media-img_9560

Ömər b. Xəttabın hakimiyyəti dövründə (634-643) Azərbaycan canişini olmuş Allahın Elçisi Muhəmmədin (ﷺ) sahabələrindən Əbdurrəhman ibn Rəbiə əl-Bahili ilə Azərbaycan hakimi Şəhrbəraz arasında cərəyan etmiş bu hadisəni İbn Cərir ət-Təbəri (öl. 923) özünün “Tarix-ur-rusul vəl-muluk” əsərində (cild IV, səh. 160) hicri-qəməri 22-ci il (miladi 642-643) hadisələrini nəql edərkən qeyd edir.

Mövzuya keçmədən bildirim ki, ərəbdilli qaynaqlarda adı Şəhribəraz olaraq qeyd edilən bu şəxs məşhur Alban knyazı Cavanşir Mehraninin atası Varaz-Qriqordur. O, Əbdurrəhmandan əvvəl Azərbaycan canişini olmuş digər bir səhabə Suraqə b. Amr ilə sülh müqaviləsi bağlayaraq vassalığı qəbul etmişdi. Lakin xəlifə Ömər tərəfindən Azərbaycan hakiminə digərlərinə verilməyən bir imtiyaz verilmişdi. O, öz hərbi dəstəsi ilə yürüşlərdə iştirak etdiyi vaxtlarda cizyədən azad olur, qənimətdən pay alırdı.

Mövzuya keçəcək olarsaq;
Şəhribəraz Mehrani bir gün Əbdurrəhman ibn Rəbiə əl-Bahili ilə söhbəti zamanı etdiyi bir ov hadisəsindən danışır. O, ovun ardınca buraxdığı şahin quşunun, geri dönərkən caynağında gətirdiyi ovun içindən çox qiymətli bir yaqut daşı tapdığını deyir və yaqutu Əbdurrəhmana göstərir. Əbdurrəhman iri yaqut daşını götürüb baxdıqdan sonra onu Şəhribəraza geri verir.

media-img_9559

Çox güman ki, Şəhribərazın məqsədi, əslində daşı Əbdurrəhmana hədiyyə etmək idi. O, onun “bunu mənə ver” deməsini gözləyirdi, lakin əksi ilə qarşılaşmışdı.

Əbdurrəhmanın gözütoxluğundan heyrətə düşən Şəhribəraz deyir:

“Bu yaqut o qədər dəyərlidir ki, buna sahib olmaq əl-Baba (Dərbənd şəhərinə) sahib olmaqdan daha xeyirlidir. Allaha and olsun, sizlər mənə (sizdən əvvəl buranın hakimi olmuş) Kisra ailəsindən (Sasani şahlarından) daha sevimlisiniz. Çünki onlar bu yaqutun məndə olduğunu bilsəydilər bunu məndən alana qədər əl çəkməzdilər”.

Bu kimi misallar, gerçək müsəlmanların ədalət və izzətinin çox saylı misallarından biridir.

Qeyd: Əbdurrəhman ibn Rəbiə əl-Bahili Dərbənd ətrafında gedən döyüşlərdə şəhid olub. Məzarı Dərbənd qalası yaxınlığında “Qırxlar” adlanan qəbristandadır. Suraqa ibn Amr da xəstəlikdən Azərbaycanda vəfat etmiş və dəfn olunmuşdu. Qəbələdə dəfn olduğu ehtimal olunur.

 

Tarix üzrə fəlsəfə doktoru E. Nəsirov

Bənzər Məqalələr