media-13b1ac62-f97b-4b68-b411-265af7623754

Nur – Özü zahir (görürnən) olduğu kimi, digər varlıqları da izhar edən, aşkara çıxararaq işıqlandırandır. Bir sözlə, aləmləri nurlandıraraq, aydınlığa çıxaran – deməkdir (Ğazzəli). Aşağıdakı bu ayə çox möhtəşəmdir:

“Allah göylərin və yerin nurudur. (Kainatı yaradıb ona nur verən, yer və göy əhlinə haqq yolu göstərən xaliqdir). Onun (Peyğəmbərimizin və möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya (çıraqdana) bənzər; taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə, sanki parlaq bir ulduzdur. O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. (Şərqdə deyildir ki, günəş batdıqda, qərbdə də deyildir ki, günəş doğduqda qaranlıqda qalsın). Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur. Allah dilədiyiniz öz nuruna qovuşdurur (istədiyinə öz nurunu bəxş edib cənnət yolu olan islam dininə yönəldir). Allah (həqiqəti anlaya bilsinlər deyə) insanlar üçün misallar çəkir. Allah hər şeyi biləndir!” (ən-Nur 35)

 

Qeyd edək ki, bəzi İslam alimlərinə görə,  Nur – İsim olaraq deyil, vəsf kimi izafə olaraq qeyd olunmuşdur (Fətəva, 5/74). Lakin, Sufyən b. Uyeynə, Xattabi, İbn Məndə, Həlimi, Beyhəqi, Əsbəhəni, Qurtubi, İbn Qayyim, İbn Həcər, Səədi və digərlərinə görə bu, Allahın mübarək İsimlərindən hesab olunur.

 

Allahın İsimlərindən birinin Nur olmasıyla yanaşı, digər İsimləri də nuranidir. Təsadüfi deyil ki, varlıq üçün xeyir və nur, yoxluq üçün isə şər və zülmət sözlərindən istifadə olunur. Buna görə də, yoxluqda qalmayaraq varlığa qovuşan hər bir şeyin Nur İsmindən öz nəsibini/təcəllisini almış olduğunu anlayırıq.

 

Yuxarıdakı ayədə Uca Allahın göylərin və yerin Nuru olduğu qeyd olunmuşdur. Göyləri və yeri varlıq nuruna qovuşduran Allah, ulduzlara işıq verməklə, varlıq nurundan aldıqları payı daha çox etmişdir. Yer üzündə isə səmadakı işığı geridə qoyan daha böyük bir parlaqlıq yaratmışdır. Bu, təbii ki, həyat/canlılıq nurudur..

 

Canlılar içində isə insana iman və elm nuru kimi digər məxluqlara verilməmiş özəl bir nur bəxş edilmişdir. Bu nur, insanı ən üstün və şərəfli varlığa çevirərək, onun səmalardan daha parlaq və daha yüksək olmasına səbəb olmuşdur. Varlığın nur, yoxluğun isə zülmət olduğu kimi, elm nur, cəhalət isə qaranlıq bir zülmətdir. Öyrənməyən insan Rəbbini nə cür tanısın ki?

 

İşığın əşyanın görünməsini təmin etməsi kimi, iman nuru da insanın gerçəklikləri tapması və öyrənməsinə vəsilə olur. İnsan bu nur vasitəsilə var olan bir şeyin yaradanını, Onun müqəddəs İsim və vəsflərini (sifətlərini) öyrənərək qəlbini işıqlandırır. Beləliklə də, qeybi mövzulardan, mələklərdən, qəbir aləmindən, qiyamət günündən, məhşər (sorğu-sual) meydanından, əbədi həyat olan Cənnət və Cəhənnəmdən xəbərdar olur.. Bu nur insanı tamamilə dəyişir. Həm daxili, həm də zahiri olaraq.. Üz quruluşundan asılı olmayaraq ‘üzü nurlu’ insana çevrilən bu insanın, artıq fərqli insan olması simasından hiss olunur..

 

Nur isminin insanlıq aləminə təcəllisi aşağıdakı ayədə bu cür izah edilmişdir:

“Allah (Ona və dininə) iman edənlərin dostudur. Onları qaranlıqlardan nura (aydınlığa) çıxarar..” (Bəqərə surəsi, 257)

 

Ayədə Allahın Valiy (dost) İsmi də qeyd olunmuşdur. (bu İsim barədə saytımızda müstəqil bir yazı mövcuddur -red.) Valiyy – Öz dostlarını yarı yolda, çarəsiz və əlacsız buraxmaz. Çünki O, əsl dostdur. Onun dininə həqiqi mənada iman edərək, əməlləri ilə bu imanı sübut edən kəslər, Onun dostu olmağa haqq qazanan xoşbəxt insanlardır. Bu dünyanın ən xoşbəxt insanları!..

 

Yuxarıdakı ayədə zülmət kəlməsi cəmdə, aydınlıq (nur) isə, təkdə işlənmişdir. Təbii ki, burada da incə nüanslar vardır. Çünki, zülmət – bir deyil, iki deyil. ZÜLMƏTLƏR çoxdur.. Mənəviyyatsızlıq, Allahsızlıq, cəhalət, xurafat, zülm, əxlaqsızlıq və sair və sair.. Nur isə, bir dənədir. O da, Uca Allahın təyin etdiyi yeganə və tək doğru olan – Nurlu bir istiqamətdir.. Allahı itirən nəyi tapdı ki? O parlaq Nurdan nəsibini almayan və ya Onu layiqincə qiymətləndirməyən kəsin qəlbi axı necə xoşbəxt olsun ki bu fani dünyada? Huzur, nur və xoşbəxtlik – Allahın istiqamətindədir və bunu ancaq yaşayanlar bilər..

 

 

Ayxan Yaquboğlu

Bənzər Məqalələr