DÖYÜŞLƏ HƏDƏLƏMƏK
Atlılardan təşkil olunmuş Səba hey`əti yetişdi. Onlar Süleyman üçün qiymətli hədiyyələr gətirmişdilər. Allahın peyğəmbəri olan Süleyman hökmranlığının ilahi bir hakimiyyət olduğunu başa salmaq üçün və Səba ölkəsindən üstünlüyünü bildirmək üçün çox qəribə bir təntənə ilə onları qarşıladı.
O hey`ət orada durmuş şir və pələngləri gördükdə az qaldı ki, ağılları başlarından çıxsın. Onlar o həzrətin yaxınlığında sıra və səliqə ilə uçuşan quşları görür və diqqətlə Süleymanın əsgərlərinə baxırdılar.
O həzrət taxtın üzərində oturmuşdu. Bütün padşahlıq əzəmət və cəlalı ilə belə təvazökar bir insan idi. Onun gözlərindən məhəbbət və iman yağırdı.
Hey`ət üzvləri hədiyyələri təqdim etmək üçün qabağa gəldilər. Amma, öz hədiyyələrindən xəcalət çəkdilər. Çünki, bu hədiyyələr Süleymanın böyük hökuməti qarşısında çox dəyərsiz bir şey idi.
Burada heç kəsin gözləmədiyi bir hadisə baş verdi.
Süleyman onların hədiyyələrini qəbul etmədi. Çünki, hədiyyə iki ölkə arasında münasib əlaqə yaratmaq üçün deyildi. O daha çox rüşvətə bənzəyirdi. Onlar bunun vasitəsilə Süleymanı sakitləşdirmək və öz adət-ənənələri barəsində onu razı salmaq istəyirdi.
Süleyman narahat olaraq buyurdu:
-Mənə hədiyyə ilə köməkmi edirsiniz? Allahın mənə bəxş etdikləri sizə bəxş etdiklərindən daha yaxşı və daha üstündür. Yalnız sizlər belə dəyərsiz şeylərlə sevinirsiniz.
Sonra Süleyman o hey`ətin başçısına buyurdu:
-Onların yanına qayıt və bildir ki, qarşısında müqavimət göstərə bilməyəcəkləri bir ordu ilə onlara tərəf gəlirik. Onları xar və zəlil edib, torpaqlarından çıxaracağıq.
Süleymanın sözləri döyüşlə hədələmək idi. O, Səba camaatından qızıl-gümüş istəmirdi. İstəyi yalnız yeganə Allaha iman gətirmək idi. O, qızıl və mal-dövlət həvəsində olan bir padşah deyildi. O, Allahın peyğəmbəri idi. İnsanların xeyrini istəyən bir peyğəmbər idi. O istəyirdi ki, camaat Allaha iman gətirib, bütpərəstlikdən əl çəksinlər.
Allah insanı yaratmaqla ona izzət bağışlamışdı. Elə isə nə üçün insan daşa ibadət, bütə, günəşə və aya səcdə etməlidir. Halbuki, Allahın yanında insanın məqamı digər məxluqlarından məqamından ucadır. Allah insanın azad yaşamasını və ondan başqa heç kəsdən qorxmamasını istəyir.
Süleyman o hey`ətlə belə danışdı. Onlar Süleymanın əzəməti, onun böyük hakimiyyəti, təvazökarlığı və Allah üçün səcdəsi qarşısında mat-məəttəl qalmışdılar.
BİLQEYSİN QƏRARI
O hey`ət Yəmənə qayıtdı. Onlar özlərinin dünyanın ən böyük ölkəsinə və zamanın ən böyük padşahının yanına etdikləri səfər barəsində Bilqeysə mə`lumat verdilər.
Bilqeys fikirləşdi ki, əgər öz qərarında dayanıb, inadkarlıq göstərsə mütləq döyüş baş verəcəkdir. O öz-özünə dedi:
«Süleyman padşah deyil. O peyğəmbərdir. Özüm şəxsən ora gedəcəyəm».
Bilqeys fikirləşdi ki, gedib orada baş verənləri yaxından görsün. Bəlkə şimaldakı o ölkə ilə münasib əlaqələr qura bilər və bununla da iki ölkə arasındaki döyüş və müharibə baş verməz.
Ona görə Süleymanın ölkəsinə səfər etmək istədiyini bildirdi.
Səbada dövlət işçilərinin çoxu padşahı belə qərara gəlməkdən çəkindirdilər. Amma, heç bir faydası olmadı.
