CƏNNƏT BAZARI
Əbu Hüreyrədən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “Rəsulallahın (s) mənə söylədiyinə görə Cənnət əhli Cənnətə daxil olsa, öz əməlləri sayəsində ora daxil olacaqlar. Sonra hər cümə günü onlara Rəblərinin hüzuruna çıxmaq imkanı veriləcəkdir. Bu zaman Allah onlara Öz ərşini göstərəcək, Cənnət bağçalarından biri onların qarşısına çıxarılacaqdır. Bundan sonra Allahın görüşünə gələnlər üçün nurdan, qızıldan və gümüşdən minbərlər qoyulacaq, onların təbəqəcə ən aşağıda olanları isə müşk və kafurdan olan qumsal təpələr üzərində əyləşəcək və kürsü sahiblərinin yerinin onların yerindən daha yaxşı olduqlarını görməyəcəklər”. Əbu Hüreyrə deyir: “Mən bu məqamda Rəsulallahdan (s):
— Ya Rəsulallah, biz də Rəbbimizi görəcəyikmi? — deyə soruşdum, o da belə cavab verdi:
— Bəli, məgər siz bədr (1)gecəsi günəşlə ayı görməyə şəkk edirsiniz? Biz:— Xeyr, — deyə cavab verdik. Rəsulallah (s) davam etdi: “Elə isə Rəbbinizi görməyə də şübhə ilə yanaşmayın. Həmin məclisdə elə bir kişi qalmayacaq ki, Allah onunla pərdəsiz və heç bir tərcüməçisiz ünsiyyətdə olmasın. Hətta Allah onlardan birinə deyəcəkdir:
— Ay filankəsin oğlu filankəs! Filan günü xatırlayırsanmı?
Bu zaman onun dünyada tutduğu pis işlərdən bəziləri onun gözləri önünə gətiriləcək və qul acizanə bir tərzdə:
— Ya Rəbb, Məgər sən məni bağışlamadınmı? — deyə Rəbbinə müraciət edəcəkdir. Allah da:
— Əlbəttə, bağışlamışdım. Elə mənim məğfirətimin genişliyi səni bu yerə gətirib çıxarmışdır, — deyə cavab verəcəkdir. Elə bu arada onların üzərini bir bulud alacaqdır və bu buluddan elə bir ətir yağacaq ki, orada olanlar heç vaxt onun qoxusu kimi ikinci bir qoxu duymamış olacaqlar. Bu zaman Ulu Tanrımız bəndələrinə deyəcəkdir: “Qalxın! Mənim sizlər üçün Öz səxavətimdən bir pay olaraq hazırladığım nemətlərə doğru gedin və istədiyinizi götürün!” Biz hər tərəfdən mələklərin dövrəyə aldığı bir bazara gələcəyik. Orada elə nemətlər olacaq ki, heç vaxt nə gözlər onları görmüş, nə qulaqlar onlar haqda duymuş, nə də beyinlər bu barədə düşünmüşdür. Onlar nə satılacaq, nə də alınacaqdır. Bizə ürəyimizdən keçənlər veriləcəkdir. Bu bazarda Cənnət əhli bir-biri ilə qarşılaşacaqdır. Yüksək qatda olan kişi özündən aşağı qatda yer alanla qarşılaşdığı zaman onun əynindəki libası görər-görməz diksinəcək və son dərəcə heyran olacaqdır. Onunla söhbətini yekunlaşdırmamış qarşısındakı aşağı qatın sakininin ondan daha gözəl və üstün olduğunu düşünəcəkdir. Bu da ona görədir ki, orada heç kəs aşağı qatda olduğuna görə üzülməməlidir. Sonra evlərimizə qayıdacağıq. Qapıda xanımlarımız bizi qarşılarkən təəccüblə: “Salam, xoş gəldin. Amma getdiyindən daha gözəl bir vəziyyətdə qayıtdın” — deyəcəklər. Biz də belə cavab verəcəyik: “Biz bu gün Cabbar olan Rəbbimizlə bir yerdə olmuşuq [Onun hüzurunda Onunla həmsöhbət olmuşuq]. Ona görə də bu cür dönməyə haqqımız da var”.
(1)Burada ayın tam çıxdığı gecə nəzərdə tutulur.
————-
PEYĞƏMBƏRİN (S) DİLİNDƏN ÇIXAN
SƏHİH RƏVAYƏTLƏR
YUSİF ƏLİ BƏDYƏVİ
(Ərəb dilindən tərcümə edən: Rəsul Ömərov) —