Uhud döyüşündə Məkkə müşrikləri qalib gəlsələr də, Bədr döyüşündəki ağır məğlubiyyətin qisasını almış sayılmadılar. Bu anlaşılmaz nəticədən sonra, o zamanki Qureyş lideri olan Əbu Sufyan “gələn il Bədrdə yenidən döyüşək” – demiş və müsəlmanlar da bunu qəbul etmişdilər.

Bu sözləşməyə uyğun olaraq Əbu Sufyan, hicrətin 4-cü ilində öz ordusu ilə birlikdə Mərruz-Zəhran adlı bölgəyə gəldi. Müharibə etməyə cəsarəti olmadığına görə, müsəlmanlara bir ‘gözdağı’ verərək, çıxıb vermək niyyətində idi. Çünki, müsəlmanların hər gün daha da çoxaldığını görür və bunun qorxusunu yaşayırdılar. Bu səbəblə də, Mədinəyə bir nəfər göndərərək, meydan oxumağa və bununla da qarşı tərəfi qorxutmağa qərar verdi.

Halbuki, Muhəmməd peyğəmbər (ona salam olsun), onun bütün hazırlıqlarından vaxtında xəbər tutmuş və ona qarşılıq verəcək ordunu da hazırlamışdı. Əbu Sufyanın elçisi, müsəlmanları qorxudaraq döyüşdən vaz keçirmək üçün yalanlarla dolu xəbərlər yayarkən, Peyğəmbərimiz öz mövqeyini:
 

“Canım əlində olan Allaha and olsun ki, yanımda heç kim olmasa belə, tək də olsam Bədr’ə gedəcəm!” (İbn Sad, 2/59) – deyərək, ortaya qoyur, qorxmadığını nümayiş etdirirdi.

Məzlumların daimi yardımçısı olan Uca Allah da müsəlmanlara yardım edərək, onların qəlbinə sükunət, mətanət və sabitlik bəxş etdi. İslam ordusu Bədr’ə çatdıqda, artıq orada heç kim qalmamışdı. Çünki Əbu Sufyan, Mədinəyə göndərdiyi elçinin geri qayıtmasını belə gözləmədən, Məkkəyə üz tutmuşdu.

Müsəlmanlar, öz mərdliklərini göstərərək, Əbu Sufyanın geri dönməsi ehtimalını nəzər almış, 8 gün orada düşməni gözlədikdən sonra Mədinəyə geri qayıtdılar. Bu hadisə – ‘Kiçik Bədr’ adlandırıldı. Qayıtmadan öncə isə, Bədrdə ticari fəaliyyətlərlə məşğul olaraq, böyük qazanc da əldə etdilər. Necə deyərlər – ‘hər işdə bir xeyir vardır’..

Qurani-Kərim, bu hadisənin timsalında bizlərə düşmən hədə-qorxularına aldanmamağı və Uca Allaha möhkəm şəkildə təvəkkül etməyi tövsiyyə edir:

“O kəslər ki, xalq onlara: “Camaat (düşmən) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir/qoruyandır!” – deyə cavab verdilər. 


Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir.”
(Ali-İmran, 173-174)

 


Ayədə qeyd olunan “həsbunallahu va ni’məl-vakil” (Allah bizə bəs edər. O nə gözəl vəkildir/qoruyandır) – sözü, əslində İbrahim peyğəmbərin atəşə atıldığı zaman dediyi o məşhur zikrdir. Müsəlmanlar sıxıntılı və düşmən qorxusunun hakim olduğu bir vaxtda, bu sözləri dediklərindən dolayı, İlahi tərifə layiq görülmüşdülər. Bu, hər bir çətinlik və ağır hadisələr zamanı deyiləcək üstün bir sözdür. İbrahimi oddan, Mədinəyə hicrət etmiş müsəlmanları təhdidlərdən qorumuş Uca Allah, O’na ümid edib, arxalananları – əsla yardımsız qoymaz..

 

 

Hazırladı: Ayxan Yaquboğlu

Materiallardan istifadə edərkən istinad zəruridir!

Bənzər Məqalələr