ADƏM PEYĞƏMBƏR
30. (Ey Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, — dedikdə (mələklər): “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” — söylədilər. (Allah onlara:) “Mən bildiyim şeyi siz bilmirsiniz!” — buyurdu.
31. (Allah Adəmi yaratdıqdan sonra) Adəmə bütün şeylərin adlarını (ismlərini) öyrətdi. Sonra onları (həmin şeyləri) mələklərə göstərərək: “(İddianızda) doğrusunuzsa, bunların adlarını Mənə bildirin!” — dedi.
32. Onlar: “Sən paksan, müqəddəssən! (Bütün eyib və nöqsanlardan kənarsan!) Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. (Hər şeyi) bilən Sən, hikmət sahibi Sənsən”, — dedilər.
33. (Sonra) O: “Ey Adəm, bunların (kainatda mövcud olan əşyaların) adlarını onlara bildir!” — dedi. (Adəm) onlara (mələklərə) bunların adlarını xəbər verdikdə (Allah): “Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin gizlində — aşkarda nə etdiyinizi bilirəm, söyləmədimmi?” — buyurdu.
34. (Ey Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin! — dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.
35. (Sonra) Biz (Adəmə) dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol—bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.
36. (Lakin) Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”, — dedik.
37. (Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O, (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.
38. Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (Qiyamətdə) qəmgin olmazlar”.
39. Kafir olaraq ayələrimizi təkzib edənlər isə Cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar. (əl-Bəqərə: 30-39).
Uca Allah başqa ayədə buyurur:
«Allah yanında İsa da (İsanın atasız dünyaya gəlişi də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Ol!” — dedi, o da oldu». (Ali İmran: 59).
Uca Allah başqa ayədə buyurur:
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizə nəzarət edəndir!» (ən-Nisa: 1).
Uca Allah başqa ayədə buyurur:
«Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır». (əl-Hucurat: 13).
Uca Allah başqa ayədə buyurur:
«Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən (qabırğasından) zövcəsini (Həvvanı) yaradan Odur». (əl-Əraf: 189).
Uca Allah başqa ayədə buyurur:
«11. Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” — dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.
12. (Allah İblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” — deyə buyurdu. (İblis:) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” — dedi.
13. (Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en! Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaramaz! (Oradan) çıx, çünki sən alçaqlardansan!”
14. (İblis) dedi: “Mənə Qiyamətə qədər möhlət ver!”
15. (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”
16. (İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!
17. Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”
18. (Allah) buyurdu: “Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx! Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!
19. Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (Cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!”
20. Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”
21. Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm”, — deyə and içdi.
22. Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq Uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: “Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi?”
23. (Adəm və Həvva:) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” — dedilər.
24. (Allah) buyurdu: “Bir—birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır”.
25. (Allah) buyurdu: “Orada yaşayacaq, orada öləcək və oradan (dirilib) çıxarılacaqsınız!”» (əl-Əraf: 11-25).
Uca Allah başqa ayədə buyurur:
«Sizi (ulu babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (Qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq». (Taha: 55).
Uca Allah başqa ayədə buyurur:
«26. Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) və qoxumuş (və ya torpaqdan tədriclə dəyişib başqa şəklə düşmüş) qara palçıqdan yaratdıq!
27. Cinləri daha öncə (insandan əvvəl) tüstüsüz oddan xəlq etmişdik.
28. (Ey Rəsulum!) Xatırla ki, bir zaman Rəbbin mələklərə belə demişdi: “Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!
29. Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona (ibadət yox, təzim məqsədilə) səcdə edin!”
30. Bundan sonra mələklərin hamısı ona (təzim məqsədilə) səcdə etdilər.
31. Təkcə İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
32. (Allah buyurdu: ) “Ey İblis! Sənə nə olub ki, səcdə edənlərlə birlikdə səcdə etmirsən?”
33. (Şeytan) dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!).
34. (Allah) buyurdu: “Oradan (Cənnətdən və ya səmalardan) çıx! Sən məlunsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)
35. Sən Qiyamət gününə qədər lənətlənmişsən!”
36. (İblis) dedi: “Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (Qiyamətə) qədər mənə möhlət ver!”
37. (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən”
38. Ancaq məlum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!
39. (İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!
40. Yalnız Sənin sadiq bəndələrindən başqa!”
41. (Allah) buyurdu: “Bu, sonu Mənə gəlib çatacaq doğru yoldur!
42. Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində (onları yoldan çıxarıb günaha vadar etməyə) sənin heç bir hökmün olmaz!
43. Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş (onları gözləyən) yerdir!
44. (Cəhənnəmin) yeddi qapısı (təbəqəsi) var. Hər qapıdan müəyyən bir dəstə girər». (əl-Hicr: 26-44).
Uca Allah başqa ayədə buyurur:
«61. Yenə yadına sal ki, bir zaman mələklərə: “Adəmə səcdə edin!” — deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etmişdi. (İblis:) “Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!” — demişdi.
62. (İblis) həmçinin: “(Ey Rəbbim!) Bir de görək (məni oddan, bu Adəmi torpaqdan yaratdığın halda) nə üçün onu məndən üstün tutdun? Əgər (məni öldürməyib) Qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla, onun nəslini öz hökmüm altına alaram (və ya azdıraram)”.
