Yalnız Səni çağırıram, Sənədir ümidim Allahım! | Nizami Gəncəvi’dən 6 kuplet gözəl şeir
Könüldən gəlməyən dua, yaxşı bil,
Mənasız bir işdir, ibadət deyil.
Sidq ilə ibadət eləsə insan,
Naümid qayıtmaz haqq dərgahından. (1)
***
Sən dedin: dar gündə köməkçi Mənəm,
Hər dilək istəsən, qəbul edənəm,
Sənsən acizlərə hər zaman pənah,
Mən də bir acizəm, kömək ol, Allah.(2)
***
Bəlalar gizlidir, bikəsəm, Allah!
Varmı Səndən özgə mənə bir pənah?!
Bir Sənsən dünyada əlimdən tutan,
Nə versən qailəm, Böyük Yaradan!(3)
***
Bəndəyə əl tutan Sənsən, İlahi,
Yoxdur Səndən başqa onun pənahı.
Olmuş – olacağı Sənsən Yaradan,
Sənin kərəminə möhtacdır insan.
Lütf elə, əlini mənə də uzat,
Mənə öz qovğamdan Özün ver nicat.
Sənsən, Pərvərdigar, hər bir muradım,
Səndən hasil olar hər bir muradım.
Mərhəmət görərsə Səndən bir insan,
Nə göydən qorxar o, nə də ulduzdan.(4)
***
Hər zaman köməyə çağırram Səni,
Qapından ümidsiz qaytarma məni.
Ey Tanrı, dərdimə Sən eylə əlac,
Bu möhtac kəslərə olmayım möhtac.(5)
***
İlahi, dar gündə Sən ol həmdəmim,
İstədiyin yerə çatsın qədəmim.
Aç mənim üzümə nur xəzinəni.
Zülmətlər içindən xilas et məni!(6)
(1). “İskəndərnamə”, səh: 431.
(2). “İskəndərnamə”, səh: 19.
(3). «Leyli və Məcnun», səh: 30.
(4). “İskəndərnamə”, səh: 411.
(5). “İskəndərnamə”, səh: 17.
(6). «Leyli və Məcnun», səh: 30