Vəzifəsini icra etməyənlərə görə, İslam zərər görür (İbn Qayimin möhtəşəm izahı)
İslam dini – kamil vә ən doğru dindir. Bu cür dinin dәyәrini uca tutmaq vә әn gözәl şәkildә tanıtmaq – hәr bir müsәlmanın üzәrinә vacibdir. Lakin günümüzdә müsәlmanların, bunları etmәkdәn aciz olduqlarının şahidiyik. Bәs sәbәb nәdir? Az sayda, işgәncәlәrә mәruz vә qarşı tәrәflәrlә müqayisәdә qat-qat zәif olduqlarına baxmayaraq, Allahın izzәtlәndirdiyi, hörmәt sahibi etdiyi sәhabә, tabiin nәslindәn bizlәri ayıran böyük fәrqlәrin sәbәblәri nәlәrdir? ‘Allaha qulluq’ anlayışımızdakı yalnışlıqları, sıfırdan – böyük alim İbn Qayyimlә tәsbit etmәyә çalışacağıq.
Uca Allah, Öz bәndәlәri üçün ümumi bir qulluq tәyin etmişdir. Bu qulluq – hәr kәs üçün bәrabәr sәviyyәdәdir. Yәni hәr kәs, Uca Yaradana qulluq, ibadәt etmәlidir.
Bundan savayı, hər bir kəsin öz mərtəbəsinə uyğun olaraq, üzərinə düşən Allaha (xüsusi) qulluq etmə vəzifəsi vardır. Alimin üzərinə – cahilin üzərinə düşməyən – Allahın, Öz elçisi ilə göndərdiyi dini və elmi yaymaq vәzifәsi düşür. Bununla yanaşı, elm adamının üzərinə bu mübarәk vəzifəylə bağlı olaraq, başqasının üzərinə düşməyən bir səbir görəvi də düşür. Yәni, bu çәtin tәdris yolunda, maksimum dәrәcәdә sәbirli, tәmkinli – bir sözlә, hikmәtli olmalıdır.
Hakimin, üzərinə isə, müftinin üzərinə düşməyən – haqqı bərqərar etmək, onu həyata keçirmək, haqq-әdalәti məcburi etmək, bununla bağlı (üzləşdiyi çәtinliklərə) səbir etmək və buna görə mücadilә etmək kimi, qulluq vəzifəsi düşür.
Həmçinin zənginə də, mal-mülkünün haqqını ödəmək kimi qulluq vəzifəsi düşür. Halbuki, kasıb üçün belә bir vәzifә yoxdur.
Əli və dili ilə yaxşılıq etməyə çağırıb, münkərdən (pisliklәrdәn, haramlardan) çəkindirməyi bacaranların üzәrinә isə, bunu etmәkdәn aciz olanların üzərinə düşməyən bir qulluq vəzifələri düşür..
Yəhya b. Muaz ər-Razi, bir gün cihad haqqında, yaxşılıqları əmr etmək və pisliklərdən çəkindirmək haqqında danışdı.. Bir qadın ona dedi: “Bu vacibat, bizim üzərimizdən qaldırılmışdır.” (Yəhya) dedi: “Fərz et ki, siz qadınlardan əlin və dilin silahı qaldırılmışdır, lakin sizdən qəlbin silahı qalxmamışdır.” Qadın dedi: “Doğru söylədin. Allah səni xeyirlə mükafatlandırsın!”
İblis, ümumi qulluqdan olan zikr, qiraət, namaz, oruc, dünyada zahidlik kimi ibadətləri gözəlləşdirərək insanların çoxunu elə aldatmışdır ki, hәr kәsin deyil, yuxarıda sadaladığımız müәyyәn şәxslәrin üzәrinә düşәn xüsusi qulluqları insanlar dayandırmış və artıq öz qəlblərində də bu (xüsusi) qulluğu etməyə niyyət etmirlər. Onlar unutmuşlar ki, ümumu qulluq hәr kәsin, xüsusi qulluq isә, sırf onların üzәrinә vacibdir vә bu, çox uca bir mәrtәbәdir.
Belə insanlar, peyğəmbərlərin varislərinə (alimlərə) görə dinlərində ən zəif olan insanlardır. Çünki din, Allah üçün Onun əmr etdiklərini yerinə yetirməkdir. Üzərinə vacib olan Allahın hüquqlarını tərk edən birinin halı, Allaha və Onun Elçisinə görə günah işləyəndən daha pisdir. Beləki, bir əmrin icrasını tərk etmək, otuzdan çox səbəbə görə, bir qadağanı çeynəməkdən daha böyük günahdır.