63. (Allah) buyurdu: “Çıx get! (Sənə Qiyamətə qədər möhlət verdim!) Onlardan hər kəs sənə uysa, (bil ki) cəzanız Cəhənnəmdir. Özü də tamam-kamal bir cəza!
64. Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) vədlər ver. Şeytan (ona uyanlara) yalnız yalan vəd verər!
65. Doğrusu, Mənim (mömin) bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması (sənin şərindən və vəsvəsəndən onları qoruması) kifayət edər!”» (əl-İsra: 61-65).
Uca Allah başqa ayədə buyurur:
«(Ey Rəsulum!) Xatırla ki, bir zaman mələklərə: “Adəmə (təzim məqsədilə) səcdə edin!” — demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O, öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!» (əl-Kəhf: 50).
Uca Allah başqa ayədə buyurur:
«115. Doğrusu, bundan əvvəl Adəmə də (Şeytana uymamağı) tövsiyə etmişdik. Lakin o, (tövsiyəmizi) unutdu və Biz onda (əhdi qorumağa) əzm (səbat) görmədik.
116. Bir zaman mələklərə: “Adəmə (təzim, hörmət məqsədilə) səcdə edin!” — deyə buyurmuşduq. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdədən) boyun qaçırtdı.
117. Biz də belə dedik: “Ey Adəm! Bu (İblis) sənin də, övrətinin də düşmənidir. (Ehtiyatlı olun ki) sizi (tovlayıb) Cənnətdən çıxartmasın, yoxsa (ey Adəm!) məşəqqətə düşüb bədbəxt olarsan!
118. Həqiqətən, sən orada (Cənnətdə) acmaq nədir, çılpaq olmaq nədir bilməzsən!
119. Sən orada susamaq nədir, günəşin hərarətindən əziyyət çəkmək nədir, onu da bilməzsən!”
120. (Allahın bütün bu xəbərdarlığından sonra) Şeytan ona (Adəmə) vəsvəsə edib (pıçıldayıb) belə dedi: “Ey Adəm! Sənə (meyvəsindən yeyəcəyin təqdirdə heç vaxt ölməyəcəyin və həmişə Cənnətdə yaşayacağın) əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq (fənaya uğramayacaq) bir mülkü göstərimmi?”
121. (Adəm və Həvva) ondan (həmin ağacın meyvəsindən) yedilər və dərhal hər ikisinin ayıb yerləri göründü. Onlar (lüt bədənlərinə) Cənnət ağaclarının yarpaqlarından yapışdırmağa başladılar. Beləliklə, Adəm Rəbbinin əmrindən çıxdı, amma mətləbinə yetmədi. (Adəm Rəbbinə asi oldu və yoldan çıxdı. Qadağan olunmuş ağacın meyvəsindən yemək heç də onu Cənnətdə əbədi qalmaq arzusuna çatdırmadı, əksinə, Həvva ilə birlikdə yer üzünə endirildi).
122. Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.
123. (Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir-birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin! Məndən sizə doğru yolu göstərən bir rəhbər (kitab, yaxud peyğəmbər) gəldiyi zaman hər kəs Mənim haqq yolumu tutub getsə, nə (dünyada) yolunu azar, nə də (axirətdə) bədbəxt olar!
124. Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar və Biz Qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”
125. O belə deyər: “Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!”
126. (Allah) buyurar: “Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!”» (Taha: 115-126).
Uca Allah başqa ayədə buyurur:
«67. De: “O (Quran Allah dərgahından nazil olan) çox böyük xəbərdir!
68. Siz isə ondan üz döndərirsiniz!
69. (Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi.
70. (Bütün onlar) mənə ancaq (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər olduğum üçün vəhy olunur!”
71. (Ey Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam
72. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz dərgahımdan ruh üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!”
73. Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;
74. Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.
75. (Allah) buyurdu: “Ey İblis! Sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”
76. (İblis) dedi: “Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!”
77. (Allah) buyurdu: “Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!
78. Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!”
79. (İblis) dedi: “Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!”
80. (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən,
81. (dərgahımda) vaxtı məlum olan günə (Qiyamətə) qədər!”
82. (İblis) dedi: “Sənin izzətinə—qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam;
83. Yalnız Sənin sadiq bəndələrindən başqa!
84. (Allah) buyurdu: “Həqiqətən, haqqı deyirəm,
85. and olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!”
86. (Ey Peyğəmbər!) De: “Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Quran mənim sözüm deyil, Allah kəlamıdır!)
87. Bu (Quran) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir!
88. Siz onun verdiyi xəbəri (Quranda deyilənlərin doğru olduğunu) bir müddətdən (öləndən, yaxud Qiyamət qopandan) sonra mütləq biləcəksiniz!”» (Sad: 67-88).
Bu, Qurani Kərimin müxtəlif yerlərindən Adəmin yaradılması haqqında xatırlatdığımız ayələrdir. Bu ayələrin hamısını “Təfsir” kitabımızda açıqlamışıq. İndi isə bu ayələrin məzmununu və bununla bağlı Muhəmməd Peyğəmbərdən r rəvayət olunan hədisləri xatırladacağıq. Yardım yalnız Allahdandır.
—————
İbn Kəsir əd-Dəməşqinin
“Peyğəmbərlərin həyatı” adlı kitabı
Tərcüməçi:
Abdurrəhim Muradlı