Bilqeys qorxmaz və ağıllı bir qadın idi. O, məsələ barəsində çox fikirləşdi. Amma, özü şəxsən ora getməkdən savayı yaxşı bir yol tapmadı. O, sür`ətlə səfər tədarükünü gördü. Çoxlu əsgər və kənizlərin müşayiəti ilə öz ölkəsindən çıxdı.
Müdrik peyğəmbər olan Süleyman öz dövlət adamları ilə iclas qurmuşdu. Süleyman Səba padşahının Allah dinini qəbul etməsi və onun öz faydasız əqidələrinə yenidən nəzər salması barədə fikirləşirdi. O, bu məqsədinə çatmaq üçün çox qəribə və maraqlı bir qərar qəbul etdi: Bilqeys Fələstinə çatmazdan qabaq onun taxtının Yəməndən gətirmək.
İMAN QÜDRƏTİ
Mö`minlərin, cinlərin, minlərlə quş və yırtıcı heyvanlarla keçirdiyi böyük iclasda Süleyman soruşdu:
-Səba padşahının taxtını kim gətirə bilər?
Bu iş asan deyildi. Şanapipik onu yerinə yetirə bilməzdi. Bir cin ayağa qalxdı və dedi:
-Ey peyğəmbər, mən yerinizdən qalxmazdan qabaq taxtı gətirərəm. Hə, siz yerinizdən qalxmazan əvvəl.
Süleyman imanlı insanın üstünlük və fəzilətini göstərmək istədi. Ona görə də üzünü Asəf ibni Bərxiya adlı bir mö`min kişiyə tutub dedi:
-Asəf, sizin fikriniz nədir?
O dedi:
-Mən də onu gətirə bilərəm.
-Nə vaxta qədər?
-Gözünüzü qırpmazdan əvvəl, bir anın içində.
İradə və iman ruhunun toplaşdığı bir anda.
Hamı Asəf ibni Bərxiyanı tanıyırdılar. Onun imanına, xalisliyinə, Allaha olan məhəbbətinə və insansevərliyinə bələd idilər.
Allah öz imanlı bəndəsinə lütf və ehsan edəndir. Bir hadisə baş verdi:
Hamı gördü ki, Səba padşahının taxtı böyük qonaq otağında onların qarşısındadır. Taxt çox əzəmətli idi. Qara taxtalar, qızıl-gümüş və cəvahiratla bəzədilmişdi. Hər bir nöqtəsində Yəmən əqiqi parlayırdı. Tavanın rəngli şüşəsinin arxasından saçan günəş şüası onun gözəlliyini daha da artırırdı.
Süleyman Bilqeysin taxtında dəyişikliklər aparmağı əmr etdi. O, Bilqeysi yoxlamaq istəyirdi. Görəsən o, bu hadisənin qarşısında nə edəcəkdi?!
GÖRÜŞ
Quşlar xəbər verdilər ki, Bilqeys yaxınlaşmışdır. O, bir neçə saatdan sonra müqəddəs torpağa çatacaqdır.
Qonaq otağına aid olan işlər sona çatmış və saray bəzədilmişdi. Onun əzəmət və cəlalı daha daha da artmışdı.
Səba padşahının taxtı çoxlu zinətlərlə əhatə olunmuşdu.
Süleymanın taxtı padşahın qapısının yaxınlığında yerləşirdi. Bilqeys padşahlıq sarayına daxil olarkən, orada bir dünya əzəmət və təntənə gördü.
Salona daxil olduqda gördü ki, Süleyman öz taxtı üzərində oturmuşdur. Orada, əsgərlərin yanında şir və quşlar da gözə dəyirdi. Çox maraqlı bir cəmiyyət idi. Əsgərlərin biri Bilqeysin taxtına işarə edərək ona dedi:
-Sənin taxtın belədirmi?
Padşahın gözü taxta düşdükdə az qaldı qışqırsın ki, hə, bu onun taxtıdır. Amma, bu məsələni necə deyə bilərdi?
Cavab verməzdən qabaq fikirləşdi və dedi:
-Deyəsən odur, mənim taxtıma çox oxşayır. Bəlkə də mənim taxtımın özüdür. Bilqeys anladı ki, Süleymanın peyğəmbərliyinin böyük və əzəmətli bir əlaməti qarşısında qalmışdır. Amma, heç bir söz demədi.
Ürəyi imanla doldu və Allaha təslim oldu. Gördü ki, Süleyman əxlaqi cəhətdən, təvazökarlığı, baxışı və namazda hərəkətləri baxımından padşahlara oxşamır.
