Uca Allah hər bir şeydə təkdir. Zatında, əməlində, Ad və vəsflərində (sifətlərində).. İbadət edilməyə layiq olub, bu xüsusda tək haqq sahibi olmaqla da birdir. Bu sayılanların heç birində ortağı (şəriki) yoxdur. Həmçinin yaratmaqda da, əmr etməkdə də, öldürməkdə də, diriltməkdə də, ruzi verməkdə də, xəstəlik göndərən və şəfa verməkdə də ortağı (şəriki) yoxdur.

 

«Həqiqətən rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə yüksələn, sürətlə təqib edən, gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca və böyükdür» (Əraf 54).

«Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq (Yaradan) varmı? Ondan başqa heç bir ilah yoxdur. Elə isə necə döndərilirsiniz?» (Fatir 3).

 

TÖVHİD

Tövhid sözünün mənası bir şeyi bir etmək, təkləşdirmək – deməkdir. Bu ancaq isə, iki şeylər: inkar və isbatla mümkündür. Termin olaraq Tövhid — yalnızca Uca və Böyük olan Allaha ibadət etmək deməkdir. Nə cür ibadət? Ona heç bir şeyi: rəsul, peyğəmbər, imam, mələk, cinn, övliya, seyid, daş, ağac, dəmir – yəni, yaradılmışlardan hər hansı bir ortaq (şərik) qoşmayaraq bir və tək olaraq ona ibadət etmək deməkdir. Sevərək, təzim edərək, mükafatını umaraq, cəzasından qorxaraq yalnızca Allaha qulluq etmək, ibadətə sadəcə onu layiq görməkdir. Bu, sonradan düşünülmüş bir şey deyil, Nuh peyğəmbərdən, Muhəmməd’ə ﷺ qədər gəlmiş bütün peyğəmbərlərin gətirdiyi Tövhiddir. Bu Tövhid – ‘Lə iləhə illəllah’ kəlməsinin mənasını ifadə edir. Bütün Peyğəmbərlərin dəvət etdiyi din də elə budur. Yəni Allahdan başqa ibadətə layiq olan heç bir haqq/doğru ilah yoxdur.

 

ALLAHIN VAR OLDUĞUNA İNANMAQ KİFAYƏT ETMİRMİ?

Bəs Allaha inanmaq, Onun yaradan və ruzi verən olduğuna iman etmək – kifayət etmirmi? Əslində, sualda qeyd olunan vəsflər də tövhidin ayrılmaz hissələridir. Lakin, bunlar – ‘Lə iləhə illəllah’ şəhadəti üçün kifayət etməz.. Tarixə baxacaq olsaq, Məkkə dövrünün müşriklərinin, Allahın hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, uca və böyük Allahdır – deyə inanclarının olduğunu görəcəyik:

“De ki, sizə göylərdən və yerdən ruzi verən kimdir, qulaqlara və gözlərə sahib olan (yaradan) kimdir, ölüdən diri, diridən ölü çıxaran kimdir, hər işi düzüb qoşan səhmana salan kimdir. Onlar Allahdır deyəcəklər. Bəs onda Allahdan qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərirsiniz?” (Yunus, 31-32).

“De ki, əgər bilirsinizsə bu yer və yer üzərində olanlar kimindir? Onlar mütləq Allahındır. Sən de ki, bəs elə isə düşünmürsüz. De ki, yeddi göyün Rəbbi və böyük əzəmətli ərşin sahibi kimdir? Müşriklər «mütləq Allahındır» deyə cavab verəcəklər. Onda sən de ki, bəs elə isə qorxmursunuz?. De ki, əgər bilirsinizsə hər şeyin hökmü əlində olan, himayə edən, amma özünün himayəyə ehtiyacı olmayan kimdir? Onlar Allahındır deyə cavab verəcəklər. Bəs elə isə nə üçün qaçırsınız?” (Muminun, 84-89).

 

MƏKKƏ MÜŞRİKLƏRİ İLƏ NƏYİN MÜBARİZƏSİ GEDİRDİ?