Allahın, Öz peyğəmbəri (ona Allahın salamı olsun) ilə göndərdiyi dinindən, peyğəmbərinin və sәhabәlәrinin üzərində olduğu yoldan xəbəri olan biri görəcəkdir ki, dindarlığına görə barmaqla göstərilənlərin çoxu, həqiqətdə insanların içində dinlərində ən zəif olanlardır. Bu, ona görәdir ki, onlar, xüsusi qulluq vәzifәsini ya unutmuş, ya da haqqı ilә yerinә yetirmirlәr.. Allahdan salamatlıq dilәyirik!
Axı Allahın haramlarının dəyərdən düşürüldüyünü və hüdudlarının pozulduğunu, dininin tərk edildiyini və Rәsulunun yolundan üz döndərildiyini gördüyü halda, qəlbdə soyuq və dildə sakit duran birində, hansı din və hansı xeyir ola bilər?! Batil sözlər söyləyən, əslində danışan bir şeytan olduğu kimi, bu insanlar da lal şeytandır.
Məgər dinin başına gələnlərə biganə qalan bu kəslərin üzündən bu din bütün bu bəlalara düçar olmayıbmı?! Onların ən xeyirliləri (bir az) hüzn göstərənlər, uz turşudanlardır! Lakin şöhrətində və malında zərərlə üzləşərsə, onu qaytarmaq üçün fədakarlıq edər, cən-fəşanlıq edər, səy göstərər, çalışar və bacardığı qədər üç inkar mərtəbəsini dә (əl, dil və qəlb) bunları qazanmaq üçün istifadə edər. Belə kəslər – Allahın gözündən düşməklə və Onun qəzəbinə düçar olmaqla yanaşı – dünyada mümkün ola biləcək ən böyük bəlaya düçar olublar, lakin bunu anlamırlar.
Bu bəla, qəlbin ölümüdür. Həqiqətən də əgər qəlbin diriliyi nə qədər tam olarsa, Allah və Rəsulu üçün o qədər şiddətlə qəzəblənər, bu dәyәrlәr üçün sevgi bәslәyәr və dinin xeyri üçün göstərdiyi dəstək o qədər kamil olar!
Əhməd b. Hәnbәl və başqaları bir əsəri qeyd edirlər: “Uca Allah bir mələyə vəhy edərək, hansısa kəndi (yerə) batırmağı əmr edir.. Mələk deyər: “Ey Rəbbim! Axı mən bunu necə edə bilərəm, orada fılan adda bir ibadət əhli vardır!” Allah dedi: “Birinci ondan başla! Çünki onun bir gün də olsa (Allah rızası üçün, O’nun haramları ayaq altına alınıb, ayәlәri inkar edilmәsi sәbәbiylә -qəzəbdən) üzünün rəngi dəyişməmişdir!”
İbn Abdil-Bərr “ət-Təmhid” kitabında qeyd edir: “Uca Allah, peyğəmbərlərindən birinә vəhy edərək, fılan zahid insana belə deməsini buyurur: “Sənin dünyadakı zühdünə (Allah üçün yaşamağına) gəldikdə, bununla (Axirətdə) rahatlığını tezləşdirmisən! Sənin Mənim üçün ibadətə çəkilməyinə gəldikdə isə, bununla özünə izzət/hörmət qazanmısan! Lakin mənim üçün öz əleyhinə ola biləcək bir şey etmisənmi?” (Zahid) deyəcək: “Ya Rəbbi, sənin uğrunda edəcəyim, lakin əleyhimə olan şey nədir?” Allah dedi: “Mənim üçün bir dost ilə dostluq, bir düşmən ilə düşmənçilik etdinmi?”
Әziz müsәlman! Bu mübarәk dinin vә bu dinә mәnsub olanların, günümüzdә zәif vә qınaq obyekti olmalarının sәbәbi, ümumi qulluqdan uzaq düşmәlәri olduğu kimi, daha çox – müәyyәn müsәlmanların, yalnız onların üzәrinә vacib olan xüsusi qulluq vәzifәsini icra edә bilmәmәlәri vә ya bu vәzifәni doğru-düzgün icra etmәmәlәrinə görədir.
Bunları oxuduqdan sonra, sәni düşünmәyә dәvәt edirik! Allah üçün qulluğun, iki növ (ümumi vә xüsusi) olduğunu bildin.. Ümumi qulluğun, hәr bir insan üçün vacib olduğunu da bildin.. Bәlkә dә sәn, xüsusi qulluq vәzifәsini daşıyan birisisәn vә ya bu qulluq vәzifәsini daşıyan, lakin bundan qafil olan insanları tanıyırsan.. O zaman, ya özünü, ya da başqalarını islah etmәyin artıq vaxtıdır..
Bu yazıda dahi alim İbn әl-Qayyim’in “İ’ləmu’l-Muvaqqi’in an Rabbi’l-Aləmin” (2/120-121) adlı әsәrindәn (çox kiçik әlavәlәr edilmәklә) istifadә olunmuşdur.
Ayxan Yaquboğlu
Materiallardan istifadə edərkən istinad vacibdir!