslinin adamlarının yanında qaldı…
Məni isə mənsub olduğum bəni Məhzum qəbiləsinin adamları tutub özləri ilə saxladılar…
Bir saat ərzində məni ərimdən və doğma oğlumdan ayrı saldılar.
Həmin gündən başlayaraq mən hər səhər vadiyə çıxıb bu faciənin baş verdiyi yerə gəlib orada otururdum.
Oğlumu və ərimi məndən ayırdıqları həmin anların səhnələri təkrar-təkrar gözümün qarşısında canlanırdı. Mən hönkürməyə başlayır və hər gün hava qaralanadək ümidsizliklə ağlayırdım.
Bir dəfə mənim yanımdan əmim uşaqlarından biri yanımdan keçənədək bu minvalla bir il və ya təxminən o qədər keçmişdi.
Halıma acıyaraq və mənə yazığı gələrək o, mənim qəbiləmdən olan adamlara dedi:
– Niyə siz bu zavallını buraxmırsınız?! Axı siz onu ərindən və uşağından ayrı salmısınız!
O onların ürəklərini yumşaltmağa nail olmasını davam etdirir və o qədər rəhm etmələrini yalvardı ki, axırda mənə dedilər:
– Istəyirsənsə, get ərinin yanına!
Oğlumun, can-ciyərimin Məkkədə bəni Əbd-əl-Əsəd qəbiləsinin adamlarının yanında qaldığı bir vaxtda mən necə ərimin yanına mədinəyə gedə bilərdim?!
Körpə balam Məkkədə qaldığı və mən də onun haqqında heç nə bilmədiyim halda, əgər mən Mdinəyə köçsəydim əzab-əziyyətim sakitləşər və gözlərimin yaşı quruyar¬dımı?
Məni qəm-qüssədən necə xilas etmək lazım olduğunu başa düşən adamlar tapıldı. Onlar bütün varlığı ilə mənim vəziyyətimə bələr olaraq, mənim haqqımda bəni Əbd-əl-Əsəd qəbiləsi adamları ilə danışdılar və onların da axırda mənə yazıqları gəldi və oğlum Sələməni mənə qaytardlar.
Mən qətiyyən Məkkədə qalmaq itəmirdim və gözləyirdim ki, bir yol yoldaşı tapıb onunla gedim. Mən ehtiyat edirdim ki, elə bir gözlənilməz hadisə baş verər və mən ərimə qovuşa bilmərəm… Təklikdə getməyə yığışaraq, dəvəni hazırladım və oğlumla birgə ona mindim. Yolumuz Mədinəyə, ərimin yanına idi və nənimlə bərabər, oğlumdan başqa, Allahın yaratdığı heç bir məxluq yox idi. Məkkənin üç rilometrliyində yerləşən Tanaimə çatıb, mən orada Osman ibn Təlhaya (Osman ibn Təlha cahiliyyə dövründə Allahın Evinin gözətçisi idi. O, Islam dinini Xalid ibn əl-Validlə birlikdə qəbul etmişdi və Məkkənin azad edilməsinin şahidi idi. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Kəbənin açarlarını ona təqdim etmişdi. UmmSələmə ilə görüşdüyü gün o hələ bütpərəst idi.
)rast gəldim və o soruşdu:
“- Haraya istiqamət götürmüsən, ey “müsafirlərin havadarının” qızı?”
– Mədinəyə, ərimin yanına gedirəm, – deyə cavab verdim.
– Nə əcəb tək gedirsən, səninlə gedən bir adam yox idi? — deyə Osman soruşdu.
– Allaha and olsun, yanımda Allahdan və oğlumdan başqa heç kim yoxdur!
– Allaha and olsun, sən Mədinəyə çatana qədər səni heç vaxt tək buraxmaram! — deyə Osman ucadan dilləndi. Sonra o, dəvəmin yüyənindən tutub yolunu mənimlə birgə davam etdirdi…
Allaha and olsun, mən həyatımda onun kimi alicənab, vicdanlı və mərd yol yoldaşı görməmişdim. Biz dayanmalı olduqda, o dəvəni diz çökdürür və mən aşağı düşənə və yerbəyer olana qədər bir kənara çəkilib dayanırdı. Sonra yaxınlaşır, dəvənin qoşqularını çıxarıb onu yaxınlıqda bir ağaca bağlayırdı…
Sonra məndən kənarda olan başqa bir ağacın yanına gedib, onun kölgəsində istirahət edirdi.
Yola düşmək vaxtı çatanda, Osman dəvəni yəhərləyir və mənə yaxın gətirirdi. Sonra kənara çəkilib deyirdi: “Otur!” Mən dəvənin üstündə yerləşəndən sonra, o yaxınlaşıb, onun yüyənindən tutur və biz yolumuza davam edirdik.