Gördüyümüz kimi, bu şeyləri müşriklər də belə rədd etmirdilər. Bəs Hz. Muhəmməd ﷺ onlarla nəyin mübarizəsini aparırdı? Axı onlar Allaha inanırdılar.. Onlar ‘Lə iləhə illəllah’ kəlməsinə, Allahın istədiyi kimi deyil, əksik olaraq əməl edərək, öz həyatlarına davam etmək istəyirdilər: “Görəsən O, ilahların hamısını bir ilahmı edir? Bu doğrudan da, çox təəccüblü bir şeydir. Onların (müşriklərin) əyanları (böyükləri) çıxıb gedərək belə dedilər: Gedin öz ilahlarınıza (ibadətdə) möhkəm olun” (Sad, 5-6).

 

Deməli, təkcə Allaha inanmaq kifayət etmirdi. Bu halda Muhəmməd peyğəmbər , onların yanlış yolda olduqlarını deməz, əksinə, öz qohumlarının da üstünlük təşkil etdiyi bir toplumla mübarizə aparmaz, Ona ﷺ təklif edilən dünya nemətləri ilə dolu anlaşmalara razı olardı. Lakin O, “ayı sol əlimə, günəşi isə, sağ əlimə versəniz belə, mən yolumdam/davamdan vaz keçmərəm” – deyirdi. Çünki, Allahın haqqı və bu haqq yola çağırmaq – bütün dünya nemətlərindən daha üstündür.

Buradan həmçinin anlayırıq ki, Peyğəmbərimizə ﷺ qarşı əzab-əziyyət verən müşriklər, əslində bu sözün həqiqi mənasını bilirdilər. Cahil müşriklərin belə bu sözün mənasını, özünə müsəlman deyən kəslərdən daha düzgün olaraq başa düşdüklərini gördükdə, insan heyrət edir.. Təəssüf ki bir çox insan, doğru etiqad etmədən, anlamadan – sadəcə bu sözü hərflərlə tələffüz etməklə işinin tamamlandığını düşünür. Bununla yanaşı, bu kəlmədəki məqsədin yalnız Rububiyyət – yəni, Allahdan başqa yaradanın, ruzi verənin olmadığına inanmaq və Allahdan başqasına sadəcə rüku, səcdə etməmək olduğunu zənn edirlər.

 

Lakin bu, tamamilə yanlışdır. Peyğəmbərimizə ﷺ qarşı şiddətli şəkildə mübarizə aparmış Məkkə müşrikləri də, əslində bütlərə ibadət etmədiklərini, bütlərin onları Allaha yaxınlaşdırdığını deyirdilər: “..Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.)..” (Zumər, 3)

Tövhid – həm qəlb, həm dil, həm də əməl ilə gerçəkləşir. Tövhidi anlayan, lakin buna uyğun əməl etməyən kimi, Firon, İblis və digər inancsızlar kimi olmazmı? Çünki qəlbin Tövhidinin davamı olaraq, söz və əməl ilə Tövhid gəlir. Əgər bir kimsə qəlbi ilə Tövhid edər (Allahı təkləşdirər), lakin söz və əməlləri ilə Tövhid etməyəcək olursa, bu insan batil üzərində inadkarlıq etmiş olacaqdır.

“Möcüzələrimizin həqiqiliyinə daxilən əmin olduqları halda, haqsız yerə və təkəbbürlük üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu?» (Nəml 14).

 

QORXUNC BİR ŞEY: TÖVHİDİ DARMA-DAĞIN ETMƏK..

