ADƏM VƏ HƏVVANIN CƏNNƏTDƏN ÇIXARILMASI
24. (Allah) buyurdu: “Bir-birinizə düşmən olaraq (Cənnətdən yer üzünə) enin! Yerdə sizin üçün bir müddət (əcəliniz çatana qədər) sığınacaq və dolanacaq (yaşayış vasitələri) vardır” (əl-Əraf: 24).
Bu Adəmə, Həvvaya və İblisə ünvanlanan xitabdır. Deyilənə görə ilan da onlarla birlikdə idi. Onlara bir-birinə düşmən olduqları halda yer üzünə enmək əmr olundu.
Aşağıdakı səhih hədisə əsasən ilanın onlarla olmasını demək olar. Peyğəmbər r ilanların öldürülməsini əmr edərək demişdir: “Biz onlarla müharibə aparan gündən onlardan arxayın ola bilmirik”
(Səhihdir. Əbu Davud: ? 5248; Əhməd: (2/247, 432, 521); İbn Hibban: ? 5644. Bütün rəvayətlər Əbu Hureyrədəndir.)
Taha surəsində isə deyilir: «(Allah Adəmə və Həvvaya) belə buyurdu: “Bir—birinizə (siz İblisə və nəslinə, İblis də sizə və nəslinizə) düşmən kəsilərək hamınız oradan (Cənnətdən yerə) enin.» (Taha: 123).
Bu isə Adəmə və İblisə edilən xitabdır. Adəm özü ilə Həvvanı, İblis isə ilanı götürdü.
Digər fikirə görə ikilik halında edilən müraciət onların hamısına şamil idi. Misal olaraq bu ayəni demək olar: “Davudu və Süleymanı da (yad et)! O zaman ki, onlar bir tayfanın qoyunlarının girib xarab etdiyi bir əkin sahəsi haqqında hökm verirdilər və Biz də onların hökmünə şahid idik.” (əl-Ənbiya: 78).
Amma bu üslub iki nəfər — iddiaçı və məhkum arasında hökm kəsən hakimin halı üçün keçərlidir. “Biz də onların hökmünə şahid idik.”
Bəqərə surəsində enmək əmri iki dəfə təkrarlanmışdır. Uca Allah buyurur:
36. (Lakin) Şeytan onları azdırıb olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir—birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”,—dedik.
37. (Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.
38. Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət (peyğəmbər və Kitab) gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (Qiyamətdə) qəmgin olmazlar”.
39. Kafir olaraq ayələrimizi təkzib edənlər isə Cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar. (əl-Bəqərə: 36-39).
Bəzi təfsir alimləri deyiblər ki, birinci enmə Cənnətdən dünya səmasına, ikinci enmə isə dünya səmasından yerə enmək üçün deyilmişdir. Amma bu zəif görüşdür. Çünki ayədəki birinci enmə əmri artıq onların yerə enmələrini göstərir. “Biz də: “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər sığınacaq və yaşayış vasitələri var”, — dedik.” (əl-Bəqərə: 36). Daha doğrusunu Allah bilir.
Düzgün fikir budur ki, əmr birdir, sadəcə təkrar deyilib. Amma Uca Allah hər əmr ilə fərqli hökmlər nazil edib. Birinci əmrdən sonra onların bir-birinə düşmən olduqlarını xatırlatdı. İkinci əmrdən sonra onlara nazil edəcəyi hidayət yoluna tabe olanın xoşbəxt, müxalif olanın bədbəxt olacağını bildirdi. Bu cür dil üslubunun Qurani-Kərimdə bir çox nümunəsi vardır.
Əbu Musa əl-Əşari (r.a) deyir ki, Allah Adəmi Cənnətdən yerə endirəndə ona hər şeyin emalını öyrətdi və ona Cənnətin meyvələrindən verdi. Sizin gördüyünüz bu meyvələr Cənnət meyvələrindəndir. Fərq ondadır ki, bu meyvələr xarab olur Cənnət meyvələri isə xarab olmaz.
(Əbdürrəzzaq: “ət-Təfsir” (1/43-44); Təbəri: “Cəmiul Bəyan” (1/175); İbn Əbu Hatim: “Təfsir” (138/421); Bəzzar: “əl-Bəhru-z-Zəxxar” (8/45/3030); Hakim: (5/543); Beyhəqi: “əl-Bəəs” (141/180). Rəvayətin sənədi movquf* olaraq səhihdir. Bəzzarın rəvayətində isə (8/45/3029) mərfu* olaraq səhih yolla rəvayət olunmuşdur.)
Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə dediyini rəvayət edir: “Günəşin doğduğu ən xeyirli gün cümə günüdür. Bu gündə Adəm xəlq olunub, Cənnətə daxil edilib və oradan çıxarılıb” . Buxarinin “Səhih”ində nəql olunan başqa rəvayətdə “Qiyamət bu gündə qopacaqdır” — əlavəsi deyilir.
—————
İbn Kəsir əd-Dəməşqinin
“Peyğəmbərlərin həyatı” adlı kitabı
Tərcüməçi:
Abdurrəhim Muradlı