Dəyişən zamanə deyil, dəyişən iqtisadi şərtlərdir. Hansı ki, insan həyatına istər fərdi, istərsə də ictimai, siyasi zəmində təsir etmək, dəyişdirmək istiqamət verməyə qadirdir. O cümlədən ailə institutuna da.
İlk insanlar (kitablarda şəklini gördüyünüz əyilə-əyilə gəzib sonra dikələn o əcaib, uydurma-xəyali məxluqları demirəm, Adəmdən (ə.s) bəri var olan insanları deyirəm) ovçu, maldar, əkinçi idilər, sonra şəhərlər və ticarət meydana gəldi. Ovçuluq, maldarlıq, əkinçilik fiziki güc, çeviklik tələb edən işlər idi. Başqa sözlə kişi işi idi. O dövrün ticarəti də həmçinin. Bəzən aylarla davam edən uzaq ticarət səfərləri üçün də fiziki güc və dözümlülük tələb olunurdu. Evi, ailəni, nəsli qorumaq da kişi işi idi. Çünki fiziki güc, çeviklik, dözümlülük tələb edirdi. Bu faktorlar kişini ön plana çıxarır, cəmiyyətdəki rolunu gücləndirirdi. Ataərkil (patriarxal) cəmiyyətin formalaşmasında bu amillər mühüm rol oynamışdı. Fiziki güc, dözümlülük, çeviklik tələb edən işlər və buna uyğun olan qidalanma (əsasən ət, süd və digər heyvan mənşəli qidalar) kişilik hormonu olan testosteron səviyyəsinin yüksək olmasına səbəb olurdu. Belə demək mümkünsə kişilər bir enerji partlaması yaşayırdılar. Təqribən 1 əsr əvvələ qədər 7-10 uşaqlı ailələr bu cür meydana gəlirdi.
Sonra industralizasiya dövrü başladı, sənaye inqilablarının tətiklədiyi kapitalist münasibətlər cəmiyyətin iqtisadi həyatına hakim oldu. Kişinin rolu cəmiyyətdə əhəmiyyətli dərəcədə azaldı. Ordu mənsublarının əksəriyyətini hələ də kişilər təşkil etsə də fiziki gücün əvvəlki kimi tələb olunmadığı müasir ordularda qadınlar da döyüşçü ola bilirlər. Optik nişangaha baxıb tətiyi basmaq, yaxud monitora baxaraq joystiklə hərbi texnika idarə etmək üçün fiziki güc və dözümlülük tələb olunmur.
Ac qalmamaq üçün artıq ova getməyə, yer şumlamağa, dağda-bayırda davar otarmağa ehtiyac yoxdur. Heyvanlar 5 ulduzlu tövlələrdə bəslənir, torpağı traktor şumlayır. Ticarət üçün uzaq səfərlərə də ehtiyac yoxdur. Smartfonla istədiyiniz birjada alqı-satqı ilə məşğul ola bilərsiz. Bir kişi mühəndis ilə bir qadın mühəndis, bir kişi müəllim ilə bir qadın müəllim, bir kişi həkimlə bir qadın həkim eyni əmək haqqını alır, eyni marketdən qida maddələrini alıb soyuducuya dolduraraq yeyə və yaşaya bilirlər. Fiziki güc, fiziki dözümlülük, çevikliyə demək olar ki, ehtiyac yoxdur. Dolayısı ilə yüsək testosteron səviyyəsinə də ehtiyac qalmır. İnsan orqanizmi Yaradan tərəfindən elə proqromlanıb ki, istifadə olunmayan kimyəvi birləşən zamanla azalmağa üz tutur. Dünya çapında kişi əhalidə son 50 ildə testosteron səviyyəsinin 40%-ə qədər azalmasına səbəb budur.
Cəmiyyətin və ailənin iqtisadi həyatındakı rolunun azalması kişinin ailədəki 1-ciliyini də müzakirəyə açmışdır. Müasir “azad qadın” anlayışının təməlində bu dayanır. “Pulun qədər sözün keçər” – bu reallıqdır. Beləcə ailə institutu ciddi transformasiyaya uğrayır, müasir ailə tipi meydana çıxır. Ya da çıxmır. Çünki müasir qanunvericiliyin təqdim etdiyi şərtlər altında nikah əqdinə imza atmaq bir kişi üçün köləliyə imza atmaq kimi bir şeydir. Boşanma halında qadın uşaqların hamısını, əmlakın isə 50%-ni özü ilə apara bilir. Ağlı başında olan heç bir kəs (bu şərtlər altında) belə bir əqdə imza atmaq istəmir, ona cazib gəlmir. Nikahların azalması, evlilik yaşının yuxarı qalxması, boşanmaların çoxalmasında bu amillər mühüm rol oynayır. Üstəlik şüurlu olaraq körüklənən eybəcər “feminizm”, “seksizm” anlayışları evliliyi, ailəni cazib olmaqdan çıxarır. Kişinin bu qədər verdiyi qarşılığında qadından ala biləcəyi sadəcə bir şey qalır ki, onun üçün də bu boyda riski gözə almağa dəymir. Çünki meydana gətirilmiş müasir cəmiyyətdə cinsəllik də pulla alına bilir. Üstəlik daha rəngarəng, daha çeşidli. Kapitalist sistem bu cür bir rasional düşüncəni aşılayır.
Ailə institutunun dağılması bəşəriyyətin məhvinə doğru atılan ilk addımdır. Proses uzun çəkəcək, əsrlərlə formalaşdığı kimi, dağılması da uzun çəkəcək. Lakin gətirdiyi fəlakətin önlənməsi mümkün olmayacaq. Mənəviyyat, ülvi hisslər, əxlaq, namus anlayışları ilə tərbiyə xaricində bu gedişin qarşısını ala biləcək heç bir qüvvə yoxdur. Kapitalizm isə kommunizm ilə “materializm” adlanan bir medalyonun iki ayrı üzü olduğu üçün bunları da rədd edir.
Dr. Elnur Nəsirov