featured-image-3370

Şis sözünün mənası Allahın hədiyyəsi deməkdir. Habilin qətlindən sonra Allah onlara bu övladı verdiyi üçün adını Şis qoymuşdular.
Cümə günü Adəm vəfat etdikdə mələklər Allahın əmri ilə Cənnətdən kəfən və hənut ətiri gətirdilər. Oğlu və vərəsəsi Şisə başsağlığı verdilər.
Utiyy ibn Damurə əs-Sədi deyir: “Bir nəfər qoca kişinin Mədinədə söhbət etdiyini gördüm və onun kimliyini soruşdum. Dedilər ki, o Ubeyy ibn Kəəbdir. O deyirdi: “Adəm vəfat edəndə övladlarına dedi: “Ey oğullarım! Mən Cənnət meyvələrindən dadmaq istəyirəm”. Övladları da meyvə dalınca getdilər. Mələklər Adəm üçün gətirdikləri kəfən və hənut ətiri ilə onların qarşısına çıxdılar. Onlarda balta, zənbil və ip var idi.
Mələklər dedilər: “Ey Adəm oğulları! Hara gedirsiniz? Nə axtarırsınız?”
Adəm oğulları: “Atamız xəstədir. Ürəyi Cənnət meyvəsi istəyir”.
Mələklər: “Geri qayıdın. Atanızın vaxtı qurtarıb”.
Onlar geri qayıtdıqda Həvva mələkləri görüb tanıdı və Adəmə tərəf qaçdı.
Adəm dedi: “Məndən kənar dur. Onsuzda sənin vasitənlə aldadılmışam. Məni Rəbbimin mələkləri ilə tənha qoy”.
Mələklər onun ruhunu çıxarıb yudular, kəfənlədilər, ətirlədilər, qəbirini ləhd formasında qazıdılar, cənazə namazını qıldılar və onu qəbirə endirib yerləşdirdilər və üzərini torpaqla örtdülər və dedilər: “Ey Adəm oğulları! Bu sizin sünnənizdir”.”

(Abdullah ibn Əhməd “Zəvaid əl-Müsnəd” kitabı (5/136); Təbərani “əl-Əvsət” (8/157/8261); (9/105-106/9259); İbn Səəd “ət-Təbəqat” (1/33); İbn Cərir “Tarix əl-Uməm və əl-Muluk” (1/100); İbn Əsakir “Tarix Dəməşq” (7/455-456). Rəvayət Ubey ibn Kəəbə  istinad olunur. Müəllifin dediyi kimi, rəvayət səhihdir. Hakim (1/344) də bu rəvayəti Peyğəmbərə istinad etmişdir. Bu da səhih rəvayətdir. )

Ubey ibn Kəəbə qədər gedən sənəd səhihdir.
Adəmin harada basdırılması ixtilaflı məsələdir. Həvva isə Adəmdən sonra vəfat etmişdir.
Adəmin neçə il yaşaması da ixtilaflıdır. Amma İbn Abbasdan və Əbu Hureyrədən səhih sənədlə rəvayət olunan hədisdə deyilir ki, Lövhül-Məhfuzda Adəmin yaşı min il yazılıb.
Bu məlumat Adəmin Tövratda göstərilən doqquz yüz otuz yaşı ilə ziddiyət təşkil etmir. Əgər onların dedikləri Peyğəmbərimizin r səhih hədis ilə bizə söylədiyi məlumata ziddirsə bizə görə onların məlumatı qeyri məqbul sayılır. Eyni zamanda biz onların dedikləri ilə bu hədisdə deyiləni cəm edə bilərik. Əgər Tövratda deyilənlər doğrudan da təhrif edilməmiş məlumatdırsa, bu Adəmin Cənnətdən qovulduqdan sonra yer üzündə yaşadığı illərin sayıdır. Bu günəş təqvimi ilə doqquz yüz otuz, ay təqvimi ilə isə doqquz yüz əlli yeddi il edir. Yerdə qalan qırx üç il isə Adəmin Cənnətdə yaşadığı müddətdir. Bu açıqlama İbn Cərir və digər alimlərin fikridir. Beləliklə illərin toplamı min il edir.

—————-
İbn Kəsir əd-Dəməşqinin
“Peyğəmbərlərin həyatı” adlı kitabı
Tərcüməçi:
Abdurrəhim Muradlı

Bənzər Məqalələr