Osman, biz Mədinəyə çatana qədər hər gün özünü bu qaydada aparırdı. O, Mədinənin yaxınlığında Əmr ibn Aufun qohumları yaşayan Kuba kəndini görən kimi dedi: “Sənin ərin bu kəndədir. Allahın izni ilə bu kəndə gir”. Özü isə geriyə dönüb Məkkəyə qayıtdı”.
Uzun müddətli ayrılıqdan sonra ailə yenidən birləşdi və Umm Sələmə yenə də öz ərini gördü. Əbu Sələmə arvadı və oğlu il görüşünə çox sevindi. Sonra hadisələr inanılmayacaq dərəcədə sürətlə inkişaf etməyə başladı.
Bundan sonra Əbu Sələmənin iştirak etdiyi Bədr müharibəsi oldu və müsəlmanlar parlaq qələbə qazandılar.
Bədrdən sonra Uhud yaxınlığında döyüş başladı. Burada Əbu Sələmə özünü müsbət cəhətdən göstərdi, amma ağır yaralandı. Sağaldığını hiss edənə qədər inadla müalicəsini davam etdirirdi. Lakin uzun çəkən müalicədən sonra üstü qaysaq bağlamış yara içəridən irinləmişdi. O gözlənilmədən açıldı və Əbu Sələmə yenidən yatağa düşməli oldu.
Müalicə zamanı o, arvadına deyirdi: “Ey Umm Sələmə, mən eşitmişəm ki, Allahın Elçisi buyurmuşdur:
“Kimə bədbəxtlik üz verdikdə, o: “Həqiqətən Allaha, həqiqətən Allaha qayı¬dı¬rıq”, sonra: “Ey Allah, mən bu bədbətliyi səbirlə qəbul etdim. Ey Allah, onu mənim üçün bol xeyirlə əvəz et” desə, Allah hökmən onun xahişini yerinə yetirər”…
Xəstə Əbu Sələmə günlərini yataqda keçirirdi. Bir dəfə Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ona baş çəkdi. O (ona Allahın salavatı və salamı olsun) hələ getməmiş Əbu Sələmə keçindi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) öz mübarək əlləri ilə mərhum dostunun gözlərini başladı.

Baxışlarını göyə qaldırıb, Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) belə buyurdu:
“Ey Allah, Əbu Sələmənin günahlarını bağışla və onu Özünə yaxınlaşdır. Onun uşaqlarına və yaxınlarına bu itginin əvəzini ver.
Ey Aləmlərin Rəbbi, bizim və onun günahlarını bağışla, onun qəbrini genişlət və nurlandır”.
Umm Sələmə, Əbu Sələmənin ona Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) haqqında dediklərini xatırlayaraq deyir:
“Ey Allah, mən bu itgini Səndən səbirlə qəbul etdim…” Lakin onun ürəyi gəlmədi ki: “Ey Allah, onu mənim üçün bol xeyirlə əvəz et” desin. O sadəcə başa düşə bilmirdi ki, kimsə Əbu Sələmədən yaxşı ola bilər?!
Buna baxmayaraq, Umm Sələmə duasını bitirdi…

Müsəlmanlar Umm Sələmə üz vermiş dərd-qəmə görə çox mütəəssir olmuşdular və onu “ərəblərin dul qadını” adlandırmağa başladılar.
Mədinədə onun tüklənməmiş quş balalarına bənzəyən uşaqlarından başqa bir nəfər də olsa doğma adamı yox idi.

Mühacirlər və ənsarlar hiss etdilər ki, Umm Sələmə onlardan birini ər seçə bilər. O, Əbu Sələmə üçün matəmini qurtaran kimi Əbu Bəkr siddiq (Allah ondan razı olsun) ona elçi göndərdi, lakin Umm Sələmə onun təklifini qəbul etmədi.
Sonra Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) elçi göndərdi, Umm Sələmə onu da, əvvəlki iddiaçı kimi, rədd etdi…
Sonra Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) onun yanına gəldi, Umm Sələmə isə ona dedi:
– Ey Allahın Elçisi, mənim üç əsas xüsusiyyətim var: olduqca qısqanc qadınam və qorxuram ki, sən mənə qəzəblənəsən və buna görə Allah məni cəzalandırar; bundan da əlavə, mən artıq yaşlı qadınam və mənim uşaqlarım var.

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) onun bu cavabına belə buyurdu:
– “Sən özünün lüzumsuz qısqanc olmağını yada saldın, mən isə vəd edirəm ki, Qüdrətli Allaha müraciət edərəm ki, səni bu xislətdən məhrum etsin. Sən yaşın haqqında dedin, lakin elə mən də sənin yaşındayam. Uşaqlara gəldikdə isə, mən onları özümünkü sayıram”.

Bundan sonra Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) Umm Sələmə ilə evləndi və bu isə o demək idi ki, Allah onun müraciətini eşitmiş və cavab vermişdi, yəni onun itirdiyini, ona bol xeyirlə əvəz etmişdi, ona Əbu Sələmədən də yaxşı ər qismət etmişdi.

Həmin gündən etibarən Məhzum qəbiləsindən olan Hind təkcə Sələmənin anası deyil, bütün möminlərin anası oldu.
Allah Umm Sələmədən razı olsun və ona Cənnətin təravətli guşəsini və Özünün mərhəmətini qismət etsin.

Əbdurrahman Rafat Əl-Başa
Tərcümə edən:
Fərahim Sələfi

Bənzər Məqalələr