Allahın əmr etdiyi kimi yaşamamaq, dua və yardım istəyini Allahdan qeyrisinə yönəltmək – tövhidi pozur. Dövrümüzdə bəzi insanlar, övladlarının universitetə daxil olması, xoşbəxt evlilik həyatı yaşamaları, övlad sahibi olmaları və digər dünyəvi istəklər üçün evləndirmək üçün Allaha deyil, yaradılmışlara yönəlirlər. Kimisi, ölülərdən -mən ondan istəyim, o da Allahdan istəyər- deyə, yardım istəyir, kimisi isə, diri olan (vəzifə və ya pul sahibi) kəslərə – Allahdan daha çox ümid bəsləyir. Halbuki, Uca Allah bizlərə Öz Kitabı olan Qurani-Kərimdə, daima bu kəlməyə tərəf gəlməyimizi, ona sarılmağımızı, və bu ayələrdə ağıl, hikmət sahibləri üçün ibrətlər, faydalar olduğunu buyurmuşdur. Allaha olan tövhidi zədələmək, əbədi həyatın zədələmək, Allahın bəxş edəcəyi əbədi gözəl həyatdan məhrum olmaq deməkdir..

 

ƏZƏMƏTLİ RƏBBİ KƏNARA QOYARAQ, BAŞQALARINI ONA BƏRABƏR TUTMAQ BİR İNSANA YARAŞARMI?

 

O, yaratdıqlarından heç birinə bənzəməz. Yaratdıqlarından da heç biri ona nə zatında, nə felində, nə ismində, nə sifətində, nə də hüququnda bənzəməz. “Ona bənzər heç bir şey yoxdur” (Şura, 11). Heç bir şey Ona üstün gələ, aciz buraxa bilməz. “Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur” (Fatir 44). O, dilədiyi hər şeyi etməyə qadirdir. «Bir şeyi istədiyi zaman Allahın buyurduğu ona ancaq: «OL!» deməkdir. O da dərhal olar” (Yasin, 82).

Bu onun qüdrətinin üstünlüyüdür. Nəyi diləmişsə, o olmuş, nəyi diləməmişsə, o olmamışdır. Bu da onun Rububiyyətinin (Rəbbliyinin) kamilliyindəndir. Ondan başqa əsl ilah yoxdur kəlməsi – yəni, Tövhid budur. Bütün peyğəmbərlərin çağırışı da bu olmuşdur. “Biz hər ümmətə Allaha ibadət edin, Tağutdan çəkinin deyə Peyğəmbər göndərmişdik. Onların bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə haqq yolundan azmalı olmuşdur. (Ey müşriklər) yer üzündə dolaşıb görün ki, (Peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu” (Nəhl 36).

 

Allahdan başqa ibadət olunmağa layiq heç bir ilah yoxdur. Çünki yaradan, ruzi verən, hər şeyə malik olan O’dur. Ondan başqa ibadət olunanlara isə, batil bir yolla ibadət olunmuş olur. “Çünki Allah haqq, müşriklərin O’ndan başqa ibadət etdikləri (Allaha yaxınlaşdırdığını düşündükləri, dua etdikləri, Allahdan daha çox qorxduqları, daha çox hörmət və sevgi bəslədikləri bütlər, tanrılar) isə batildir. Həqiqətən Allah uca və böyükdür” (Həcc, 62).

 

Bu qədər kamil, gözəl ad və sifətlərə malik olan Allahı kənara qoyaraq, unudaraq – əslində özlərinin də möhtac və aciz olduqları hər hansı bir şeydən kömək istəmək, ümid bəsləmək nə dərəcədə məntiqlidir? Düşünməyə dəyər..

 

Məqaləni PDF formatında: YÜKLƏ

 

Hazırladı: Ayxan Yaquboğlu

Bənzər Məqalələr

media-img_2834

Səhər — sübh namazından sonra, günəş doğana qədər; axşam — əsr namazından sonra günəş batana qədər olan müddətdir: (1)- ( الحَمْدُ للهِ وَحْدَهُ وَالصَّلاةُ وَالسَّلامُ عَلى مَنْ لاَ نَبِيَّ بَعْدَهُ […]
Daha ətraflı
media-img_2770

(( اللَّهُمَّ اجْعَلْ فيِ قَلْبِي نُورًا، وَفيِ لِسَانِي نُورًا، فيِ سَمْعِي نُورًا، فيِ بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، اللَّهُمَّ […]
Daha ətraflı