Süleyman danışanda sözlərində istilik, məhəbbət və rahatlıq hiss olunurdu.
ŞÜŞƏ HOVUZ
Qarşılama mərasimi sona çatdıqda Bilqeysin yoldaşları ona dedilər ki, Süleymanın, onun iqaməti üçün ayırdığı saraya getməlidirlər.
Padşah ora tərəf getdi. Əsgərlər onu əhatəyə almışdılar. Gözətçilər qapıların ağzında dayandılar. Bilqeys böyük zala daxil oldu.
Cavan və imanlı qızlar onu müşayət edir və hörmət əlaməti olaraq onun arxasınca hərəkət edirdilər. Hələ ayağını zala qoymamış, ona aid olan otaqla zalın qapısı arasında böyük bir hovuz gördü. Güman etdi ki, su ilə dalğalanır.
Ona görə də islanmasın deyə öz paltarını topladı. O, ayağını yavaşca hovuzun içinə qoydu.
Burda onu müşayət edən cavan qızların biri gülümsündü və dedi:
-Bu saf və şəffaf büllurdan düzəlmiş bir saraydır.
Bilqeys Süleymanın əzəmət və hakimiyyətində başqa bir əlamət müşahidə etdi. Nur in`ikası və büllurların şəffaflığı elə idi ki, insan onun su dalğasından hovuz olduğunu güman edirdi.
Bilqeys dedi:
-İnsan belə bir hovuz düzəltməyə qadir deyil.
Bir qız cavab verdi:
-Hə, bu hovuz cinlər tərəfindən düzəldilmişdir.
Bilqeys astaca dedi:
-Doğrudan da cinlərin vasitəsi ilə düzəlmişdir.
Onun qəlbində Allaha iman daha da artdı. O, uzun illər idi ki, öz dini əqidələri barəsində fikirləşirdi, qəlbən günəşin Allah olduğuna inanmırdı.
Həqiqi Allah heç vaxt gizlənməz. O həmişə vardır. Amma, Bilqeys bu məsələni aşkar surətdə deyə bilmirdi. Çünki, o məmləkətin bütün insanları günəşə ibadət edirdilər. Əgər günəşin Allah və mə`bud olmadığını desəydi, onun hakimiyyəti bir an da davam gətirməzdi.
Amma, indi həqiqəti öz gözləri ilə görmüşdü. O öz qəlbi ilə Allahı müşahidə etmişdi; insanları sevən Allahı. O bildi ki, Allah hər şeyi insanın ixtiyarına qoymuşdur. Odur ki, insanın Allahdan başqa birisinə səcdə etməsi düzgün deyildir.
Bu varlıq dünyasına hökumət edən imanlı bir insandır. Küləyə əsmək əmrini verən, cin, quş və heyvanların onun ixtiyarında olduğu bu Süleyman insandır. Amma, o da Allaha şükr və tə`zim edir.
Bilqeys səmaya baxaraq mülayim səslə dedi:
«İlahi! Mən özümə zülm etmişəm. İndi isə Süleymanla birgə aləmlərin rəbbi olan Allaha iman gətirdim».
Səba padşahı Bilqeys ilk dəfə olaraq Allaha səcdə etdi. Onun bütün əsgərləri də səcdə etdilər. Süleyman şükr səcdəsini yerinə yetirdi. Həqiqətən, o, Allah məhəbbətini sərgərdan ürəklərə daxil etməyə nail olmuşdu.
AQİBƏT
Cinlər Süleymanın güc və qüdrətindən qorxurdular. Çünki, yalnız o həzrət onları iman ölkəsinə xidmət üçün hazır etmişdi.
Uzun illər keçdi. Onlar Süleyman üçün mə`bədlər düzəldir, dəryalarda bataraq mirvari və mərcan çıxarırdılar. Cinlər güman edirdilər ki, insandan güclüdürlər. Amma, Bilqeysin taxtını gətirmək yarışında, onu bir anın içində Yəməndən Fələstinə gətirməklə imanlı insan qələbə çaldı.
Onlar həmişə güman edirdilər ki, Allahın çox məxluqlarından üstündürlər. Çünki, onlar başqalarının agah olmadığı məsələrdən agah idilər.
Allah-təala onlara anlatmaq istədi ki, əgər Allah onlara ilham etməsə heç bir şey bilməzlər.
———–
Tamilla Mirzoyeva