47 – Muhəmməd
Muhəmməd surəsi
(Məkkədə nazil olmuşdur, 38 ayədir)

 

1. Kafir olanların və (insanları) Allah yolundan döndərənlərin əməllərini (Allah) puç edəcəkdir.
2. İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qurana) inananların isə günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır).
3. Bu ona görədir ki, kafirlər batilə uymuş, iman gətirənlər isə öz Rəbbindən gələn haqqa (Qurana) tabe olmuşlar. Allah insanlara özlərinə dair məsələləri belə çəkir!
4. (Ey möminlər!) Kafirlərlə (döyüş meydanında) qarşılaşdığınız zaman boyunlarını vurun. Nəhayət, onları məğlub (əzib şil-küt) etdikdə, (qaçmasınlar deyə, əl-ayaqlarını) kəndirlə möhkəm bağlayın. Sonra da müharibə bitdikdə onları ya (boyunlarına minnət qoyub) məccani, ya da fidyə müqabilində azad edin! (İstəsəniz əsirləri bağışlayıb pulsuz-parasız azad edər, ya onları mübadilə edər, ya da müəyyən məbləğ pul, mal müqabilində buraxarsınız). (Əmr) budur! Əgər Allah istəsəydi, onlardan (başqa cür – müharibəsiz də) intiqam ala bilərdi. Lakin O sizi biri-birinizlə imtahana çəkmək üçün (vuruşmağınızı əmr etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini əsla puç etməz.
5. (Allah) onları doğru yola müvəffəq edəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir.
6. Və onları (dünyada) özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.
7. Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın dininə və Peyğəmbərinə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm (cihadda möhkəm, qüvvətli) edər.
8. Kafirlərə gəldikdə isə – hamısı məhv olsun – onların əməllərini puça çıxardar!
9. Bu ona görədir ki, (kafirlər) Allahın nazil etdiyini (Quranı) bəyənmədilər, (Allah da) onların əməllərini puç etdi.
10. Məgər onlar yer üzünü dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi?! Allah onları yerlə yeksan etdi. Kafirləri də buna bənzərləri (belə şeylər) gözləyir!
11. Ona görə ki, Allah iman gətirənlərin dostudur (himayədarıdır). Kafirlərin isə dostu (himayədarı) yoxdur!
12. Allah iman gətirib yaxşı əməllər edənləri (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kafirlər isə (dünyada) səfa sürər, heyvan kimi yeyib-içərlər. (Öləndən sonra) cəhənnəm odu onların məskəni olacaqdır!
13. (Ya Peyğəmbər! Qövmünün) səni çıxartdığı şəhərdən (şəhər əhlindən) daha qüvvətli neçə-neçə şəhərlər (şəhər əhli) var idi ki, Biz onları məhv etdik və özlərinə bir kömək edən də tapılmadı!
14. Məgər Rəbbindən bir dəlilə olan (dəlilə istinad edən) kimsə pis əməli özünə yaxşı göstərilən kimsə kimidirmi?! Belələri öz nəfslərinə uymuşlar.
15. Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən (günahlardan) bağışlanma gözləyir. (Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!
16. (Ya Peyğəmbər!) Onların (kafirlərin) içərisində elələri də vardır ki, səni dinləyər, sənin yanından çıxıb gedən kimi elm verilmiş kimsələrdən (səhabədən istehza ilə): “(Muhəmməd) bu saat nə dedi?!” – deyə soruşarlar. Onlar Allahın ürəklərinə möhür vurduğu və öz nəfslərinə uymuş kimsələrdir!
17. Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının (möminliklərinin, Allahdan qorxub pis əməllərdən çəkinmələrinin) mükafatını verər!
18. Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?!
19. (Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm də mömin kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin gündüzlər-gecələr dünyada nə işlə məşğul olduğunuz, axirətdə harada olacağınız Allaha məlumdur. Ondan heç nə gizli qalmaz!)
20. Möminlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya Rəsulum!) qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı –
21. İtaət etmək və gözəl bir söz demək (sənin əmrini dinməz-söyləməz yerinə yetirmək). İş qətiləşdiyi (onlara cihad vacib olduğu) zaman Allaha (verdikləri vədə) sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı!
22. Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?!
23. Onlar (münafiqlər, fitnə-fəsad törədənlər) Allahın lənət etdiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!
24. Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin öz kilidləri vardır?)
25. Doğru yol özlərinə bəlli olduqdan sonra (dindən) dönənlərə Şeytan (bu dönüklüyü) xoş göstərdi və onları tovlayıb yoldan azdırdı (və ya: bu dönüklüyün müqabilində Allah onları zəlalətə saldı).
26. Bu onların Allahın nazil etdiyini (cihad əmrini) bəyənməyənlərə (münafiqlərə): “Biz bəzi işlərdə (Allahın və Muhəmməd əleyhissəlamın əmrlərini yerinə yetirməməkdə) sizə itaət edəcəyik!” – demələrinə görədir. Allah onların (bütün) sirlərini (gizli danışıqlarını) bilir!
27. Bəs mələklər onların üzlərinə, arxalarına vura-vura canlarını alanda halları necə olacaq?
28. Bu da onların Allahın qəzəbinə səbəb olan şeyə (Şeytana itaət etməyə) uymaları və (Allaha) xoş gedən şeyi (kafirlərlə vuruşmağı) bəyənmədiklərinə görədir. Elə buna görə də (Allah) onların əməllərini puç etdi.
29. Yoxsa qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-küdurətlərini zahirə çıxartmayacaqdır?!
30. (Ya Peyğəmbər!) Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərər, sən də onları mütləq üzlərindən tanıyardın (amma, bəlkə, tövbə edib dində səmimi olsunlar deyə, onları heç kəsə tanıtmadıq). Sən onsuzda onların danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin (bütün) əməllərinizi bilir! (Bu ayə nazil olduqdan sonra tanınmayan münafiqlər qorxudan ağızlarını açıb bir kəlmə danışmırdılar).
31. (Ey möminlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə məlum etmək) üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq. (Elə edəcəyik ki, Allahın sizin barənizdə əzəldən bildikləri – kimin həqiqi, kimin yalançı mömin olduğu zahirə çıxıb Onun bütün bəndələrinə bəlli olsun!)
32. Şübhəsiz ki, kafirlər, (insanları) Allah yolundan döndərənlər və doğru yol özlərinə bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. (Allah) onların bütün əməllərini puç edəcəkdir!
33. Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!
34. Kafir olanları, (insanları) Allah yolundan döndərənləri, sonra da kafir kimi ölənləri, şübhəsiz ki, Allah bağışlamayacaqdır!
35. Buna görə də (cihada) zəiflik göstərməyin və (kafirlərə) üstün (qalib) gəldiyiniz zaman (onları) sülhə dəvət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş (mükafatsız) buraxmaz!
36. Şübhəsiz ki, dünya həyatı oyun-oyuncaq, əyləncədir. Əgər iman gətirsəniz və (pis əməllərdən, günahlardan) çəkinsəniz, O sizə mükafatlarınızı verəcəkdir. O sizdən mal-dövlətinizi (tamamilə Allah yolunda sərf etməyi) istəməz (yalnız zəkat verməyinizi istəyər).
37. Əgər Allah sizdən Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz xəsislik göstərərsiniz və O da (sizin islam dininə olan) kin-küdurətinizi (yaxud malınızı xərcləmək istəməmənizi) zahirə çıxardar.
38. Budur, siz (mal-dövlətinizin yalnız qırxda birini) Allah yolunda sərf etməyə çağırılan kimsələrsiniz. Bununla belə içərinizdə xəsislik edən də vardır. Hər kəs xəsislik etsə, ancaq özünə qarşı xəsislik etmiş olar. (Bunun zərəri yalnız özünə toxunar). Allah zəngin, siz isə yoxsulsunuz (Allah sizə möhtac deyildir, siz Ona möhtacsınız). Əgər (Ondan) üz döndərsəniz, (sizi yox edib) yerinizə sizlər kimi olmayan (Allaha cani-dildən ibadət və itaət edən) başqa bir qövm gətirər!

Bənzər Məqalələr